Tükün dəriyə batması

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 2382

tükün dəriyə batması nədən baş verir?Tükün dəriyə batması – tükün əks istiqamətdə böyüməsi ilə səciyyələnir. Dəri altında qalan tüklər arzuolunmaz tüklərin tez-tez təmizlənildiyi sahələrdə (üz, ayaq, boyun, qoltuqaltı, qasıq zonası) yaranaraq, həmin nahiyənin şişkinliyi, iltihabı və qaşınması ilə özünü büruzə verir. Bu cür halların qarşısını almaq üçün tüklərdən ev şəraitində azad olunmamalı (krem-depilyator, ülgüc), epilyasiyanın peşəkarlar tərəfindən aparılmasına, tükün dəriyə batmasına mane olan xüsusi kosmetik vasitələrin istifadəsinə üstünlük verilməlidir.

  • Tükün dəriyə batmasının səbəbləri
  • Tükün dəriyə batmasının əlamətləri
  • Dəri altında qalan tüklərdən azad olma üsulları

Tükün dəriyə batması barədə ümumi məlumat

Dəri altında qalan tüklər dəri baryerini keçə bilmədiyindən intradermal böyüməyə başlayır. Dermatologiya və kosmetologiyada bu problem «psevdofollikulit» adlandırılır. Dəri altında qalan tüklərə üz və bədənin müəyyən hissələrindəki tüklərdən müntəzəm şəkildə azad olan şəxslərdə rast gəlinir. Psevdofollikulitdən əsasən neqroid irqinin nümayəndələri, eləcə də qalın, qıvrım tüklərə malik olan şəxslər əziyyət çəkir. Tükün dəriyə batması epilyasiyanın düzgün aparılmamasından xəbər verir.

Tükün dəriyə batmasının səbəbləri

Dəri altında qalan tüklər adətən ev şəraitində depilyasiyadan (ülgüc, elektroepilyator, krem və ya mum zolaqlar) sonra yaranır. Qeyd olunan üsullar tükün yalnız dəri səthindən yuxarıda olan hissəsini təmizləyir; bu zaman tükün soğanağı xaric edilmir. Depilyasiyanın hər bir prosedurundan sonra tüklər nazilir və zəifləyir. Epidermisin buynuz pulcuqları qopub ayrılmır, onlar tük follikullarının mənfəzini tutaraq, dərini kobudlaşdırır. Belə hallarda nazik tüklər xaricə çıxa bilmədiyindən intradermal böyüməyə başlayır. Qeyri-düzgün boyümə prosesində tük spiral şəkilli forma alır (burulmuş tük).

Bundan əlavə tükün dəriyə batma tezliyinə dərinin vəziyyəti, depilyasiyanın aparılma qaydası, tüklərin sərt olması, dəridə tük soğanaqlarının yerləşmə dərinliyi və bucağı və s. təsir edir. Dərinin epilyasiyaya hazırlanmaması, tüklərdən azad olduqdan sonra gigiyenik qulluq vasitələrindən: köpük, losyon, dezinfeksiyaedici salfetlərdən istifadə edilməməsi, ülgüclə təmizləmə teznikasının pozulması: tüklərin böyümə istiqamətinin əksinə təmizlənilməsi, küt ülgücdən istifadə və s. tüklərin inkişafının pozulmasına gətirib çıxara bilər. Quru dəri, qıvrım tüklərə malik insanlar belə hallara tez-tez məruz qalır.

Psedofollikulitin yaranmasında tüklərin sərtliyinin rolu barədə fikir ayrılığı  mövcuddur. Bəzi dermatoloqlar hesab edir ki, sərt tükün sivri ucu epidermisin büynuz qatını dəf edərək, düzgün istiqamətdə böyüyür. Digərlərinin fikrincə sərt tük öz istiqamətini asanlıqla dəyişərək, intradermal sahədə inkişafını davam etdirir. Tükün dəriyə batması yad cismə qarşı reaksiyalarla – dəri nahiyəsinin qızarma və iltihablaşması ilə müşayiət olur. Bu səbəbdən dəri altında qalan tüklər təkcə kosmetik qüsur deyil, həm də tibbi problem hesab olunur.

Tükün dəriyə batmasınin əlamətləri

Dəriyə batmış tüklərə arzuolunmaz tük örtüyünün tez-tez təmizlənildiyi sahələrdə: ayaqlar, qasıq zonası, qoltuqaltı çuxur, submental nahiyə və boyun (kişilərdə) rast gəlinir. Bu nahiyələrdə tüklər sərt və ya qıvrım quruluşa malik olur.

Tükün dəriyə batmasının erkən əlamətlərinə depilyasiyanın aparıldığı sahənin lokal hiperemiya və şişkinliyi aiddir. Bir neçə gün və ya həftədən sonra həmin zonada iltihabi proses inkişaf edir – bərk, ağrılı, qaşınan papulalar (düyünlər) əmələ gəlir. Bəzən dəri səthindən batmış tükün ucunu görmək mümkündür. İynə və ya pinset vasitəsilə tükün dəri altından çıxarılması cəhdləri follikulun infeksiyalaşması və düyünlərin irinli pustulaya transfromasiyası  (mikroabses) ilə nəticələ bilər. İltihabi proses söndükdən sonra bu nahiyədə dərinin postiltihabi hiperpiqmentasiyası və ya qeyri-estetik çapıqlar yarana bilər. Ayrı-ayrı hallarda dəri altında qalan tüklər sərbəst şəkildə xaricə çıxa bilir.

Dəriyə batmış tüklər follikulit, ostiofollikulit, follikulyar hiperkeratoz, vulqar akne, piodermiyadan differensiasiya edilməlidir. Psevdofollikulit üçün dəri problemlərinin müntəzəm depilyasiya ilə əlaqədar yaranması və təmizlənmə üsulunun dəyişdirilməsindən sonra keçib getməsi xarakterikdir.

Dəri altında qalan tüklərdən azad olma üsulları

Əgər Siz ev şəraitində depilyasiyadan istifadə edirsinizsə, aşağıdakı tövsiyyələrə riayət etməklə tükün dəriyə batma ehtimalını minimuma endirə bilərsiniz. İlk növbədə epilyasiya üsülü digər alternativ metodla, məsələn, ülgüc və elektroepilyator müm və ya krem-depilyatorla əvəz edilməlidir. Dəri altında qalan tüklər itdikdən sonra yenidən əvvəlki üsula qayıtmaq olar.

Kişilərə imici kardinal şəkildə dəyişmək – ülgücdən imtina edərək, bığ və saqqal saxlamaq məsləhət görülür.

Bundan əlavə epilyasiyanın üsulundan asılı olmayaraq, dəri prosedura hazırlanmalıdır. Tükləri təmizləməmişdən əvvəl dəri yumşaldılmalıdır: bu məqsədlə dəniz duyu, ot dəmləmələri və ya efir yağının bir neçə damcısı ilə isti vanna və ya duş qəbul edilməli, eləcə də epilyasiya olunacaq nahiyəyə kompress qoyulmalıdır. Sonra mexaniki skrab-pilinq, qommaj aparılır və ya dəri hamam lifi masaj edilir. Sadalanan prosedurlar dərinin buynuz qatının soyulmasına, hiperkeratozun ifadəliliyinin azalmasına və tüklərin azacıq da olsa dəri səthinə qaldırılmasına imkan verir, bu da ülgüclə təmizlənmə və ya epilyasiyanı daha keyfiyyətli edir.

Ülgücün istifadəsindən əvvəl dəriyə xüsusi nəmləndirici gel və ya köpük çəkilməlidir. Ülgüc iti olmalı və birdəfəlik istifadə üçün nəzərdə tutulmalıdır. Tük soğanaqlarının zədələnməsinin qarşısını almaq üçün onlar böyümə istiqamətində təmizlənməlidir. Prosedur başa çatdıqdan sonra dəri spesifik vasitələrlə yenidən nəmləndirilməlidir. Elektrik epilyatorundan istifadə etdikdə isə dəri təmiz və quru olmalıdır.

Bütün hallarda tükün dəriyə batmasının qarşısını almaq üçün epilyasiyadan sonra dəri antiseptik vasitələrlə işlənməli və tükün böyüməsinin ləngidən xüsusi losyon (sprey, gel, kosmetik süd və s.) çəkilməlidir. Epilyasiyaya müntəzəm məruz qalan dəri onu quruluq və kobudlaşmadan qoruyan krem, balzam, yağlarla nəmləndirilməlidir. Sintetik materialdan hazırlanan alt paltarları və kobud yaxalıqlı geyimlərdən imtina etməklə dəri altında qalan tüklərin sayını azalmaq olar.

Tükün dəriyə batması probleminin radikal həlli arzuolunmaz tüklərin peşəkar yolla təmizlənilməsindən: mum epilyasiyası, elektroepilyasiya, lazer və ya fotoepilyasiyanın aparılmasından ibarətdir. Müvafiq epilyasiya üsulu dəri  tipi, tüklərin struktur xüsusiyyətləri,  onalrın dəriyə batdığı nahiyələr nəzərə alınmaqla seçilməlidir. Tükün dəri altında qalmasının qarşısını alan ən effektiv üsullar lazer epilyasiyası, ElOS-epilyasiya və fotoepilyasiyadır. Bu üsullar atravmatik olub, birbaşa tükün follikuluna təsir edir. Tükün dəri səthində olan hissəsi istini işıq enerjisi şəklində follikulun böyümə zonasına ötürərək, onun destruksiyasına səbəb olur. Epilyasiyanın bu mexanizmi arzuolunmaz tüklərdən azad olmağa və bir daha yaranmamasına gətirib çıxarır. Bundan əlavə lazer və fotoepilyasiya dərinin cavanlaşdırır, ümumi vəziyyətini yaxşılaşdırır.

Bununla yanaşı peşəkarcasına aparılan bioepilyasiya (mum epilyasiyası, şuqarinq) və elektroepilyasiya tükün dəriyə batması problemini həll edə bilir.

Tükün dəriyə batdığı və iltihabi reaksiyanın inkişaf etdiyi hallarda impetiqonun qarşısını almaq üçün steroid və ya antibakterial məlhəm, tretionin, benzoil peroksid, AHA-turşulardən ibarət kremlərdən istifadə edilməlidir. İltihab aradan qalxdıqdan sonra buxar vannası qəbul edilməli, skrab vasitəsilə epidermis soyulmalıdır. Bu yolla dəri altında qalan tüklərin xaricə çıxması asanlaşır.

Aparılan tədbirlər effekt vermədikdə tük mexaniki yolla xaric edilməlidir. Bunun üçün dəri tibbi spirtlə təmizlənilir, tük nazik steril iynə ilə qaldırılaraq, pinsetlə çıxarılır. Yara sahəsi dezinfeksiyaedici məhlulla işlənilir, antibakterial məlhəm çəkilir. Dərinin tam regenerasiyasına qədər həmin nahiyənin epilyasiyasından imtina etmək lazımdır. İrincikləri sıxmaq, dəriyə batmış tükləri dırnaq və ya steril olmayan alətlərlə xaricə çıxartmaq qəti qadağandır.

Ev şəraitində aparılan tədbirlər dərinin zədələnməsi ilə nəticələnə bilər, bu səbəbdən dəriyə batmış tüklərdən azad  olmaq üçün dermatokosmetoloqa müraciət etmək məsləhət görülür. Hirsutizmdən əziyyət çəkən qadınlarda hormonal pozğunluqların olmasını təyin etmək məqsədilə endokrinoloq və ya ginekoloq-endokrinoloqun konsultasiyası tələb oluna bilər.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: