Aspergilyoz
Aspergilyoz – Aspergillus cinsindən olan müxtəlif növ kif göbələkləri tərəfindən törədilən və xroniki toksiko-allergik təzahürlərlə gedən mikozdur. Xəstəlik zamanı, əsasən, bronxopulmonal sistem və burunətrafı ciblər; nadir hallarda dəri, görmə sistemi, MSS və s. zədələnir. Zəif immun reaktivliyi olan pasientlərdə disseminə olunmuş aspergilyoz inkişaf edə bilər. Aspergilyozun diaqnostikasında aparıcı rolu laborator metodlar – mikroskopiya, bakterial əkmə, seroloji reaksiyalar, PZR oynayır. İnhalyasion və dəri-allergik sınaqların qoyulması da mümkündür. Aspergilyozun müalicəsi antifunqal preparatlarla aparılır.
- Aspergilyozun səbəbləri
- Aspergilyozun təsnifatı
- Aspergilyozun simptomları
- Aspergilyozun diaqnostikası
- Aspergilyozun müalicəsi
- Аspergilyozun proqnoz və profilaktikası
Аspergilyoz barədə ümumi məlumat
Aspergilyoz kif göbələkləri – aspergillalar tərəfindən törədilən göbələk xəstəliyidir. Aspergillalar daxili orqanların, dəri və selikli qişaların müxtəlif səthi və dərin mikozlarına səbəb ola bilər. Buna görə də aspergilyoz bir sıra klinik dissiplinlər – mikologiya, pulmonologiya, otolarinqologiya, dermatologiya, oftalmologiya və s. çərçivəsində öyrənilir. Son iki onillikdə populyasiyada aspergilyozla yoluxma 20%-ə qalxmışdır. Bu, anadangəlmə və qazanılma immunodefisitli pasientlərin sayının artması, narkomaniya və İİV-infeksiyasının yayılması, antibiotiklərin qeyri-rasional istifadəsi, onkologiya və transplantologiyada immunosupressiv preparatların təyini ilə əlaqədardır. Bütün bunlar aspergilyozun artan aktuallığını bir daha təsdiqləyir.
Аspergilyozun səbəbləri
İnsanda aspergilyozun törədiciləri Aspergillus cinsindən olan kif göbələkləridir ( A. flavus, A. Niger, A. Fumigatus, A. nidulans. A. terreus, A. Clavatus). Aspergillalar aerob və heterotrof göbələklərdir; onlar 50°С-yədək temperaturda inkişaf edə, uzun müddət quru şəraitdə və şaxtada yaşaya bilirlər. Bu göbələklər ətraf mühitdə hər yerdə – torpaqda, havada, suda yayılmışdır. Aspergillaların böyümə və çoxalması üçün əlverişli şərait ventilyasiya və duş sistemləri, kondisioner və hava nəmləndiricilər, köhnə əşyalar və kitablar, xam divarlar və tavanlar, uzun müddət saxlanılmış qida məhsulları, kənd təsərrüfatı və otaq bitkiləri və s.dir.
Aspergilyozla yoluxma daha çox inhalyasion yolla göbələk mitselili toz hissəcikləri ilə nəfəs aldıqda baş verir. Xəstəliyin yaranma riski kənd təsərrüfatı işçiləri, kağızemalı və toxuculuq sənayesinin işçiləri, dəyirmançılar, həmçinin göyərçin saxlayanlarda (çünki göyərçinlər aspergilyozla başqa quşlarla müqayisədə daha çox xəstələnir) daha yüksəkdir. Göbələk infeksiyası ilə yoluxma invaziv prosedurlar – bronxoskopiya, burunətrafı ciblərin punksiyası, endoskopik biopsiya və s. keçirən zaman da mümkündür. Aspergilyozun zədələnmiş dəri və selikli qişalardan kontakt yolla ötürülməsi də istisna olunmur. Həmçinin asprgillalarla çirklənmiş qida məhsulları (məs., toyuq əti) ilə alimentar yoluxma da mümkündür.
Aspergillalarla ekzogen yoluxmadan başqa autoyoluxma (dəridə, uşaqlıq yolu tağının selikli qişasında və tənəffüs yollarında yaşayan göbələklərin aktivasiyası zamanı) və transplasentar yoluxma da məlumdur. Aspergilyozun risk faktorlarına istənilə mənşəlli immunodefisit, tənəffüs sisteminin xroniki xəstəlikləri (AXOX, vərəm, bronxoektaziya xəstəliyi, bronxial astma və s.), şəkərli diabet, disbakterioz, yanıq travmaları; antibiotik, kortikosteroid və sitostatiklərin qəbulu, şüa terapiyasının tətbiqi aiddir. Qarışıq etilogiyalı – aspergillalar, kandidalar, aktinomisetlər tərəfindən törədilən mikozlara da heç də az rastlanmır.
Аspergilyozun təsnifatı
Göbələk infeksiyasının yayılma yolundan asılı olaraq endogen (autoinfeksiya), ekzogen (hava-damcı və alimentar yolla ötürülmə) və transplasentar aspergilyoz (vertikal yolla yoluxma) ayırd edilir.
Patoloji prosesin lokalizasiyasına görə aspergilyozun bronxopulmonal (həmçinin ağciyərlərin aspergilyozu), LOR orqanların, dəri, göz, sümük, septik (generalizə olunmuş) və s. formaları ayırd edilir. Respirator traktın və ağciyərlərin birincili zədələnmələri bütün aspergilyoz klinik hallarının 90%-ini; burunəətrafı ciblərin aspergilyozu isə 5%-ini təşkil edir. Digər orqanların prosesə cəlb olunması bütün xəstələtin 5%-ini təşkil edir. Aspergilyozun disseminasiyası 30% hallarda, əsasən, ağırlaşmış premorbid fonla zəifləmiş xəstələrdə inkişaf edir.
Аspergilyozun simptomları
Patologiyanın bu günədək daha çox öyrənilmiş forması ağciyərlərin aspergilyozudur. Bronxopulmonal aspergilyozun başlanğıc mərhələləri traxeobronxit və ya bronxitin klinikası ilə maskalanır. Xəstələri bozumtul rəngli bəlğəmli öskürək, hemoftiz, ümumi zəiflik, arıqlama narahat edir. Prosesin ağciyərlərə yayılması zamanı mikozun ağciyər forması – aspergilyoz pnevmoniyası inkişaf edir. Kəskin fazada qeyri-düz hərarət (febris irregularis), titrəmə, selikli-irinli bəlğəmli öskürək, təngnəfəslik, döş qəfəsində ağrılar qeyd olunur. Ağızla tənəffüs zamanı kif qoxusu hiss oluna bilər. Mikroskopik müayinənin köməyilə bəlğəmdə aspergillaların mitseli koloniyaları və sporları aşkar olunur.
Yanaşı gedən tənəffüs sistemi xəstəlikləri (ağciyər fibrozu, emfizeması, kistaları, absesi; sarkoidoz, vərəm, hipoplaziya, histoplazmoz) olan pasientlərdə tez-tez ağciyərlərin aspergilloması formalaşır. Aspergilloma göbələk hifləri, fibrini, seliyi və hüceyrə elementləindən ibarət inkapsulyasiya olunmuş ocaqdır. Aspergilomalı pasientin ölümü ağciyər qanaxması və ya asfiksiya nəticəsində baş verə bilər.
LOR orqanların aspergilyozu xarici və ya orta otit, rinit, sinusit, tonzillit, faringit şəklində gedə bilər. Aspergilyoz otiti zamanı əvvəlcə xaric qulaq keçəcəyi dərisinin hiperemiyası, pilinqi və qaşınması yaranır. Qulaq keçəcəyi tədricən tərkibində göbələk sapları və sporları olan kövşək, bozumtul kütlə ilə tutulur. Aspergilyozun qulaqda deşici ağrılarla müşayiət olunan təbil pərdəsinə yayılması da mümkündür. Əng və əsas cibin, xəlbir sümüyünün zədələnməsi, göbələk invaziyasının göz orbitinə keçidi qeyd olunub. Göz aspergilyozu konyunktivit, xoralı blefarit, düyünlü keratit, dakriosistit, blefaromeybomit, panoftalmit formalarında gedə bilər. Tez-tez buynuz qişanın dərin xoraları, uveit, qlaukoma, görmənin itirilməsi kimi ağırlaşmalar meydana çıxır.
Dəri aspergilyozu eritema, infiltrasiya, qəhvəyiyə çalan pulcuqlar, mülayim qaşınmanın təzahürü ilə xarakterizə olunur. Onixomikoz inkişaf etdikdə dırnaq lövhəciyinin deformasiyası, rənginin tünd-sarı və ya qəhvəyiyə çalan yaşılımtıl olması, dırnaqların tez-tez sınması meydana çıxır. Mədə-bağırsaq traktının aspergilyozu eroziv qastrit və ya enterokolit şəklində gedir; onun üçün ağızdan kif qoxusunun gəlməsi, ürəkbulanma, qusma və diareya xarakterikdir.
Aspergilyozun generalizə olunmuş forması aspergillaların müxtəlif orqan və toxumalarda lokalizasiya olunmuş birincili ocaqdan hematogen yolla disseminasiyası nəticəsində inkişaf edir. xəstəliyin bu formasında aspergilla mənşəlli endokardit, meningit, ensefalit; baş beynin, böyrəklərin, qaraciyərin, miokardın absesləri; sümüklərin, MBT və LOR orqanların zədələnməsi; sepsis inkişaf edə bilər. Aspergilyozun septik formasının letallığı çox yüksəkdir.
Аspergilyozun diaqnostikası
Mikozun formasından asılı olaraq pasientlər müvafiq profilli mütəxəssislərin – pulmonoloq, otolarinqoloq, oftalmoloq, mikoloq konsultasiyasına yönləndirilir. Aspergilyozun diaqnostikası zamanı anamnez, həmçinin peşə anamnezi, xroniki ağciyər patologiyasının və immun defisitin mövcudluğuna böyük diqqət ayrılır. Aspergilyozun bronxopulmonal formasına şübhə olduqda ağciyərlərin rentgenoqrafiyası və KT-i, bəlğəmin götürülməsi ilə bronxoskopiya, bronxoalveolyar lavaj aparılır.
Aspergilyozun diaqnostikasının əsasını material kimi bəlğəm, bronxların yuyuntu mayesi, dırnaq və hamar dəri sıyrıntıları, burunətrafı ciblərin və xarici qulaq keçəcəyinin ifrazatı, buynuz qişadan götürülmüş material, nəcis və s. istifadə olunan kompleks laborator müayinələr təşkil edir. Aspergillalar mikroskopiya, kultural müayinə, ZPR, seroloji reaksiyaların (İFA, KBR (komplementin birləşmə reaksiyası), RİA (radioimmun analiz)) köməyilə aşkarlana bilər. Aspergilla antigenləri ilə dəri-allergik sınaqları da aparıla bilər.
Ağciyərlərin aspergilyozunun differensial diaqnostikası respirator traktın virus və ya bakterial etiologiyalı iltihabi xəstəlikləri, sarkoidoz, kandidoz, ağciyərlərin vərəmi, mukovisidoz, ağciyərlərin şişləri və s. ilə aparılır. Dəri və dırnaqların aspergilyozu epidermofitiya, rubromikoz, sifilis, vərəm, aktinomikozla oxşarlığa malikdir.
Аspergilyozun müalicəsi
Pasientin vəziyyətinin ağırlığından və aspergilyozun formasından asılı olaraq müalicə ambulator şəraitdə və ya müvafiq profilli stasionarda aparıla bilər. Antifunqal terapiya amfoterisin B, vorikonazol, itrakonazol, flusitozin, kaspofunginlə aparılır. Göbələk əleyhinə preparatlar per os, venadaxili və inhalyasiya şəklində təyin oluna bilər. Dəri, dırnaqlar və selikli qişaların aspergilyozu zamanı ocaqların yerli işlənməsi antifunqal preparatlar, antiseptiklər və fermentlərlə aparılır. Göbələk əleyhinə terapiya 4-8 həftə, bəzən 3 aya qədər və daha çox davam edə bilər.
Ağciyərlərin aspergilloması zamanı cərrahi taktika – ağciyərlərin məhdud rezeksiyası və ya lobektomiya göstərişdir. Aspergilyozun istənilən formasının müalicəsində stimuləedici və immunokorreksiyaedici terapiyanın aparılması mühümdür.
Аspergilyozun proqnoz və profilaktikası
Daha yaxşı gediş dəri və selikli qişaların aspergilyozunda qeyd olunur. Mikozun ağciyər formasının letallığı 20-35%, immundefisitli insanlarda isə 50% təşkil edir. Aspergilyozun septik forması qeyri-kafi proqnoza malikdir. Xəstəliyin törədicilərinin qarşısının alınmasına yönəlmiş tədbirlərə sanitar-gigiyenik şəraitin yaxşılaşdırılması – sənayedə toza qarşı mübarizə; dəyirmanlar, taxıl anbarları, tərəvəz anbarları, toxuculuq müəssisələrinin işçilərinə fərdi qoruyucu geyimlər (respirator) geyinməsi, sexlərin və anbarların ventilyasiyasının yaxşılaşdırılması, risk qrupunda olanların müntəzəm mikoloji müayinədən keçməsi aiddir.