Burun-dodaq büküşləri

Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 1366

burun-dodaq büküşlərinin korreksiyasıBurun-dodaq büküşləri – burun qanadlarından dodaq bucaqlarına doğru uzanan boylama şırımlardır. Onların yaranması və ifadə dərəcəsi üzün anatomik xüsusiyyətləri, üz əzələlərinin tonusu, irsiyyət, kəllənin üz hissəsi və diş-çənə sisteminin quruluşundan asılıdır. Dərin burun-dodaq büküşləri insanı bioloji yaşından böyük göstərir. Burun-dodaq büküşlərinin müasir korreksiya üsullarına kontur plastikası, lipofilinq, saplarla liftinq, kimyəvi pilinq, fraksion lazer cilalanması və s. aiddir.

  • Burun-dodaq büküşlərinin təsnifatı
  • Burun-dodaq büküşlərinin korreksiyası
  • Burun-dodaq büküşlərinin korreksiyasının proqnozu
  • Burun-dodaq büküşlərinin profilaktikası

Burun-dodaq büküşləri barədə ümumi məlumat

Burun-dodaq büküşləri dərin qırışlardan sayılır. Aktiv mimika və artikulyasiyaya malik, emosional və gülərüz insanlarda burun-dodaq üçbucağında qırışlar erkən yaranır. İnsan gülərkən onlar daha çox nəzərə çarpır.

Dərinin təbii yaşlanması, yumşaq toxumaların ptozu, üz əzələlərinin tonusunun azalması burun-dodaq büküşlərinin ifadə dərəcəsini artırır. Zərərli vərdişlər, irsiyyət, üz dərisinə qeyri-düzgün qulluq qırışların yaranmasını tezləşdirir. Vaxtında korreksiya olunmayan anomal dişləm burun-dodaq nahiyəsində büküşlərin formalaşmasına gətirib çıxara bilər. Arıqlama zamanı burun-dodaq büküşləri dərinləşir, kökəldikdə isə hamarlanır.

Burun-dodaq büküşlərinin yaranmasında bir sıra üz əzələləri iştirak edir. Büküşün yuxarı hissəsi burun əzələsinin qanad hissəsinin spazmı və üst dodaq, burun qanadını qaldıran əzələnin hipertonusu nəticəsində əmələ gəlir. Burun-dodaq büküşünün orta və aşağı hissələri kiçik və böyük almacıq və yanaq əzələlərinin hipertonusu ilə əlaqədar formalaşır. Ağız bucağında qırışların yaranmasına alt dodaq və ağız bucağını endirən (üçbucaq əzələ) əzələlərin spazmı  səbəb olur.

Prenatal və ya doğuş travmaları nəticəsində kəllə sümüklərinin qeyri-düzgün pozisiyası burun-dodaq büküşlərinin yaranmasına şərait yaradır. Yaş artdıqca sümük disbalansı güclənir: alın sümüklərinin enməsi qaşların sallanmasına, almacıq sümüklərinin yaxınlaşması isə burun-dodaq büküşlərinin formalaşmasına, üzün düzgün proporsiyalarının pozulmasına («cavanlıq bucağı», çənə xətləri və s.) gətirib çıxarır.

Burun-dodaq büküşlərinin formalaşması 30-35 yaşlarda başa çatır, onlar insanı olduğundan yaşlı göstərir.

Burun-dodaq büküşlərinin təsnifatı

E.B. Laputinin təklif etdiyi təsnifata əsasən burun-dodaq büküşlərinin aşağıdakı növləri ayırd edilir:

  • Ştrix-büküş – dərialtı toxumaların enməsi ilə müşayiət olunmayan nazik xətt şəkilli səthi qırış;
  • Gap-büküş – dərialtı toxumaların yaşla bağlı dəyişiklikləri fonunda ifadəli dəri şırımı. Gap-büküşlər yüksək sıxlıqlı fillerlərlə (Yuviderm-30, Perlayn, Surciderm-30 XP və s.) kontur plastikasının köməyilə korreksiya olunur;
  • Qradiyent burun-dodaq büküşü – üst dodaq və yanaq nahiyəsinin hündürlüyünün kəskin azalması nəticəsində əmələ gəlir.

Burun-dodaq büküşlərinin korreksiyası

Müalicəyə nə qədər tez başlanılarsa effekt bir o qədər qənaətbəxş və uzunmüddətli olar. Müasir inyeksion kosmetologiya burun-dodaq büküşləri problemini həll etmək üçün hialuron turşusundan ibarət preparatlarla (perlayn, Restilayn, Surciderm, Tiosial, Yuviderm və s.) kontur plastikasını təklif edir. Bu preparatlar toxumalarla yüksək bioloji uyğunluğa malik olduğundan onlara qarşı reaksiya baş vermir. Hialuron turşusu təbii komponent olub, orqanizmdə karbon qazı və suya qədər parçalanır.

Filler-preparatlar nazik iynə ilə dəriyə yeridilir, toxumaların həcmi bərpa olunur. Kontur plastikası istənilən yaşda aparıla bilər. Preparatın yeridilməsindən sonra burun-dodaq üçbucağı zonasında şişkinlik müşahidə oluna bilər. Burun-dodaq büküşlərinin kontur plastikasının son nəticələri yalnız 7-10 gündən sonra qiymətləndirilir.

Orqanizmdə hialuron turşusunun təbii parçalanmasını nəzərə alaraq, burun-dodaq korreksiyasının nəticələrini möhkəmlətmək üçün 4 həftədən sonra prosedur təkrarən aparılır.

Burun-dodaq büküşlərinin korreksiyasının proqnozu

Fillerin aktivliyi dayanana qədər dəri bir neçə dəfə yenilənir, hamarlaşır. Bu proseslərlə əlaqədar burun-dodaq büküşləri az nəzərə çarpır. Gələcəkdə prosedurun təkrarlanmasına ehtiyac yarandıqda geldən daha az miqdarda istifadə olunur.

Burun-dodaq büküşlərinin profilaktikası

Burun-dodaq büküşlərinin yaranmasının qarşısını almaq üçün mezoterapiya məsləhət görülür. Bu üsulun mahiyyəti elastin, kollagen və hialuron turşusundan ibarət preparatların dərinin orta qatına (mezoderma) yeridilməsindən ibarətdir. Preparatlar problemli zonada dərinin turqorunu təmin etməklə burun-dodaq qırışlarının yaranmasını ləngidir. Həmçinin üzə peşəkar qulluq arzuolunmaz burun-dodaq qırışlarının qarşısını almağa kömək edir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: