Ankilostomidoz

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 1330

ankilostomidoz nədir?Аnkilostomidoz – Ancylostomatidae ailəsinə mənsub olan həlqəvi qurdların (ankilostom və ya nekator) insanın bağırsağında parazitliyinə səbəb olan qurd invaziyasıdır. Xəstəlik klinik olaraq papulo-vezikulyar səpkilər, öskürək, təngnəfəslik, iştahanın pozulması, ürəkbulanma, qarında ağrılar, diareya, dəmir defisitli anemiya ilə təzahür edir. Ankilostomidoz diaqnozu nəcisdə və duodenal möhtəviyyatda helmint yumurtalarının aşkarlanması ilə təsdiqlənir. Xəstəliyin müalicəsi nəcisin 3 dəfə kontrolu ilə dehelmintizasiya və anemiyanın korreksiyasından ibarətdir.

  • Ankilostomidozun səbəbləri və yoluxma yolları
  • Ankilostomidozun simptomları
  • Ankilostomidozun diaqnostika və müalicəsi
  • Ankilostomidozun proqnoz və profilaktikası

Аnkilostomidoz barədə ümumi məlumat

Ankilostomidoz parazit həlqəvi qurdlar – ankilostomidlər tərəfindən törədilən helmintozdur (ankilostomoz və nekatoroz). Ankilostomoz və nekatoroz törədicilərinin  orqanizmdə tez-tez birgə parazitliyinə, bioloji xüsusiyyətlərinin, həmçinin invaziyalarının klinik və epidemioloji əlamətlərinin oxşarlığına görə eyni qrupda birləşdiriliblər. Hər iki helmintozun erkən mərhələləri dərinin və respirator traktın allergik zədələnmələri, gecikmiş mərhələlərdə isə mədə-bağırsaq traktının funksional pozulmaları və dəmir defisitli anemiyanın inkişafı ilə gedir. Аnkilostomidozlar dünya əhalisinin 25%-ində rastlanan parazitar xəstəlikdir və başlıca olaraq sanitar mədəniyyəti aşağı səviyyəli olan zonalarda yayılmışdır. Аnkilostomidozlarla yoluxma tezliyi yalnız enterobioz və askaridozdan geri qalır.

Аnkilostomidozun səbəbləri və yoluxma yolları

Ankilostomozun (ankilostoma – Ancylostoma duodenale) və nekatorozun (nekator – Necator amencanus) törədiciləri eyni ailəyə – Ancylostomatidae ailəsinə mənsubdurlar. Onları morfologiya, inkişaf tsikli və sahib orqanizmə təsir xüsusiyyətlərinin ümumiliyi birləşdirir. Helmintlərin hər iki növü həlqəvi qurdlar (nematodlar) sinfinə, inkişaf xarakterinə görə geohelmintlərə aid edilir.

Ankilostomidozun törədiciləri çəhrayı-sarımtıl rəngli, kiçik ölçülüdür: dişi ankilostomaların uzunluğu 10-13 mm, erkək ankilostomaların uzunluğu 8-10 mm; nekatorların uzunluğu isəmüvafiq olaraq 9-10 mm və 5-8 mm-dir. Parazitləri başında ağız kapsulu yerləşir, məhz onun vasitəsilə parazitlər nazik bağırsağın divarlarına fikasasiya olunur. Ankilostomaların ağız sormaclarında 2 dorzal və 4 ventral kəsici dişləri, nekatorlarda isə 2 kəsici xitin lövhəcikləri var.

Ankilostomidləri yumurtaları eyni quruluşa – oval formaya, hamar rəngsiz qişaya, 66×38 mkm ölçüyə malikdir. Hər bir yumurtanın içərisində 4-8 blastomer var. Ankilostomidozun törədicilərinin həyat tsikli helmint qurdlarının nəcislə xarici mühitə düşməsi ilə başlayır. Larvalar torpaqda, 14-40° С temperaturda və 80%-dən çox rütubətdə inkişaf edir. İki sıra, təxm. 7-10 gün sonra ankilostomid larvaları invaziv olurlar.

İnsanın ankilostomidozla yoluxması iki mexanizmlə – fekal-oral və perkutan (dəri vasitəsilə); su, qida və ya kontakt yolla baş verə bilər. Larvalar sahib orqanizmə ilk dəfə yumurtalarla çirklənmiş su, meyvə və ya tərəvəz qəbul etdikdə ağızla daxil olur. Perkutan yoluxma insanın dərisi çirkli torpaqla kontaktda olduqda (yalın ayaqla gəzinti zamanı, yerdə uzandıqda, torpaqla və kənd təsərrüfatı ilə məşğul olduqda) invaziv larvaların dəridən aktiv daxil olması nəticəsində baş verir. Larvalar dəridən orqanizmə daxil olduqdan sonra qan damarlarına düşür, sonra ürəyin sağ hissəsinə və ağciyərlərə miqrasiya edir. Buradan da tənəffüs yolları ilə qırtlağa keçir və ikinci dəfə udulur.  Larvalar  nazik bağırsağa düşdükdən 5-6 həftə sonra sərbəst yumurta qoyan cinsi yetkin helmintlərə çevrilirlər. Ankilostomidozla peroral yoluxma zamanı miqrasiya mərhələsi baş vermir, larvalar birbaşa nazik bağırsağa düşürlər. Ankilostomların həyat tsikli 7-8 il, nekatorların isə 15 ilə qədərdir. Ankilostomidozla yoluxma risk qrupuna kənd təsərüfatı və mədən işçiləri, bağbanlar, uşaqlar aid edilir.

Аnkilostomidozun simptomları

Ankilostomidozun gedişatını 3 fazaya – invazion, miqrasion və bağırsaq fazalarına ayırırlar. Birinci faza larvaların dəridən orqanizmə daxil olması ilə bağlıdır. Bu proses 10-12 gün ərzində davam edən dermatit və ya övrənin klinikası – səpkilər (eritematoz, papulyoz, vezikulyoz), lokal ödem, dəridə yanma hissi və qaşınma ilə müşayiət olunur.

Ankilostomidozun ikinci fazası (larvaların sahib orqanizmə miqrasiyası) zamanı törədicinin həyat fəaliyyəti məhsullarına qarşı allergik reaksiyanın inkişafı ilə orqanizmin sensibilizasiyası baş verir. Bundan başqa, ağciyər alveollarının kapilyarlarının və tənəffüs yollarının toxumasının travması klinik olaraq ocaqlı pnevmoniya, plevrit, bronxit, traxeit, laringit özünü göstərir. Ankilostomidozlu xəstələr öskürək, təngnəfəslik, səsi batıqlıq, subfebril temperaturdan şikayətlənirlər.

Ankilostomidoz üçüncü (bağırsaq) fazaya invaziyadan 30-60 gün sonra keçir. Bu mərhələ uzun müddət davam edir, xroniki gedişli olur və nazik bağırsağın ankilostomidlə yoluxması ilə bağlıdır. Bu zaman parazit dişcikləri vasitəsilə bağırsağın selikli qişasına yapışır və onu zədələyir. Parazitin fiksasiya olunduğu yerdə uzun müddət qanaya bilən eroziya və xora əmələ gəlir; beləliklə, dəmir defisitli anemiya inkişaf edir. Bundan başqa, onlar qidalanmasına görə hematofaqdırlar; belə ki, hər bir nekator gün ərzində 0,03-0,05 ml, ankilostom isə 0,16-0,34 ml qan qəbul edir; bu da xroniki qan itkisinə səbəb olur.  Ankilostomidozun bağırsaq fazası duodenitin əmələ gəlməsi – iştahanın və dadbilmənin pozulması, ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrılar, diareya və ya qəbizliklə gedir.

Ankilostomidozun uzunmüddətli gedişində və uşaqlarda massiv invaziyası zamanı çəkinin azalması, fiziki və əqli inkişafın ləngiməsi müşahidə oluna bilər. Böyüklər qıcıqlanma, yuxu pozulması, yüksəlmiş yorğunluqdan əziyyət çəkirlər; qadınlarda tez-tez menstrual tsiklin pozulması qeyd olunur. Anemiyanın inkişafı zəiflik, başgicəllənmə, taxikardiya, qulaqda küylə müşayiət olunur.

Аnkilostomidozun diaqnostikası və müalicəsi

Ankilostomidozun müxtəlif fazalarında pasient otolarinqoloq, pulmonoloq, qastroenteroloq və ya terapevtə müraciət edə bilər. Xəstəliyin diaqnostikası zamanı klinik və epidemioloji amillər nəzərə alınır. Periferik qanda hipoxrom dəmir defisitli anemiya, EÇS-nin yüksəlməsi, eozinofiliya, hipoalbuminemiya qeyd olunur. Bəlğəmin ümumi analizində eozinofillərin yüksək konsentrasiyası aşkarlanır. Miqrasiya fazasında ağciyərlərin rentgenoqrammasında iltihabi eozinofil infiltratı; EKQ-də miokardiodistrofiya əlamətləri təyin oluna bilər. Barium passajı rentgenoqrafiyası bağırsaqların hipotoniyası, nəcis kütləsinin durğunluğu nəticəsində motorikanın pozulmasını göstərir.

Ankilostomidoz üçün nəcisin helmint yumurtalarına görə analizi və ya duodenal zondlama zamanı götürülmüş onikibarmaq bağırsağın möhtəviyyatının müayinəsi həll edicidir. Bundan başqa, diaqnostikanın seroloji metodları (hemaqlütinasiya və lateks-aqqlütinasiya reaksiyası) da istifadə olunur. Ankilostomid yumurtaları eyni quruluşa malik olduğundan helmintlərin (ankilostom və nekator) identifikasiyası dehelmintizasiya aparıldıqdan sonra yetkin qurdlar nəcislə xaric olduqda mümkündür. Ankilostomidoz digər helmintozlarla, həmçinin başqa etiologiyalı anemiyalarla differensial diaqnostikanın aparılmasını tələb olunur.

Ankilostomidozun etiotrop müalicəsi həkim-infeksionist (parazitoloq) tərəfindən antihelmint preparatlarla aparılır. Dehelmintizasiya məqsədilə pirantel, befeniya hidroksinaftoat, levamizol, mebendazol istifadə olunur. Antihelmint terapiyadan 3-4 həftə sonra müalicənin effektivliyi kontrol olunur. Bunun üçün nəcis 3 dəfə 1 aylıq intervalla müayinə olunur. Ankilostomidozun simptomatik və patogenetik müalicəsi dəmir, vitamin B12, fol turşusu, antihistamin preparatların və s. təyinindən ibarətdir.

Аnkilostomidozun proqnozu və profilaktikası

Əksər hallarda ankilostomidoza vaxtında diaqnoz qoyulması və müalicəsi tam sağalma ilə sonlanır. Ankilostomoz keçirmiş pasientlərin sonrakı dispanserizasiyası 4 il; nekatoroz keçirmişlərdə isə 7 il ərzində hər il aparılır. Ankilostomidozun ağır fəsadlaşmaları və letal formaları xəstəliyin gecikmiş formalarında inkişaf edir.

Profilaktik tədbirlər şəxsi gigiyenaya – tualetə getdikdən sonra əlləri yumaq, torpaqla kontakt zamanı dəri örtüyünün qorunması, meyvə və tərəvəzlərin hərtərəfli yuyulması, suyu içməzdən əvvəl qaynatmaq və s. riayət edilməsindən ibarətdir. Ankilostomid larvalarla çirklənmə ehtimalı olan torpaq sahələrinin və xaricdə yerləşən obyektlərin sanitar işlənməsi mühüm əhəmiyyətə malikdir. Ankilostomidozla xəstələnmə riski yüksək olan qruplar hər il tibbi müayinədən keçməlidirlər.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: