Amöbiaz

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 4907

amöbiaz nədir?Amöbiaz – histolitik amöblər tərəfindən törədilən, bağırsaq və bağırsaqdan kənar zədələnmələrlə təzahür edən parazitar xəstəlikdir. Bağırsaq amöbiazı çoxlu, qanlı, selikli nəcis, qarında ağrılar, tenezmlər, arıqlama, anemiya; bağırsaqdan kənar forma qaraciyər, ağciyər, baş beyin və s. orqanların abseslərinin formalaşması ilə xarakterizə olunur. Amöbiazın diaqnozu klinik mənzərə, rektoromanoskopiya, kolonoskopiya, abses möhtəviyyatından hazırlanmış yaxmanın mikroskopiyası, seroloji analiz və rentgenoqrafiyanın nəticələrinə əsaslanır. Xəstəliyin müalicəsində dərman preparatları (luminal və sistemli toxuma amöbisidləri, antibiotiklər) və cərrahi metod (absesin yarılması və drenajı, bağırsağın rezeksiyası) tətbiq olunur.

  • Amöbiazın səbəbləri
  • Amöbiazın simptomları
  • Amöbiazın diaqnostikası
  • Amöbiazın müalicəsi
  • Amöbiazın proqnoz və profilaktikası

Amöbiaz barədə ümumi məlumat

Amöbiaz yoğun bağırsağın xoralarla və daxili orqanların abseslərlə zədələnməsi şəklində meydana çıxan protozoy infeksiyadır. Amöbiaz tropik və subtropik iqlim qurşaqlarında daha geniş yayılıb; ölüm səviyyəsinə görə dünyada malyariyadan sonra ikinci yeri tutur. Son illərdə miqrasiyanın və xarici turizmin xeyli artması ilə əlaqədar olaraq Rusiyada amöbiazla xəstələnmə halları yüksəlmişdir. Amöbiaz sporadik hallar, nadir hallarda endemik partayışlar şəklində qeyd olunur. Bu xəstəliklə əsasən orta yaşlı pasientlər xəstələnirlər.

Amöbiazın səbəbləri

Amöbiazın törədicisi – histolitik amöb (Entamoeba histolytica) ibtidailərə aid edilir və həyat tsikli mövcud olduğu şəraitdən asılı olaraq bir-birini əvəz edən 2 mərhələdən – sakitlik (sist) və vegetativ (trofozoit) mərhələlərindən ibarətdir. Amöbün vegetativ (sistönü, mənfəz, böyük vegetativ və toxuma) formaları temperatur, rütubət, pH dəyişikliyinə çox həssasdır; buna görə də xarici mühitdə sürətlə məhv olur. Sistlər insan orqanizmindən kənarda (torpaqda 1 aya, suda 8 ayadək yaşayırlar) xeyli davamlılıq göstərirlər.

Yetkin sistlər mədə-bağırsaq traktının aşağı şöbələrinə düşdükdə yoğun bağırsaqda yaşayan, detritlər və bakteriyalarla qidalanan qeyri-patogen mənfəz formasına çevrilirlər. Bu, amöbün simptomsuz daşıyıcılıq mərhələsidir. Sonralar mənfəz forma ya sistalaşır, ya da böyük vegetativ formaya keçir. Amöbün bu forması proteolitik fermentlər və spesifik proteinlər vasitəsilə bağırsağın epitelinə daxil olaraq toxuma formasına keçir. Böyük vegetativ və toxuma formaları patogendir və kəskin amöbiaz zamanı aşkar olunur.  Toxuma forması yoğun bağırsağın selikli və selikaltı qatında parazitlik edərək epitelin zədələnməsinə, mikrosirkulyasiyanın pozulmasına, mikroabseslərin yaranmasına, sonralar toxumanın nekrozuna və çoxsaylı xoralarına səbəb olur. Amöbiaz zamanı bağırsaqda patoloji proses daha çox kor bağırsaq və qalxan çənbər bağırsağa, nadir hallarda siqmayabənzər və düz bağırsağa yayılır. Histolitik amöblər hematogen disseminasiya nəticəsində qaraciyərə, ağciyərlərə, baş beynə, böyrəklərə, mədəaltı vəziyə düşə və düşdüyü orqanda abseslər əmələ gətirə bilər.

Amöblərlə yoluxmanın əsas mənbəyi xroniki amöbiazın remissiya dövründə olan xəstələr, həmçinin rekonvalessentlər və sist daşıyıcılarıdır. Amöb sistlərinin daşıyıcısı milçəklər də ola bilər. Kəskin formalı amöbiaz və ya residivli xroniki amöbiazlı pasientlər endemik təhlükə daşımır; belə ki, amöblərin vegetativ formaları xarici mühitə davamsızdırlar. Yoluxma yetkin sistlərlə çirklənmiş qida və suyun fekal-oral yolla sağlam insanın mədə-bağırsaq traktına düşməsi, həmçinin məişət yolu ilə çirkli əllər vasitəsilə mümkündür. Bundan başqa, amöbiazın ötürülməsi anal cinsi əlaqələr zamanı, əsasən, homoseksuallar arasında mümkündür.

Amöbiazla xəstələnmənin risk faktorlarına şəxsi gigiyenaya əməl etməmək, aşağı sosial-iqtisadi status, isti iqlimli zonalarda yaşamaq aiddir. Amöbiazın inkişafı immunodefisit vəziyyətlər, disbakterioz, balanslaşdırılmamış qidalanma, stresslə provokasiya oluna bilər.

Amöbiazın simptomları

Amöbiazın inkubasion dövrü 1 həftədən 3 ayadək (adətən, 3-6 həftə) davam edir. Simptomların ifadəliliyinə görə amöbiaz simptomsuz (90% hallarda) və ya manifest; xəstəliyin davametmə müddətinə görə kəskin və xroniki (fasiləsiz və residivləşən);  gedişinin ağırlığına görə yüngül, orta-ağır və ağır ola bilər. Klinik mənzərəsindən asılı olaraq amöbiazın 2 forması – bağırsaq və bağırsaqdan kənar (qaraciyərin, ağciyərlərin, beynin amöb mənşəlli absesləri; urogenital və dəri amöbiazı) formaları ayırd edilir. Amöbiaz başqa protozoy və ya bakterial bağırsaq infeksiyaları (məs., dizenteriya), helmintozlarla ilə birgə miks-infeksiya kimi meydana çıxa bilər.

Bağırsaq amöbiazı xəstəliyin əsas və daha geniş yayılmış formasıdır. Amöbiazın bu formasının aparıcı simptomu diareyadır. Nəcis çoxlu, mayeşəkilli, əvvəl selikli, fekal xarakterli olub sutkada 5-6 dəfə olur; sonra qanlı, jeleyəbənzər forma alır, defekasiyanın tezliyi isə sutkada 10-20 dəfəyə çatır. Qarında, qalça nahiyəsində (daha çox sağda) daimi ağrılar xarakterikdir. Düz bağırsağın zədələnməsi zamanı xəstəni üzücü tenezmlər, soxulcanabənzər çıxıntının zədələnməsi zamanı isə appendisit simptomları narahat edir.   Bədən temperaturunun mülayim yüksəlməsi, astenovegetativ sindrom qeyd oluna bilər. Bağırsaq amöbiazının kəskinliyi 4-6 həftə sonra sönür, bundan sonra davamlı remissiya (bir neçə həftə və ya ay) başlayır.

Öz-özünə sağalma çox nadir hallarda baş verir. Müalicə olunmadıqda yenidən fəsadlaşma inkişaf edir və bağırsaq amöbiazı xroniki residivləşən və ya fasiləsiz gedişata (davametmə müddəti ≥10 il) malik olur. Xroniki bağırsaq amöbiazı maddələr mübadiləsinin bütün növlərinin pozulması ilə – hipovitaminoz, tükənmə, kaxeksiyaya qədər, ödemlər, hipoxrom anemiya, endokrinopatiyalarla  müşayiət olunur. Zəifləmiş pasientlərdə, erkən yaşlı uşaqlarda və hamilələrdə yoğun bağırsağın geniş xoralaşması, toksiki sindrom və letal sonlanma ilə gedən bağırsaq amöbünün ildırımsürətli forması inkişaf edə bilər.

Amöbün bağırsaqdan kənar təzahürlərindən amöb mənşəlli qaraciyər abseslərinə daha çox rast gəlinir. Onun üçün qaraciyərin sağ payında lokalizasiya olunan, piogen qişasız bir və ya çoxsaylı irinliklər xarakterikdir. Xəstəlik kəskin – titrəmə, hektik hərarət, güclü tərləmə, sağ qabırğaaltı nahiyədə öskürmə və bədənin vəziyyətini dəyişən zaman güclənən ağrılarla başlayır. Xəstələrin vəziyyəti ağır, qaraciyər kəskin böyümüş və ağrılı, dəri örtükləri torpaq rəngli olur; bəzən sarılıq inkişaf edir. Ağciyərlərin amöbiazı plevropnevmoniya və ya ağciyərlərin absesi formasında hərarət, döş qəfəsində ağrılar, bəlğəm və qan hayxırma ilə gedir. Baş beynin amöb mənşəlli absesi (amöb mənşəlli meninqoensefalit) zamanı ocaqlı və ümumi beyin simptomları, güclü intoksikasiya müşahidə olunur. Dəri amöbiazı zəifləmiş xəstələrdə perianal nahiyədə, sağrıda, aralıq nahiyəsində, fistul yarıqlarının və postoperasion yaraların ətrafında ikincili olaraq, xoşagəlməz qoxulu, az ağrılı eroziyalar və xoralar şəklində inkişaf edir.

Bağırsaq amöbiazı müxtəlif fəsadlaşmalarla – bağırsaq xoralarının perforasiyası, qanaxma, nekrotik kolit, amöb appendisiti, irinli peritonit, bağırsaq strikturası ilə gedə bilər. Bağırsaqdan kənar lokalizasiyalar zamanı absesin ətraf toxumalara açılması, nəticədə irinli peritonit, plevranın empieması, perikardit və ya fistulların yaranması istisna olunmur. Xroniki amöbiaz zamanı bağırsaq divarında xoranın ətrafında qranulyasiya toxumasından ibarət spesifik şişəbənzər törəmə – amöboma formalaşır və obturasion bağırsaq keçməzliyinə gətirib çıxarır.

Amöbiazın diaqnostikası

Bağırsaq amöbiazının diaqnostikası klinik əlamətlər, epidemioloji məlumatlar, seroloji müayinənin (QDHR (qeyri-düz hemaqlütinasiya reaksiyası), İFR, İFA) nəticələri, rektoromanoskopiya və kolonoskopiyaya əsasən aparılır. Amöbiaz zamanı endoskopik olaraq bağırsağın selikli qişasının müxtəlif inkişaf mərhələlərində olan xarakterik xoraları, xroniki formalarda isə yoğun bağırsağın çapıqlı strikturaları aşkar olunur. Bağırsaq amöbiazının laborator təsdiqi xəstənin nəcisində və xoranın dibindən ayrılmış möhtəviyyatda amöbün toxuma və böyük vegetativ formalarının aşkarlanması vasitəsilə aparılır. Mövcud sistlər, törədicinin mənfəz və sistönü formaları amöb daşıyıcılığından xəbər verir. Seroloji reaksiyalar amöbiaz xəstələrinin qan serumunda spesifik antitellərin olduğunu göstərir.

Bağırsaqdan kənar amöb abseslərini aşkarlamağa abdominal USM, radioizotrop skanlama, döş qəfəsinin ümumi rentgenoqrafiyası, baş beynin KT-si və laparoskopiyadan ibarət kompleks instrumental müayinələrin aparılması kömək edir. Abses möhtəviyyatında törədicinin patogen formalarının aşkarlanması onun amöb mənşəlli olmasına sübutdur. Amöbiazın differensial diaqnostikası dizenteriya, kampilobakterioz, balantidiaz, şistosomoz, Kron xəstəliyi, qeyri-spesifik xoralı kolit, psevdomembranoz kolit, yoğun bağırsağın yeni törəmələri; qadınlarda endometriozla aparılır. Bağırsaqdan kənar lokalizasiyalı amöb absesləri başqa etiologiyalı (exinokokoz, leyşmanioz, vərəm) abseslərlə differensiasiya olunur.

Amöbiazın müalicəsi

Amöbiazın müalicəsi ambulatordur; xəstəliyin ağır gedişində və bağırsaqdan kənar formalarında hospitalizasiya mütləqdir. Simptomsuz daşıyıcılıq və residivlərin profilaktikası məqsədilə düz təsirli luminal amöbisidlər (etofamid, diloksanid furoat, yod preparatları, monomisin) qəbul olunur. Bağırsaq amöbiazı və müxtəlif lokalizasiyalı abseslərinin müalicəsi zamanı sistemli toxuma amöbisidləri (metronidazol, tinidazol, ornidazol) effektivdir. Kolit sindromunun aradan qaldırılması, reparativ proseslərin sürətlənməsi və amöbün patogen formalarının eliminasiyası məqsədliə yodxlorooksixinolin təyin olunur. Metronidazola qarşı dözümsüzlük olduqda antibiotiklərin (doksisiklin, eritromisin) istifadəsi göstərişdir. Preparatların kombinasiyası, onun dozalarının və müalicənin davametmə müddəti xəstəliyin forması və ağırlığına əsasən müəyyənləşdirilir.

Konservativ yanaşma effektsiz olduqda və absesin açılma təhlükəsi zamanı cərrahi müdaxilə tələb oluna bilər. Kiçik amöb absesləri zamanı USM müşahidəsi altında abses punksiya olunaraq möhtəviyyatı aspirasiya edilir və ya absesin yarılaraq drenaj edilir; sonra boşluğuna antibakterial və amöbisid preparatlar yeridilir. Amöb xorasının ətrafında güclü nekrotik dəyişikliklər və bağırsaq keçməzliyi zamanı bağırsaq rezeksiya olunur və kolostoma qoyulur.

Amöbiazın proqnozu və profilaktikası

Bağırsaq amöbiazının vaxtında spesifik müalicəsi zamanı əksər hallarda proqnoz kafidir. Digər orqanların amöb abseslərinin gecikmiş diaqnostikası letal sonlanma riskinə malikdir. Amöbiazın profilaktikası xəstələrin və amöb daşıyıcılarının erkən aşkarlanması və tam müalicəsi, məişətdə sanitar-gigiyena rejiminə riayət, keyfiyyətli su ilə təmin olunma və çirkli suların təmizlənməsi, qida məhsullarının təhlükəsizliyinin kontrolu, sanitar maarifləndirmədən ibarətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: