Qastroptoz

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 1220

Qastroptoz nədir?Qastroptoz – mədənin sallanması deməkdir. Bu vəziyyət onun uzanması və tonusunun azalması ilə müşayiət olunur. Erkən mərhələlərdə qastroptoz özünü büruzə vermir, gecikmiş hallarda isə qida qəbulundan sonra (xüsusən vertikal vəziyyətdə), fiziki gərginlik və qaçış zamanı ağrılar meydana çıxır. Qastroptoz əksərən digər daxili orqanların sallanması ilə müştərək halda gedir. Belə olan halda əlamətlərə müvafiq simptomatika əlavə olunur. Patologiyanın əsas müayinə üsulu kontrast maddənin yeridilməsi ilə aparılan qastroqrafiyadır. Bu metodun köməyilə mədə sallanması üzə çıxarılır, onun dərəcəsi müəyyənləşdirilir. Qastroptozun terapiyasında müalicəvi bədən tərbiyəsi, fizioterapevtik üsullar xüsusi yer tutur. Medikamentoz dərmanlar yalnız simptomatik müalicə qismində təyin edilir.  

  • Qastroptozun yaranma səbəbləri
  • Qastroptozun əlamətləri
  • Diaqnostika
  • Qastroptozun müalicəsi
  • Proqnoz və profilaktikası

Qastroptoz barədə ümumi məlumat

Qastroptoz – mədənin kiçik əyriliyinin və pilorik hissəsinin, az hallarda isə orqanın bütövlükdə sallanmasıdır. Bu hal anadangəlmə və ya qazanılmış olur. Xəstəlik nadir rast gəlinir, əsasən qadınlarda qeydə alınır. Epidemioloji məlumatlara əsasən xəstələrin əksəriyyəti 15-45 yaş arasındadır. Qastroptozun kişilərə nisbətən qadınlarda daha çox aşkarlanması arıqlamaq üçün pəhrizlər, çəki azlığı, doğuş prosesi, hamiləlik dövründə qarın əzələlərinin, bağ aparatının gərilməsi ilə izah edilir. Kişilərdə qastroptoza adətən ağırlıq qaldırma, yüklərin qeyri-bərabər paylanması səbəb olur. Xəstəlik konservativ üsullar, müalicəvi gimnastika və masaj seansları ilə korreksiya edilir.  

Qastroptozun yaranma səbəbləri

Qastroptozun yaranma səbəbləriAnadangəlmə patologiyanın səbəblərinə orqanizmin quruluş xüsusiyyəti – astenik tip bədən quruluşu, hündür boy, bağ aparatının anadangəlmə zəifliyi aiddir. Adətən mədənin distal hissəsinin enməsinə bu orqanın bağ aparatı ilə birləşən yoğun bağırsaq müsariqələrinin uzanması şərait yaradır. Uzun müsariqə sayəsində bağırsaq aşağı enərək, öz arxasınca mədəni də dartır. Anadangəlmə qastroptoz əksər hallarda xarici görünüşün bir sıra özəllikləri: hündür boy, uzun ətraflar və barmaqlar, dar döş qəfəsi, çəki azlığı ilə müşayiət olunur.  

Qazanılmış qastroptoz müxtəlif səbəblərdən baş verə bilər. Onlara kəskin arıqlama, qarın boşluğunun iri şişlərinin xaric edilməsi, uzunmüddətli assitin aradan qaldırılması  misaldır. Qastroptoz əsasən doğuşdan sonra aşkarlanır. Belə ki, hamiləlik dövründə qarın əzələləri və daxili orqanların bağ aparatı gərildiyindən orqanlar öz yerlərində fiksə oluna bilmirlər. Kaxeksiya ilə gedən ağır xəstəliklərdə bütün daxili orqanlar, o cümlədən mədə sallanır.  

Qastroptozun inkişafında diafraqmanın vəziyyəti mühüm əhəmiyyət kəsb edir. Ağciyərlər zədələndikdə (iri ölçülü şişlər, massiv plevrit) diafraqma aşağı enir, qarın boşluğunda təzyiq yüksəlir. Bu faktorlar mədənin vəziyyətinə təsir göstərərək, qastroptoza təkan verirlər.  

Qastroptozun əlamətləri

Qastroptozun əlamətləriQastroptozun klinik şəkli orqanın sallanma dərəcəsindən asılıdır: 1-ci dərəcədə mədənin dibi qalça sümüklərinin yuxarı nöqtələrini birləşdirən xətdən 2-3 sm yuxarıda yerləşir; 2-ci dərəcədə mədənin dibi bu xət səviyyəsində olur; 3-cü dərəcədə isə mədə daraq xəttindən aşağı enir.  Əksərən başlanğıc mərhələlərdə xəstədə heç bir narahatlıq baş vermir. Parlaq simptomatika mədənin əhəmiyyətli dərəcədə sallanması zamanı meydana çıxır. Xəstə qida qəbulundan sonra, fiziki gərginlik hallarında (xüsusən, qaçış, hündürə tullanma) qarında ağrılardan şikayətlənir. Ağrı hissi mədənin gərilməsi, MBT boyunca qida kütlələrinin hərəkətinin pozulması ilə bağlıdır. Ağrı küt, sızıltılı olub, ürək nahiyəsinə yayıla bilir. Horizontal vəziyyətdə, qarnı yuxarı qaldırdıqda ağrı itir. Bu, patoqnomik əlamət sayılır.  

Xəstəliyin klinikasını yalnız qastroptoz deyil, digər orqanların zədələnməsi də müəyyən edir. Mədə xeyli sallandıqda onikibarmaq bağırsaq əyilir, qidanın mədədən bağırsağa hərəkəti çətinləşir. Bununla bağlı ürəkbulanma, gəyirmə, qəbizlik əmələ gəlir. Qastroptoz qarın boşluğunun digər orqanlarının sallanması ilə müşayiət oluna bilər. Bu zaman həmin orqanların zədələnməsinin klinik əlamətləri meydana çıxır.  

Qastroptozun diaqnostikası

Konsultasiya əsnasında qastroenteroloq bir sıra xarici əlamətlərə əsasən qastroptozdan şübhələnir. Xəstəyə baxış keçirərkən çəkinin azlığı, qarnın sallanması və ön qarın əzələlərinin boşalmasına diqqət yetirilir. Qastroptozlu pasiyentlər adətən astenik olur. Onlar yorğunluq və halsızlıqdan şikayət edirlər. Qarnı palpasiya edərkən  mədənin sərhədlərinin aşağıya yerdəyişməsi müəyyən olunur. Bəzən mədənin dib hissəsi kiçik çanaqda yerləşir. 

Ezofaqoqastroduodenoskopiya prosesində mədə boşluğunun genişlənməsi, peristaltikanın zəifləməsi izlənilir. Qastroptozlu xəstələrdə mədə uzanaraq, vertikal vəziyyət alır. Normada bu orqan balıq tutmaq üçün istifadə edilən qarmaq formasında olur. Qarın boşluğu orqanlarının icmal rentgenoqrafiyasında qastroptoz üzə çıxmaya bilər. Lakin kontrastlaşdırma ilə mədənin rentgenoqrafiyası dəqiq diaqnozun qoyulmasına kömək edir. Müayinə əsnasında mədənin genişlənməsi, uzanması, vəziyyətinin dəyişməsi, motorikanın zəifləməsi aşkar edilir.   

Kontrast maddə mədə divarları tərəfindən saxlanılmayaraq, onun aşağı hissəsinə tökülür, orada toplanır. Mədə möhtəviyyatının evakuasiyası xeyli ləngiyir, motorika zəifləyir. Mədə hipotoniyası elektroqastroqrafiya ilə təsdiqlənir, bu zaman orqanın elektrik aktivliyinin azalması qeydə alınır. USM yalnız qarın boşluğunun digər orqanlarında patoloji dəyişikliklərin getdiyi təqdirdə informativdir.  

Qastroptozun müalicəsi

Klinik qastroenterologiya sahəsinin mütəxəssisləri tərəfindən hələlik xəstəliyin cərrahi müalicə yolları tərtib olunmamışdır. Bu onunla əlaqədardır ki, əməliyyat zamanı qastroptozun səbəbi aradan qaldırılmır. Pəhriz rejiminə riayət etmədikdə, ağır yük qaldırdıqda bütün hallarda residiv baş verir. Düzgün qidalanma rejimi, müalicəvi bədən tərbiyəsi, fiziki formanın normaya salınması mədənin ölçülərini, vəziyyətini və motorikasını cərrahi müdaxiləsiz bərpa edir.  

Qastroptoz zamanı mədənin dartılmaması üçün kiçik porsiyalarla tez-tez qidalanmaq lazımdır. Qida qəbulundan sonra 1-1,5 saat ərzində uzanmaq məsləhət görülür. Optimal müalicəvi pəhriz dietoloq tərəfindən seçilməlidir. Dietoterapiyanın məqsədi bədən kütləsinin normal həddə çatdırılmasından, orqanizmin zəruri miqdarda qida maddələri, vitamin və minerallarla təmin olunmasından ibarətdir. Xəstəliyin residivlərinin profilaktikası üçün düzgün qidalanmaq və bu vərdişi ömrün sonuna qədər davam etdirmək gərəkdir.  

Qastroptoz zamanı yataq rejimi və az hərəkətlilik qadağandır, çünki onlar xəstəliyin proqressivləşməsinə səbəb olur. Vəziyyəti yaxşılaşdırmaq üçün müalicəvi idman tövsiyə edilir. İdman hərəkətləri uzanıqlı vəziyyətdə ayaqları qaldırmaqla yerinə yetirilir – bu pozada mədə fizioloji vəziyyət alır. Gimnastika qarın pressinin və gövdə əzələlərinin möhkəmlənməsinə yönəldilir. MBT həkiminin nəzarəti altında pasiyent bütün hərəkətləri öyrənir və onları gələcəkdə evdə sərbəst şəkildə edir. Gimnastika çox vaxt aparsa da, onunla hər gün məşğul olmaq lazımdır. Yalnız bu halda bütün daxili orqanların vəziyyətini bərpa etmək mümkündür. Qastroptozlu xəstələrə ağır yük qaldırmaq qadağandır.  

Müalicə prosesində masaja da xüsusi yer ayrılır. Bağlanğıcda onu mütəxəssis etsə də, sağalma baş verdikcə özünü masaj icazəli sayılır. Kompleks hərəkətlər sona çatdıqda bir neçə dəqiqə qarnı dairəvi formada ehmalca masaj etmək lazımdır. İfadəli qastroptoz hallarında bandaj taxılmalıdır. Bandaj uzanıqlı vəziyyətdə geyinilir, onun yuxarı kənarı qarnın ən qabarıq nöqtəsindən yuxarıda olmamalıdır.  

Simptomatik müalicə həzm traktının normal fəaliyyətinin bərpasına istiqamətləndirilir. Qəbizlik olduqda işlədici vasitələr təyin edilir, qida rasionuna qida lifləri ilə zəngin məhsullar (kələm, kök, meyvələr) daxil edilir. İştah zəiflədikdə otlarla müalicə aparılır. Fizioterapevtik prosedurlar, sanator-kurort müalicəsi (mineral vannalar, müalicəvi duşlar, üzgüçülük) müsbət nəticələr verir.  

Qastroptozun proqnoz və profilaktikası 

Qastroptoz zamanı proqnoz qənaətbəxş olut. Xəstəliyin profilaktikasına uşaqların erkən vaxtlardan mülayim fiziki yüklənmələrə öyrədilməsi: üzgüçülük, gimnastika, qrup şəklində idman aiddir. Hamiləliyə hazırıq məqsədilə qarın əzələləri möhkəmləndirilməlidir. Hamiləlik dövründə isə xüsusi bandaj taxılmalıdır. Ağır fiziki yüklənmələrdən imtina edilməlidir. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: