Öd daşı xəstəliyi

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 8350

Öd daşı xəstəliyi nədir?Öd daşı xəstəliyi (xolelitiaz) – öd kisəsində və və öd axarlarında daşların yaranması ilə xarakterizə olunur. Birinci halda xəstəlik xolesistolitiaz, ikinci forma isə xoledoxolitiaz adlanır. Daşlar öd piqmentlərinin, xolesterinin, bəzi növ zülalların, kalsium duzlarının çökməsi, ödün infeksiyalaşması, onun durğunlaşması, lipid mübadiləsinin pozulması nəticəsində yaranır. Xəstəlik sağ qabırğaaltı nahiyədə ağrı, öd sancısı, sarılıqla müşayiət edilə bilər. Belə vəziyyətlərdə cərrahi müdaxilə tələb olunur. Patologiya xolesistit, fistula, peritonitlə ağırlaşa bilir.  

  • Yaranma səbəbləri
  • Patoloji anatomiya
  • Təsnifat
  • Öd daşı xəstəliyinin əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Öd daşı xəstəliyinin müalicəsi
  • Proqnoz və profilaktika

Öd daşı xəstəliyi barədə ümumi məlumat

Öd daşı xəstəliyi – xolesterin və ya bilirubin mübadiləsinin pozulması səbəbindən hepatobiliar sistemdə öd sintezinin və sirkulyasiyasının normadan kənara çıxması nəticəsində yaranır. Bu dəyişikliklər fonunda öd kisəsi və axarlarda daşlar (konkrementlər) formalaşır. Patologiyanın təhlükəliliyi ölümcül ağırlaşmaların baş verməsi ilə bağlıdır. Xəstəlik qadınlarda daha çox qeydə alınır. Müalicə klinik qastroenterologiya və abdominal cərrahiyyənin mütəxəssisləri tərəfindən həyata keçirilir.  

Öd daşı xəstəliyinin yaranma səbəbləri

Öd daşı xəstəliyinin səbəbləriÖd komponentlərinin miqdar nisbətinin pozulduğu hallarda orqanizmdə sərt törəmələr (çöküntülər) əmələ gəlir. Zamanla onlar böyüyərək, daşa çevrilir. Xolelitiaza əsasən xolesterin mübadiləsinin pozulması (ödün tərkibində onun yüksək miqdarda olması) zamanı rast gəlinir. Xolesterinlə zəngin öd litogen forma kimi qiymətləndirilir. Xolesterinin çoxluğu aşağıdakı amillərlə bağlıdır:  

  • xolesterinin küllü miqdarda olduğu məhsulların həddindən artıq qəbulu və piylənmə  
  • ödə daxil olan öd turşularının sayının azalması (estrogeniya zamanı hiposekresiya, öd kisəsində depolanma, hepatositlərin funksional çatışmazlığı)  
  • fosfolipidlərin səviyyəsinin azalması. Normada onlar xolesterin və bilirubinin bərkiyərək çökməsinin qarşısını alır.  
  • öd sirkulyasiyası sistemində durğunluq (öd kisəsində su və öd turşularının sorulması nəticəsində ödün qatılaşması)  

Öd durğunluğu mexaniki və funksional xarakterli olur. Mexaniki forma ödün kisədən axınına maneənin (şiş, bitişmə, əyrilik, qonşu orqanlar və limfa düyünlərinin böyüməsi, çapıqlar, strikturalar, divarın ödemləşməsi ilə gedən iltihab) yaranması səbəbindən baş verir. Funksional durğunluğa isə öd kisəsi və öd yollarının motorikasının  pozulması (öd yollarının hipokinetik tipli diskineziyası) gətirib çıxarır. Həmçinin öd daşı xəstəliyinin inkişafında infeksiyalar, biliar sistemin iltihabı, allergik reaksiyalar, autoimmun vəziyyətlər mühüm rol oynayır.  

Öd daşı xəstəliyinin risk faktorlarına yuxarı yaş dövrü, xolesterin və bilirubin mübadiləsinə təsir edən medikamentlərin (fibratlar, estrogenlər, sefrtiakson, okreotid) qəbulu, irsi meyllik (anada bu xəstəliyin olması), qidalanma pozğunluqları (piylənmə, kəskin arıqlama, aclıq, qanda yüksək sıxlıqlı lipoproteidlərin və xolesterinin normadan artıq olması, hipertriqliserinemiya) aiddir.  

Çoxsaylı hamiləliklər, metabolik pozğunluqlar (şəkərli diabet, fermentopatiyalar, metabolik sindrom), mədə-bağırsaq sisteminin patologiyaları (öd axarları və onikibarmaq bağırsağın divertikulları, öd yollarının infeksiyaları, Kron xəstəliyi), postoperasion vəziyyətlər (mədə rezeksiyasından, kötük vaqoektomiyadan sonra)  öd daşı xəstəliyinin yaranma ehtimalını artırır. 

Patoloji anatomiya

Öd daşları ölçü və formasına görə fərqlənir. Onlara müxtəlif saylarda (1-100) rast gəlinə bilər. Lakin bütün daşlar əsas komponentə görə 2 qrupda cəmləşir: xolesterin və piqment (bilirubin) əsaslı.  

Xolestrin daşları sarı rəngdə olub, həll olmayan xolesterinlə mineral, bilirubin qarışığından ibarətdir. Daşların əksəriyyəti (80%) xolesterin mənşəli olur. Bilirubin daşları isə tund-qəhvəyi, qara rənglidir. Onlar qaraciyərin funskional pozğunluqları, təkrarlanan hemoliz, öd yollarının infeksion xəstəlikləri zamanı öddə bilirubinin səviyyəsinin artması nəticəsində formalaşır.  

Öd daşı xəstəliyinin təsnifatı

Müasir təsnifata əsasən öd daşı xəstəliyi 3 dərəcəyə bölünür:

  • Başlanğıc (daşa qədər). Ödün tərkibinin dəyişməsi ilə xarakterizə olunur. Klinik əlamətlər müşahidə edilmir. Xəstəlik yalnız ödün tərkibinin biokimyəvi analizində üzə çıxır.  
  • Daşların formalaşması. Bu dövr adətən simptomsuz gedir. İnstrumental müayinələrdə öd kisəsində konkrementlər aşkarlana bilər.  
  • Klinik təzahürlər. Kəskin və ya xroniki kalkulyoz xolesistitin inkişafı ilə səciyyələnir.  

Bəzən IV dərəcə – ağırlaşmaların yaranması qeyd olunur.  

Öd daşı xəstəliyinin əlamətləri

Öd daşı xəstəliyinin əlamətləriSimptomlar daşların lokalizasiya və ölçüləri, iltihabi proseslərin ifadəliliyi, funskional pozğunluqlardan asılı olaraq təzahür edir. Öd daşı xəstəliyinin xarakterik ağrı sindromu – öd və ya qaraciyər sancısı sağ qabırğa altında qəfil yaranaraq, kəsici, deşici xarakter daşıyır. Bir neçə saatdan sonra ağrı tamamən öd kisəsinin proyeksiyasında cəmlənir. Ağrı kürəyə, boyun və sağ çiyinə irradiasiya edə bilir. Ürək nahiyəsinə yayılma bəzən stenokardiya törədir. 

Ağrı adətən qızardılmış, yağlı, ədəvalı qidaların, spirtli içkilərin qəbulundan, stressdən, ağır fiziki gərginlikdən, uzunmüddət əyilmiş vəziyyətdə çalışdıqdan sonra meydana çıxır. Ağrı sindromuna səbəb konkrementlərin qıcıqlandırıcı təsirinə reflektor cavab olaraq, öd kisəsi və axarların əzələ qişasının spazmı, eləcə də öd yollarının obturasiyası zamanı ödün yığılıb qalması ilə əlaqədar kisənin gərginləşməsidir. Öd axarı tutulduqda qlobal xolestaz baş verir: qaraciyərin öd axarları genişlənir, orqanın həcmi böyüyür. Bu isə dartılmış kapsulun ağrı reaksiyası ilə özünü büruzə verir. Belə tip ağrılar daimi və küt olub, adətən sağ qabırğa altında ağırlıq hissi ilə müşayiət edilir.  

Yanaşı gedən əlamətlərə ürəkbulanma və rahatlıq gətirməyən qusma aiddir. Qusma onikibarmaq bağırsağın məməcikətrafı nahiyəsinin qıcıqlanmasına orqanizmin cavabıdır. İltihabi proses mədəaltı vəzinin toxumalarını əhatə etdikdə qusma tez-tez təkrarlanır, qusuntu kütlələrində ödə rast gəlinir. İntoksikasiyanın dərəcəsindən asılı olaraq, bədən temperaturu subfebril rəqəmlərdən tutmuş yüksək qızdırmaya səviyyəsinə yüksələ bilər. Ümumi öd axacağının konkrementlə tutulması və Oddi sfinkterinin keçməməzliyi zamanı obturasion sarılıq və nəcisin rəngsizləşməsi müşahidə edilir.  

Öd daşı xəstəliyinin ağırlaşmaları  

Öd daşı xəstəliyinin ən çox rast gəlinən ağırlaşmaları öd kisəsinin iltihabı (kəskin və xroniki), öd yollarının konkrementlə obturasiyası sayılır. Mədəaltı vəzidə öd yollarının mənfəzinin tutulması kəskin biliar pankreatit törədə bilir. Eləcə də tez-tez rast gəlinən fəsadlar qismində öd axarlarının iltihabı – xolangit qeyd olunur.  

Öd daşı xəstəliyinin diaqnostikası  

Qaraciyər sancısının simptomatikası ilə qarşılaşdıqda pasiyent qastroenteroloqun konsultasiyasına yönəldilir. Fiziki müayinə əsnasında öd kisəsində konkrementlərin yerləşməsinə dəlalət edən Zaxarin, Ortner, Merfi simptomları müəyyən edilir. Həmçinin öd kisəsi proyeksiyasında qarın divarı əzələlərinin gərginliyi, dərinin ağrılı olması üzə çıxarılır. Dəridə ksantenalar izlənilir, obturasion sarılıq üçün dəri və skleranın sarı-qəhvəyi rəngi xarakterikdir.  

Klinik kəskinləşmə dövründə qanın ümumi analizində qeyri-spesifik iltihab əlamətləri – leykositoz, EÇS-nin bir qədər yüksəlməsi aşkarlanır. Qanın biokimyəvi müayinəsində hiperxolesterinemiya, hiperbilirubinemiya, qələvi fosfatazanın yüskək aktivliyi təyin olunur. Xolesistoqrafiya zamanı öd kisəsinin həcminin böyüməsi, daşlar aydın görünür.  

Öd kisəsinin maksimal informativ və ən çox tətbiq olunan müayinə metodu qarın boşluğunun USM-dir. Ultrasəs müayinəsinin köməyilə daşları, kisənin divarlarının deformasiyasını, onun motorikasının dəyişməsini izləmək mümkündür. USM-də xolesistit əlamətləri aşkar formada nəzərə çarpır. 

Öd kisəsi və axarların vizualizasiyası öd yollarının KT və yaxud MRT vasitəsilə həyata keçirilə bilər. Ödün sirkulyasiyasında gedən dəyişiklikləri üzə çıxarmaq məqsədilə biliar sistemin sintiqrafiyası və ERXPQ (endoskopik xolangiopankreatoqrafiya) məsləhət görülür.   

Öd daşı xəstəliyinin müalicəsi

Öd kisəsində tapılan daşlar ağırlaşma törətmədikdə spesifik müalicə tələb olunmur. Belə vəziyyətlərdə gözləmə taktikası kifayətdir. Kəskin və ya xroniki kalkulyoz xolesistit zamanı daş əmələ gəlmənin mənbəyi sayılan öd kisəsi çıxarılır. Cərrahi müdaxilə (xolesistotomiya) orqanizmin vəziyyətindən, kisənin divarlarında və ətraf toxumalarda gedən patoloji dəyişikliklərdən, konkrementlərin ölçülərindən asılı olaraq, laparoskopik və ya açıq yolla icra edilir. Minimüdaxilə ilə aparılan xolesisektomiya ehtiyac yarandıqda açıq əməliyyata keçə bilər.  

Konkrementlərin ursodezoksixol və xenodezoksixol turşuları ilə əridilmə üsulu öd daşı xəstəliyini tamamən aradan qaldırmır. Zaman keçdikcə yeni daşlar yaranır. Konkrementlərin dağıdılmasının digər metodu zərbə dalğalı litotripsiyadır. Bu üsul tək sayda daş olduqda, həmçinin öd kisəsi və yaxud axarlarda kəskin iltihaba rast gəlinmədikdə aparılır.  

Öd daşı xəstəliyinin proqnoz və profilaktikası

Proqnoz daşların əmələ gəlmə sürətindən, onların ölçülərindən və hərəkiliyindən birbaşa asılıdır. Əksər hallarda öd kisəsinin daşları ağırlaşmalarla nəticələnir. Öd kisəsinin cərrahi yolla çıxarılması tam sağalma imkanı yaradır. 

Profilaktik tədbirlərə yüksək xolesterinemiya, bilirubinemiya və öddə durğunluq yaradan amillərin uzaqlaşdırılması aiddir. Balanslaşdırılmış qidalanma, bədən çəkisinin normada saxlanılması, aktiv həyat tərzi metabolik pozğunluqların qarşısını alır. Biliar sistemin patologiyalarının (diskineziya, obturasiya, iltihabi proseslər) erkən diaqnostika və müalicəsi öd stazının və öd kisəsində çöküntülərin formalaşma ehtimalını minimuma endirir. Daşların yaranmasına irsi meylliyi olan şəxslər öd ifrazı sisteminin vəziyyətinə və xolesterin mübadiləsinə xüsusi diqqət yetirməlidir.  

Öd kisəsində daş olduqda sancıların profilaktikası məqsədilə ciddi pəhriz (rasiondan qızardılmış, yağlı məhsulların, un və qənnadı məmulatlarının, qazlı içkilərin çıxarılması), bədən kütləsinə nəzarət, kifayət miqdarda su qəbulu məsləhət görülür. Konkrementlərin öd kisəsindən axarlara keçmə ehtimalını azaltmaq üçün önə əyilmiş vəziyyətdə uzun müddət işləmək tövsiyə olunmur. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: