Quduzluq
Quduzluq – əsasən, mərkəzi sinir sisteminin ağır zədələnmələri ilə xarakterizə olunan letal sonluqlu virus etiologiyalı zoonoz infeksiyadır. İnsan quduzluğa heyvan dişləməsi zamanı yoluxur. Törədici sinir lifləri ilə orqanizmə yayılır; quduzluq virusu əvvəlcə sinir liflərinin oyanıqlığını yüksəldir, sonra isə onların iflicinə səbəb olur. Virus baş və onurğa beyin toxumasına daxil olaraq klinik olaraq müxtəlif fobiyalar, aqressiv oyanma tutmaları, hallüsinator sindromlarla təzahür edən MSS-nin fəaliyyətinin kobud pozulmalarına səbəb olur. Quduzluq bu günə qədər müalicə olunmayan xəstəlik olaraq qalır. Buna görə də heyvan dişləməsi zamanı pasientə antirab (quduzluq əleyhinə) profilaktik vaksinlərin təyinatının əhəmiyyətini qiymətləndirmək çox çətindir.
- Törədicinin xarakteristikası
- Quduzluğun patogenezi
- Quduzluğun simptomları
- Quduzluğun diaqnostikası
- Quduzluğun müalicəsi
- Quduzluğun profilaktikası
Törədicinin xarakteristikası
Quduzluğu iki spesifik antigenə (həll olan AgS və səthi AgV&) malik, güllə formalı, RNT tərkibli rabdovirus törədir. Replikasiya prosesində virus neyronlarda spesifik quruluşlar – eozinofil Babeş-Neqri cisimciyinin əmələ gəlməsini səbəb olur. Quduzluq virusu soyuğa və şaxtaya davamlıdır, lakin qaynama, ultrabənövşəyi şüalanmanın təsiri, həmçinin müxtəlif kimyəvi reagentlərlə (lizol, xloramin, karbon turşusu, sulema və s.) dezinfeksiya zamanı asanlıqla inaktivləşir.
Quduzluğun rezervuarı və mənbəyi ətyeyən heyvanlardır (itlər, canavarlar, pişiklər, bəzi gəmiricilər, atlar və sığırlar). Heyvanlar virusu tüpürcəkləri ilə xaric edirlər; kontagioz dövr klinik əlamətlər inkişaf etməzdən 8-10 gün əvvəl başlayır. Xəstə insanlar infeksiya mənbəyi deyil. Quduzluq parenteral, adətən, xəstə heyvanın insanı dişləməsi zamanı ötürülür. Bu zaman törədicilərlə zəngin tüpürcək yaraya düşür və virus damar dövranına daxil olur. Hazırda aerogen, alimentar və transplasentar yolla yoluxmanın mümkünlüyü haqda məlumatlar var.
İnsanlar quduzluğa qarşı təbii, məhdud həssaslığa malikdir; yoluxma zamanı infeksiyanın inkişaf ehtimalı dişləmin lokalizasiyası və zədələnmənin dərinliyindən asılıdır; 23%-dən (dişləm ətraflarda (proksimal nahiyələrdə) yerləşdikdə) başlayaraq 90%-ə (dişləm üz və boyunda yerləşdikdə) qədər dəyişir. Yoluxma klinik halların 1/3-ində vəhşi heyvan dişləməsi nəticəsində baş verir; qalan hallarda isə insanda quduzluğun yaranmasının günahkarları ev heyvanları və sığırlardır. Vaxtında tibbi yardıma müraciət etdikdə və profilaktik tədbirlər aparıldıqda infeksiyaya yoluxmuş insanda quduzluq xəstəliyi inkişaf etmir.
Quduzluğun patogenezi
Quduzluq virusu orqanizmə zədələnmiş dəridən daxil olur və sinir liflərilə (virus sinir liflərinə yüksək tropluğa malikdir) yayılır. Bundan başqa, virusun orqanizmdə qan və limfa cərəyanı ilə yayılması da mümkündür. Xəstəliyin patogenezində əsas rolu virusun sinir hüceyrələrinin asetilxolin reseptorlarını bağlaya bilmək və reflektor oyanıqlığı yüksəltmək, sonda isə iflicə səbəb olmaq qabiliyyəti oynayır. Virusun baş və onuğa beynin hüceyrələrinə siraət etməsi MSS-nin kobud üzvi və funksional zədələnmələrinə gətirib çıxarır. Xəstələrdə baş beynə qansızma, beyin toxumasının ödemi, nekrozu və degenerasiyası inkişaf edir.
Patoloji prosesə yarımkürələrin qabığı, beyincik, görmə qabarı və qabaraltı nahiyə, həmçinin kəllə-beyin sinirlərinin nüvələri cəlb olunur. Baş beynin neyronlarının daxilində mikroskopiya zamanı eozinofil törəmələr (Babeş-Neqri cisimciyi) aşkar olunur. Hüceyrələrin yenidən patoloji olaraq yaranması innervasiya pozulması şəklində orqan və sistemlərin funksional pozulmalarına gətirib çıxarır. Virus mərkəzi sinir sistemindən başqa orqan və toxumalara (ağciyərlərə, böyrəklərə, qaraciyərə, daxili sekresiya vəzilərinə və s.) yayılır. Onun tüpürcək vəzilərinə düşməsi törədicinin tüpürcəklə ifrazına gətirib çıxarır.
Quduzluğun simptomları
Quduzluğun inkubasion dövrü 2 həftədən (dişləm boyunda və üzdə yerləşdikdə) bir neçə (1-3) aya qədər (törədici ətraflara siraət etdikdə) davam edə bilər. Nadir hallarda inkubasion dövr 1 ilə qədər uzana bilər.
Quduzluq 3 dövrün bir-birini əvəz etməsilə gedir. Başlanğıc mərhələdə (depressiya) tədricən xəstənin davranışları dəyişməyə başlayır. Nadir hallarında depressiya ümumi nasazlıq, subfebril temperatur, infeksiya qapısında (bir qayda olaraq, xəstəliyin başlanğıcında artıq sağalmış yara) ağrını qabaqlayır. Bəzən (çox nadir hallarda) törədicinin daxil olduğu yer yenidən iltihablaşır. Adətən, bu dövrdə xəstəliyin klinikası mərkəzi sinir sisteminin təzahürləri (baş ağrıları, yuxunun pozulması, iştahasızlıq) və psixoloji simptomlarla (apatiya; həssaslıq (qıcıqlanma), qorxu tutmaları, ruh düşkünlüyü) məhdudlaşır. Bəzən xəstələr döş qəfəsində diskomfort (sıxılma) hiss edə, həzmin pozulmasından (adətən, qəbizliklə) əziyyət çəkə bilərlər.
Xəstəliyin pik dövrü (oyanma mərhələsi) depresiya əlamətlərinin meydana çıxmasından 2-3 gün sonra başlayır və müxtəlif fobiyaların – sudan, havadan, küydən, işıqdan qorxunun inkişafı ilə xarakterizə olunub. Hidrofobiya – sudan qorxma xəstələrə içməyə mane olur. Xarakterik davranış bir stəkan suyu xəstəyə uzatdıqda o stəkanı sevinclə alır, lakin mayeni içmək cəhdi qorxu tutmasına, tənəffüsün dayanmasına səbəb olur və xəstə stəkanı tullayır. Lakin quduzluq həmişə hidrofobiya ilə müşayiət olunmur; bu isə onun diaqnostikasını çətinləşdirir. Xəstəliyin proqressivləşməsi zamanı pasientlər güclü yanğı hissindən əziyyət çəkirlər; hətta suyun görünüşü və səsinə qarşı formalaşmış refleks tənəffüs əzələlərinin spazmına səbəb olur.
Aerofobiya havanın hərəkəti ilə əlaqədar olaraq boğulma tutmalarının meydana çıxması ilə xarakterizə olunur. Akustofobiya və fotofobiya zamanı belə reaksiya küy və parlaq işığa qarşı müşahidə olunur. Boğulma tutmaları qısa müddətlidir (bir neçə saniyə), onları mimik əzələlərin spazmı və qıcolmaları, bəbəklərin genişlənməsi müşayiət edir; xəstələr oyanıq olur, panik qorxu hiss edirlər, qışqırırlar, başlarını arxaya doğru əyirlər. Əllərin əsməsi müşahidə olunur. Paroksizmlər zamanı tənəffüs fasiləli, xırıltılı, nəfəsvermə isə küylüdür. Tənəffüsdə çiyin qurşağı əzələləri də qoşulur. Bu dövrdə xəstələr aqresiv oyanıq vəziyyətdə olurlar, çox qışqırırlar; simptomsuz aqressiv aktivliyə (vurnuxurlar, vura və ya dişləyə bilərlər) meyillidirlər. Hipersalivasiya xarakterikdir.
Xəstəliyin proqressivləşməsilə oyanma tutmaları daha tez-tez olur. Çəkinin azalması, həddən artıq tərləmə qeyd olunur, hallüsinasiyalar (eşitmə, görmə və qoxu) meydana çıxır. Oyanma dövrünün davametmə müddəti 2-3 gündür, nadir hallarda 6 günədək uzana bilir.
Xəstəliyin terminal mərhələsi paralitik mərhələdir. Həmin dövrdə xəstələr apatik olur, onların hərəkəti məhdudlaşır, həssaslığı azalır. Fobiya paroksizmlərinin sönməsi şəklində yalançı klinika meydana çıxır; insanda təəssürat yaranır ki, guya xəstənin vəziyyəti artıq yaxşıdır; lakin bu dövrdə bədən temperaturu sürətlə yüksəlir, taxikardiya, arterial hipotenziya, ətrafların, sonralar isə kəllə-beyin sinirlərinin iflici meydana çıxır. Tənəffüs və damar-hərəkət mərkəzinin zədələnməsi ürək fəaliyyətinin və tənəffüsün dayanmasına və ölümə səbəb olur. Paralitik dövr 1-3 gün davam edə bilər.
Quduzluğun diaqnostikası
Quduzluq viruslarını tüpürcək və likvorda aşkarlamağa imkan verən metodlar mövcuddur; bundan başqa, derma bioptatına, buynuz qişadan götürülmüş materiala qarşı fluoressinsiyaedici antitellər reaksiyasının köməyilə diaqnostika imkanı mövcuddur. Lakin əmək və iqtisadi baxımdan məqsədyönlü olmadığından bu metodlar geniş klinik praktikada istifadə olunmurlar.
Diaqnostika, əsasən, klinik mənzərə və epidemioloji anamnezin nəticələrinə əsasən həyata keçirilir. Xəstənin sağlığında aparılan diaqnostik metodlara laborator heyvanlarından (yenidoğulmuş siçanlardan) alınmış biosınaqlarlar aiddir. Siçanlar xəstənin tüpürcəyi, likvoru və ya seliyi ilə yoluxdurulduqda 6-7 gündən sonra ölürlər. Ölmüş xəstənin baş beyin toxumasının histoloji analizin Babeş-Neqri cisimcikləri tapılması diaqnozu təsdiqləməyə imkan verir.
Quduzluğun müalicəsi
Hazırda quduzluq müalicə olunmayan xəstəlik hesab olunur. Terapevtik tədbirlər palliativ xarakter daşıyır və pasientin vəziyyətinin yüngülləşdirilməsinə yönəlmişdir. Xəstələr səsdən izolyasiya olunan palatalarda hospitalizasiya olunurlar; onlara simptomatik preparatlar – yuxu dərmanları və qıcolma əleyhinə preparatlar, ağrıkəsicilər, trankvilizatorlar təyin olunur. Qidalanma və rehidratasiya tədbirləri parenteral tətbiq olunur.
Hazırda spesifik immunoqlobulin, immunomodulyatorlar, baş beynin hipotermiyası və intensiv terapiya metodlarının köməyilə yeni müalicə sxemləri aktiv yoxlanır. Lakin hələ də quduzluq ölümcül xəstəlik olaraq qalır: klnik simptomlar inkişaf etdikdə letal sonlanma 100% hallarda baş edir.
Quduzluğun profilaktikası
Quduzluğun profilaktikası ilk növbədə heyvanların xəstələnməsinin azaldılmasına, küçə və vəhşi heyvanların insanı dişləmə ehtimalının məhdudlaşdırılamsına yönəlib. Ev heyvanları müntəzəm olaraq quduzluğa qarşı planlı vaksinasiya olunur. Risk qrupuna daxil olan vətandaşlara (baytar xidmətinin işçiləri, it sahibləri, ovçular və s.) antirab vaksinasinlə immunizasiya (3 qat əzələ daxili yeridilmə) aparılır. Bir il sonra revaksinasiya edilir və sonra yüksək yoluxma riski saxlanarsa, hər üç ildən bir təkrari immunizasiya tövsiyə olunur.
Heyvan dişlədikdə quduzluğun prevensiyasına yönəlmiş kompleks tədbirlər mütləq həyata keçirilməlidir: yaralar tibbi spirtlə yuyulmalı, antiseptiklərlə işlənməli, aseptik sarğı qoyulmalıdır. Bundan sonra dərhal travmatoloji xidmətə (ya cərrah, ya da tibbi-sanitar yardıma) müraciət olunmalıdır. Qısa müddətdə profilaktik antirab vaksinasiya kursu (quru, inaktivləşdirilmiş vaksin) və passiv immunizasiya (antirab immunoqlobulin) aparılır. Profilaktik inyeksiyaların sxemi dişləmdən, yaranın dərinliyindən və tüpürcəyin çirklənmə dərəcəsindən asılıdır.