Mədə qanaxması

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 11142

Mədə qanaxmasının səbəbləriMədə qanaxması – bu orqanın zədələnmiş damarlarından qanın mədə boşluğuna tökülməsi ilə xarakterizə edilir. Qanaxmanın intensivliyindən asılı olaraq, halsızlıq, başgicəllənmə, anemiya, «qəhvə çöküntüsü» şəklində qusuntu, qara nəcis müşahidə edilir. Anamnez və klinik analizlər əsasında qanaxmadan şübhələnmək olar. Lakin yekun diaqnozun qoyulması üçün ezofaqoqastroduedonoskopiya aparılmalıdır. Cüzi hemorragiyalarda müalicə konservativ yolla (hemostatiklər, təzə dondurulmuş plazma və s.) yerinə yetirilir. Profuz qanaxmalar isə yalnız cərrahi üsulla (endoskopik koaqulyasiya, kliplənmə, genişləndirilmiş əməliyyat) dayandırılır.  

  • Yaranma səbəbləri
  • Təsnifat
  • Mədə qanaxmasının əlamətləri
  • Diaqnostika
  • Mədə qanaxmasının müalicəsi
  • Proqnoz və profilaktika

Mədə qanaxması barədə ümumi məlumat

Mədə qanaxması – nəinki mədə-bağırsaq traktının, həmçinin qanın laxtalanma sisteminin, o cümlədən digər orqanların bir çox xəstəliklərinin təhlükəli ağırlaşmasıdır. Dünya üzrə böyüklər arasında hər 100 000 nəfərdən təxminən 170-də bu patologiyaya rast gəlinir. Əvvəllər hesab olunurdu ki, mədə hemorragiyasının başlıca səbəbi xora xəstəliyidir.   

Lakin bu xəstəliyin yeni müalicə üsullarının tətbiq olunmasına baxmayaraq, son 20 il ərzində MBT-nin bu şöbəsindən qanaxma hallarının tezliyi azalmamışdır. Mütəxəssislər bu faktı müxtəlif dərman preparatlarının nəzarətsiz qəbulu ilə əlaqələndirirlər. Belə ki, mədə-bağırsaq qanaxmalarının səbəbləri arasında ön sıralarda medikamentoz eroziya və mədənin selikli qişasının xoralaşması dayanır.  Letallıq 4-26% arasında dəyişir.  

Mədə qanaxmasının səbəbləri

Mədə qanaxması nədir?Uzun illər ərzində mədə və onikibarmaq bağırsağın xora xəstəliyi mədə qanaxmasının əsas inkişaf amili sayılırdı. Son dövrlərdə xora xəstəliyi xeyli azalsa da, insanlar arasında yüksək gərginlik, stress, qeyri-steroid iltihabəleyhinə vasitələrin qeyri-rasional qəbulu mədə qanaxmalarının tezliyini demək olar ki, 3 dəfə artırmışdır.  

Hazırda patologiyanın başlıca səbəblərinə mədənin selikli qişasının qeyri-xora mənşəli zədələnməsi: medikamentoz eroziya, stresslə əlaqəli zədələnmələr, Mellori-Veys sindromu aid edilir. Qanayan xoraların formalaşmasına xroniki böyrək çatışmazlığı da gətirib çıxara bilər. Digər amillərə ürək-damar xəstəlikləri fonunda mədənin selikli qişasının işemiyası, qaraciyər sirrozu, bədxassəli törəmələr (eləcə də onlara qarşı kimyaterapiya), mədə qişasının kimyəvi və fiziki yanıqlarını misal göstərmək olar. Həmçinin kəllə-beyin travmaları, şok, ümumi soyuqlama, sepsis, ağır psixoemosional stress, miokard infarktı, hiperparatireoz, terminal onkopatologiyalar MBT-dən qanaxma törədə bilir.

Letallığın risk faktorlarına yaş amili (>60); aşağı arterial təzyiq, ifadəli bradikardiya və ya taxikardiya (hipotenziya ilə taxikardiyanın müştərəkliyi xüsusilə təhlükəlidir); ürək, qaraciyər, böyrəklərin fəaliyyətinin xroniki çatışmazlıqları; huşun pozulması; antikoaqulyantlar və antiaqreqantlarla aparılan müalicə daxildir. Sübuta yetirilmişdir ki, Helikobakter əleyhinə terapiya almayan pasiyentlərdə son 2 ildə qanaxmanın təkrarlanma ehtimalı 100%-ə bərabərdir.  

Mədə qanaxmasının təsnifatı  

Mədə qanaxmasının 2 forması vardır: kəskin və xroniki. Kəskin hemorragiya adətən güclü olub, qısa zaman ərzində xəstənin vəziyyətini ağırlaşdırır, təcili intensiv terapiya tələb edir. Xroniki qanaxma isə gur olmayıb, tədricən anemiya ilə nəticələnir. Xroniki forma zəiflik və yorğunluqdan savayı heç bir əlamətlə təzahür etməyə bilər.  

Patologiya gizlin və aşkarda gedir. Gizlin qanaxma ifadəli klinikaya malik olmur. Xəstə hemorragiyadan qətiyyən şübhələnmir. Nəcisi gizli qana görə yoxladıqda bu vəziyyətin varlığını təsdiqləmək mümkündür. Aşkar qanaxma qanlı qusuntu, melena, ifadəli anemiyanın əlamətləri ilə özünü büruzə verir. Qan itirmənin ağırlığından asılı olaraq, hemorragiyanın yüngül, orta və ağır dərəcələri ayırd edilir.  

Mədə qanaxmasının əlamətləri

Mədə qanaxmasının əlamətləriKlinik təzahürlər hemorragiyanın intensivliyi və davametmə müddətindən asılıdır. Qısa sürən qeyri-intensiv qanaxmalar yalnız bədən vəziyyəti dəyişdikdə başgicəllənmə, göz önündə qara ləkələr, halsızlıqla müşayiət oluna bilər. Orta intensivlikli qan itirmə zamanı qan mədə boşluğunda toplanır, qismən onikibağırsağa keçir. Mədə şirəsinin təsirindən hemoqlobin oksidləşərək, hematinə çevrilir.  

Qan yığıntısı kifayət qədər olduqda, qanlı qusma baş verir. Hematinlə əlaqədar onun rəngi «qəhvə çöküntüsünü» xatırladır. İntensiv qanaxma hallarında mədənin boşluğu tez dolduğundan hemoqlobinin oksidləşməsinə vaxt çatmır. Belə vəziyyətlərdə qusuntu kütləsində külli miqdarda al qan izlənilir. Onikibarmaq bağırsağa daxil olan qan həzm traktından keçərək, dəyişikliklərə məruz qalır. Nəticədə nəcis qara rəngə boyanır.   

«Qəhvə çöküntüsü» şəklində qusuntu və melena ilə yanaşı xroniki qanaxma zamanı halsızlıq, yorğunluq, əmək qabiliyyətinin azalması, dəri və selikli qişaların solğunluğu müşahidə edilir. Kəskin qanaxma üçün sadalanan əlamətlərin tez yaranması, soyuq yapışqan tər, göz önündə qaraltılar xarakterikdir. Kifayət qədər qan itirildikdə huş pozulur (hətta komaya qədər), hemorragik şok baş verir. Profuz qanaxma və ya tibbi yardımın gecikdirilməsi ölümlə nəticələnə bilər.  

Mədə qanaxmasının diaqnostikası

Pasiyentdə mədə qanaxmasına səbəb olacaq xəstəliklərdən ən azı biri varsa, həkim-qastroenteroloq halsızlıq, zəiflik, dərinin avazıması ilə rastlaşdıqda qanitirmədən şübhələnir. İlk növbədə klinik analizlər: qanda Hb və trombositlərin yoxlanılması, nəcisin gizli qana görə müayinəsi, koaquloqramma təyin olunur. Bu analizlər hemoqlobin səviyyəsinin azalmasını, qanın laxtalanma sisteminin pozulmasını aşkarlaya bilir.

Lakin diaqnostikanın əsas üsulu qastroskopiya – mədənin selikli qişasının endoskopik müayinəsi hesab olunur. Həkim-endoskopist ezofaqoqastroduedonoskopiya aparmaqla, qida borusu və mədənin yuxarı hissələrində qanaxmaya səbəb ola biləcək varikoz genişlənmiş venaları üzə çıxarır. Bundan əlavə müayinə prosesində mədə eroziyaları və xoralar, selikli qişanın cıırlmaları (Mellori-Veys sindromunda) müəyyən edilə bilər. Mədə qanaxmasına gətirib çıxaran xəstəliklər aşkarlandıqda qarın boşluğu orqanlarının USM və digər köməkçi diaqnostika metodlarından istifadə edilir.  

Mədə qanaxmasının müalicəsi

Pasiyentin vəziyyətini ağırlaşdırmayan mülayim hemorragiyaların müalicəsi ambulator şəraitdə və ya qastroenterologiya şöbəsində aparılır. Qanaxmanın konservativ yolla dayandırılması üçün hemostatiklər, posthemorragik anemiyanın korreksiyası məqsədilə isə dəmir preparatları təyin edilir. Kəskin xarakterli gur hemorragiyalarda stasionara hospitalizasiya və cərrahi hemostaz göstərişdir.  

Xəstə şöbəyə daxil olduqda kristalloid, kolloid məhlullar və qan preparatları (təzə dondurulmuş plazma, kriopresipitat, eritrositar kütlə) ilə sirkulyasiya edən qanın həcmi bərpa edilir. Mədə nahiyəsinə buzlu kisə qoyulur. Vəziyyət nisbətən sakitləşdikdə təcili formada qastroduedonoskopiyanın köməyilə qanayan damarların liqaturaya alınması və ya kliplənməsi, qanayan mədə xorasının tikilməsi icra olunur. Bu yolla qastroduedonal qanaxma dayandırılır. Qanitirmə xora mənşəli olduqda, onun kəsilməsi, bəzən isə – mədənin rezeksiyası (orqanın 2/3 hissəsinin xaric edilməsi, mədə güdülü ilə bağırsaq arasında anastomozun qoyulması) həyata keçirilir.  

İnstrumental hemostazdan sonra antisekretor və simptomatik terapiya aparılır. Müalicənin məqsədi mədə qanaxmasının təkrarlanmasına yol verməməkdir. Pasiyenti məlumatlandırmaq lazımdır ki, qanaxmanın vaxtında aşkarlanmaması ifadəli anemiya, hemorragik şok, kəskin böyrək çatışmazlığı, həttapoliorqan çatışmazlığı və ölümlə sonlana bilər. Məhz bu səbəbdən qastroenteroloqun təyinatlarına əməl etmək, antisekretor terapiyanı tam başa vurmaq lazımdır.   

Cavan və orta yaşlı pasiyentlərdə endoskopik hemostazla antisekretor terapiyanın müştərəkliyi müsbət nəticələr verir. Belə xəstələrdə residiv halları minimum olur. Yaşlı pasiyentlərdə isə bu metodun effektivliyi aşağıdır, qanaxmaların təkrarlanması belə ağırlaşmalardan ölüm hallarını 50% artırır. 

Mədə qanaxmasının proqnoz və profilaktikası   

Proqnoz hemorragiyanın ağırlıq dərəcəsi, diaqnostika və müalicənin nə zaman aparılmasından asılıdır. Zəif intensivlikli xroniki qanaxmaların proqnozu nisbətən qənaətbəxşdir, əsas xəstəliyin vaxtında müalicəsi pasiyentin həyat keyfiyyətini xeyli yaxşılaşdırır, ölümcül fəsadların yaranma riskini azaldır. Profuz qanitirmə zamanı proqnoz qeyri-qənaətbəxşdir. Bu isə diaqnostikanın mürəkkəbliyi, adekvat terapiyanın gec başlanması ilə bağlıdır. Kəskin və gur hemorragiyalar çox vaxt ölümlə nəticələnir.  

Profilaktika mədə qanaxması törədən xəstəliklərin aradan qaldırılmasından ibarətdir. Xora xəstəliyini, MBT-nin digər patologiyalarını, laxtalanma sisteminin pozğunluqlarını aşkar etmək üçün ildə 1 dəfə müayinə olunmaq lazımdır. Mədə xorası olan pasiyentlər vaxtaşırı antihelikobakter və antisekretor terapiya almalıdır.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: