Adenovirus infeksiyası

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 1838

adenovirus infeksiyası nədir?Adenovirus infeksiyası – tənəffüs yolları, gözlər, limfoid toxuma, həzm traktının zədələnməsi ilə müşayiət olunan kəskin virus infeksiyasıdır. Xəstəliyin əlamətlərinə mülayim intoksikasiya, hərarət, rinoreya, səsi batıqlıq, konyunktivanın hiperemiyası, gözlərdən selikli ifrazat, bağırsaq funksiyalarının pozulması aiddir. Diaqnozun qoyulmasında klinik təzahürlərdən başqa seroloji və virusoloji müayinə metodları da tətbiq olunur. Adenovirus infeksiyasının müalicəsi virus əleyhinə preparatlar (daxilə və yerli), immunomodulyatorlar və immunostimulyatorlar, simptomatik dərman preparatlarla aparılır.

  • Adenovirus infeksiyasının səbəbləri
  • Adenovirus infeksiyasının simptomları
  • Adenovirus infeksiyasının diaqnostika və müalicəsi
  • Adenovirus infeksiyasının proqnoz və profilaktikası

Adenovirus infeksiyası barədə ümumi məlumat

Adenovirus infeksiyası KRVİ qrupuna aid olan, adenoviruslar tərəfindən törədilən və rinofaringit, larinqotraxeobronxit, konyunktivit, limfadenopatiya, dispeptik sindromla xarakterizə olunan xəstəlikdir. Kəskin respirator xəstəliklərin ümumi strukturunda adenovirus infeksiyası təxm. 20% təşkil edir. Adenoviruslara qarşı daha böyük həssaslığı 6 ayından 3 yaşınadək uşaqlar göstərirlər. Hesab olunur ki, uşaqların, demək olar ki, hamısı məktəbəqədər yaş dövründə bir və ya bir neçə adenovirus infeksiyası epizodu yaşayırlar. Adenovirus infeksiyasının sporadik halları il boyu qeyd olunur; ilin soyuq aylarında xəstələnmə epidemik partlayış xarakteri alır. Adenovirus infeksiyasına qarşı infeksion xəstəliklər, pediatriya, otolarinqologiya, oftalmologiya tərəfdən daha çox diqqət var.

Adenovirus infeksiyasının səbəbləri

Hazırda Adenoviridae ailəsinə mənsub olan, insanlarda xəstəlik törədən 30-dan çox serovar məlumdur. Böyüklərdə adenovirus infeksiyası partlayışlarının daha çox rastlanan səbəbləri 3, 4, 7, 14 və 21 serotipləridir. 1, 2, 5, 6 tiplərinin serovarları, adətən, məktəbəqədər yaşlı uşaqlarda xəstəlik törədir. Farinqokonyunktival hərarət və adenovirus konyunktivitinin törədiciləri əksər hallarda 3, 4, 7 serotipləridir.

Törədicinin virionları ikispirallı DNT-yə, 70-90 nm diametrə və üç antigenə (qrupspesifik A antigeni; adenovirusun toksik xüsusiyyətlərini müəyyənləşdirən B antigeni və tipospesifik C antigeni) malikdir. Аdenoviruslar xarici mühitə nisbətən davamlıdır: adi şəraitdə 2 həftə ərzində saxlanırlar, aşağı temperatura və quru şəraitə dözümlüdürlər. Eyni zamanda adenovirus infeksiyasının törədiciləri ultrabənövşəyi şüaların və xlorlu dezinfektantların təsiri nəticəsində inaktivləşirlər.

Аdenoviruslar xəstə insanlardan yoluxurlar. Törədici xəstələrin burun-udlaq seliyində və nəcisində xaric olur. Beləliklə, xəstəlik iki əsas yolla – erkən mərhələdə hava-damcı; gecikmiş mərhələdə fekal-oral yolla yoluxur.  Fekal-oral yolla yoluxma xəstəlik bağırsaq infeksiyası tipi üzrə getdikdə baş verir. Su ilə yoluxma da mümkündür; buna görə də adenovirus infeksiyasını “hovuzda üzənlərin xəstəliyi” də adlandırırlar. Adenovirus infeksiyasının mənbəyi həm də virusdaşıyıcılar, xəstəliyin simptomsuz və silinmiş simptomlu gedişatına malik pasientlər ola bilər. Keçirilmiş infeksiyadan sonra immunitet tipospesifik olur, buna görə də virusun başqa serotipləri ilə təkrar xəstələnmə mümkündür. Xəstəxanadaxili infeksiyaya da rast gəlinir, belə ki, parenteral müalicəvi prosedurlar həyata keçirilən zaman yoluxma baş verə bilər.

Аdenovirus orqanizmə yuxarı tənəffüs yollarının, bağırsağın və konyunktivanın selikli qişasından da keçə bilər. Virusun reproduksiyası epitel hüceyrələrində, regionar limfa düyünlərində və bağırsağın limfoid törəmələrində baş verir. Bu proses zaman etibarı ilə adenovirus infeksiyasının inkubasion dövrü ilə üst-üstə düşür. Zədələnmiş hüceyrələr öldükdən sonra virus hissəcikləri azad olur və qana keçərək virusemiya törədir. Dəyişikliklər burun, badamcıqlar, qırtlağın arxa divarı və konyunktivanın selikli qişasında inkişaf edir; iltihab burun boşluğu və konyunktivadan seroz ifrazatın xaric olmasına səbəb olan güclü eksudasiya ilə müşayiət olunur. Virusemiya patoloji prosesə bronxların, həzm traktının, böyrəklərin, qaraciyərin, dalağın qoşulmasına gətirib çıxara bilər.

Adenovirus infeksiyasının simptomları

Adenovirus infeksiyasının əsas klinik sindromlarına yuxarı tənəffüs yollarının katarı (rinofaringit, tonzillofaringit, larinqotraxeobronxit), farinqokonyunktival hərarət, kəskin konyunktivit və keratokonyunktivit, diareya sindromu aiddir. Xəstəlik yüngül, orta-ağır və ağır gedişli; fəsadlaşmış və fəsadlaşmamış ola bilər.

Adenovirus infeksiyası zamanı inkubasion dövr 2-12 gün (adətən, 5-7 gün) davam edir; bundan sonra simptomların ardıcıl təzahürü etməsi ilə gedən manifest dövr başlayır. Erkən əlamətləri bədən temperaturunun 38-39 °С-ədək qalxması və mülayim  intoksikasiya simptomlarıdır (süstlük, iştahanın pozulması, əzələ və oynaq ağrıları).  Hərarətlə eyni zamanda yuxarı tənəffüs yollarının katarı inkişaf edir. Burundan seroz ifrazat xaric olur; bu ifrazat sonralar selikli-irinli  xarakter alır; burun tənəffüsü çətinləşir. Qırtağın arxa divarının selikli qişasının mülayim hiperemiyası və ödemi, badamcıqlar üzərində nöqtəvi, ağımtıl ərp qeyd olunur. Adenovirus infeksiyası zamanı çənəaltı və boyun limfa düyünləri prosesə reaksiya verir. Larinqotraxeobronxit inkişaf etdikdə səsi batıqlıq, quru, hürücü öskürək meydana çıxır, təngnəfəslik, larinqospazmın inkişafı mümkündür.

Adenovirus infeksiyası zamanı konyunktivanın zədələnməsi kataral, follikulyar və ya örtüklü konyunktivit olmaqla gedə bilər. Adətən, gözlər patoloji prosesə növbəli qoşulur.  Pasienti kəsmə və yanma hissi, gözün yaşarması, gözdə yad cisim hissiyatı narahat edir. İnspeksiya zamanı göz qapaqlarının mülayim hiperemiyası və ödemi, konyunktivanın hiperemiyası və  qranulyarlığı, skleraya nöqtəvari qansızmalar, bəzən konyunktiva üzərində ağımtıl-boz rəngli örtüyün olması aşkar olunur. Xəstəliyin ikinci həftəsində konyunktivitə keratit əlamətləri də qoşula bilər.

Adenovirus infeksiyası bağırsaq formasında gedirsə, göbək ətrafı nahiyədə və sağ qalça nahiyəsində tutmaşəkilli ağrılar, hərarət, diareya, qusma, mezenterial limfadenit meydana çıxır. Güclü ağrı sindromu zamanı klinika kəskin appendisiti xatırladır.

Adenovirus infeksiyası zamanı hərarət 1-2 həftə davam edə və dalğavari xarakter ala bilər. Rinit və konyunktivit əlamətləri 7-14 gün, yuxarı tənəffüs yollarının katarı isə 14-21 gün sonra sönür. Xəstəliyin ağır formasında parenximatoz orqanlar zədələnir; meninqoensefalit inkişaf edə bilər. Həyatının ilk ilində olan uşaqlarda tez-tez adenovirus pnevmoniyası və güclü tənəffüs çatışmazlığı inkişaf edir. Adenovirus infeksiyasının ağırlaşması, adətən, ikincili infeksiyanın qoşulması ilə bağlıdır; daha tez-tez rastlanan ağırlaşmaları sinusit, orta otit, bakterial pnevmoniyadır.

Adenovirus infeksiyasının diaqnostikası və müalicəsi

Adenovirus infeksiyasının diaqnozu xəstəliyin klinik mənzərəsinə – hərarət, tənəffüs yollarının katarı, konyunktivit, poliadenit, simptomların ardıcıl inkişafına  əsasən qoyulur. Adenovirus infeksiyasının ekspres-diaqnostikasına immunoflurosensiya reaksiyaları və immun elektron mikroskopiya aiddir. Etioloji diaqnozun retrospektiv təsdiqi İFA, HATR (hemaqlütinasiyanın tormozlanma reaksiyası), KBR (komplementin birləşmə reaksiyası) metodları ilə həyata keçirilir. Virusoloji diaqnostika adenovirusun burun-udlaq yuyuntusu, konyunktivanın sıyrıntısı və nəcisdə aşkarlanmasını təklif edir; lakin çətinliyinə və uzunluğuna görə klinik praktikada nadir hallarda istifadə olunur.

Adenovirus infeksiyasının müxtəlif klinik formalarının differensial diaqnostikası qrip, başqa KRVİ, qırtağın və gözün difteriyası, infeksion mononukleoz, mikoplazma infeksiyaları, iersiniozla aparılır. Bu məqsədlə, həmçinin etiotrop müalicənin təyini üçün pasientlər oftalmoloq və otolarinqoloq konsultasiyasına ehtiyac duyurlar.

Ümumi etiotrop terapiya antivirus preparatlarla (umifenovir, ribavirin, insan qamma-interferonuna qarşı antitel tərkibli preparat) aparılır. Adenovirus infeksiyasının yerli müalicəsi göz damcılarının (dezoksiribonukleaza və ya natrium sulfasil məhlulu) instalyasiyası, asiklovirin göz məlhəmi şəklində yuxarı göz qapağının altına aplikasiyası, oksalin məlhəminin intranazal qəbulu, interferonun endonazal və endofaringeal instalyasiyasından ibarətdir. Simptomatik və sindromlara əsasən terapiya aparılır: inhalyasiya, hərarətsalıcı, öskürək əleyhinə və bəlğəmgətirici preparatlar, vitaminlər. Adenovirus infeksiyası zamanı ağırlaşmış bakterial fəsadlaşmalar olduqda antibiotiklər təyin olunur.

Adenovirus infeksiyasının proqnozu və profilaktikası

Adenovirus infeksiyasının fəsadlaşmamış formaları kafi sonlanır. Erkən yaşlı uşaqlarda ölümcül sonlanma ağır bakterial fəsadlaşmalarla əlaqəli qeyd oluna bilər. Profilaktika analoji olaraq başqa KRVİ-nın qarşısının alınmasına yönəlmişdir. Epidemik partlayışlar dövründə xəstələrin izolyasiyası; cari dezinfeksiyanın aparılması, otaqların havalandırılması və UBŞ-i; yoluxma riski olan insanlara interferonun təyini həyata keçirilir.  Adenovirus infeksiyasına qarşı spesifik vaksinasiya hələ ki, hazırlanmayıb.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: