Alkoqol deliriyası

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 1252

Alkoqol deliriyası nədir?Alkoqol deliriyası – metalkoqol psixoz. II və III dərəcəli alkoqolizmdən əziyyət çəkən pasientlərdə daha çox müşahidə olunur. Alkoqolu qəflətən kəsdikdən bir neçə gün sonra yaranır. Huşun pozulması, görmə, eşitmə və taktil illüziyaları və hallüsinasiyaları ilə müşayiət olunur. Narahatlıq, ətraflarda tremor, ürəkdöyünmə, AT-in dəyişməsi, yuxusuzluq və kabuslar (yuxuda) kimi öncədən meydana çıxan əlamətlərlə tədricən başlanması xarakterikdir. Tam sağalma, qalıq təzahürlərlə (yaddaş pozulmaları, psixoüzvi sindromlar) sağalma və letal sonlanma mümkündür.

  • Alkoqol deliriyasının inkişaf səbəbləri və təsnifatı
  • Alkoqol deliriyasının simptomları
  • Alkoqol deliriyasının müalicəsi və proqnozu
  • Müalicənin qiymətləri

Alkoqol deliriyası barədə ümumi məlumat

Alkoqol deliriyası – ən geniş yayılmış alkoqol psixozudur. Adətən, 7-10 il müntəzəm alkoqol qəbulundan sonra yaranır. II və III dərəcəli alkoqolizmli pasiyentlərdə meydana çıxır. Ayrı-ayrı klinik hallarda alkoqol asılılığından əziyyət çəkməyən pasiyentlərdə güclü alkoqol ekssesindən sonra inkişaf edə bilər. Geniş yayılmış fikirlərin əksinə olaraq alkoqol deliriyası simptomları həmişə spirtli içkinin qəflətən kəsilməsindən sonra meydana çıxır; heç vaxt alkoqol sərxoşluğunda yaranmır.

Аlkoqol deliriyası aqressivliklə müşayiət oluna bilər, lakin xəstələr həmişə aqressiv olmur. Bəzən əks mənzərə – xoşniyyətlilik, entuziazm, ətrafdakıların rifahı naminə hər hansı bir yaxşı iş (məs., yaşıl insancıqları qovmaq lazımdır ki, artıb törəyib başqalarını təngə gətirməsin) görməyə cəhdlərlə müşahidə olunur. Lakin xəstəni təhlükəsiz hesab etmək olmaz; hətta o özünü tam zərərsiz göstərsə belə vəziyyəti hər an dəyişə bilər. Alkoqol deliriyası həyati təhlükəli vəziyyətdir. Belə ki, patoloji vəziyyət müalicə olunmadıqda suisid, bədbəxt hadisələr və daxili orqanlar tərəfindən ağırlaşmalardan pasiyentlərin təxminən 10%-i ölür. Bu xəstəliyə şübhə olduqda vaxt itirmədən narkologiya və psixiatriya sahələrinin mütəxəssislərinə müraciət edilməlidir.

Alkoqol deliriyasının inkişafı və təsnifatı

Alkoqol deliriyasının əsas inkişaf səbəbi alkoqolizmdir. Risk faktorlarına davamlı ağır sərxoşluq, keyfiyyətsiz alkoqol (surroqatlar, texniki mayelər və tərkibində spirtin miqdarı çox olan farmakoloji preparatlar) qəbulu və daxili orqanların güclü patoloji dəyişiklikləri aiddir. Anamnezdə kəllə-beyin travmaları və baş beynin xəstəliklərinin olması mühüm əhəmiyyət daşıyır. Bu xəstəliyin patogenezi aydınlaşdırılmayıb; ehtimal olunur ki, baş beyində maddələr mübadiləsinin pozulması və xroniki intoksikasiya həlledici rol oynayır.

Alkoqol deliriyası tez-tez güclü psixi və ya fiziki stress (məs., sərxoş pasiyent travma alıb travmatologiya şöbəsinə yerləşdirildikdə) fonunda inkişaf edir. Alkoqol qəbulunun qəflətən dayandırılması ilə şəraitin dəyişməsi, fiziki ağrı və diskomfort, həmçinin travmalarla bağlı narahatlıqların üst-üstə düşməsi ağ hərarət ehtimalını artırır. Analoji vəziyyət sərxoş xəstələrin qastroenteroloji, kardioloji və başqa şöbələrə yerləşdirilməsi zamanı da müşahidə olunur. Ev şəraitində deliriya, adətən, somatik patologiyaların ağırlaşması nəticəsində pasiyentin sərxoşluqdan qəflətən çıxması zamanı yaranır.

Alkoqol deliriyasının bir neçə növü ayırd edilir:

  • Klassik və ya tipik deliriya. Xəstəliyin simptomları tədricən meydana çıxır. Patologiya öz inkişaf dövründə ardıcıl mərhələlərdən keçir.
  • Lüsid deliriya. Kəskin başlanğıc xarakterikdir. Sayıqlama və hallüsinasiyalar baş vermir; koordinasiyanın pozulması, tremor, təlaş və qorxu qeyd olunur.
  • Abortiv deliriya. Fraqmentar hallüsinasiyalar müşahidə olunur. Sayıqlama ideyaları qırıq-qırıq, kifayət qədər formalaşmamış haldadır. Güclü təlaş qeyd olunur. Sağalma və ya deliriyanın başqa formasına keçid mümkündür.
  • Peşə deliriyası. Başlanğıc tipik ağ hərarət kimidir. Sonra hallüsinasiya və sayıqlama azalır, klinik mənzərədə peşə öhdəlikləri, geyinmə, soyunma və s. icrası ilə əlaqəli təkrarlanan hərəkətlərlə üstünlük təşkil etməyə başlayır.
  • Fikrin təkrarlanması ilə gedən deliriya. Peşə deliriyasından, nadir hallarda xəstəliyin başqa formalarından inkişaf edir. Alaqaranlıq huş, güclü somatovegetativ pozulmalar və xarakterik hərəki patologiyalarla müşayiət olunur.
  • Atipik deliriya. Adətən, əvvəllər bir və ya bir neçə alkoqol psixozu keçirmiş xəstələrdə yaranır. Klinik mənzərə şizofreniyaya xarakterik olan simptomlardan ibarətdir.

Alkoqol deliriyasının bir neçə forması var; bu formalarda ağ hərarət üçün xarakterik klinik təzahürlər başqa pozulmalarla (oneyroid, psixi avtomatizm və s.) yanaşı gedir.

Alkoqol deliriyasının simptomları

Klassik alkoqol deliriyası tədricən başlayır. Onun gedişində prodormal dövr və üç mərhələ aydın şəkildə ayrılır. Xəstəliyin bu forması üçün fasiləsiz gedişat xarakterikdir; lakin təxminən 10% hallarda qısa (1 günədək), işıqlı aralıqlarla ayrılan 2 və ya 3 tutma inkişaf edir. Deliriya, adətən, davamlı, dərin yuxudan sonra kəskin sonlanır. Nadir hallarda simptomların tədricən itməsi qeyd olunur. Klassik deliriyanın davametmə müddəti 2-8 gündür, 5% hallarda uzunmüddətli gedişat müşahidə olunur.

Prodormal dövrdə yuxu pozulmaları (qorxulu, kabuslu yuxular tez-tez gecə və ya erkən oyanmalarla yanaşı gedir) müşahidə olunur. Pasiyentlər zəiflik və güclərinin azalmasını hiss edirlər. Əhval-ruhiyyə pisləşir. Alkoqol qəbulundan 1-2 gün sonra bir sıra xəstələrdə abortiv epilepsiyayabənzər tutmalar yaranır. Bəzən deliriyanın xəbərçisi qısamüddətli eşitmə hallüsinasiyaları olur. Bir sıra pasiyentlərdə prodormal dövr baş vermir.

İlk mərhələ

Alkoqol deliriyasının ilk mərhələsində əhval-ruhiyyənin xarakterik pozulmaları üstünlük təşkil edir. Emosional vəziyyət sürətlə dəyişir, təlaş və narahatlıq eyforiya və əhvalın yüksəlməsilə əvəzlənir; qısa müddət sonra depressiya və ümidsizlik meydana çıxır. Nitq, hərəkət və mimika canlıdır. Bütün qeyd olunan simptomlar daxili narahatlıq və bir qədər “oyanıqlıq” təəssüratı yaradır. Pasiyentlər istənilən qıcıqlandırıcıya (qığılcım, səslər, qoxu və s.) kəskin reaksiya verirlər. Xəstələr yadlarına düşən hər hansı bir xoş təəssürat yaratmış obrazlar və xatirələrdən danışa bilərlər. Qırıq-qırıq eşitmə hallüsinasiyaları və görmə illüziyaları mümkündür. Yuxu səthidir, tez-tez güclü təlaşla müşayiət olunan oyanmalar müşahidə olunur.

İkinci mərhələ

İkinci mərhələdə hipnaqogik hallüsinasiyalar (yuxu zamanı hallüsinasiyalar) meydana çıxır. Yuxu səthi olaraq qalır; kabuslar xəstəyə əziyyət verir. Pasiyenti oyatdıqda reallığı yuxusundan çətinliklər fərqləndirir. Gündüzlər görmə illüziyaları qeyd olunur, xarici qıcıqlandırıcılara qarşı həssaslıq daha da artır. Üçüncü mərhələyə keçiddə yuxusuzluq meydana çıxır. Hallüsinasiyalar daha qabarıq, çoxsaylı, demək olar ki, daimi olur.

Adətən, xəstələr kiçik heyvanlar, nadir hallarda fantastik bədheybətlər və ya real iri heyvanlar “görürlər”. Tez-tez taktil hallüsinasiyaları – ağızlarında kiçik yad maddə (məs., saç) hiss edirlər. Bəzi pasiyentlər eşitmə hallüsinasiyaları – ittiham edən, qınayan və ya hədələyən səslər eşidir. Xəstələrin vəziyyəti daim pisləşir, onlar alternativ reallıqda daha da “batırlar”. Deliriyanın klüminasiya nöqtəsində hallüsinasiyaların bütün növləri – eşitmə, görmə, taktil və s. qeyd olunur.

Pasiyentlərə elə gəlir ki, onların bədəninin vəziyyəti dəyişir, ətrafdakı əşyalar yerlərini dəyişir, yerə düşür və ya yellənirlər. Zaman qavrayışı dəyişir, o, subyektiv olaraq uzanır və ya qısalır. Pasiyentin emosional vəziyyəti və subyektiv davranışları hallüsinasiyaların tərkib komponentlərindən asılıdır. Xəstələr qaçmağa, ətrafdakılardan nələrsə toplamağa, mövcud olmayan həmsöhbətləri ilə dialoq aparmağa və s. çalışır.

Sayıqlama müşahidə olunur; belə ki, sayıqlama heç vaxt alkoqol hallüsinasinozu üçün xarakterik olan nizamlılıq səviyyəsinə çatmır. Hallüsinozdan daha bir fərqli cəhəti təlqinin yüksəlməsidir. Pasiyentləri inandırmaq olar ki, onlar təmiz kağızda yazılmış mətni görürlər, sönmüş telefonda səs eşidirlər və s. Real həmsöhbətlərlə aktiv dialoq zamanı psixotik təzahürlər bir sıra hallarda daha az büruzə verir. Səhərlər və gündüzlər işıqlı aralıqlar meydana çıxır, axşamlar və gecələr isə xəstələrin vəziyyəti pisləşir.

Üçüncü mərhələ

Üçüncü mərhələnin sonunda pasiyentlər deliriyadan çıxır; bu, adətən, qəflətən, nadir hallarda tədricən, simptomların dalğaşəkilli azalması ilə baş verir. Aydın nəzərə çarpan asteniya inkişaf edir. Coşqulu sentimentallıqdan ümidsizlik və ağlamağa qədər əhvalın dəyişməsi müşahidə oluna bilər. Xəstələr öz hallüsinasiyalarını yaxşı xatırlayırlar, lakin xəstəlik dövründə baş vermiş real hadisələri çətinliklə yada salırlar. Qadınlarda tez-tez subdepressiya və ya depressiya, kişilərdə yüngül dərəcəli hipomaniya inkişaf edir.

Deliriyanın ağır formaları peşə və fikrin təkrarlanması ilə gedən deliriyalar hesab olur. Bu formalarda patologiyanın başqa formaları ilə müqayisədə daha tez-tez letal sonlanma baş verir. Peşə deliriyası üçün klinik mənzərənin inkişaf edən birobrazlı affektiv və hərəkət pozulmaları ilə tədricən ağırlaşması xarakterikdir. Xəstəliyin fikrin təkrarlanması ilə gedən formasında sadə rudimentar hərəkətlər (tutmaq, qapmaq və s.), vasitəsiz nitq, vegetativ və nevroloji pozulmalar üstünlük təşkil edir. Ürək tonlarının karlaşması, ürəkdöyünmə və tənəffüsün tezləşməsi, arterial təzyiqin kəskin dəyişməsi, tərləmənin artması, güclü hipertermiya, güclü tremor, koordinasiyanın kobud pozulmaları və əzələ tonusunun dəyişilməsi meydana çıxa bilər.

Alkoqol deliriyasının müalicəsi və proqnozu

Narkoloji və ya psixiatrik şöbədə təcili hospitalizasiya göstərişdir. Dezintoksikasion terapiya, həyati vacib funksiyaların normallaşdırılmasına yönəlmiş tədbirlər həyata keçirilir. Başlanğıc mərhələlərdə plazmaferez və tezləşdirilmiş diurez metodu icra olunur. İnfuzion terapiyanın gedişində xəstələrə duz məhlulları (o cümlədən hipoqlikemiyanın qarşısını almaq üçün kalium xlorid məhlulu), qlükoza və s. yeridilir. Vitaminlər və nootroplar təyin olunur.

Psixotrop preparatlar, adətən, effektsizdir; buna görə də həmişə istifadə olunmur. Psixotrop preparatların təyininə yuxusuzluq, güclü təlaş və psixomotor dəyişikliklər göstərişdir. Bu məqsədlə fenazepam, diazepam, heksobarbital və s. istifadə olunur. Fikrin təkrarlanması ilə gedən və peşə deliriyalarında psixotrop preparatlar əks-göstərişdir. Alkoqol deliriyasının bütün formlarının müalicəsi narkoloq tərəfindən həyati vacib orqanların funksiyalarının daimi kontrolu altında həyata keçirilir.

Alkoqol deliriyasında proqnoz xəstəliyin formasından və müalicənin vaxtında başlanmasından asılıdır. Tipik ağ hərarət zamanı əksər hallarda sağalma baş verir. Bir sıra xəstələrdə psixoüzvi sindrom və müxtəlif dərəcəli yaddaş pozulmaları müşahidə oluna bilər. Bununla yanaşı, xüsusən də müalicə olunmadıqda daxili orqanlarda ağır fəsadların inkişaf ehtimalını inkar etmək olmaz. Ağır psixozlarda letal sonlanma ehtimalı kəskin artır. Proqnostik mənfi əlamətlərə hipertermiya, bağırsaq parezi, kəskin ürək-damar çatışmazlığı, göz əzələlərinin parezi, yaddaşın dərin pozulması, sidikifrazının pozulması, nəcis və sidik saxlamama, nəfəsalmanın dəqiqədə 48 dəfədən artıq tezləşməsi aiddir. Hətta kafi sonlanma zamanı da yadda saxlamaq lazımdır ki, alkoqol deliriyası keçirmiş bütün pasiyentlərdə alkoqol qəbulu zamanı təkrari psixozun inkişaf riski kəskin yüksəlir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Oxşar mövzuları oxuyun: