Hiperpiqmentasiya

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 4584

hiperpiqmentasiya nədir?Hiperpiqmentasiya – piqmentin dəridə ocaqlı və diffuz şəkildə toplanması nəticəsində bütün bədənin və ya onun ayrı-ayrı hissələrinin dəri örtüyünün tündləşməsi ilə xarakterizə olunur. Dərinin piqmentasiyası fizioloji və ya patoloji səbəblərdən yarana bilər. Bununla əlaqədar onun bir neçə forması ayırd edilir: çillər, melanodermiya, xloazma, ağızətrafı nahiyənin piqmentli dermatiti, ikincili  hiperpiqmentasiya və s. Hiperpiqmentasiyanın səbəbini aydınlaşdırmaq üçün dermatoloq, endokrinoloq, qastroenteroloqun konsultasiyası tələb olunur. Hiperpiqmentasiyanın müalicəsi əsas xəstəliyin terapiyası və kosmetik prosedurların (kimyəvi və lazer pilinq, fotocavanlaşdırma və s.) aparılmasından ibarətdir.

  • Hiperpiqmentasiyanın yaranma səbəbləri
  • Hiperpiqmentasiyanın müalicə üsulları
  • Hiperpiqmentasiyanın müalicəsinin proqnozu

Hiperpiqmentasiya barədə ümumi məlumat

«Hiperpiqmentasiya» termini bədənin müəyyən hissəsinin dəri örtüyünün rənginin tündləşməsini ifadə edir. Bu proses epidermis hüceyrələrində toplanan piqment vasitələrinin yüksək konsentrasiyası nəticəsində  yaranır.

İnsanın dəri örtüyünün rəngi bir sıra amillərdən asılıdır: damarların qanla dolması, epidemisin qalınlığı, dərinin şəkli və s. Dərinin rənginə təsir edən ən vacib amil xüsusi rəngləyici maddə – melanin piqmentidir. O, epidermis hüceyrələri – melanostitlərdə sintez olunur. Tirozin amin turşusu tirozinaza fermentinin təsirindən oksidləşərək, melanin əmələ gətirir. Melanin epidermisin xüsusi hüceyrələri – melanoforlarda toplanır. O, günəş şüalarını udmaqla orqanizmi ultrabənövşəyi və infraqırmızı şüalardan qoruyur.

Beləliklə, melanin dərini yanıqlar və hipertermiyadan müdafiə edən xüsusi vasitədir. Melanin sintezi bütün orqan və sistemlərin vəhdətini təmin edən neyro-humoral mexanizm tərəfindən tənzimlənir. Funksiyalardan birinin pozulması orqanizmin disbalansına gətirib çıxarır.

Hiperpiqmentasiyanın yaranma səbəbləri

Dərinin ayrı-ayrı hissələrində melaninin miqdarı  müxtəlif səbəblərdən arta bilər: endokrin pozğunluqlar, qadınlarda hamiləlik və ya klimakterik dövrdə hormonal fonun dəyişməsi, mədə-bağırsaq traktının bəzi xəstəlikləri, vitamin və mineralların çatışmazlığı və yaxud həddindən artıq olması ilə əlaqədar mübadilə proseslərinin pozulması. Bəzən orqanizmin ağır intoksikasiyası, dəri örtüklərinin travma və iltihabi prosesləri, günəş şüalarının birbaşa təsiri altında uzun müddət qalmaq hiperpiqmentasiyaya gətirib çıxarır.  Həmçinin bəzi dərman vasitələrinin: tetrasiklin qrupundan olan antibiotiklər, salisil turşusu preparatları, qoyunqıran bitkisinin ekstraktının  və s. qəbulu hiperpiqmentasiya ocaqlarının yaranmasına səbəb ola bilər. Dəri örtüyünün rənginin tündləşməsində irsi amil və neyro-psixi pozğunluqlar da mühüm rol oynayır.

Piqment ləkələri əsasən üz, əl və sinə nahiyəsində lokalizasiya olunur. Dərinin hiperpiqmentasiyası anadangəlmə (çillər) və qazanılmış (xloazma, melazma) olur. Çillər solğun və ya tünd-qəhvəyi rəngli, girdə formalı, çoxsaylı, kiçik piqment ləkələridir. Günəş şüalarının təsirindən çillərin rəngi daha da tündləşir.

Xloazmalar – adətən üz nahiyəsində yerləşən tünd-qəhvəyi, qeyri-düzgün formalı piqment ləkələridir. Əksər hallarda hamiləlik dövründə hormonal fonun dəyişməsi nəticəsində, eləcə də qaraciyərin (qaraciyər xloazması), böyrəküstü vəzin patologiyaları, qurd invaziyaları zamanı əmələ gəlir. Xloazmanın yaranma səbəbi aradan qaldırıldıqda ləkələr itə və ya uzun müddət saxlanıla bilər.

Melazmalar – qəhvəyi rəngli, simmetrik lokalizasiyalı piqment ləkələridir. Əsasən üz, boyun, çiyin nahiyəsində müşahidə edilir. Günəş şüaları və hormonların müştərək təsirindən yaranır. Melazma hormonal kontraseptivlərdən istifadə edən qadınlar arasında daha çox yayılmışdır.

Dərinin ikincili hiperpiqmentasiyası dərinin travma və ya iltihabi xəstəlikləri – infiltratlar, neyrodermitlər, ekzema və s. ilə əlaqədar baş verə bilər.

Hiperpiqmentasiyanın müalicə üsulları

Dərinin hiperpiqmentasiyası kosmetik qüsur olub, insanın həyatı və sağlamlığı üçün ciddi bir təhlükə yaratmır. Lakin o, ciddi estetik problem olduğundan psixoloji diskomfort törədir. Həmçinin müalicənin zəruriliyi bədənin açıq hissələrində – üz, boyun, əl, sinə nahiyəsində yerləşən ləkələrin günəş şüalarının təsirindən böyüməsi və daha da tündləşməsi ilə bağlıdır.

Hiperpiqmentasiyanın müalicəsində kompleks yanaşma və həkim-dermatokosmetoloqun müşahidəsi mütləqdir. Piqment ləkələri ancaq mütəxəssis tərəfindən müalicə olunmalıdır. Ev şəraitində skrab və ağardıcı təsirə malik kosmetik vasitələrin istifadəsi müsbət nəticə verməməklə yanaşı vəziyyəti daha da ağırlaşdıra bilər.

Piqment ləkələrinin müalicənə başlamaq üçün ilk növbədə melanozun səbəbləri təyin edilməlidir.  Bu məqsədlə pasiyent mütəxəsislər: qastroenteroloq, ginekoloq, terapevt, onkoloq tərəfindən konsultasiya olunmalıdır. Bəzən piqment ləkələrini törədən əsas xəstəliyin adekvat müalicəsindən sonra dərinin hiperpiqmentasiyası keçib gedir. Əks halda vitaminlərlə: askorbin, fol, nikotin turşusu və s. ilə müalicə kursu təyin olunur.  Yerli tətbiq olunan vasitələr arasında hidrogen peroksid, limon turşusu, salisil turşusu əsasında hazırlanan losyon və məlhəmlər, xinin, civə, tanin, salol, perhidrola üstünlük verilir. Onlar depiqmentasiyedici təsirə malikdir.

Piqment ləkələri ilə mübarizədə kosmetik prosedurların rolu əvəzolunmazdır. Dərinin səthi və ya orta  kimyəvi pilinqinin köməyilə epidermisin üst qatı xaric edilir. Pilinq kobud prosedur olduğundan proses başa çatdıqdan sonra xüsusi bərpaedici qulluğa ehtiyac yaranır. Dermabraziya – dərinin lazerlə cilalanması oxşar təsirə malikdir. Bu üsulun mahiyyəti melaninin yüksək konsentrasiyada toplandığı hüceyrələrin lazer şüalarının təsirindən qızaraq dağıdılmasından ibarətdir. Dermabraziya çillər və xloazmaların müalicəsində  yüksək effektivliyi ilə seçilir.

Fototerapiya və ya fotocavanlaşdırma piqmentasiya ilə mübarizə aparmaqla yanaşı, həm də kollagen və elastin sintezini stimulə etməklə dərinin ümumi vəziyyətini yaxşılaşdırır. Fotocavanlaşdırma xırda qırışlardan azad olmağa kömək edir. Bu üsulla dərinin turqoru bərpa olunur. Posttravmatik və ya iltihabi genezli ikincili hiperpiqmentasiyaya qarşı ozonoterapiya tətbiq edilir. O, immunostimulyator, iltihabəleyhinə və yerli sorucu təsirlərə malikdir.

Yuxarıda qeyd olunan üsullarla yanaşı hüceyrələrdə melanin piqmentinin sintezini azaldan kosmetik vasitələr və dərini günəş şüalarından qoruyan xüsusi krem və losyonlardan da istifadə olunmalıdır. Müalicə kursu başa çatdıqdan sonra dəriyə qulluq qaydalarına əməl edilməlidir: bədənin açıq hissələri kirşanla və ya günəşdən qoruyucu kremlə müdafiə olunmalı, qızmar günəş altında və ya solyaridə qaralmadan imtina edilməlidir.

Hiperpiqmentasiyanın müalicəsinin proqnozu

Hiperpiqmentasiya problemini yalnız peşəkarcasına seçilmiş müalicə kursunun köməyilə həll etmək mümkündür. Müasir dermatokosmetologiyada melanozların müalicəsində davamlı klinik effekti ilə  seçilən etibarlı və sınaqdan keçirilmiş üsullardan istifadə olunur. Bu səbəbdən hiperpiqmentasiyanın özbbaşına deyik, mütəxəsislərə müraciət etməklə aradan qaldırılması məsləhət görülür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: