Eroziv proktit

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 1630

eroziv proktit nədir?Eroziv proktit – düz bağırsağın selikli qişasında səthi defektlərin yaranması ilə xarakterizə olunan iltihabi xəstəlikdir. Onlar çapıqlaşmadan sağala və ya dərinləşərək, xoraya çevrilə bilir. Patologiya düz bağırsaq nahiyəsində ağrılar, anusda göynəmə hissi, tenezmlər, nəcisin konsistensiyasının pozulması, fekal kütlələrdə qan və selik qarışıqları ilə təzahür edir. Diaqnoz əlamətlər, rektal müayinə, endoskopik üsullar, biopsiya və nəcis analizinin nəticələri əsasında qoyulur. Müalicə məqsədilə pəhriz, iltihabəleyhinə və regenerasiyaedici təsirlərə malik şam və imalələr, oturaq vannalar təyin olunur.

  • Yaranma səbəbləri
  • Eroziv proktitin əlamətləri
  • Diaqnostika
  • Eroziv proktitin müalicəsi
  • Proqnoz və profilaktika

Eroziv proktit barədə ümumi məlumat

Eroziv proktitin səbəbləriEroziv proktit polietioloji xəstəlik olub, müxtəlif infeksion və qeyri-infeksion amillərin təsirindən yaranır. Hər iki cinsin nümayəndələri arasında eyni tezliklə rast gəlinir. Patologiyaya uşaqlarla müqayisədə böyüklərdə daha çox təsadüf edilir. Defektlər dərinləşərək, xoralarla əvəz oluna bilir. Bu səbəbdən eroziv proktitin müalicəsi düzgün şəkildə aparılmalı, bağırsağın selikli qişasının vəziyyətinə daim nəzarət olunmalıdır.

Eroziv proktitin yaranma səbəbləri

Etioloji amillərdən asılı olaraq, müasir proktologiyada eroziv proktitin aşağıdakı formaları ayırd edilir:

  • Alimentar. Kəskin, ədəvalı, duzlu və yağlı qidalardan, spirtli içkilərdən həddindən artıq istifadə edən şəxslərdə rast gəlinir. Alimentar forma qıcıqlandırıcı maddələrin bağırsaq divarına təsiri ilə əlaqədar formalaşır.
  • Durğun. Xroniki qəbizlikdən əziyyət çəkən xəstələrdə inkişaf edir. Patologiya bağırsaq divarının bərk fekal kütlələrlə zədələnməsi və düz bağırsaqda venoz durğunluğun yaranması nəticəsində inkişaf edir.
  • Parazitar. Helmintozlardan və protozoy mənşəli bağırsaq infeksiyalarından əziyyət çəkən pasiyentlərdə müşahidə olunur. Dizenteriya, balantidioz, enterobioz, trixosefalyoz, askaridoz və digər parazitar infeksiyalarda aşkarlana bilər. Eroziv proktitin inkişafı selikli qişanın birbaşa zədələnməsi (məsələn, tükbaş qurdların rektal şöbəyə daxil olması zamanı) və parazitlərin mübadilə məhsullarının bağırsaq divarına təsiri ilə bağlı olur.
  • Radiasion. Kiçik çanaq orqanlarının onkoloji xəstəliklərinin (adətən uşaqlıq boynu və cisminin xərçəngi) şüa terapiyası nəticəsində yaranır. Radiasion eroziv proktitlər arasında yayılmasına görə kontakt qamma-terapiya fonunda baş verən iltihabi proseslər birinci yeri tutur. Distansion şüa terapiyası ilə assosiasiyalı radiasion proktitlərə daha az rast gəlinir.
  • Spesifik eroziv proktit. Qonoreya, sifilis, xlamidioz və cinsi yolla ötürülən digər xəstəliklərdə qeydə alınır. Qadınlarda ifrazatların uşaqlıq yolundan anus nahiyəsinə axması zamanı mikroorqanizmlər yayılaraq, eroziv proktitə səbəb olur. Homoseksual kişilərdə anal cinsi əlaqə düz bağırsağın infeksiyalaşmasına gətirib çıxara bilir.

Bundan əlavə, eroziv proktit imalələrin düzgün tətbiq olunmaması, anal dəlikdən yad cisimlərin və ya qıcıqlandırıcı təsirli məhlulların yeridilməsi ilə əlaqədar düz bağırsağın selikli qişasının mexaniki, kimyəvi və termiki zədələnməsi nəticəsində formalaşır. Eroziv proktitin risk amillərinə MBT-nin digər şöbələrinin xəstəlikləri, soyuqlama, immunitetin zəifləməsi, babasil, anal çat, paraproktit və kiçik çanaq orqanlarının xəstəlikləri (vulvovaginit, sistit, prostatit və s.) aiddir.

Eroziv proktitin əlamətləri 

Eroziv proktitin əlamətləri Eroziv proktit üçün qəfil başlanğıc: bədən hərarətinin yüksəlməsi, titrətmə və aldadıcı çağırışlar xarakterikdir. Pasiyentlər düz bağırsaq nahiyəsində yaranan ağrılardan şikayət edirlər. Ağrı bəzən bel, aralıq, sidik kisəsi və ya oma nahiyəsinə yayılır. Xəstələri anal qaşınma, anusda göynəmə və ağırlıq hissi narahat edir. Nəcis durulaşır, defekasiya aktları tezləşir. Fekal kütlələrdə qan və selik qarışıqlarına rast gəlinir. Bəzən tenezmlər fonunda sadəcə qanlı selik xaric olunur. Xəstəliyin ilkin mərhələlərində anal sfinkter spastik yığılır, sonralar isə boşalır. Anusun aralanması, selik, qan və duru nəcisin qeyri-iradi ifrazı mümkündür.

Klinik təzahürlərin ifadəliliyi eroziv proktitin formasından, iltihabi prosesin yayılmasından və digər amillərdən asılıdır. Məsələn, qonoreya mənşəli proktit zəif nəzərə çarpan simptomatika: mülayim qaşınma və göynəmə, qeyri-intensiv ağrılar, vaxtaşırı yaranan tenezmlərlə səciyyələnir.

Uşaqlığın xərçəngi səbəbindən aparılan şüa terapiyasından sonra inkişaf edən radiasion eroziv proktit isə əksinə, ağır gedişli olur. Xəstələrdə hipertermiya, güclü ağrılar, tez-tez təkrarlanan tenezmlər müşahidə edilir. Eyni zamanda kiçik çanaq orqanlarının bədxassəli şişləri ilə əlaqədar şüa terapiyası alan əksər pasiyentlərdə əlamətlər zəif ifadə oluna və ya onların bir hissəsinə ümumiyyətlə rast gəlinməyə bilər.

Eroziv proktitin diaqnostikası

Diaqnoz şikayətlər, xəstəlik tarixi, anus nahiyəsinə baxış, barmaqla rektal müayinə, rektoromanoskopiya, nəcis analizi və digər müayinələrin nəticələri əsasında qoyulur. Anal nahiyəyə baxış ginekoloji kresloda və ya diz-dirsək vəziyyətində aparılır. Müayinə zamanı perianal zonanın dəri örtüklərinin və sfinkterlərin vəziyyəti qiymətləndirilir. Böyüyən hemorroidal düyünlər, anal çatlar, eləcə də sfinkterin tonusunun zəifləməsindən və düz bağırsaq möhtəviyyatının qeyri-iradi ifraz olunmasından xəbər verən nəcis, qan və selik izləri, maserasiya ocaqları müşahidə edilir.

Rektal müayinə zamanı bağırsaq divarında ödem aşkarlanır. Barmağı düz bağırsaqdan çıxardıqdan sonra əlcəyin üzərində selik və qana rast gəlinə bilər. Rektoromanoskopiya iltihabi prosesin yayılma dərəcəsinin təyinində və diaqnozun qoyulmasında həlledici rol oynayır. Bağırsağın selikli qişasına vizual baxış keçirərkən ödem və ifadəli hiperemiya müəyyən edilir. Orqanın divarlarında eroziyalar və fibrinoz-irinli ərp nəzərə çarpır.

Eroziv proktitdə defektlərin ölçü və miqdarı fərqli olur. Bəzi xəstələrdə selikli qişanın kiçik ölçülü tək-tək zədələnmələri, digərlərində isə bağırsağın xeyli hissəsini əhatə edən çoxsaylı ocaqlar aşkar edilir. İltihab zonası düz bağırsağın aşağı hissəsi (anal dəlikdən 5-7 sm məsafədə) ilə məhdudlaşa və ya rektal  şöbəni bütövlükdə zədələyərək, siqmavari bağırsağa yayıla bilər. Axırıncı halda eroziv proktosiqmoidit diaqnozu qoyulur. Eroziv proktitin səbəblərini aydınlaşdırmaq üçün koproqramma, nəcisin qur yumurtalarına görə və bakterioloji analizi təyin edilir.

Eroziv proktitin müalicəsi

Müalicə proktoloji şöbədə konservativ yolla aparılır. Terapiya iltihabi prosesə səbəb olan amillərin uzaqlaşdırılmasına, iltihabi prosesin aradan qaldırılmasına, eroziv proktitin xoralı formaya keçməsinin qarşısının alınmasına, həmçinin zədələnmiş epitelin regenerasiyasının stimulyasiyasına yönəldilir. Pasiyentlərə yataq rejimi və xüsusi pəhriz təyin olunur. Gündəlik rasiondan yağlı, duzlu, hisə qoyulmuş məhsullar, spirtli içkilər çıxarılır, qida liflərinin qəbulu azaldılır.

Nəcisn konsistensiyasının normaya salınması üçün tədbirlər görülür. Mikrobəleyhinə vasitələrdən (neomisin-sulfat, kolimisin və onların analoqları) istifadə edilir. Spesifik infeksiyalarda müvafiq müalicə aparılır. Parazitar eroziv proktitdə antiparazitar preparatlar tətbiq edilir. Şüa terapiyası nəticəsində yaranan iltihab zamanı müalicə dayandırılır və ya şüalanmanın dozası korreksiya olunur. Xəstələrə protorqol, kollaqol, çobanyastığı dəmləməsi, kolibakterinlə imalələr, metilurasil tərkibli şamlar, kalium-permanqanat məhlulu ilə oturaq vannalar təyin edilir.

Eroziv proktitin proqnoz və profilaktikası

Eroziv proktitin sonluğu xəstəliyin etiologiyasından, iltihabi prosesin ağırlığından, müalicənin vaxtında və düzgün şəkildə aparılmasından asılıdır. Tam sağalma, eroziyanın dərinləşərək, xoralı proktit əmələ gətirməsi və ya kəskin iltihabın xronikləşməsi mümkündür.

Profilaktik tədbirlərə provokasiyaedici amillərin aradan qaldırılması, yoğun bağırsağın aşağı şöbələrində patoloji əlamətlər müşahidə olunduqda erkən diaqnostikanın aparılması, koloproktoloji xəstəliklərin vaxtında müalicə edilməsi aiddir.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: