Uşaq xəstəlikləri

Uşaq xəstəlikləri

Pediatriya – uşaqların inkişaf xüsusiyyətlərini, eləcə də onlarda rast gəlinən xəstəlikləri öyrənir. Tibbin bu sahəsinin məqsədi uşaq sağlamlığının qorunmasından və ya bərpasından ibarətdir. 

Pediatriyada bir neçə yaş dövrü ayırd edilir: yenidoğulmuş (ilk ay), südəmər (1 ay-1 il), erkən uşaqlıq (1-3 yaş), məktəbəqədər (3-7 yaş), kiçik məktəb yaşlı (7-11 yaş) və yeniyetməlik (12-18 yaş). Bu dövrlərin hər birində müəyyən xəstəliklər üstünlük təşkil edir. Belə ki, yenidoğulmuşlarda bətndaxili inkişafın pozulması nəticəsində yaranan (asfiksiya, dölün hemolitik xəstəliyi, bətndaxili infeksiyalar, anadangəlmə qüsurlar və s.), həmçinin doğuşun patoloji gedişi ilə assosiasiyalı uşaq xəstəlikləri (kefalohematoma, doğuş şişi, körpücük sümüyünün sınığı) müşahidə edilir. 

Südəmər dövrünün patologiyaları əsasən həzm və tənəffüs sisteminin həddindən artıq yüklənməsi ilə əlaqədar əmələ gəlir. Onlara dizenteriya, dispepsiya, hipotrofiya, virus və bakteriya mənşəli pnevmoniyaları misal göstərmək olar.   

Erkən və məktəbəqədər yaşlarda adətən infeksiyalar: qızılca, göy öskürək, vərəm, difteriya qeydə alınır. Bu xəstəliklər uşağın immun sisteminin tam formalaşmaması və onun yaşıdları ilə təmasa girməsi nəticəsində baş verir.  

Aşağı sinif şagirdləri tez-tez kəskin infeksiyalar, endokrin pozğunluqları, ürək və sinir sisteminin xəstəlikləri ilə qarşılaşırlar. Yeniyetmələrdə isə daxili sekresiya vəzilərinin funksional pozğunluqları, damar distoniyası, psixonevrozlar və s. dominantlıq edir.  

Pediatriyanın imkanları

Uşaqlarda rast gəlinən xəstəliklərin əksəriyyəti səpki, limfa düyünlərinin böyüməsi, hipertermiya, öskürək, qusma, zökəm, qarında ağrı və qıcolma ilə müşayiət olunur. Bu kimi əlamətlər aşkar edildikdə mütləq pediatra müraciət olunmalıdır. 

Uşaq xəstəlikləri arasında ürək-damar, endokrin, nevroloji patologiyalara daha çox təsadüf olunur. Onu da yadda saxlamaq lazımdır ki, böyüklərdə üzə çıxan xəstəliklərin bir çoxu uşaqlıq dövrünün fəsadlarıdır. Burada uşağın böyüdüyü şərait, qidalanma tərzi, sağlamlığına qulluq mühüm rol oynayır. Hazırda pediatriyada xəstəliklərin profilaktikasına xüsusi diqqət yetirilir. Bu istiqamətdə atılan addımlara dölün antenatal müdafiəsi, yenidoğulmuşa düzgün qulluğun təşkili, peyvəndlərin vaxtlı-vaxtında vurulması, skrininq-proqramlarla irsi patologiyaların müəyyən edilməsi, dispanser nəzarət aiddir. 

Uşaqlar onlar üçün nəzərdə tutulan poliklinika, stasionar, pediatrik şöbələr, özəl klinikalarda müalicə oluna bilər. Son illərdə pediatriyada dar ixtisaslı bölmələr: uşaq kardiocərrahiyyəsi, travmatologiya və ortopediya, neyrocərrahiyyə, hematologiya, onkologiya və s. təşkil olunmuşdur. 

Bütün valideynlər uşaqlarına qayğı və sevgi ilə yanaşdığından onlarda rast gəlinən xəstəliklərin yaranma səbəbləri və  müalicə üsulları barəsində daha çox məlumat əldə etməyə çalışırlar. 

Med-portal.az saytının «Uşaq xəstəlikləri» bölməsində Sizi maraqlandıran bütün suallara cavab tapa bilərsiniz.