Divertikulit
Divertikulit – bağırsaq divarının kisəvari qabarmalarının (divertikullar) iltihabı ilə xarakterizə olunan xəstəlikdir. Patoloji vəziyyət qarnın aşağı hissəsində, əsasən sol tərəfdə periodik ağrılar, nəcisin konsistensiyasının dəyişməsi, zəif qanaxmalar, hərarətin yüksəlməsi, ümumi halsızlıq, az hallarda isə ürəkbulanma və qusma ilə təzahür edir. Divertikulitin diaqnostikasında yoğun bağırsağın endoskopiyası, irriqoskopiya, qarın boşluğu orqanlarının USM, laparoskopiya və laborator üsullardan istifadə olunur. Patologiyanın müalicəsi antibiotikoterapiya və ya cərrahi müdaxilə ilə həyata keçirilir.
- Divertikulitin yaranma səbəbləri
- Divertikulitin əlamətləri
- Diaqnostika
- Divertikulitin müalicəsi
- Proqnoz və profilaktika
Divertikulit barədə ümumi məlumat
Divertikulit divertikullarda bağırsaq möhtəviyyatının durğunluğu nəticəsində inkişaf edir. Patologiyaya kişilərlə müqayisədə qadınlarda 1,5 dəfə artıq rast gəlinir. Divertikulit əsasən 40 yaşdan yuxarı şəxslərdə qeydə alınır. Bağırsaq divertikullarının yaşı 60-dan çox olan 50% insanlarda müşahidə olunmasına baxmayaraq, iltihabi proses bu pasiyentlərin yalnız 20%-də yaranır. Son illərdə divertikulitdən əziyyət çəkənlərin sayı xeyli artmışdır, bu da ət və un məhsullarının həddindən artıq qəbulu ilə bağlıdır. Hazırda klinik proktologiya və qastroenterlogiya sahəsinin mütəxəssisləri tərəfindən divertikulitin yeni müalicə üsullarının axtarışı davam etməkdədir.
Divertikulitin yaranma səbəbləri
İltihab boşluqlu orqanın kisəvari qabarmasının – divertikulun lokalizasiya olunduğu sahədə inkişaf edir. Divertikullar insanların əksəriyyətində müşahidə edilir, lakin onların divertikulitlə ağırlaşması yalnız pasiyentlərin 1/5 hissəsində baş verir. Bu patoloji proses müxtəlif amillərin təsirindən yaranır. Adətən divertikulit tərkibində qida liflərinin azlıq təşkil etdiyi məhsulların istifadəsi ilə əlaqədar qəbizliyin formalaşması nəticəsində meydana çıxır. Gündəlik rasionda qida liflərinin 30 qramdan az olması patologiyanın yaranma ehtimalını yüksəldir. Bu tip insanlarda bağırsaq möhtəviyyatının qatılaşması nəcis kütlələrinin durğunluğuna, selikli qişanın zədələnməsinə, orqanın patogen florasının aktivləşməsinə və hədsiz dərəcədə çoxalmasına gətirib çıxarır. Sadalanan pozğunluqlar fonunda divertikulit inkişaf edir.
Xəstəliyin digər səbəbi yoğun bağırsaqda gedən iltihabi prosesdir. Divertikulit əsasən spastik, xoralı və ya infeksion kolit, eləcə də müxtəlif bağırsaq infeksiyaları zamanı yaranır. İnfeksion amillər divertikullara keçərək, orada aktiv şəkildə çoxalmağa başlayır. Yerli immunitetin zəifləməsi divertikulitlə nəticələnir. Yaş artdıqca divertikulitin yaranma riski yüksəlir, bu da əzələ tonusunun azalması və peristaltikanın pozulması ilə bağlıdır. Yaşlı insanlarda selikli qişanın nazilməsi, yerli immunitetin tədricən zəifləməsi divertikulitin inkişafına şərait yaradır.
Divertikullar disbakterioz və ya ümumi immunitetin zəifləməsi fonunda iltihablaşa bilər. Qurd invaziyaları əksər hallarda selikli qişanın zədələnməsinə və mikrofloranın pozulmasına gətirib çıxarır, bu zaman patogen bakteriyaların çoxalması üçün əlverişli mühit yaranır. Mikroorqanizmlər artaraq, divertikulların selikli qişasını bürüyür. Divertikulitin inkişafında irsi meylliyin rolunu da qeyd etmək lazımdır.
Divertikulitin əlamətləri
Patologiya tipik əlamətlərə malik olmadığından çox zaman kəskin appendisit tutması, böyrək və qadın cinsiyyət orqanlarının xəstəlikləri ilə səhv salınır. Divertikulitin əsas əlaməti qarnın sol-aşağı hissəsində lokalizasiya olunan ağrılardır. Ağrının bu nahiyədə təzahür etməsi divertikulyozun S-vari bağırsağı zədələməsi ilə əlaqədardır. Nöqtəvi ağrılar fasiləli xarakter daşıya və ya günlərlə davam edə bilir. Fiziki aktivlik, gülüş və öskürək zamanı ağrı güclənir. Bağırsağın zədələnmiş hissəsinə təzyiq etdikdə ağrının artması müşahidə edilir. Gücənmə zamanı qarın əzələlərinin gərilməsi defekasiya aktından sonra ağrının daha da güclənməsinə səbəb olur.
Divertikulitin digər mühüm əlaməti nəcisin konsistensiyasının dəyişməsidir. Belə hallar ishalla qəbizliyin növbələşməsi ilə özünü büruzə verir. Qəbizlik bağırsağın zədələnmiş hissəsinin spazmı və onun mənfəzinin kəskin daralması nəticəsində formalaşır. Bağırsaq divarının əzələləri boşaldıqda ishal meydana çıxır. Divertikulit fonunda suyun yoğun bağırsaqda sorulmasının pozulması diareyaya gətirib çıxara bilir. Bu patoloji vəziyyət zamanı nəcisdə qana rast gəlmək mümkündür. İltihablaşma ilə əlaqədar divertikulitin yerləşdiyi sahədə qanayan xora və eroziyaların formalaşması qanlı ifrazatlarla müşayiət edilir. Qanaxma adətən zəif olur. Qan izləri defekasiya aktından sonra nəcis kütlələrinin üzərində və ya tualet kağızında aşkarlanır. Qanaxma divertikulitdən əziyyət çəkən insanların 10%-də qeydə alınır. Nadir hallarda iltihablaşmış divertikulun perforasiyası baş verir, onun möhtəviyyatı qarın boşluğuna tökülərək, peritonitə səbəb olur.
İfadəli iltihabi reaksiya zamanı divertikulit hipertermiya ilə təzahür edir. Qızdırma xüsusi maddələrin –pirogenlərin qana keçməsi nəticəsində baş verir. Orqanizmin müdafiə qüvvələrinin aktivləşməsi bədən hərarətinin yüksəlməsi ilə müşahidə olunur. Divertikulitin digər əlamətlərinə intoksikasiyanın ümumi təzahürləri – ürəkbulanma, iştahsızlıq, qusma və ümumi halsızlıq aiddir.
Divertikulitin diaqnostikası
Divertikulitin diaqnostikasında fizikal müayinə mühüm rol oynayır. Palpasiya zamanı yoğun bağırsağın spazma uğrayan iltihablaşmış seqmenti müəyyən edilir. İri ölçülü divertikul adətən ağrılı yumru törəmə şəklində əllənir. İltihab sahəsinin üzərinə əllə təzyiq etdikdə ağrı meydana çıxır. Divertikulitin diaqnostikasında instrumental müayinə üsullarından: yoğun bağırsağın endoskopiyası (kolonoskopiya), konstrastlaşdırılmış rentgenoqrafiya, qarın boşluğu orqanlarının USM-dən istifadə edilir. Göstərişlərə əsasən laparoskopiya icra olunur. Laborator üsullar arasında qanın ümumi analizi və biokimyəvi göstəricilərin qiymətləndirilməsinə üstünlük verilir.
Kolonoskopiya divertikulun əsas müayinə üsulu sayılır. Onun köməyilə xəstəliyin qeyri-spesifik xoralı kolit, qəbizlik, bağırsaq keçməməzliyi və yoğun bağırsağın şişləri ilə differensial diaqnostikası aparılır. Divertikulit zamanı yoğun bağırsağın endoskopiya prosesində kisəvari qabarmaların girəcəyinin zədələnməsi və onları əhatə edən selikli qişanın iltihabı aşkarlanır. Kolonoskopiya qanamaya meylli sahələrin lokalizasiyasının dəqiqləşdirilməsinə və qanaxmanın intensivliyinin təyininə imkan verir.
Kolonoskopiyanın icrasının qeyri-mümkünlüyü və ya onun nəticələrinin birmənalı olmadığı hallarda bariumla yoğun bağırsağın rentgenoloji müayinəsi (irriqoskopiya) yerinə yetirilir. Rentgenoqrafiyada divertikullar 0,5-5sm diametrində girdə formalı törəmələr şəklində görünür. Divertikulit zamanı rentgenoqrammada nahamar dişli sərhədləri olan tək və ya çoxsaylı qabarmalar vizualizasiya edilir.
Qarın boşluğu orqanlarının ultrasəs müayinəsində bağırsaq divarlarının qalınlaşması müşahidə olunur. Divertikulit nəcis kütlələri ilə dolduqda USM-də onlar sıx möhtəviyyatlı kisəvari qabarma müəyyən edilir.
Laparoskopiya üsulu ilə iltihablaşmamış divertikulu aşkar etməklə yanaşı onu dərhal kəsib götürmək mümkündür. Divertikulun diaqnostikasında həmçinin laborator üsullar mühüm rol oynayır. Qanın ümumi analizində iltihab əlamətləri: leykositoz, çöpnüvəli formalara qədər sola meyllik və EÇS-nin yüksəlməsi izlənilir.
Divertikulitin müalicəsi
Müalicə proktoloji şöbədə və ya ambulator şəraitdə aparılır. Konservativ terapiyanın əsas preparatları antibiotiklərdir. Müalicə kursu 1-2 həftə davam edir. Divertikulitin müaicəsi zamanı işlədici vasitələr və imalələrin istifadəsi qadağandır, bu da onların bağırsaqda təzyiqin yüksəlməsinə səbəb olmaları ilə bağlıdır. Xəstələrə xüsusi pəhriz təyin edilir, köp və qəbizlik törədən məhsulların qida rasionundan çıxarılması məsləhət görülür. Əla sort undan hazırlanmış çörək, un, süd, üzüm və paxlalı bitkilərin qəbulunu azaltmaq tövsiyə olunur. Bu məhsullar kobud üyüdülmüş undan bişirilən çörək, dəniz kələmi, yarma, giləmeyvə, armud və qida lifləri ilə zəngin digər meyvələrlə əvəz edilməlidir.
Divertikulitin irinləməsi, intensiv qanaxmalar, fistulaların formalaşması, kəskinləşmə hallarının tez-tez təkrarlanması, bağırsaq keçməməzliyi və peritonit cərrahi müalicəyə göstəriş sayılır. İltihablaşmış divertikulun xaric edilməsi vəziyyətdən asılı olaraq, planlı şəkildə və ya təcili sürətdə həyata keçirilir.
Divertikulitin proqnoz və profilaktikası
Divertikulitin müalicəsi vaxtında və düzgün formada aparıldıqda proqnoz qənaətbəxş sayılır. Xəstəliyin profilaktik tədbirlərinə idman məşğələləri, qida lifləri ilə zəngin məhsulların istifadəsi, gün ərzində 2 litrdən artıq maye qəbulu, immunitetin stabil saxlanılması aiddir. Bundan əlavə yoğun bağırsağın travmatik manipulyasiyalarına yol verilməməli, qəbizliyin qarşısı alınmalıdır. Sadalanan profilaktik üsullar bağırsağın divertikulyozuna malik pasiyentlərdə divertikulitin yaranma ehtimalını minimuma endirir.