İmmunoloji xəstəliklər dedikdəimmunitetin effektor mexanizmlərinin pozulması fonunda inkişaf edən patoloji vəziyyətlər nəzərdə tutulur. Bu patologiyalar immun reaksiyaların aktivliyinə əsasən təsnif edilir. Belə ki, xarici allergenlərə hiperreaksiya zamanı allergik xəstəliklər formalaşır. Orqanizmin öz toxuma antigenlərinə qarşı həssaslığının artması nəticəsində isə autoimmun xəstəliklər meydana çıxır. İmmun sistemin hiporeaktivliyi immunodefisit hallar törədir. Belə vəziyyətlərdə insanın müxtəlif növ infeksiyalara qarşı müqaviməti xeyli azalır. İmmun sistemin əsas orqanlarına sümük iliyi, timus, dalaq, badamcıqlar, limfa düyünləri və selikli qişaların limfa toxumaları aiddir.
İmmunoloji xəstəliklərin diaqnostika və müalicəsi ilə müxtəlif ixtisaslı həkimlər məşğul olur. Allergik patologiyalar və immun çatışmazlığı allerqoloq-immunoloqların, autoimmun xəstəliklər isə aparıcı sindromdan asılı olaraq, revmatoloq, endokrinoloq, nevroloq, qastroenteroloq, kardioloq və digər mütəxəssislərin öhdəliklərinə daxildir. Bununla yanaşı allergik, immunodefisit və autoimmun patologiyaların yaranmasında sıx əlaqə aşkarlanmışdır. Məsələn, sekretor immunoqlobulin A çatışmazlığında əvvəlcə dərinin xroniki infeksion zədələnmələri, sonra isə autoimmun xəstəliklər (dermatomiozit, revmatoid artrit, bronxial astma) əmələ gəlir.
İmmunoloji xəstəliklər haqqında
İmmun sistemin xəstəlikləri birincili – anadangəlmə və ya irsi, həm də ikincili – qazanılmış ola bilər. Birinci qrupa aqammaqlobulinemiya, limfositar disgeneziya, Lui-Bar sindromu və s. daxildir. İkincili immunodefisit hallar infeksion, limfoproliferativ, metabolik xəstəliklər, intoksikasiya, şüalanma, dərman preparatlarının (immunodepressant, kortikosteroidlər) qəbulu fonunda inkişaf edə bilər. Bu zaman hüceyrə və/və ya humoral immunitet, faqositoz sistemi zədələnə bilər. İkincili immun çatışmazlığın ən məşhur forması QİÇS (İİV-infeksiyası) sayılır.
Müxtəlif növ immun çatışmazlıqların ümumi təzahürləri residivləşən infeksiyalardır. Onlara prevmoniya, sidik-ifrazat sisteminin infeksiyaları, meningit, herpes, generalizə olunmuş kandidozu misal göstərmək olar. İmmunodefisit hallar çox zaman allergik xəstəliklər – ekzema, Kvinke ödemi ilə müşayiət olunur.
İmmunoloji xəstəliklərin müayinə üsulları
İmmun çatışmazlığının aşkarlanması üçün immun statusun xüsusi laborator müayinələri: limfositlərin say və morfologiyasının, qan zərdabında immunoqlobulinlərin miqdarının, spesifik anticisimlərin təyini və s. aparılır. Ehtiyac yarandıqda limfa düyünlərinin biopsiyası, timus və dalağın USM icra oluna bilər. İmmunoloji çatışmazlıq zamanı əvəzedici terapiya (immunoqlobulinlərin yeridilməsi, sümük iliyinin transplantasiyası), immunokorreksiya, immunomodulyasiya həyata keçirilir.
Autoimmun xəstəliklər
İmmun sistemin xəstəlikləri içərisində autoimmun pozğunluqlar da xüsusi yer tutur. Bu qrup insanlarda immun hüceyrələr orqanizmin öz toxumalarına qarşı autoaqressiya göstərir. Statistik məlumatlara əsasən dünya əhalisinin 5-7%-i autoimmun xəstəliklərdən əziyyət çəkir. Autoallergik mexanizmli xəstəliklər orqanospesifik (autoimmun qastrit, autoimmun tireoidit, autoimmun hepatit), sistem (sklerodermiya, revmatoid artrit və s.) və qarışıq xarakterli olur. Birinci halda autoanticisimlər konkret bir orqana qarşı yönəlir. İkinci halda isə autoanticisimlər müxtəlif orqan və toxumaları hədəfə alır.
İmmunopatoloji reaksiyaların baş verməsində bakterial-virus infeksiyaları, radiasiya, dərman və toksiki maddələr, stress təkan rolunu oynayır. Bir sıra autoimmun xəstəliklər irsi mənşəli olur. İmmun sistemin bu qrup xəstəlikləri üçün oynaq və əzələ ağrıları, səpkilər, yorğunluq, qızdırma, qanaxma və ya tromboza meyllik xarakterikdir. Əksər autoimmun patologiyalar proqressiv gedişə malik olur. Müalicə aparılmadıqda əlilliklə nəticələnir.
Autoimmun xəstəliklərin ən qiymətli müayinə metodu qanda autoanticisimlərin, kəskin faza zülallarının, komplement sisteminin komponentlərinin, genetik markerlərin təyinindən ibarətdir. Laborator diaqnostika hər zaman instrumental üsullar (USM, endoskopiya, sintiqrafiya, biopsiya) ilə tamamlanılır.
Xəstələrə immunosupressor terapiya, kostikosteroidlərlə iltihabəleyhinə müalicə, efferent terapiya (hemodializ, plazmaferez, hemosorbsiya) təyin edilir. Göstərişlərə əsasən cərrahi müalicə aparılır (hemolitik anemiya zamanı splenektomiya, autoimmun peirkarditdə perikardektomiya, auroimmun tireoiditdə tireoidektomiya və s.). Autoloji hemopoetik kötük hüceyrələrinin CD34+ transplantasiyası müsbət nəticələr verir.
Med-portal.az saytının «İmmunoloji xəstəliklər» bölməsində immunodefisit və autoimmun patologiyalar haqqında geniş məlumat verilmişdir. Bu məqalələri oxumaqla xəstəliklərin səbəbləri, gedişi, müasir müayinə və müalicə üsulları ilə tanış olacaqsınız.