Koronavirus

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 2637

Koronavirus əlamətləriKoronavirus infeksiyası (COVID-19) – əsasən ağciyər toxumasını zədələyən virus mənşəli xəstəlikdir. Onun patoqnomik klinik əlamətlərinə tənəffüs çatışmazlığı və respirator distress-sindrom aiddir. Bu təzahürlərlə yanaşı pasiyentlər quru öskürək, qızdırma və halsızlıqdan şikayət edir. Xəstəliyin diaqnostikası bioloji materiallarda törədicinin aşkarlanmasından (molekulyar-genetik metod) və virusa qarşı anticisimlərin təyinindən (İFA) ibarətdir. Müalicə simptomatik yolla aparılır. Çünki etiotrop müalicə üsulları hələlik tərtib olunmamışdır.  

  • Yaranma səbəbləri
  • Risk amilləri
  • Patogenez
  • Əlamətləri
  • Ağırlaşmaları
  • Diaqnostikası
  • Müalicəsi
  • Proqnoz və profilaktikası

Koronavirus haqqında ümumi məlumat

COVID-19 – sürətlə yayılan respirator infeksiyadır. Xəstəlik ilk dəfə 2019-cu ilin dekabr ayında Çin respublikasının Uxan şəhərində qeydə alınmışdır. Virus buradan Qərbi-Şərqi Asiya, Avropa, Cənubi və Şimali Amerika, Rusiya və digər ərazilərə yayılmağa başlamışdır. 2020-ci ilin martında ÜST pandemiya elan etdikdən sonra, əksər ölkələr ciddi karantin rejiminə keçmişdir. 

Bu virusa yaşlı nəslin nümayəndələri daha həssasdır. Uşaqlar çox zaman simtomsuz daşıyıcı rolunu oynayır. 

Koronavirus infeksiyasının səbəbləri

Koronavirusun müalicəsiXəstəliyin törədicisi – eyniadlı ailənin nümayəndəsi sayılan RNT tərkibli SARS-CoV2 koronavirus hesab olunur. Bu patogen 2019-cu ildə kəşf olunmuşdur. Onun 2 ştammı (L və S) mövcuddur. İnfeksiya mənbəyi xəstə insan və ya gizli daşıyıcıdır. Virus  hava-damcı, fekal-oral yolla yoluxur.   

Koronavirus infeksiyasının risk amilləri

Risk qrupuna tibb və sosial xidmət sahəsində çalışan şəxslər, eləcə də sistemli qlükokortikosteroid, sitostatik qəbul edən pasiyentlər daxildir. COVID-19 infeksiyasının başlıca risk amilləri aşağıdaklardır:

  • yaş faktoru (65>);
  • şəkərli diabet, ürək-ağciyər xəstəlikləri, onkoloji törəmələr.

Koronavirus infeksiyasının patogenezi

Xəstəliyin patogenezi indiyə qədər öyrənilməkdədir. Bir çox alimlərin fikrincə onun patogenezi atipik pnevmoniya ilə oxşardır. Törədici yuxarı tənəffüs yoluna düşdükdən sonra burun və ağız-udlağın epitel hüceyrələrində koloniyalar yaradır. Sonra koronaviruslar alveolositlərin daxilinə keçir. Burada törədicinin replikasiyası baş verir.   

Hazır virionlar hüceyrənin xaricində yerləşərək, epitel hüceyrələrinin birləşməsinə, birləşdirici toxumanın formalaşmasına səbəb olur. Bir müddətdən sonra ağciyər toxumasına çoxlu miqdarda zülal və maye hopur, surfaktant sürətli şəkildə parçalanır. Alveolların kollapsı baş verir, qaz mübadiləsi kəskin formada azalır. Bu proseslərlə bərabər T-limfositlərinin səviyyəsi aşağı düşür, iltihabönü sitokinlərin (İL-6, ŞNF-alfa) miqdarı yüksəlir.   

Koronavirus infeksiyasının əlamətləri

Koronavirus haqqındaXəstəliyin inkubasion dövrü 4-5 sutkadır. Bəzən bu müddət 14 günə qədər uzanır. 81% pasiyentlərdə infeksiya yüngül gedir. Yalnız xəstələrin 5%-də kritik vəziyyət, yəni ölüm halları qeydə alınır. Koronavirus infeksiyası kəskin başlanğıca malik olub, bədən temperaturunun yüksəlməsi (37,5°C-39°C) ilə xarakterizə olunur. İnfeksiyalaşmış insanların 70%-də titrətmə və halsızlıq müşahidə edilir.   

Xəstələrin 50%-i quru öskürəkdən şikayətlənir. ⅓ hallarda döş sümüyü arxasında ağrı və bəlğəm əmələ gəlir. Koronaviruslu pasiyentlərin 30%-də təngnəfəslik əlamətləri, hava çatışmazlığı, nəfəs alma və vermə anında güclü səy göstərmə aşkar edilir.  

Pasiyentlər əllərini müəyyən bir yerə söykəyib, məcburi vəziyyət alır. Tənəffüs səsli, dəri örtükləri isə göyərmiş olur.  

Bəzən koronavirus əlamətləri sulu nəcis ifrazı, qarında ağrı, ürəkbulanma və qusma ilə başlayır. Belə hallarda boğulma 5-8 gündən sonra meydana çıxır. İnfeksiyanın nadir təzahürlərinə boğaz ağrısı, zökəm, iybilmənin pozulması aiddir.  

Koronavirus infeksiyasının ağırlaşmaları

Xəstəliyin ən çox rast gəlinən (41%) ağırlaşması respirator distress-sindromdur. 65 yaşdan yuxarı, şəkərli diabet və arterial hipertenziyalı insanlarda onun yaranma ehtimalı daha yüksəkdir. Virusa yoluxanların 17%-də ürək ritmi pozulur, 7%-də – miokard zədələnir, 9%-də infeksion-toksiki şok inkişaf edir. Koronavirus infeksiyasının nadir fəsadlarına kəskin böyrək çatışmazlığı, ketoasidozu misaldır.  

Koronavirus infeksiyasının diaqnostikası

İnfeksiyasının diaqnostikası və müalicəsi infeksionist, pulmonoloq və reanimatoloqların birgə iştirakı ilə aparılır. Ehtiyac yarandıqda prosesə digər mütəxəssislər də cəlb edilir. Koronavirus infeksiyasının əsas klinik, laborator və instrumental diaqnostika üsulları aşağıdakılardır:

  • Fiziki müayinə. Xəstəyə baxış keçirərkən tənəffüs çatışmazlığının əlamətləri – məcburi vəziyyət, dəri örtüklərinin göyərməsi, təngnəfəslik müəyyən edilir.  Pasiyentlərdə quru öskürək və qızdırma müşahidə olunur. Ağciyərlərin müayinəsində tənəffüsün zəifləməsi, perkutor səsin kütləşməsi üzə çıxır. Bəzən əsnəyin hiperemiyası, burun tutulması, palpasiya zamanı qarında mülayim ağrı aşkarlanır. Duru nəcis və qusuntu kütlələrinin vizual qiymətləndiirlməsi mütləqdir.  
  • Laborator üsullar. Qanın ümumi analizində adətən leykopeniya, limfositoz, monositoz, EÇS-nin artması izlənilir. Qanın biokimyəvi göstəricilərində  C-reaktiv zülal, kreatinin, tranaminaza, ferritin səviyyəsinin yüksəlməsi, pH-ın disbalansı müəyyən olunur. Sidiyin ümumi analizində çöküntünün artması, proteinuriya, eritosituriya, silindruriya aşkar edilir. Bəzən sidikdə qlükoza və keton cisimcikləri tapılır. Xəstəliyin ağır gedişi üçün D-dimerin yüksək səviyyəsi və ağır dərəcəli limfopeniya xarakterikdir.  
  • İnfeksion agentlərin təyini. Diaqnozun təsdiqlənməsi üçün PZR (RT PCR SARS-CoV-2) üsulundan istifadə edilir. Bunun üçün burun-udlaq və bəlğəmdən yaxma götürülür. PZR mənfi olduqda seroloji müayinə (İFA) aparılır.  
  • İnstrumental üsullar. Pasiyentlərə döş qəfəsi orqanlarının KT məsləhət görülür. Koronavirus xəstələrində əsasən subplevral və damar kələfi boyunca yerləşən ocaqlı infiltratlar, paycıqdaxili interstisial toxumanın qalınlaşması, «parıldamayan şüşə» şəklində ikitərəfli kölgəlik izlənilir. İnfeksiyalaşmış insanların dinamik KT-müayinəsi mütləqdir.  

Koronavirus infeksiyasının differensial diaqnostikası

Xəstəlik respirator infeksiyalarla differensiasiya edilir. Çox zamannlar onlar yalnız laborator üsulların köməyilə fərqləndirilir. Oxşar klinik əlamətlərə qrip, atipik pnevmoniya və respirator-sinsitial virus patologiyalarında da rast gəlinir. Həmçinin bakterial mənşəli pnevmoniya, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxoektaziya tənəffüs çatışmazlığı ilə gedə bilir.   

Koronavirus infeksiyasının müalicəsi

Rejim

Koronavirus əlamətlərinin aşkarlandığı bütün şəxslər izolyasiya olunmalı və maska taxmalıdır. Xəstəliyin ağırlaşmış gedişində hospitalizasiya göstərişdir. Yüngül və orta ağırlıq dərəcəsində ambulator müalicə və nəzarət kifayətdir. Xəstələrə şəxsi gigiyena qaydalarına riayət, sağlam qidalanma, bol maye qəbulu və simptomatik vasitələr məsləhət görülür.  

Koronavirus infeksiyasının medikamentoz terapiyası 

Bu pasiyentlərin etiotrop müalicəsi üçün virus əleyhinə preparatlar hələlik müəyyən edilməmişdir. Simptomatik müalicə qızdırmasalıcı, sedativ və dezintoksikasion vasitələrin tətbiqinə əsaslanır. Həkimlər parasetamola üstünlük verirlər. Lakin xroniki xəstəliklərdə QSİƏP-dən imtina etmək olmaz. Koronavirus infeksiyasında qlükokortikosteroidlərin effektivliyi zəifdir.  

Koronavirus infeksiyasında ağciyərlərin süni ventilyasiyası

Bu infeksiyaya tutulan xəstələrdə nazal kateter və ya maska vasitəsilə oksigen terapiyası qeyri-effektivdir. Pasieyntlərin intubasiyasından sonra qarın pozisiyasında ağciyərlərin süni ventilasiyası məsləhətdir. Qazometriyanın göstəriciləri pisləşdikdə ekstrakorporal membran oksigenasiyası (EKMO) göstərişdir. Bu aparat süni ağciyərdən ibarətdir. EKMO zamanı qanın oksigenlə zənginləşməsi damardan venoz qanı götürən nasos və oksigenatorun (oksigen təmin edən vasitə) hesabına baş verir. EKMO ilə müalicə müsbət nəticələr göstərsə də, trombozun inkişaf riski yüksəkdir.  

Koronavirus infeksiyasının proqnoz və profilaktikası

Xəstəliyin yüngül və orta ağır formalarında proqnoz qənaətbəxşdir. Belə insanların sağalması 2 həftə-1,5 ay sürür, ölüm faizi 2,3-ə bərabərdir. 

Virusa qarşı spesifik profilaktika (peyvənd) yoxdur. Qeyri-spesifik profilaktik tədbirlərə əllərin sabun və antiseptiklərlə tez-tez təmizlənməsi, maska taxılması və izolyasiya aiddir.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: