Botoks

Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 1368

Botoks nədir?Botoks — Allergan (ABŞ) firmasının istehsal etdiyi botulotoksin A əsaslı inyeksion kosmetik vasitədir. Ondan ilk dəfə 1994-cü ildə istifadə edilmişdir. Bu preparat impulsun sinir ucundan əzələyə ötürülməsini pozaraq, mimik əzələlərin tonusunu zəiflədir, üz və boyun qırışlarını yox edir. Botoks həm də tər vəzilərinin fəaliyyətini tənzimləyir. Estetik nəticə prosedurdan 1 ay sonra bilinir və təxminən 6 ay qalır. Prosedurun qiyməti yeridilən preparatın həcmindən asılıdır.  

Botoksa göstərişlər

Botoks təkcə dərinin xarici görünüşünü korreksiya etmir. Prosedur geniş kosmetoloji və terapevtik təsirlərə malikdir. Botoks inyeksiyaları adətən 35-40 yaşdan sonra vurulur. Aşağıdakı vəziyyətlərdə botoks göstəriş sayılır:  

  • Mimik qırışlar: «qaz ayağı», boyun büküşləri, dodaq ətrafı və alın qırışları  
  • Üzün asimmetriyası: ağız bucağının birtərəfli əyilməsi, yuxarı göz qapağının yüngül və orta dərəcəli ptozu, qeyri-bərabər burun-dodaq büküşləri  
  • Əzələ tonusunun pozulması: blefarospazm, hemifassial spazm, spastik əyriboyunluq, yuxarı ətrafların fokal spastikliyi  
  • Dərinin yaşla əlaqədar atrofiyası.
  • Qoltuqaltı, ovuc və pəncənin hiperhidrozu
  • Plastik cərrahiyyəyə hazırlıq və bərpa dövrünün tez keçməsi məqsədilə. 

Botoksa əks-göstərişlər

Yüksək dərəcəli miopiya, miastenik sindrom, kəskin infeksion xəstəliklər, hemofiliya zamanı botoks qadağandır. Həmçinin prosedurun hamiləlik və südvermə dövründə aparılması məsləhət deyil. Nisbi əks-göstərişlər isə aşağıdakılardır:  

  • üz nahiyəsində ödem və venoz durğunluğa meyillik 
  • üz toxumalarının ağır dərəcəli qravitasion sallanması
  • sistemli allergik reaksiya riski (anamnezdə Kvinke ödemi, anafilaktik şok) 
  • qeyri-stabil psixi vəziyyət 
  • antibiotiklər, antikoaqulyantlar və miorelaksantlarla müalicə.  

Botoksun dəriyə yeridilməsi

Botoksun qiymətiBotoks inyeksiyalarını vurmazdan əvvəl kosmetoloq anamnez toplayır, pasiyentin qəbul etdiyi dərmanlar və arzuolunan nəticə ilə maraqlanır. Konsultasiyanın ödənişi prosedurun yekun qiymətinə daxildir. Prosedur günü, yəni botoksdan əvvəl spirtli içki qəbulu, idman məşqləri, invaziv kosmetik manipulyasiyalara icazəli deyil.

Botoks təsir vahidi (TV) ilə ölçülür. Kosmetoloq estetik problemlərin ifadəliliyini və problemi sahəni nəzərə alaraq, lazımi dozanı seçir. Ağız ətrafı qırışları hamarlaşdırmaq üçün 2-4 TV, «qaz ayağı» əleyhinə 8-16 TV, qaşarası qırışların korreksiyasında isə təxminən 20-25 TV tələb olunur. Botoks aşağıdakı mərhələlərlə vurulur:

  1. Əvvəlcə pasiyentin dərisində iynənin vurulacağı yerlər işarələnir.  
  2. Toz şəkilli preparatla steril izotonik natrium xlorid məhlulu qarışdırılır.  
  3. İynənin batıralacağı hissə xüsusi məhlulla silinir. Bu yolla dəri örtüyü dezinfeksiya olunur, həm də prosedurun minimal ağrı hissi ilə keçməsi təmin olunur.  
  4. Kiçik diametrli atravmatik iynələrlə preparat dəriyə yeridilir.  
  5. Dəri antiseptiklə silinir.

1 seans təxminən 10 dəqiqə davam edir. Eyni gündə bir neçə problemi sahə korreksiya olunduqda prosedur 20-30 dəqiqəyə qədər uzana bilər. Botoks inyeksiyasından sonra pasiyent 30 dəqiqə həkim nəzarəti altında qalır. Heç bir allergik reaksiya müşahidə olunmadıqda evə buraxılır. Gözlə görünən effektin əldə edilməsi üçün 1 seans kifayətdir. Sadəcə nəticəni möhkəmləndirmək üçün 6 aydan sonra botoksun təkrarlanması məsləhətdir.

Botoks inyeksiyasından sonra dəriyə qulluq

Dərmanın bərabər yayılması məqsədilə prosedurdan sonra 3-4 saat uzanmaq lazımdır. Dəriyə qulluq pasiyentin öyrəşdiyi sxem üzrə davam etdirilir, eləcə də dekorativ kosmetika və yaxud tonal vasitəyə qadağa qoyulmur. Fəsadların qarşısını almaq üçün aşağıdakı qaydalara riayət edilməlidir:  

  • 1-ci gün iynə yerlərinə toxunmaq və həmin nahiyəni masaj etmək olmaz.  
  • 3 gün ərzində spirtli içki, ağır fiziki iş və idmandan uzaq durmaq lazımdır.   
  • 2 həftə müddətində hamam, sauna, solyari qadağandır.  

Botoks inyeksiyalarının effektivliyi

Botoksun nəticələriBotoks (botulotoksin) sinapslara təsir göstərməklə, impulsların sinir-əzələ ötürülməsini pozur. Bunun sayəsində əzələlər boşalır, mükəmməl estetik nəticə əldə edilir. Preparatın təsir etməsi üçün vaxt lazımdır. Bu səbəbdən xarici görünüşün yaxşılaşması yalnız 3-4 gündən sonra baş verir. Maksimal effekt və xırda qırışların itməsi 10-14 günə müşahidə olunur.  

Prosedur düzgün yerinə yetirildikdə dəri həssaslığı itmir, gələcəkdə xoşagəlməz əlamətlər meydana çıxmır. Qırışların azalması hesabına üz cavan və təravətli görünür. Kiçik ölçülü üz əzələlərinin aktiv hərəkəti azaldığından zamanla insanın qaşlarını çatma, alnını qırışdırma vərdişi itir. Bu da yeni qırışların yaranmasını ləngidir.  

Botoks inyeksiyalarının fəsadları

Statistik məlumatlara əsasən arzuolunmaz postinyeksion reaksiyaların sayı heç də az deyil. Onların əksəriyyəti pasiyentin prosedura düzgün hazırlaşmaması və yaxud preparatın yeridilmə texnikasının pozulması ilə bağlıdır. Mümkün ağırlaşmalara aşağıdakılar aiddir:  

  • Allergik reaksiyalar. Allergiyanı botulotoksin deyil, preparatın tərkibindəki əlavə komponentlər törədə bilər. Bu zaman inyeksiya nahiyəsində dəri qızarır, şişir və qaşınır.  
  • Qansızma. 2-5% hallarda baş verir. Botoksun yeridildiyi hissədə göyərmələr əmələ gəlir. Adətən hematoma lokal ağrı hissi ilə müşayiət olunur.  
  • Baş ağrıları. Pasiyentlərin 10%-də ilk 1-3 gün ərzində baş ağrısı olur. Bu xoşagəlməz hissiyyat adətən alın və göz qapağı nahiyəsinə botoks yeritdikdən sonra yaranır.  
  • Qaşların ptozu. 1% hallarda qeydə alınır. Ptoz botulotoksinin yeridilmə nahiyəsinin düzgün seçilməməsi nəticəsində sinirin kiçik şaxəsinin zədələnməsi ilə bağlıdır.  

Xoşagəlməz hallarla qarşılaşmamaq üçün peşəkar mütəxəssisə müraciət etmək lazımdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: