Düz bağırsaqda yad cisim

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 2954

düz bağırsaqda yad cisim haqqındaDüz bağırsaqda yad cisim – yoğun bağırsağın bu nahiyəsinə hər hansı bir əşyanın daxil olması ilə xarakterizə edilir. Yad cisimlər düz bağırsaq proyeksiyasında ağrıların yaranmasına, defekasiya çağırışlarının daimi xarakter almasına və az miqdarda qanaxmalara səbəb olur. Diaqnostika prosesində düz bağırsağın barmaqla müayinəsi və rektoromanoskopiyadan istifadə olunur, anoskop və ya rektal güzgülərin köməyilə baxış keçirilir. Yad əşya bağırsaq boşluğundan retraktor və dişli kənarlara malik cərrahi alətlər vasitəsilə xaric edilir. Bəzən siqmoskopiya və ya laparotomiya aparılır.

  • Səbəbləri
  • Düz bağırsaqda yad cismin olma əlamətləri
  • Diaqnostika
  • Düz bağırsaqdan yad cismin çıxarılma yolları
  • Proqnoz və profilaktika

Düz bağırsaqda yad cisim barədə ümumi məlumat

Düz bağırsaqda yad cismin yerləşməsinə əsasən alkoqolizmdən, cinsi və ya psixi pozğunluqlardan əziyyət çəkən insanlarda rast gəlinir. Əksər hallarda yad əşya həyat üçün birbaşa təhlükə daşımır, sadəcə onun savadlı proktoloq tərəfindən düzgün qaydada xaric edilməsinə ehtiyac yaranır. Yad cisim bağırsaqda uzun müddət qaldıqda ümumi vəziyyətin pisləşməsinə və infeksiyanın inkişafına gətirib çıxarır. Bundan əlavə yad cisim perforasiya və penetrasiya kimi ağır fəsadlara səbəb ola bilər. Düz bağırsaqdan yad cismin effektiv şəkildə çıxarılma üsullarının təkmilləşdirilməsi ilə proktologiya sahəsinin mütəxəssisləri məşğul olur.

Düz bağırsaqda yad cismin səbəbləri

Düz bağırsaqda yad cismin səbəbləriDüz bağırsağa yad cisim müxtəlif səbəblərdən keçə bilər. Əşyanın daxil olma səbəblərinə görə proktologiyada düz bağırsağın yad cisimləri 4 qrupa ayrılır: peroral və mədə-bağırsaq traktından qida vasitəsilə daxil olan; rektal yeridilən; bağırsaq boşluğunda yaranan (nəcis daşları); qonşu orqan və toxumalardan keçən. Ağızdan daxil olan yad cisimlər təsadüfən və ya sui-qəsd məqsədilə, spirtli içkinin təsiri altında, psixi xəstəliklər zamanı anlaqlı şəkildə udula bilər. Onlar adətən mədədə ilişib qalır, lakin bəzi hallarda yad cisimlərin düz bağırsaqdan sərbəst sürətdə xaric olunması da mümkündür.

Yad cismin düz bağırsağa birbaşa daxil olma səbəbləri müxtəlifdir. Bəzən əşya anal kanala xəstə tərəfindən (psixoz və ya sərxoş vəziyyətlərdə, əsassız tibbi manipulyasiyaların pasiyent tərəfindən aparılması, anal masturbasiya zamanı və s.) yeridilir. Bu patoloji vəziyyət həmçinin məişət və istehsalat travmaları, tibbi müdaxilələrlə (termometr, qazçıxarıcı borucuqlar, imalə ucluqlarının sınıqları) bağlı ola bilər.

Yad cisim bağırsağa kənar şəxs tərəfindən daxil edildikdə zərərçəkənin əşyanı xaric etmə cəhdi hər zaman uğurlu alınmır. Bu da belə vəziyyətlərdə düz bağırsağa butılka, piyalə və sərbəst şəkildə çıxarılması mümkün olmayan digər əşyaların yeridilməsi ilə bağlıdır.

Düz bağırsaqda yad cismin olmasının əlamətləri 

Düz bağırsaqdan yad cismin çıxarılmasıPatoloji halın təzahürləri əşyanın forma və ölçüləri, onun düz bağırsaqda qalma müddəti, infeksiyanın qoşulması və ağırlaşmaların inkişafından asılıdır. Anal kanala balıq sümüyü, sancaq, diş təmizləyici çöp və s. kimi iti uclu əşyalar düşdükdə onların bağırsaq divarına sirayət edə bilər. Belə hallarda güclü ağrılar və defekasiya çağırışlarının tezləşməsi müşahidə olunur. Düz bağırsaqda yad cismin kəskin ağrılara səbəb olması onun anorektal nahiyənin qonşu toxumalarına penetrasiyasından xəbər verir.

Daha güclü ağrı sindromuna perforasiya hallarında – yad cismin bağırsaq divarını deşməsi nəticəsində möhtəviyyatın qarın boşluğuna tökülməsi zamanı rast gəlinir. Əşya düz bağırsaqda uzun müddət qaldıqda yerli iltihabi reaksiyanın inkişafı ümumi vəziyyətin pozulmasına gətirib çıxara bilər. Patoloji vəziyyət demək olar ki, hər zaman nəcisin ləngiməsi və defekasiya zamanı qanlı ifrazatın yaranması ilə müşayiət olunur.

Düz bağırsaqda yad cismin diaqnostikası

Düz bağırsağın yad cisminin diaqnostikası əksər hallarda heç bir çətinlik törətmir. Çünki xəstələr adətən yad cisim barədə xəbərdar olur. Əşyanın sərxoş halda və ya psixi pozğunluqlar zamanı anal dəlikdən orqanizmə yeridilməsi diaqnozun qoyulmasını mürəkkəbləşdirir.

Xəstə düz bağırsaqda yad cismin olmasından şikayət etdikdə barmaqla rektal müayinə prosesində əşyanın yeri, forması, ölçüləri və hərəkətliliyi müəyyənləşdirilir. Bəzi hallarda barmaqla müayinə zamanı yad cismi xaric etmək mümkün olur. Yad əşya əsasən düz bağırsağın orta seqmentində lokalizasiya olunur. Bu nahiyənin ön tərəfində bağırsağın distal hissəsinin əyriliyi kənar cismin həmin maneəni dəf etməsinə əngəl olur. Barmaqla müayinə prosesində düz bağırsağın orta hissəsindəki əşyalar asanlıqla palpasiya olunur.

Düz bağırsağın yuxarı şöbələri rektal güzgülər və ya anoskop vasitəsilə müayinə edilir. Bu üsulların köməyilə yad cismi vizualizasiya etmək və çıxarılma üsulunu dəqiqləşdirmək mümkündür. Zərurət yarandıqda rentgenoqrafiya aparılır. Rentgen şəkildə dərində yerləşən cisimlər daha aydın görünür. Bundan əlavə qarın boşluğu orqanlarının rentgenoqrafiyası düz bağırsağın perforasiyasını, onun möhtəviyyatının kiçik çanağa və ya qarın boşluğuna tökülməsini inkar etməyə kömək edir. Diaqnozu dəqiqləşdirmək məqsədilə bimanual müayinə aparılır.

Düz bağırsaqdan yad cismin çıxarılma yolları

Düz bağırsaqda yad cismin asanlıqla palpasiya və vizualizasiya olunduğu hallarda rektal retraktordan istifadə edilir. Manipulyasiyadan əvvəl lidokain və ya bupivakainin dəri və yaxud selikli qişanın altına yeridilməsi ilə yerli anesteziya icra olunur. Sonra retraktorla arxa keçid genişləndirilir və yad cisim xaric edilir. Bu tibbi müdaxilə ambulator şəraitdə aparılır. Bağırsağın rektal şöbəsinin aşağı hissəsində yerləşən və divara nüfuz etməyən yad cisimlər barmaq və ya cərrahi yolla asanlıqla çıxarılır. Bu müdaxilə ginekoloji kresloda yerinə yetirilir. Əşyanın gözlə göründüyü hallarda dişli ucluğa malik alətlərdən, Koxer sıxıcısından istifadə olunur.

İri ölçülü yad cisimlərin bu üsulla çıxarılması çətinliklər törətdiyindən manipulyasiyanın aparılması üçün proktoloqla yanaşı assistentin də iştirakına ehtiyac yaranır. Assistent əllə qarnın ön divarına təzyiq edərək, yad cismi anal dəlik istiqamətində hərəkət etdirir. Yerdəyişmə nəticəsində yad cisim əllə çıxarıla bilər.

Palpasiya ilə əşyanı müəyyən etmək mümkün olmadıqda pasiyent hospitalizasiya edilməlidir. Həmçinin yad cismin düz bağırsaqdan çıxarılma cəhdlərinin 2 dəfə uğursuzluqla nəticələnməsi xəstənin stasionarda yerləşdirilməsinə göstəriş sayılır.

Bağırsağın peristaltikası yad cismin rektal şöbənin orta hissəsinə doğru yerdəyişməsinə səbəb olur. Bu da əşyanın çıxarılmasını müəyyən dərəcədə asanlaşdırır. Belə hallarda yad cisim rektoskop və siqmoskopla xaric oluna bilər. Lakin proktoloqlar adətən retraktora üstünlük verirlər, çünki siqmoskopiya zamanı yad cismin proksimal istiqamətdə yerdəyişərək, prosesi ağırlaşdırması mümkündür.

Bəzən əşyanı xaric etmək üçün laparotomiya icra olunur. Əməliyyat zamanı yad cisim anusa doğru istiqamətləndirilir. Laparotomiya ümumi narkozla həyata keçirilir. Dərində yerləşən yad cismin çıxarılmasından sonra mütləq düz və S-vari bağırsağın endoskopiyası aparılmalıdır. Bu üsul bağırsağın travma və ya perforasiyasını inkar etməyə imkan verir. Sadalanan manipulyasiyaların təcrübəli proktoloq və ya cərrah tərəfindən yerinə yetirilməsi ağırlaşma ehtimalını minimuma endirir.

Düz bağırsaqda yad cismin proqnoz və profilaktikası

Düz bağırsaqdan yad cisim vaxtında və düzgün şəkildə xaric edildikdə proqnoz qənaətbəxş olur. Kənar əşyaların düz bağırsağa daxil olmasının qarşısını almaq üçün psixi pozğunluqlar müalicə edilməli, rektal manipulyasiyaların özbaşına və qeyri-peşəkar şəkildə aparılmasına yol verilməməlidir.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: