Narkoloji xəstəliklər

Narkoloji xəstəliklər

Narkologiya – insanın kimyəvi maddələrdən xroniki fiziki və psixi asılılığını öyrənən tibb sahəsidir. Narkoloji problemlər sırasına narkomaniya, alkoqolizm və müxtəlif toksikomaniyalar daxildir. Həkim-narkoloqların əsas vəzifələri bu asılılıqları vaxtında üzə çıxarmaq, effektiv müalicə və reabilitasiya üsullarını tətbiq etmək, residivlərin qarşısını almaq, həmçinin alkoqolizm, toksikomaniya və narkomaniyaya qarşı profilaktik işlər aparmaqdır.  

Narkologiya psixiatriyanın bir hissəsi olduğundan, narkoloqlar həm də müxtəlif maddələrin yaratdığı psixi pozğunluqların, eləcə də alkoqol mənşəli depressiya, alkoqol deliriyi və digər problemlərin diaqnostika və müalicəsi ilə məşğul olurlar.  

Narkoloji xəstəliklər 2 böyük qrupa ayrılır: narkomaniya və toksikomaniya. Onlar arasındakı fərq narkomanların qəbul etdikləri maddənin narkotik, toksikomanların istifadə etdiyi vasitənin isə sadəcə toksiki sayılmasındadır. Məsələn, alkoqolizm toksikomaniya hesab edilir.  

Narkomaniyalar qrupuna heroinomaniya, kokainomaniya, həşişdən asılılıq və s. daxildir. Toksikomaniyalara nikotinomaniya, psixostimulyatorlardan (kofein, idman dopinqləri və s.) asılılıq aiddir.  

Narkoloji xəstəliklərin əlamətləri və müalicəsi

Əlamətlər narkotik və ya toksiki maddənin növü, onun dozası, asılılığın müddəti, orqanizmin ümumi vəziyyəti ilə bağlı olur. Uzunmüddətli istifadə xarakterik dəyişikliklər törədir. Alkoqoliklərdə çox zaman polinevropatiya və ensefalopatiya aşkarlanır. Əksər asılılıqlarda qaraciyər, böyrək və ürək zədələnir.  

Diaqnoz anamnestik məlumatlar, pasiyentə obyektiv baxış, sidik, qan, tüpürcək analizi, xüsusi testlərin köməyilə qoyulur. 

Narkoloji problemləri olan pasyentlərin müalicəsi təcili və ya planlı şəkildə, stasionar və yaxud ambulator şəraitdə aparılır. Təcili tədbirlərə narkomaniya zamanı detoksikasiya, alkoloizmdə isə sərxoş vəziyyətdən çıxarılma aiddir. Müalicə sxemi sakitləşdirici və antipsixotik vasitələrin, daxili orqanların fəaliyyətini yaxşılaşdıran, metabolik prosesləri normaya salan preparatlarla birgə damcı üsulu ilə vena daxilinə yeridilməsindən ibarətdir.  

Planlı müalicə asılılıq törədən maddənin istifadəsinin qarşısını almağa yönəldilir. Bu məqsədlə dərman preparatları, qeyri-medikamentoz üsullar və ya kompleks metodlar istifadə oluna bilər. Medikamentoz müalicə zamanı pasiyentin orqanizminə alkoqol və narkotikin təsirini dəyişdirən və bir sıra xoşagəlməz hallar yaradan dərman vasitələri (alkoloqizmdə adətən disulfiram, narkomaniyada – naltrekson) yeridilir.  

Qeyri-medikamentoz üsullara Dovjenko metodu ilə kodlanma və hipnosuggestiv təsir aiddir. Kompleks müalicə dedikdə isə eyni zamanda həm dərman, həm də qeyri-medikamentoz üsulların tətbiqi nəzərdə tutulur. Pasiyentlərin reabilitasiyası narkoloji klinikalarda və xüsusi mərkəzlərdə aparılır.  

Narkoloji xəstəliklər və sosial mühit 

İstənilən asılılıq həyat tərzinə, sosial əlaqələrə, pasiyentin davranışına mənfi təsir göstərir. Alkoqol və ya narkotiklər insanın bütün maraq və istəklərini sıxışdıraraq, həyatın əsas məğzinə çevrilir. Spirtli içkilər və narkotiklərdən imtina etdikdən sonra xəstə bir sıra psixoloji problemlərlə qarşılaşır, həyatındakı boşluğu doldurmaqda çətinlik çəkir. Belə vəziyyətlərdə peşəkar psixoloq və psixiatrlar köməyə gəlir.  

Narkotik problemlər təkcə pasiyentə deyil, bütün dünyaya aiddir. Alkoqolizm, narkomaniya və toksikomaniya orta ömür müddətini qısaldır, məişət və istehsalatda bədbəxt hadisələrin, cinayətlərin, zorakılıqların sayını artırır. Bu bəladan xilas olmaq üçün həkimlə yanaşı, pasiyentin öz istəyi də olmalıdır. Yəni müalicə prosesində xəstə də aktiv şəkildə iştirak etməlidir. 

Med-portal.az saytının «Narkoloji xəstəliklər» bölməsində asılılıqların yaranma səbəbləri, əlamətləri, müalicə üsulları ətraflı izah edilmişdir.