Çapıqlar

Oxuma vaxtı: 20 dəq Oxunma sayı: 13821

çapıqlar nədən yaranır?Çapıqlar – zədələnmə, cərrahi müdaxilə və ya iltihabi prosesdən sonra dərinin regenerasiyası nəticəsində əmələ gələn kobud lifli birləşdirici toxumadır. Təzə çapıqlar çəhrayı və ya qırmızı rəngə, köhnə çapıqlar isə hipo- və ya hiperpiqmentli çalara malik olur. Çapıqlar dəri səviyyəsindən hündürdə (hipertrofik), onunla eyni səviyyədə (normotrofik) və ya dəriyə batmış şəkildə (hipotrofik) ola bilər. Çapıqlar, xüsusən onlar üz və bədənin açıq sahələrində yerləşdikdə estetik qüsur sayılır. Onları aradan qaldırmaq üçün lazerlə çilalanma, dermabraziya, krioterapiya, kimyəvi pilinq, steroid hormonların inyeksiyaları, cərrahi üsuldan istifadə olunur.

  • Çapıqların formalaşması
  • Çapıqların növləri
  • Keloid çapıqların xüsusiyyətləri
  • Problemli çapığın yaranmasının profilaktikası
  • Çapıqların korreksiya üsulları
  • Çapıqlama (bodi-art)

Çapıqlar barədə ümumi məlumat

Çapıqlar dərinin müxtəlif zədələnmələrinin sağalması nəticəsində yaranır. Dəri xəstəlikləri (postakne), mexaniki (travma) və termiki (yanıqlar) agentlər dəri örtüyünün fizioloji strukturunun pozulmasına və onun birləşdirici toxuma ilə əvəz olunmasına gətirib çıxarır.

Normal fizioloji çapıqlaşma zamanı zamanla dəri qüsuru dartılır və solğunlaşır. Lakin bir sıra hallarda çapıqlaşma patoloji xarakter daşıyır: çapıq tünd-qırmızı rəng alır və böyüyür. Belə hallarda mütəxəssisin köməyi mütləqdir. Çapıqların korreksiyası həkim-dermatokosmetoloq və plastik cərrahların birgə əməkdaşlığı ilə aparılır.

Çapıqların formalaşması 

Çapıqların 4 formalaşma mərhələsi vardır:

I – iltihab və epitelizasiya mərhələsi.

Travma anından başlayaraq, 7-10 gün davam edir. Dəridə ödem və iltihabın tədricən azalması ilə xarakterizə olunur. Yara kənarlarını yaxınlaşdıran qranulyasion toxuma formalaşır. İnfeksiyalaşma və ya yara səthinin aralanması baş vermədikdə yara zəif nəzərə çarpan nazik çapığın formalaşması ilə sağalır. Ağırlaşmaların profilaktikası məqsədilə bu mərhələdə atravmatik tikiş, yerli antiseptiklərlə sarğılar qoyulur. Sarğılar hər gün yenilənir. Tikişlərin açılmaması üçün fiziki aktivlik məhdudlaşdırılır.

II – «cavan» çapığın yaranma mərhələsi.

Travmanın 10-30-cu günlərini əhatə edir. Qranulyasion toxumada kollagen-elastin liflərinin formalaşması ilə səciyyələnir. Çapıq tam formalaşmamış və kövşəkdir, asanlıqla dartılır, yaranan qan təhcizatının güclənməsi ilə əlaqədar parlaq çəhrayı rəngə malik olur. Bu mərhələdə yaranı ikincili zədələnmədən qorumaq və ağır fiziki yüklənmələrdən uzaq durmaq lazımdır.

III –  «yetkin» çapığın yaranma mərhələsi.

Travmanın 30-cu günündən başlayaraq, 2 ay davam edir. Elastin və kollagen lifləri dəstə şəklində bir istiqamətdə toplanır. Çapığın qan təhcizatı azalır, bu səbəbdən o, bərkiyir və solğunlaşır. Bu mərhələdə fiziki aktivliyə heç bir məhdudiyyət qoyulmur, lakin təkrar travma hipertrofik və ya kelloid çapığın formalaşması ilə nəticələnə bilər.

IV – çapığın son transformasiya mərhələsi. 

Travmanın 4-cü ayından 1 ilə qədər davam edir. Çapıq tam formalaşır: onu qidalandıran damarlar itir, kollagen lifləri gərilir. Çapıq bərkiyir və solğunlaşır.

Təəssüflə qeyd etmək lazımdır ki, çapıqlardan birdəfəlik azad olmaq mümkün deyil, müasir üsulların köməyilə yalnız kobud, enli çapıqlara daha az nəzərə çarpan forma vermək olur. Müalicə taktikası və üsulun effektivliyi çapığın tipi və formalaşma mərhələsindən asılıdır. Həkimə nə qədər tez müraciət olunarsa, nəticə bir o qədər qənaətbəxş olur.

Çapıq dəri örtüyünün tamlığının pozulması (əməliyyat, travma, yanıq, pirsinq) zamanı qüsurun yeri birləşdirici toxuma ilə örtülməsi nəticəsində formalaşır. Epidermisin səthi zədələnməsi çapıqsız sağalır, bu da bazal qat hüceyrələrinin regenerasiya qabiliyyətinin yüksək olması ilə əlaqədardır. Dərinin zədələnməsi dərin olduqda sağalma prosesi uzun çəkir və çapıq daha ifadəli olur.  Normal, ağırlaşmayan çapıqlaşma normotrofik çapığın yaranması ilə nəticələnir. Bu tip çapıqlar dəri səthi ilə eyni səviyyədə olub, rənginə görə ətraf toxumadan seçilmir. Çapıqlaşmanın hər hansı bir mərhələsinin gedişinin pozulması kobud patoloji çapığın formalaşmasına gətirib çıxara bilər.

Çapıqların tipləri

Optimal müalicə üsulu və prosedurun aparılma vaxtını təyin etməzdən əvvəl çapıqların tipini müəyyənləşdirmək lazımdır.

Normotrofik çapıqlar adətən pasiyentlərə bir o qədər də diskomfort törətmir. Onlar solğun rəngdə olub, ətraf toxumalarla eyni səviyyədə olur. Çapığın elastikliyi normadan az fərqlənir. Bütün bu xüsusiyyətlərlə əlaqədar normotrofik çapıqlar az nəzərə çarpır. Radikal müalicə üsulundan istifadə etmədən mikrodermabraziya və ya kimyəvi səthi pilinqin köməyilə belə çapıqlardan azad olmaq mümkündür.

Atrofik çapıqlar akne və ya xal, papillomaların qeyri-adekvat müalicəsi nəticəsində yarana bilər. Dəri çatları (striyalar) çapıqların məhz bu növünə aiddir. Atrofik çapıqlar onu əhatə edən dəri örtüklərinin səviyyəsindən aşağıda yerləşir, kollagen sintezinin azalması ilə bağlı toxumaların kövşəkləşməsi ilə xarakterizə olunur. Dəridə çuxurlar şəklində kosmetik qüsur müşahidə edilir. Müasir təbabətdə hətta geniş sahəni əhatə edən, dərin atrofik çapıqların effektiv korreksiya üsulları mövcuddur.

Hipertrofik çapıqlar  çəhrayı rəngdə olub, dəri səthindən qabarır. Bu tip çapıqlar 2 il müddətində hissəvi olaraq itə bilər. Hipertrofik çapıqlar müalicəyə yaxşı tabe olduğundan onların öz-özünə geriyə inkişafını gözləmək məsləhət deyil. Kiçik ölçülü çapıqlara qarşı lazerlə cilalanma, dermabraziya, kimyəvi pilinq tətbiq edilir. Çapıq nahiyəsinə hormonal preparatlar, diprospan və kenaloqun yeridilməsi müsbət nəticələr verir. Kontratubeks, lidaza, hidrokortizonla elektro- və ultrafonofarez davamlı effekt əldə etməyə imkan verir. Bəzi hallarda cərrahi müalicə – çapıq toxumasının kəsilməsi icra olunur. Bu üsul estetik cəhətdən daha effektiv sayılır.

Keloid çapıqlar  kəskin sərhədə malik olub, dəri səthindən yuxarıda yerləşir. Keloid çapıqlar adətən ağrılı olub, qaşınma və göynəmə hissi ilə müşayiət edilir. Bu tip çapıqlar müalicəyə çətin tabe olur. Daha iri ölçülü keloid çapıqların residivlərinin yaranması mümkündür. Məsələnin mürəkəbliyinə baxmayaraq, estetik kosmetologiyada keloid çapıq probleminin müvəffəqiyyətlə həll olunduğu hallar az deyil.

Keloid çapıqların xüsusiyyətləri

İstənilən xəstəliyinin müalicəsinin uğuru diaqnozun düzgün qoyulmasından asılıdır. Bu qayda keloid çapıqlarda da tətbiq edilir.  Keloid çapıqlar xarici görünüşünə görə əksər hallarda hipertrofik çapığı xatırlatdır. Aralarındakı əsas fərq ondan ibarətdir ki, hipertrofik çapıqların ölçüləri zədələnmə nahiyəsinə uyğun gəlir, keloid çapıqların sahəsi isə travma sahəsindən böyük olur. Keloid çapıqlar adətən döş qəfəsi, qulaq seyvanı, az hallarda oynaqlar və üzdə əmələ gəlir. Keloid çapıqların  inkişafı 4 mərhələdə gedir:

  1. Epitelizasiya mərhələsi. Travmadan sonra zədələnmiş nahiyə nazik epitel qatı ilə örtülür. Epitel toxuması 7-10 gün müddətində bərkiyir, kobudlaşır, solğun rəng alır. Bu mərhələ 2-2,5 həftə davam edir.
  2. Qabarma mərhələsi. Bu mərhələdə çapığın ölçüləri böyüyür, o, dəri səthindən qabarır və ağrılı olur. 3-4 həftədən sonra ağrı hissi zəifləyir, çapıq sianotik çalarlı daha intensiv qırmızı rəngə boyanır.
  3. Bərkimə mərhələsi. Çapıq bərkiyir, onun bəzi hissələrində sərt lövhəciklər yaranır. Çapığın səthi kələ-kötürləşir, o , keloid xarakter alır.
  4. Yumşalma mərhələsi. Bu mərhələdə çapıq solğun rəngli, yumşaq, hərəkətli və ağrısız olması ilə fərqlənir.

Müalicə taktikası çapığın yaranma müddətinə əsasən təyin edilir. 3 aydan 5 il müddətinə qədər mövcud olan keloid çapıqlar (cavan keloidlər) aktiv şəkildə böyüyür, hamar parlaq səthi, sianotik çalarlı qırmızı rəngi ilə seçilir. 5 ildən artıq davam edən çapıqlar (köhnə keloidlər) get-gedə solğunlaşır, onların səthi nahamar olur (bəzən çapığın mərkəzi hissəsi içəri batır).

Keloid çapıqlar cərrahi müdaxilə, vaksinasiya, yanıqlar, heyvan və ya həşərat dişləmələri, tatu döydürmə nəticəsində yarana bilər. Belə çapıqlar travmatik zədələnmə olmadan da formalaşa bilər. Estetik diskomfortla yanaşı keloid çapıqlar xoşagəlməz qaşınma və ağrı hissi ilə pasiyentlərə narahatlıq  törədir. Çapıqların bu növünün inkişaf səbəbi hələ tibbə məlum deyil.

Problemli çapıqların yaranmasının profilaktikası 

Keloid çapıqların müalicəsinin çətinliklər törətməsi ilə əlaqədar onların profilaktikasına xüsusi diqqət yetirilir. Bu məqsədlə aşağıdakı qaydalara riayət olunmalıdır:

  • Üzün dəri örtüklərinin ciddi zədələnmələrində təcili sürətdə mütəxəssisə müraciət etmək lazımdır. Plastik cərraha vaxtında yardım göstərməklə keloid çapıqların yaranmasının qarşısını almağa kömək edir.
  • Ev şəraitində müalicə yaranın infeksiyalaşmasının profilaktikasına yönəldilməlidir. Yara səthinin antiseptiklərlə gündəlik işlənməsi keloid çapıqlara səbəb olan iltihabi prosesin qarşısını alır.
  • Yara səthinin kiçik olmasıa baxmayaraq, kənarları xeyli aralanırsa dəridaxili tikiş və dartıcı sarğıların qoyulması üçün plastik cərraha müraciət etmək lazımdır. Əks halda proses keloid çapıqla nəticələnir.
  • Keloid və ya hipertrofik çapıqların yaranmasının erkən mərhələlərində (6 aydan çox keçmədikdə) silikon lövhəcikdən istifadə olunur. Bu plastırın tətbiqi kosmetik qüsuru azaltmağa imkan verir.

Çapıqların korreksiya üsulları

Çapıqları özbaşına müalicə etmək düzgün deyil. Belə hallar kosmetik qüsurun daha da dərinləşməsinə gətirib çıxarır. “Miderma” və “Kontraktubeks» kimi məşhur gellərin normotrofik çapığın regenerasiya və formalaşmasını stimulə etməsinə baxmayaraq, bu məhsullar çapıqlarla müqayisədə ən effektiv vasitə hesab olunmur.

Tibbdə çapıqlar aşağıdakı üsullarla korreksiya olunur:

Kosmetik preparatlar. Çapıqlara ev şəraitində düzgün qulluq olunmalıdır. Tərkibində dərini qidalandıran və onun səthini hamarlaşdıran komponentlər – meyvə turşuları və retinol olan kosmetik vasitələrə üstünlük verilməlidir. Müsbət nəticə əldə etmək üçün bu vasitələrin uzunmüddətli tətbiqi tələb olunur. Həmçinin isti havalarda günəşdən müdafiə edən kremlərdən istifadə edilməlidir.

Fizioterapiya. Ultrasəs fonofarez və elektrostatik masaj regenerasiya proseslərinin stimulyasiyası, qan və limfanın sirkulyasiyası, çapıq zonasında qranulyasion toxumanın inkişafına səbəb olur. Fonofarez kosmetik və dərman preparatlarının ultrasəs vasitəsilə dərinin dərin qatlarına yeridilməsinə əsaslanır. Ultrasəs dalğaları toxumanın dərinliklərinə daxil olaraq, onların qanla təhcizatını və mübadilə proseslərini yaxşılaşdırır. Fonofarez zamanı yeridilən dərman vasitələri əvvəlcə depo şəklində toplanılır, sonra isə tədricən qanla toxumalara yayılır.  Fonofarez ödem və iltihab əleyhinə, sorucu təsirlərə malikdir.

Elektrostatik masaj toxumalara dəyişkən elektrostatik sahə ilə təsir göstərərək, onların vibrasiyasına səbəb olur. Bu üsul çapıqların kompleks korreksiyasında geniş tətbiq edilir. O, mikrosirkulyasiya və toxumaların trofikasını yaxşılaşdırır, regenerasiya proseslərini sürətləndirir.

Fotokorreksiya. Prosedur işıq şüalarının köməyilə çapığın rəngini dəyişməklə onu əhatə edən dəriyə uyğunlaşdırır. Bu zaman izafi piqmentasiya və damarlar likvidasiya olunur, nəticədə çapıq yastılanır, fizioloji rəng alır. Fotokorreksiya hipertrofik və normotrofik, qırmızı atrofik çapıqların müalicəsində tətbiq edilir. Prosedurların sayı çapığın vəziyyəti və yaranma müddətindən asılıdır, 10 və ya daha artıq seans tələb oluna bilər. Çapığın rənginin açılması və onun yumşalması fotokorreksiyanın effektivlik göstəricisidir.

Lazerlə cilalanma. Lazer şüası çapığa təsir etməklə birləşdirici toxumanı qatlarla buxarlandırır. Prosedur bir qədər ağrılı olub, dəridə ödemlərlə müşayiət olunur. Şişkinlik dərman preparatlarının qəbulundan sonra keçib gedir. Çapığın lazerlə cilalanması hər zaman digər korreksiya üsulları ilə birgə aparılır.

Krioterapiya. Üsulun mahiyyəti xüsusi applikator vasitəsilə aşağı temperaturlu (-40˚C) maye azotun çapıq toxumasına  təsirindən ibarətdir. Krioterapiya keloid çapıqlarla mübarizədə müsbət nəticələr verir. Prosedur lokal depiqmentasiyaya səbəb olduğundan tünd dərili pasiyentlərdə tətbiq edilir.

İnyeksiyalar. Keloid çapıqların korreksiyasında yüksək effektivliyi (90%) ilə seçilən kortikosteroid hormonların inyeksion yeridilmə üsulu geniş tətbiq olunur. Üsulun yan təsirlərinə dərinin yerli piqmentasiyası aiddir. Bu əlamət bir müddətdən sonra keçib gedir. Atrofik çapıqların müalicəsində hialuron turşusu preparatları ilə inyeksiyalardan istifadə olunur.

Meyvə turşuları ilə pilinq (AHA-pilinq). Prosedurun əsasını dərinin ölü hüceyrələrdən ibarət üst qatının soyulması və bərpaedici proseslərin stimulyasiyası təşkil edir. Meyvə turşuları elastin və kollagenin sintezini stimulə edir, dərinin relyefini yaxşılaşdırır, piqment zonalarını ağardır, məsamələri daraldır. Yüksək konsentrasiyaları meyvə turşuları ilə icra olunan pilinq çapıqları hamarlaşdırır və dəriyə cavanlaşdırıcı təsir göstərir.

Kimyəvi pilinq. Çapıqların korreksiyasının ən effektiv üsulu cilalanmadır. Lazerlə cilalanma, dermabraziya və kimyəvi pilinqin köməyilə çapıqların kənarları və dərinin relyefi hamarlaşdırılır. Cilalanma atrofik çapıqların ən erkən mərhələlərindən başlayaraq tətbiq olunur. Hipertrofik və keloid çapıqlarda isə bu üsullar onların tam formalaşmasından sonra icra edilir. Hipertrofik çapıqların cilalanma prosesi tədricən aparılmalıdır, bu, qüsurun dərinləşməsinin qarşısını almağa imkan verir.

Çox nəzərə çarpmayan hipertrofik çapıqlarda kimyəvi pilinq mərhələlərlə aparılır. Əvvəlcə dəri 10 gün müddətində səthi pilinqin (2-4 prosedur) köməyilə dərin təsirlərə hazırlanılır. Sonra dermada bərpa proseslərinin stimulyasiyasına yönəldilən pilinq (4-7 prosedur) icra olunur. Əlavə olaraq, 3 həftə müddətində dərini quruma və iltihablaşmadan müdafiə edən silikon tərkibli dermatoloji krem təyin edilir. Pilinq seansları əksər hallarda dərinin lokal trofika və mikrosirkulyasiyasının yaxşılaşdırılmasına istiqamətləndirilən mezoterapiya ilə birgə aparılır. Pilinq kurslarından sonra klinik effekti möhkəmlətmək məqsədilə xaricə istifadə olunan preparatlar təyin edilir.

İfadəli hipertrofik çapıqlar cərrahi yolla kəsildikdən sonra fibrinolitik preparatlarla (heparin və ya hialuronidaza) fizioterapevtik üsullar (fonoforez və ya qalvanoforez) məsləhət görülür. Fizioterapiyadan sonra 2 mərhələdə kimyəvi pilinq icra edilir: əvvəlcə qlikol, limon, süd və salisil turşuları ilə multimeyvə pilinqi Glicopee S (həftədə 1 dəfə olmaqla bir neçə prosedur), sonra isə retinol turşusu əsaslı kimyəvi sarı pilinq Mediderma.

Petinolla pilinq hüceyrə səviyyəsində effektiv təsir göstərir, protein, kollagen və elastinin sintezini artırır, dərini cavanlaşdırır. Prosedur heç bir diskomfort törətmir, ifadəli dəri reaksiyalarına səbəb olmur. Bəzən əlavə olaraq, çapıqlara kortikosteroid hormonların (kenaloq, diprospan) inyeksiyaları yeridilir. Hazırda pilinqlər hipertrofik çağıqların əsas korreksiya üsulu sayılır. Onlar müalicənin erkən mərhələlərində daha yaxşı nəticələr verir.

Yeni atrofik çapıqlar (2-3 həftəlik epitelizasiya) «Dermatiks» gel və ya Silkses (Mediderma) protektoru ilə kompresslərin köməyilə müalicə edilir.

Az nəzərə çarpan atrofik çapıqlar səthi-orta pilinqlə korreksiya olunur. Onlar çapığın sərhədlərini və dərinin relyefini hamarlaşdırır. Prosedurdan sonra dəridə ödem və qızartı müşahidə edilir, bir müddətdən sonra qabıq əmələ gəlir. Qabıq qopduqdan sonra çapığın dərinliyi normallaşır.

Mikrodermabraziya. Dərinin alüminium-oksid mikrokristalları ilə cilalanma üsuludur. Prosedurun təsiri tozun abraziv xüsusiyyətlərinə əsaslanır. Mikrocilalanma ağrı hissi ilə müşayiət olunmur. Birdəfəlik istifadə üçün nəzərdə tutulan komplektlər dərinin infeksiyalaşmasının qarşısını alır. Mikrodermabraziyanın iynəsiz mezoterapiya ilə kombinasiyası daha effektiv olur. Mezoterapiya üçün zərdabın tərkibinə hialuron və qlutamin turşusu, A, E, C vitaminləri, ipək proteinləri, lizin, yüksək regenerasiyaedici və yara sağaldıcı aktivliyə malik oliqoelementlər daxil olur.

Daha yumşaq mikrodermabraziya üçün oksigen-alüminium-oksid qarışığından istifadə edilir. Hüceyrələrin oksigenlə təhcizatı və cilalanmanın effekti çapıqlar və dəri çatları ilə mübarizdə yüksək nəticələr verir.

Şüa terapiyası. Keloid çapıqların residivlərinə qarşı şüa terapiyasının effektivliyi elmi cəhətdən əsaslandırılmışdır. Lakin şüalanma ümumilikdə orqanizmə mənfi təsir göstərməklə yanaşı, həm də çoxsaylı yan təsirlərə malikdir.

Çapıqların cərrahi yolla kəsilməsi. Çapıq toxumasının cərrah bıçağı (skalpel) kəsilməsi qüsurun səhəsinin kiçildilməsinə yönəldilir. Yaranın kənarları düzgün yerləşdirilərək, dəridaxili kosmetik tikişlə fiksə edilir. Nəticədə səliqəli postoperasion çapıq formalaşır.

Yeni keloid çapığı kəsmək qadağandır, bu, onun böyüməsi və residivləşməsinə gətirib çıxara bilər.

Keloid çapıqların müalicəsinə konservativ üsullarla başlanılır, yalnız bundan sonra cərrahi üsula müraciət edilir. Digər çapıqların kəsilməsi onların tam formalaşmasından  – 6 ay və ya 1 ildən sonra yerinə yetirilir.

Gələcək çapığın formasını təsəvvür etmək mümkün deyil. Bu, orqanizmin individual reaksiyası, sağalma prosesinin gedişi, keçirilən əməliyyatın keyfiyyətindən asılıdır. Çapığın formalaşmasına təsir edən amillər 2 qrupa ayrılır: ümumi və yerli.

Ümumi

  • dərinin regenerasiyasının yaş xüsusiyyətləri: erkən yaşlarda aktiv, yetkin və yaşlı şəxslərdə ləng olur
  • immun sistemin vəziyyəti: çapıq toxumasında kollagenin miqdarı makrofaqların (immun hüceyrələr) aktivliyi və onların fibroblastlara (kollagen sintezinə cavabdehlik daşıyan hüceyrələr) təsirindən asılıdır.
  • irsi meyllik: fibroblastların individual aktivliyi.

Yerli

  • zədələnmənin baş verdiyi nahiyə: müxtəlif anatomik zonalarda dərinin qan təhcizatı, piy qatının qalınlıq və quruluşu fərqli olur
  • yaranın qan təhcizatının vəziyyəti: qan təhcizatının güclü olduğu nahiyələrdə (üz, baş) korreksiyanın nəticəsi daha qənaətbəxş olur, qan dövranının zəif olduğu sahələrdə çapıq gec sağalır
  • travmanın xarakteri: yanıq və cırılmış yaralardan sonra deformasiya olunmuş çapıqlar formalaşır. Kəsilmiş yaraların kənarları simmetrik olur, onların proqnozu daha qənaətbəxş sayılır. Vaxtında aparılan cərrahi müdaxilə kobud keloid çapıqların qarşısını almağa imkan verir
  • yara səthinin ölçüsü: iri ölçülü çapıqların qənaətbəxş müalicəsi yalnız təcrübəli plastik cərrahın müdaxiləsi ilə mümkündür.

Çapıqlama (bodi-art)

Çapıqlama və ya skarifikasiya – dəridə süni yolla dekorativ çapıqların yaradılmasıdır. Bəzilərinin fikrincə bu, xarici görünüşə brutallıq verir. Digərləri isə skarifikasiyanı bodi-artın yeni istiqaməti – mövcud çapıqların ifadəliliyini azaltmaq üsulu kimi qəbul edir. Təəssüf ki, cavanların bu tip prosedurlarla (tatu, pirsinq) dərini zədələməsi geridönməyən dəyişikliklərə gətirib çıxarır. Dəb keçib gedir, çapıqlar isə həmişəlik qalır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: