Epitelial büzdüm yolu

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 4534

epitelial büzdüm yolu nədir?Epitelial büzdüm yolu – sağrıarası nahiyənin dərialtı toxumasında defektin – dar kanalın olması ilə səciyyələnən anadangəlmə patologiyadır. Klinik təzahürlər büzdüm yolunun iltihabı ilə bağlıdır. Xəstələrdə oma-büzdüm nahiyəsində ağrı, qan və ya irinli ifrazatlar yaranır, dəri qızarır və bərkiyir.  Müalicənin gecikdirilməsi absesləşmə, ikincili irinli fistulaların formalaşması, aralıq və sağrı nahiyəsinin dərisində piodermiyanın inkişafı ilə nəticələnir.

  • Yaranma səbəbləri
  • Təsnifat
  • Epitelial büzdüm yolunun əlamətləri
  • Diaqnostika
  • Differensial diaqnostika
  • Epitelial büzdüm yolunun müalicəsi
  • Radikal müalicədən imtina olunduqda gözlənilən ağırlaşmalar
  • Proqnoz

Epitelial büzdüm yolu barədə ümumi məlumat

Patologiya bəzən pilonidal sinus, büzdümün dermoid kistası və ya fistulası kimi adlandırılır. Birincili epitelial büzdüm yolu bir və ya bir neçə kiçik dəliklərlə sağrıarası büküşə açılır. Onun digər ucu isə dərialtı toxumada qurtarır, oma və ya büzdümlə heç bir əlaqəsi olmur.

Büzdüm fistulasının nöqtəvi dəliklərindən vaxtaşırı onu daxildən bürüyən epitelin həyat fəaliyyəti məhsulları ifraz olunur. Bundan əlavə həmin dəliklərdən toxumalara infeksiya keçə bilir. Epitelial büzdüm yolu uzun müddət klinik olaraq təzahür etmir. Xəstələr proktoloqa adətən pilonidal sinus iltihablaşdıqda müraciət edirlər.

Epitelial büzdüm yolunun birincili dəliklərinin obstruksiyası zamanı onun möhtəviyyatı durğunlaşır, bu da mikroorqanizmlərin çoxalmasına və irinli iltihaba gətirib çıxarır. Epitel yolu genişlənir, onun divarları irinin təsirindən əriyir, infeksiya dərialtı piy toxumasına yayılır. İri ölçülü irinlik dəri örtüklərinə açılır və pilonidal sinusun ikinci dəliyi əmələ gəlir.

Epitelial büzdüm yolunun yaranma səbəbləri

Epitelial büzdüm yolunun səbəbləriEpitelial büzdüm yolu embrional dövrdə formalaşır. Dölün inkişaf prosesi pozulduqda sağrı büküşü nahiyəsində dəri altında daxildən epitellə örtülü yol yaranır. Bu anadangəlmə defekt çox geniş yayılmışdır. Bəzi xarici mütəxəssislər pilonidal sinusu tük kistası adlandırırlar. Onların fikrincə  patologiya tükün anomal uzanması və dəriyə batması nəticəsində inkişaf edir.

Epitelial büzdüm yolunun təsnifatı

Epitelial büzdüm yolu 3 formaya təsnif edilir: ağırlaşmayan fistula (iltihab əlamətləri və şikayətlər olmur), pilonidal sinusun kəskin və xroniki iltihabı.

Büzdüm yolunun iltihabının aşağıdakı mərhələləri ayırd edilir:

  • infiltrativ – kəskin və xroniki iltihabın erkən mərhələsi hesab olunur. Bu dövr irinlik formalaşana qədər davam edir.
  • absesləşmə – xroniki iltihab zamanı müşahidə olunur.

Xroniki hallarda həmçinin irinli fistula mərhələsi qeydə alınır.

Epitelial büzdüm yolunun əlamətləri

Epitelial büzdüm yolunun əlamətləriHəyatın ilk illərində epitelial büzdüm yolu heç bir əlamətlə özünü büruzə vermir. Pubertat dövründə büzdüm yolunda tüklər böyüməyə başlayır, epitel qatın (piy və tər vəzilərinin) həyat fəaliyyəti məhsulları ifraz edilir. Bu zaman qaşınma hissi, pilonidal sinusdan axıntılarla əlaqədar həmin nahiyənin nəmlənməsi müşahidə oluna bilər. Epitelial büzdüm yolunun çıxış hissəsinin anus yaxınlığında yerləşməsi, dəri vəzilərinin aktiv fəaliyyəti, sağraarası büküşün nəmlənməsi fistula yolunun tutulmasına gətirib çıxarır. Möhtəviyyatın durğunluğu isə infeksiyanın inkişafına səbəb olur. Büzdüm yolunda iltihabi prosesin formalaşmasında iştirak edən amillər aşağıdakılardır: birincili dəliyin yerləşdiyi sahənin izafi tüklənməsi, gigiyena qaydalarına riayət olunmaması, travmalar, cızıqlar.

Pilonidal sinusun iltihabı büzdüm nahiyəsində ağrı, bəzən qanlı və ya irinli ifrazatlarla xarakterizə edilir. Əksər hallarda xəstələr əlamətlərin travma ilə əlaqəli olduğunu hesab edirlər.

Başlanğıcda kəskin iltihab inkişaf edir, infiltrat formalaşır, sonra isə irinli abses əmələ gəlir. Bu mərhələdə həkimə müraciət olunduqda epitelial büzdüm yolunun xaric edilməsi üçün zəruri tədbirlər görülür. Müalicə sağalma ilə nəticələnir. Əks halda abses spontan şəkildə dəriyə açılır. Bu zaman adətən ağrı yüngülləşir, lakin infeksion ocaq ləğv olunmadığından iltihabi proses xroniki xarakter alır. Abses boşluğunu dəri ilə birləşdirən irinli fistula formalaşır. Xəstəlik dalğavari gedişə malik olur, residivlər baş verir. Xroniki iltihab tədricən daha böyük sahəni əhatə etdiyindən intoksikasiya əlamətləri meydana çıxır.

Epitelial büzdüm yolunun diaqnostikası

Epitelial büzdüm yolunun diaqnostikası heç bir çətinlik törətmir. Onu müəyyən etmək üçün sağrıarası büküşdə birincili dəliklərin aşkarlanması kifayətdir. İltihab, abses, irinli ifrazatlara rast gəlindikdə «ağırlaşmış epitelial büzdüm yolu» diaqnozu qoyulur. Digər patologiyaları inkar etmək üçün əlavə müayinələr aparılır.

Belə üsullara barmaqla rektal müayinə, büzdüm və oma fəqərələrinin palpasiyası aiddir. İnstrumental metodlardan rektoromanoskopiya təyin olunur. Onun vasitəsilə düz bağırsaq xəstəlikləri aşkar və ya inkar edilir. Qeyri-müəyyən simptomatika müşahidə olunduqda kolonoskopiyadan istifadə edilir. Lakin pasiyentlərin yaşı az olduğundan geniş diaqnostik tədbirlərin aparılmasına ehtiyac olmur. Nadir hallarda epitelial büzdüm yolunu digər xəstəliklərdən differensiasiya etmək üçün fistuloqrafiya icra olunur.

Epitelial büzdüm yolunun differensial diaqnostikası

Pilonidal sinusun differensial diaqnostikası paraproktit zamanı düz bağırsaq fistulası, büzdüm kistası, arxa meninqosele, büzdüm və omanın osteomieliti, presakral teratoma ilə aparılır. Diaqnoz sağrıarası büküşə baxış, barmaqla rektal müayinə, fistulanın zondlanması və fistuloqrafiyanın nəticələri əsasında qoyulur.

Zondlanma zamanı düz bağırsaq fistulası büzdüm istiqamətində yerləşmir. Fistuloqrafiyada onun ikinci dəliyinin morqan kriptlərindən birinə açıldığı müəyyən edilir Epidermoid büzdüm kistası adətən ağrısız olur, dəri altında hərəkətli törəmə kimi əllənir. Kista irinlədikdə epitelial büzdüm yolunun klinikasına analoji simptomatika müşahidə olunur. Lakin baxış zamanı birincili dəlik aşkarlanmır.

Arxa meninqosele sıx-elastik konsistensiyalı, oval formalı, ağrısız və hərəkətsiz dərialtı törəmə şəklində palpasiya edilir. Birincili dəliyə malik olmur. Anamnezdə kiçik çanaq orqanlarının funksional patologiyalarına, xüsusən də enurezə rast gəlinir. Meninqoseleyə şübhə yarandıqda omanın rentgenoqrafiyası aparılmalı, xəstə neyrocərrah tərəfindən konsultasiya olunmalıdır.

Anus yaxınlığında dəriyə açılan embrional yol presakral teratomanın əlaməti ola bilər. Bəzən dəlik epitelial büzdüm yoluna çox bənzəyir. Teratoma oma-büzdüm nahiyəsində irinli iltihab törədə bilir. Onlar barmaqla rektal müayinə zamanı aşkarlanır, palpasiyada sərt konsistensiyalı şiş əllənir. Ehtiyac yarandıqda USM və fistuloqrafiya icra edilir.

Oma və büzdümün osteomieliti düz bağırsağın arxa divarından fəqərələrin palpasiyası zamanı üzə çıxarılır. Belə hallarda sümüklərdə patoloji hərəkətlilik, qabarmalar, xəmirəbənzər konsistensiya müəyyən edilir. Osteomielitdən şübhələndikdə çanağın rentgenoqrafiyası aparılır.

Epitelial büzdüm yolunun müalicəsi

Epitelial büzdüm yolu yalnız cərrahi yolla müalicə olunur. Cərrahi müdaxilə zamanı patoloji kanal radikal şəkildə kəsilir. Epitel yolu ağırlaşdıqda patoloji dəyişikliyə uğrayan ətraf toxumalar, irinli fistulalar da xaric edilir. Postoperasion dövrdə geniş təsir spektrinə malik antibiotiklərlə 5-7 gün ərzində müalicə aparılır. Yaranın sağalmasını sürətləndirmək üçün fizioterapevtik üsullar tətbiq edilir.  Əməliyyatdan sonra residivləşmə hallarının qarşısını almaq üçün əvvəlcə yaranın, sonra isə çapığın  ətrafı tüklərdən təmizlənilir.

İltihabın postoperasion residivləşməsi infeksiya ocaqlarının, birincili dəliklərin, fistulaların tam şəkildə ləğv olunmamasına dəlalət edir. Qeyri-profilli şöbələrdə müalicə alan pasiyentlərdə residivlərə 10 dəfə çox rast gəlinir.

Koloproktoloji şöbənin mütəxəssislərinin geniş təcrübəyə və bu sahədə dərin biliklərə malik olması ilə əlaqədar patologiyanın müalicəsi məhz onlara etibar edilməlidir.

Radikal müalicədən imtina olunduqda gözlənilən ağırlaşmalar 

Epitelial büzdüm yolunun aşkarlandığı pasiyentlərin təcili surətdə əməliyyat olunmasına gərək yoxdur. Xəstələr radikal müalicəni təxirə sala və irinli boşluqların drenajlanması ilə kifayətlənərək, ondan ümumiyyətlə imtina edə bilər. Lakin irinli iltihab uzun müddət davam etdikdə proses ətraf toxumalara yayılır, yeni abseslər və aralıq nahiyəsinin dərisinə, qasıq büküşlərinə açılan mürəkkəb quruluşlu fistula yolları formalaşır. Çox zaman piodermiya və aktinomikoz inkişaf etməklə xəstəni vəziyyətini pisləşdirir. Belə hallarda müalicə çətinləşir, cərrahi müdaxilənin həcmi artır, postoperasion dövr daha ağır gedir, residivləşmə ehtimalı yüksəlir.

Epitelial büzdüm yolunun proqnozu

Epitelial büzdüm yolu və zədələnmiş toxumalar tamamən kəsilib götürüldükdə proqnoz qənaətbəxş olur. Əməliyyatdan sonra yara sağalana qədər pasiyentlər müşahidə altına alınır.

Profilaktik məqsədlə yaranın kənarındakı tüklər uzandıqca təmizlənməli, pambıqdan hazırlanmış alt paltarlarından istifadə olunmalıdır. Bundan əlavə gigiyena qaydalarına riayət edilməli, sağrıarası və perianal nahiyələrin təmizliyinə fikir verilməlidir.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: