Anal çat

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 20061

anal çat nədir?Anal çat  – anusun selikli qişasının, xüsusən arxa divarının yarıqşəkilli defektidir. Qaşınma, defekasiya zamanı və ondan sonra güclənən yandırıcı xarakterli ağrı, az miqdarda al-qırmızı qan, sfinkterin spazmı ilə xarakterizə olunur. İntensiv ağrılar nəticəsində pasiyentlərdə rektofobiya (defekasiya qabiliyyətini itirmək qorxusu), nevrogen pozğunluqlar: aqressiya, apatiya, əsəbilik meydana çıxır. Daimi travma və qıcıqlanma xoranın yaranmasına, onun infeksiyalaşma və irinləməsinə gətirib çıxarır. Müalicə pəhriz saxlanılmasından, yerli və ümumi medikamentoz terapiyadan ibarətdir. Göstərişlərə əsasən cərrahi əməliyyat yerinə yetirilir.

  • Səbəbləri
  • Patoloji anatomiyası
  • Anal çatın əlamətləri
  • Diaqnostikası
  • Ağırlaşmaları
  • Anal çatın müalicəsi
  • Proqnoz və profilaktikası

Anal çat barədə ümumi məlumat

Anal çat – anusun selikli qişasının xətvari və ya oval defekti olub, anal kanalın divarında lokalizasiyalaşır. Anal çat adətən arxa divarın orta xətti boyunca yerləşir. Defektin uzunluğunun əksər hallarda 1 sm-dən çox olmamasına baxmayaraq, bu patologiya təhlükəli nəticələrə gətirib çıxaran ciddi xəstəlik sayılır. Yaranma müddətindən asılı olaraq, anal çatların 2 forması ayırd edilir: kəskin (yeni formalaşan) və xroniki (uzun müddətli).

Anal çat düz bağırsağın geniş yayılmış xəstəliklərindən sayılır. Rastgəlmə tezliyinə görə o, düz bağırsağın iltihabı və babasildən sonra üçüncü yeri tutur. Anal çat adətən (60%-dən çox hallarda) 25-40 yaşlı qadınlarda müşahidə edilir. Kəskin çatlar düz və hamar kənarlara malik yarıq formasında olur. Çatın dib hissəsi anal sfinkterin əzələlərindən təşkil olunur. Tədricən anal çatın dibi və kənarlarında fibrinlə örtülü qranulyasiyalar əmələ gəlir.

Xroniki çat birləşdirici toxumanın çoxalması hesabına kənarların qalınlaşması və  trofik pozğunluğun əlamətləri ilə xarakterizə olunur. Çatın daxili, bəzən həm də xarici kənarında birləşdirici toxuma mənşəli qabarıqlıq («gözətçi qabar») formalaşır, bu da gələcəkdə fibroz polipin inkişafına təkan verə bilir.

Anal çatın səbəbləri

Anal çatın səbəbləriKlinik proktologiya sahəsinin mütəxəsislərinin fikrincə anal çatın yaranmasında xroniki qəbizlik və ishal, babasil xəstəliyi, ağır fiziki və ya oturaq iş, spirtli içkilər və kəskin qidaların həddindən artıq qəbulu, anal kanalın selikli qişasının yad cisim və ya bərk konsistensiyalı nəcis kütləsi ilə mexaniki zədələnməsi böyük rol oynayır. Anal çatın formalaşmasına səbəb olan xəstəliklərə yoğun bağırsağın iltihabı (o cümlədən proktit) aiddir.

70% hallarda çatlar mədə, nazik bağırsaq, qaraciyər, mədəaltı vəzi və biliar sistemin xəstəliklərindən əziyyət çəkən şəxslərdə aşkar edilir. Analoji sayda xəstələrdə patologiyaya babasillə birgə təsadüf olunur. Xroniki babasil pektonozla əlaqədar anal kanalın selikli qişasının elastikliyinin azalmasına gətirib çıxarır, nəticədə onun defektinə meyllik yaranır. Anal kanalın dişli xətt nahiyəsi gərilmə vəziyyətində həssaslığı ilə seçilir.

Patoloji anatomiyası

Anal çat əksər hallarda (85%) arxa divarda orta xətt boyunca yerləşir. Bu da anal kanalın spesifik quruluşu – həmin nahiyədə sfinkterin qan təhcizatının zəifliyi, defekasiya aktında gərilmə zamanı kanal divarının tamlığının pozulmaya meylli olması ilə əlaqədardır. 8-9% pasiyentlərdə (xüsusən qadınlarda) çat ön divarda, nadir hallarda isə anal kanalın yan hissələrində yaranır. Xəstələrin 3-4%-də ön və arxa divarın çatlarına müştərək şəkildə rast gəlinir.

Anal çatın əlamətləri

Anal çatın əlamətləriPatologiya spesifik klinik şəklə malikdir. Xəstəliyin uzunmüddətli formaları ifadəli ağrı sindromu və defekasiyadan sonra sfinkterin tonik spazmı ilə xarakterizə olunur. Spazm bir neçə saat davam edə bilər. Tonik spazm xəstəliyin proqressivləşməsinə səbəb olan qüsurlu dövranın formalaşmasında iştirak edir: çat davamlı spazm törədir, o da öz növbəsində anal kanalın divarlarını təşkil edən toxumaların işemiyasına gətirib çıxarmaqla defektin sağalmasına  mane olur.

Kəskin formalı çatlar anal sfinkterin spazmı, ağrılı defekasiya, anusdan qanlı ifrazatla təzahür edir. Ağrı sindromu bu patologiyalı pasiyentlərin əsas şikayəti hesab olunur. İfadəli ağrı defekasiya aktının əvvəlində yaranaraq, adətən uzun müddət ərzində saxlanılır. Ağrı aralıq və ya oma nahiyəsinə irradiasiya edə bilər. İntensiv ağrı ilə əlaqədar xəstələrin əksəriyyəti defekasiya aktını təxirə salır, bu da qəbizliyin yaranmasına səbəb olur.

Tonik spazm xəstəliyin patogenezinin başlıca elementi sayılır. Anal sfinkterin spazmı reflektor xarakter daşıyaraq, intensiv ağrı ilə bağlı olur. Ağrının törətdiyi spazm qan təhcizatını zəiflədir, ağrını gücləndirir, toxumaların regenerasiyasına və çatın sağalmasına mane olur.

Anal kanaldan qan adətən az miqdarda – nəcisdə və ya tualet kağızında qan izləri şəklində ifraz olunur. Qanlı axıntı defekasiya zamanı selikli qişanın zədələnməsi nəticəsində yaranır. İfadəli qanaxma orqanizmdə yanaşı xəstəliklərin: babasil, şiş və s. olmasından şübhələnməyə əsas verir. Anal çat müalicə olunmadıqda 3-4 həftədən sonra xroniki formaya keçir. Bu zaman onun kənarları qalınlaşır və bərkiyir, kobud çapıq formalaşır, daxili kənarda «gözətçi qabar» əmələ gəlir.

Kəskin prosesdən fərqli olaraq, xroniki anal çat zamanı ağrı əsasən defekasiya aktından sonra yaranır və daha çox davam edir. Oturaq vəziyyətdə uzun müddət qaldıqda ağrı güclənir. Daimi ağrı sindromu xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldaraq, əsəbilik, yuxu pozğunluğu, nevroz   törədir. Xroniki anal çatı olan şəxslərdə adətən defekasiya qorxusu ilə əlaqədar işlədici preparatların tez-tez istifadə olunmasına rast gəlinir.

Davamlı qəbizlik hallarında gərgin defekasiya zamanı anusdan qanaxma ola bilər. Bəzən çatın irinləməsi və anal kanaldan irinli möhtəviyyatın axını müşahidə oluna bilər. Xroniki çatlarda sfinkterin spazmı qısa müddətli və zəif intensivlikli olur. Çox zaman anal qaşınma izlənilir. Xroniki proses bağırsağın terminal şöbələrinin iltihabi prosesləri: sfinkterit, proktit, proktosiqmoiditlə müşayiət oluna bilər.

Anal çatın diaqnostikası

Anal çat bir qayda olaraq, anusun müayinəsi zamanı aşkarlanır. Baxış prosesində həkim-proktoloq pasiyentin sağrı nahiyəsini aralayaraq, anusu nəzərdən keçirir, anal kanalın selikli qişasının qüsurunu aşkar edir. Bəzən (kanalın dərinliyində kiçik ölçülü çatlar zamanı) barmaqla rektal müayinə aparmaqla sfinkterun tonik spazmı təyin edilir. Çatların gözlə göründüyü hallarda selikli qişanın zədələnmə ehtimalı ilə bağlı barmaq müayinəsi məqsədəuyğun sayılmır.

Sağalmayan anal çat, ifadəli ağrı simptomu və sfinkterin spazmı zamanı düz bağırsağın instrumental müayinəsi icra olunmur və ya göstərişlərə əsasən (güclü qanaxma; proktit, şiş xəstəlikləri, irinli ağırlaşmalara şübhə yarandıqda) yerli anesteziya altında aparılır.

20-25 sm-lik hündürlüyə qədər diaqnostik rektoromanoskopiya yalnız çatın sağalmasından sonra yerinə yetirilə bilər. Bu müayinə üsulu vəziyyətə nəzarət etməklə bərabər, həm də yanaşı gedən patologiyaları üzə çıxarmağa imkan verir.

Differensial diaqnostika heç bir çətinlik törətmir. Anal çat düz bağırsağın natamam daxili fistulası ilə differensiasiya edilir. Axırıncı patologiyada sfinkterin spazmına rast gəlinmir, ağrı simptomu zəif ifadə olunur, anusdan irinli axıntı xəstəliyin əsas klinik əlaməti sayılır. Selikli qişanın qüsurunun palpasiyası az ağrılı olur, dib hissədə dərinləşmə (fistulanın boşluğu) müəyyən edilir.

Bir sıra pasiyentlərdə çat düz bağırsaq infeksiyasının (sifilitik qumma, vərəm, göbələk və ya parazit mənşəli patologiyalar, Kron xəstəliyində düz bağırsağın zədələnməsi) təzahürü kimi meydana çıxa bilər. Belə halları inkar etmək üçün hərtərəfli anamnez toplanılır, çatın yaranma səbəbi və müddəti, gediş xüsusiyyətləri aydınlaşdırılır.

İİV anamnezli (narkomaniya, nizamcız cinsi həyat, homoseksualizm) xəstələrdə qazazılmış immun çatışmazlığı ilə əlaqədar düz bağırsağın müxtəlif xəstəliklərinə rast gəlmək mümkündür. Bu kateqoriyaya aid olan pasiyentlərdə anal çatlar adətən qeyri-adi klinik şəkillə müşayiət edilir.

Anal çatın ağırlaşmaları

Anal çatlar infeksiyalaşa və bağırsağın terminal şöbələrinin (sfinkter, düz və S-vari bağırsaq) selikli qişasının qalxan – bağırsaq boyunca yuxarıya doğru hərəkət edən iltihabı ilə ağırlaşa bilər. İnfeksiyanın dərin qatlara nüfuz etdiyi təqdirdə paraproktit yaranır. Patologiya gur qanaxma ilə ağırlaşa bilər. Müntəzəm qanaxmalar dəmir defisitli anemiyaya gətirib çıxarır. Kişilərdə iltihab prostat vəziyə yayılaraq, prostatin inkişafına səbəb ola bilər.

Anal çatın müalicəsi

Müalicənin başlıca məqsədi ağrı və sfinkterin tonik spazmının aradan qaldırılmasından, nəcisin normaya salınmasından və çatların sağalmasından ibarətdir. Müalicə konservativ və ya cərrahi yolla icra olunur. Yaranma müddəti 1 həftədən artıq olmayan, hamar kənarlara malik, fəsadlaşmamış çatlar terapevtik vasitələrlə qısa zaman ərzində müalicə edilir. Konservativ terapiya 65-70% hallarda sağalma ilə nəticələnir.

Müalicənin əsas elementlərindən biri bağırsağın fəaliyyətinin aktivləşməsinə və defekasiya aktınnı yüngülləşməsinə yönəldilən pəhrizdir. Qida rasionu bitki tərkibli komponentlər və süd məhsulları ilə zəngin olmalı, kəskin və duzlu yeməklər, selikli qişanı qidalandıran ədəvalar, spirtli içkilərdən imtina edilməlidir. Çuğundur, qara gavalı, ərik qurusu və əncir bağırsağa müsbət təsir göstərir. Çuğundur bişmiş halda bitki yağı və ya xama ilə qəbul oluna bilər. Meyvə yeməzdən əvvəl onları qaynar suda bir qədər saxlamaq məsləhət görülür. Bu növ pəhriz nəcisin yumşalmasına və defekasiyanın asanlaşmasına səbəb olur.

Anal çatların terapevtik müalicəsi yerli və ümumi təsirli preparatlarla aparılır. Yerli müalicə məqsədilə aşağıdakı vasitələrdən istifadə olunur:

  • zəif konsentrasiyalı manqan məhlulu ilə ilıq vannalar (gün ərzində 10-15 dəqiqə olmaqla 3 dəfəyə qədər);
  • sfinkterin spazmını aradan qaldıran nitroqliserin məlhəmi (nitroqliserinin ümumi qan dövranına sorulması ürək fəaliyyəti və sinir sisteminə təsir etdiyindən az miqdarda istifadə olunur);
  • botoks (botulotoksin əzələlərə sinir impulslarının ötürülməsinin qarşısını alır, sfinkterə yerli təsir etməklə həm də spazmı aradan qaldırır);
  • ağrıkəsici təsirli şamlar və məlhəmlər (novokain, lidokain, anestezin tərkibli);
  • sağalma prosesini tezləşdirən çaytikanı yağı və metilurasil (şam və ya məlhəm formasında).

Ümumi müalicə işlədici preparatlar və tonik spazmı aradan qaldıran kalsium kanallarının blokatorlarının (diltiazem, nifedipin) qəbulundan ibarətdir. Bundan əlavə anal çatın müalicəsində infraqırmızı koaqulyasiya (spazmla müşahidə edilməyən, çapıq dəyişikliklərinin üstünlük təşkil etdiyi xroniki çatların müalicəsi), lazer və ya radiotezlikli koaqulyasiya (lazer və ya radiodalğaların köməyilə yerli anesteziya altında perianal toxumanın xaric edilməsi), medikamentoz blokada, cərrahi müalicə kimi üsullardan da istifadə olunur.

Kənar hissələrin ifadəli çapıq dəyişiklikləri, güclü spazmla xarakterizə edilən, konservativ terapiyaya tabe olmayan dərin xroniki çatlar cərrahi müalicəyə göstəriş sayılır. Belə hallarda çatın çapıqlaşmış kənarları kəsilir, dozalaşdırılmış sfinkterotomiya icra olunur. Çox zaman anal çat babasillə müştərək şəkildə rast gəlinir. Bu tip xəstələrdə hemorroidal düyünlərin xaric edilməsi (hemorroidektomiya) və yuxarıda qeyd olunan əməliyyat birgə həyata keçirilir. Müalicə taktikası pasiyentin vəziyyəti, xəstəliyin gedişi və ağırlaşmalardan asılıdır. Özünü müalicə ilə məşğul olma xəstəliyin gedişini ağırlaşdıraraq, onun sağalmasını ləngidə bilər.

Anal çatın proqnoz və profilaktikası

Anal çatın profilaktikası düzgün qidalanma, aktiv həyat tərzi, bağırsağın fəaliyyətinin pozulmasına səbəb olan xəstəliklərin erkən diaqnostika və müalicəsindən ibarətdir. Çanaq nahiyəsində durğunluq hallarının qarşısını almaq üçün piyada gəzintiləri, idman hərəkətləri tövsiyə olunur. Konservativ yolla vaxtında müalicə olunan anal çatlar 60-90% hallarda tamamən sağalır. Qeyri-adekvat terapiya və ya özünü müalicə xroniki anal çatın inkişafına gətirib çıxarır, belə hallarda adətən cərrahi müalicəyə ehtiyac yaranır. Cərrahi müdaxilə adətən sağalma ilə nəticələnir.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: