Düz bağırsağın stenozu
Düz bağırsağın stenozu – iltihabi proseslər, şiş xəstəlikləri, travmatik zədələnmələr və anadangəlmə inkişaf qüsurları ilə əlaqədar düz bağırsağın daralmasıdır. Patologiya nəcis kütlələrinin hərəkətinin çətinləşməsi, defekasiyanın ağrılı olması, anal dəlikdən qan ifrazı, perianal nahiyənin dərisinin qaşınma, hiperemiya və maserasiyası ilə təzahür edir. Stenoz uzun müddət davam etdikdə nəcis saxlamazlıq mümkündür. Diaqnoz klinik əlamətlər, rektal müayinə, irriqoskopiya, proktoqrafiya rektoromanoskopiya, biopsiya və digər üsulların nəticələri əsasında qoyulur. Müalicə məqsədilə medikamentoz terapiya, fizioterapiya, radikal və palliativ əməliyyatlar aparılır.
- Yaranma səbəbləri
- Təsnifat
- Düz bağırsaq stenozunun əlamətləri
- Diaqnostika
- Düz bağırsaq stenozunun müalicəsi
- Proqnoz və profilaktika
Düz bağırsağın stenozu barədə ümumi məlumat
Düz bağırsağın stenozu – orqanın mənfəzinin kiçilməsidir. Stenoz lokal striktura və ya bağırsağın bütövlükdə daralması ilə özünü büruzə verir. Nadir hallarda rast gəlinir, anadangəlmə və ya qazanılmış xarakterli olur. İfadəli anadangəlmə strikturalar həyatın ilk günlərində, yüngül daralmalar isə uşaq doğulduqdan bir neçə müddət sonra aşkarlana bilir. Düz bağırsağın qazanılmış stenozu orta və ahıl yaşlı insanlarda müşahidə edilir. Xəstəlik adətən tədricən inkişaf edir, stenoza səbəb olan kəskin vəziyyətdən klinik simptomatikanın tam formalaşmasına qədər bir neçə il keçə bilər.
Düz bağırsağın stenozunun yaranma səbəbləri
Düz bağırsağın qazanılmış stenozu əksər hallarda aralıq nahiyəsinin travmatik zədələnmələrindən, xroniki paraproktitin, babasilin cərrahi müalicəsindən, doğuş prosesində aralığın cırılmasından, düz bağırsaq, perianal zonanın patoloji vəziyyətlərindən və xəstəliklərindən sonra inkişaf edir. Stenoza həmçinin bağırsaq mənfəzinə doğru böyüyən törəmə və ya qonşu orqanın düz bağırsağa təzyiq edən şişləri gətirib çıxara bilir. Bəzi insanlarda strikturalar iltihabi patologiyalar, spesifik və qeyri-spesifik infeksiyalar, o cümlədən xoralı kolit, Kron xəstəliyi, paraproktit və bağırsağın vərəmi fonunda inkişaf edir.
Bir sıra hallarda düz bağırsağın stenozu aqressiv kimyəvi birləşmələrin yeridilməsindən (adətən özünü müalicə ilə məşğul olduqda) sonra formalaşır. Bəzən daralma anal çat, proktit və paraproktit zamanı yaranan xroniki pektenozla, kiçik çanaq orqanlarının onkoloji xəstəliklərinin şüa terapiyası ilə bağlı olur. Düz bağırsağın anadangəlmə stenozuna inkişaf qüsurları səbəb olur.
Düz bağırsağın stenozu təsnifatı
Klinik simptomatikanın ifadəliliyindən asılı olaraq, düz bağırsağın stenozunun 3 dərəcəsi ayırd edilir: kompensasiya olunmuş, subkompensasiya olunmuş və dekompensasiya olunmuş. Kompensasiya olunmuş daralma zamanı defekasiya aktı bir qədər çətinləşir, evakuator funksiya pozulmur. Düz bağırsağın subkompensasiya olunmuş stenozunda bağırsağın evakuator funksiyasının yüngül və ya mülayim dəyişiklikləri qeydə alınır. Dekompensasiya mərhələsində bağırsaq keçməməzliyinin əlamətləri, ikincili patoloji dəyişikliklər (iltihab, xoralaşma, bağırsağın yuxarı hissəsinin genişlənməsi, nəcis saxlamazlıq) müşahidə edilir.
Düz bağırsaq stenozunun əlamətləri
Düz bağırsağın qazanılmış stenozu orqanın istənilən şöbəsində (anal həlqədən tutmuş siqmavari bağırsağa keçid zonasına qədər) yarana bilər. Strikturaların uzunluğu fərqli olur. Qazanılmış stenozlar üçün ləng gediş xarakterikdir. Stenoza səbəb olan travma, əməliyyat və ya xəstəliklə klinik şəklin tam formalaşması arasındakı zaman intervalı bir neçə ay və ya ilə bərabər olur. Əlamətlər tədricən proqressivləşdiyindən xəstələr fiziki və psixoloji cəhətdən defekasiya aktının pozulmasına uyğunlaşır. Onlar çox zaman həkimə nəcis ifrazının həddindən artıq çətinləşdiyi hallarda müraciət edirlər. Belə pasiyentlərdə artıq düz bağırsağın stenozu orqanın selikli qişasının ikincili zədələnməsi, bəzən isə nəcis saxlamazlıqla ağırlaşmış olur.
Xəstələr defekasiyaya aldadıcı çağırışlardan, anus nahiyəsində qaşınmadan və defekasiya aktının çətinləşməsindən şikayət edirlər. Nəcis kütlələri nazik lent şəklində ifraz olunur. Defekasiyanın baş verməsi üçün dərindən gücənmə tələb olunur. Əksər hallarda daralma nahiyəsinin selikli qişasının iltihablaşması və xoralaşması ilə əlaqədar nəcisdə selik, irin və qan qarışıqları izlənilir. Perianal nahiyəyə baxış keçirərkən çapıqlar, maserasiya sahələri, patoloji ifrazatlar nəzərə çarpır. Barmaqla rektal müayinədə stenoz və bağırsaq divarının infiltrasiyası aşkarlanır. Endoskopik və radioloji üsulların köməyilə daralma nahiyəsindən yuxarıda fekal kütlələrin toplanması nəticəsində düz bağırsağın yuxarı şöbələrinin patoloji genişlənməsi müşahidə olunur.
Düz bağırsağın anadangəlmə stenozu adətən anal həlqə nahiyəsində, bəzən isə bir qədər yuxarıda və ya orqanın digər hissələrində yerləşir. Strikturanın ölçüsü kiçik olur. Anadangəlmə stenoz həyatın ilk günlərində təyin edilir. Yenidoğulmuşlarda mekoniumun ifrazının ləngiməsi qeydə alınır. Bir müddətdən sonra nəcis uzun lent şəklində xaric olunur. Bağırsağın kəskin daraldığı hallarda nəcis kütlələrinə rast gəlinmir, anusdan bulanıq maye ifraz edilir. Qarnın həcmi tədricən böyüyür. Uşağın narahatlıqları artır, iştahı və yuxusu pozulur. Yüngül formalarda xəstəliyin aşkarlanması çətinləşir, bəzən diaqnoz uşaq doğulduqdan bir neçə ay və ya il keçdikdən sonra təsdiqlənir.
Az yaşlılarda bağırsağın aşağı hissələrinin həmçinin bu nahiyənin inkişaf qüsurları, məsələn, aralıq, düz-bağırsaq-sidik kisəsi və rektovaginal fistulalarla müşayiət olunan anal kanalın atreziyası da səbəb ola bilər. Qusurlarla əlaqədar bağırsağın tam boşalmaması meqakolonun inkişafına, düz bağırsağın aşağı hissələrinin iltihablaşmasına və ikincili daralmasına gətirib çıxarır. Bəzən uşaqlarda stenoz anal kanalın atreziyası və ya düz bağırsaq fistulalarının cərrahi müalicəsindən sonra inkişaf edir.
Düz bağırsağın stenozu diaqnostikası
Diaqnoz şikayətlər, anamnestik məlumatlar (MBT-nin aşağı şöbələrinin xroniki xəstəlikləri, aralıq nahiyəsində əməliyyatlar və s.), fizikal baxış, rektal və instrumental müayinələrin nəticələri əsasında qoyulur. Anus nahiyəsinə baxış keçirərkən onun aralanması və ya daralması, maserasiya sahələri və patoloji ifrazatlar müşahidə olunur. Anadangəlmə stenozlu uşaqlarda bəzən tam formalaşmış anus əvəzinə mərkəzi hissəsində dəliyi olan dərinləşmə aşkarlanır.
Rektal müayinədə sfinkterin vəziyyəti, stenozun dərəcəsi və ölçüsü, bağırsaq divarının vəziyyəti (xora və infiltratların olması) qiymətləndirilir. Rektoromanoskopiya prosesində düz bağırsaq stenozunun xarakteri və ifadəliliyi barədə daha dəqiq vizual informasiya əldə edilir, eləcə də ehtiyac yarandıqda histoloji müayinə üçün material götürülür. İrriqoskopiya və proktoqrafiya stenozun ölçüsünü, bağırsağın yuxarıda yerləşən şöbələrinin genişlənmə dərəcəsini, evakuator funksiyanın pozulmasının ifadəliliyini müəyyənləşdirməyə imkan verir.
Düz bağırsaq stenozunun müalicəsi
Patologiyanın müalicəsi konservativ və ya cərrahi yolla aparılır. Anadangəlmə strikturalarda daralma zonası barmaqla və ya Geqar bujları ilə genişləndirilir. Bu üsul heç bir nəticə vermədikdə həmin nahiyə boylama kəsilir, yaranın kənarları köndələn tikilir. Düz bağırsağın ifadəli stenozunda daralma nahiyəsi sirkulyar kəsilir, yuxarı və aşağı hissələr öz aralarında tikilir. Fiksasiyaedici aparat tam formalaşmadıqda düz bağırsağın sallanmasının qarşısını almaq üçün rekonstruktiv əməliyyatlar tələb oluna bilər.
Düz bağırsağın qazanılma stenozunun kompensasiya və subkompensasiya olunmuş mərhələlərində konservativ tədbirlər həyata keçirilir. Bu zaman Geqar bujlarından istifadə edilir. Parafin, elektrofarez, diatermiya və palçıqla müalicə təyin olunur. Stenozlu xəstələrdə çapıq dəyişiklikləri məhdud sahədə yerləşdikdə zədələnmiş nahiyəyə qlükokortikosteroidlərin yeridilməsi müsbət nəticələr verir. Geniş sahəni əhatə edən çapıqlarda bu üsul qeyri-effektiv hesab olunur. Konservativ üsullar təsir göstərmədikdə cərrahi müdaxilə məsləhət görülür.
Əməliyyat prosesində bağırsağın patoloji hissəsi çərtilir və ya rezeksiya olunur. Məhdud stenozlarda anoplastika və rektoplastika (daralma nahiyəsinin kəsilməsi və köndələn tikişlərin qoyulması), eləcə də Pikus üsulu ilə əməliyyat (sfinkterə toxunmadan strikturanın kəsilməsi) aparılır. Düz bağırsaq stenozunun ifadəli iltihab və nəcis saxlamaqla gedən ağır formalarında ikimərhələli əməliyyat tələb olunur. I mərhələdə bağırsağın aşağı hissələrini yüklənmədən azad etmək üçün müvəqqəti kolostoma qoyulur. İltihab aradan qaldırıldıqdan sonra striktura kəsilir. Geniş sahəli daralmalarda düz bağırsağın rezeksiyası, amputasiyası və ya ekstirpasiyası icra edilir.
Düz bağırsağın stenozu proqnoz və profilaktikası
Düz bağırsaq stenozunun proqnozu qənaətbəxşdir. Uzaq dövrlərdə pasiyentlərin 90%-də tam sağalma və ya bağırsağın aşağı şöbələrinin evakuator funksiyasının qənaətbəxş dərəcədə bərpası müşahidə olunur. Düz bağırsaq stenozları nəcis saxlamazlıqla müşayiət edildikdə vəziyyət ağırlaşır. Belə hallarda sfinkterin funksiyasının normaya salınması üçün çoxmərhələli cərrahi əməliyyata və konservativ müalicəci tədbirlərə ehtiyac yaranır.
Patologiyanın profilaktikası yoğun bağırsağın aşağı şöbələrinin, aralıq nahiyəsinin xəstəliklərinin erkən diaqnostika və müalicəsindən ibarətdir.