Hemorroidal qanaxmalar

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 1473

 hemorrodial qanaxmalar nədir?Hemorroidal qanaxmalar — düz bağırsağın hemorroidal düyünlərindən qanlı ifrazatın xaric olması ilə xarakterizə olunan patoloji vəziyyətdir. Patologiya provokasiyaedici amillərin təsirindən anusdan periodik qanaxmalarla təzahür edir. Diaqnostika xarici baxış, düz bağırsağın barmaqla müayinəsi, rektoromanoskopiya, irriqoskopiya, qarın boşluğu orqanlarının rentgenoqrafiyası, qanın ümumi və biokimyəvi analizinin nəticələrinə əsaslanır. Müalicə məqsədilə konservativ üsullardan, az invaziv və radikal cərrahi müdaxilələrdən istifadə olunur.

  • Yaranma səbəbləri
  • Patogenez
  • Hemorroidal qanaxmaların əlamətləri
  • Diaqnostika
  • Hemorroidal qanaxmaların müalicəsi
  • Proqnoz və profilaktika

Hemorroidal qanaxmalar barədə ümumi məlumat

Hemorroidal qanaxmalar – düz bağırsağın kavernoz cisimlərində hiperplastik dəyişikliklər fonunda anal kanaldan qanın ifrazı ilə səciyyələnir. Belə qanaxmalar dünya əhalisinin 10%-dən çox hissəsində müşahidə olunan babasil xəstəliyində baş verir. Bu patologiya düz bağırsaq xəstəliklərinin 40%-ni təşkil edir, əsasən kişi cinsinin nümayəndələrində qeydə alınır. Babasilə daha çox 30-50 yaşlarda rast gəlinir. Müasir proktologiya sahəsinin mütəxəssisləri tərəfindən babasilin və hemorroidal düyünlərdən qanaxmaların yeni müalicə üsullarının axtarışı davam edir. Xəstəliyin diaqnostikası və  müalicəsi ilə proktoloq məşğul olur.

Hemorroidal qanaxmaların yaranma səbəbləri

Hemorroidal qanaxmaların səbəbləriHemorroidal qanaxmalar adətən defekasiya aktında daxili hemorroidal düyünlərin zədələnməsi nəticəsində baş verir. Belə hallara əsasən xroniki qəbizlik və həddindən artıq gücənmə zamanı təsadüf olunur. Qanaxmanın səbəbləri arasında düz bağırsağın divarlarındakı kavernoz cisimlərdən venulalarla qanın qayıdışının və venoz divarın innervasiyasının pozulması, şaxələnmiş mağaralı cisimlərin olması, birləşdirici toxumanın anadangəlmə funksional çatışmazlığı qeyd olunur.

Hemorroidal qanaxmanın risk amillərinə qəbizlik, uzun müddət oturaq vəziyyətdə və ya ayaq üstə qalma, ağır fiziki iş, piylənmə və hamiləlik aiddir. Spirtli içkilər və kəskin qidaların müntəzəm şəkildə istifadəsi qanaxma ehtimalını yüksəldir. Hemorridal qanaxmalar həmçinin portal hipertenziya ilə müşayiət olunan qaraciyər sirrozu fonunda inkişaf edir.

Hemorroidal qanaxmaların patogenezi

Hemorroidal qanaxmanın əsasını kiçik arteriolalarla mağaralı cisimciklərə qan axınının artması hesabına kavernoz sistemin hiperplaziyası təşkil edir. Risk amillərinin təsirindən mikroskopik travmalar yaranır, bu da anal kanalda hemorroidal düyünlərin miqrasiyasına gətirib çıxarır. Qanaxmadan əvvəl qan durğunluğu və yerli venoz qan dövranının pozulması nəticəsində düyünün divarı nazilir. Kiçik ölçülü çatlar və eroziyalar formalaşır, düyünün boşluğundan qan xaricə axır. Kavernoz toxumada müvafiq patoloji proses olduqda öz aralarında əlaqəyə girən büküşlü divara malik venoz damarlar müşahidə edilir.

Hemorroidal qanaxmaların əlamətləri

Hemorroidal qanaxmaların əlamətləriPatologiya anusdan damcı və ya sıçrantı şəklində al-qırmızı qanın ifrazı ilə təzahür edir. Qanlı axıntı defekasiya aktında sonra əmələ gəlir. Qan ləkəsi tualet kağızında, nəcisdə və ya alt paltarında aşkarlana bilər. Hemorroidal qanaxmalar ağrı hissi ilə müşayiət olunmur. Bir sıra hallarda qan gözlənilmədən ifraz olunur. Hemorroidal düyünlərdən qan axını adətən defekasiya aktından sonra başa çatır. Qan ifrazı növbəti defekasiya zamanı təkrarlana bilər.

Babasil düz bağırsağın sallanması ilə müştərək şəkildə inkişaf etdikdə qanaxmanın miqdarı artır, bu da dəmirdefisitli anemiyaya gətirib çıxarır. Klinik əlamətlərin ifadəliliyinə əsasən hemorroidal qanaxmalar gur və ya zəif olur. Birinci hal üçün hətta yumşaq konsistensiyalı nəcis ifrazında sıçrantı və ya pulsasiyalı al-qırmızı şırnaq şəklində ifraz olunan arterial tipli qanaxma xarakterikdir. Zəif qanaxma isə pəhrizin kəskin pozulması və xroniki qəbizlik zamanı anal kanaldan az miqdarda qanın  ifrazı ilə səciyyələnir.

Hemorroidal qanaxma çox zaman rektal nahiyənin digər patologiyaları: anal çat, kəskin paraproktit, düz bağırsağın fistulası ilə birgə inkişaf edir. Bununla əlaqədar xəstəliyin klinikasında qanaxma əlamətləri ilə yanaşı irinli və selikli ifrazatlar, eləcə də hərarətin yüksəlməsi müşahidə oluna bilər.

Hemorroidal qanaxmaların diaqnostikası

Düz bağırsaqdan qanın ifrazı hemorroidal qanaxmadan və ya mədə-bağırsaq traktının aşağı hissələrinin digər patologiyalarından şübhələnməyə əsas verir. Belə hallarda mütləq proktoloqa müraciət etmək lazımdır. Kəskin qanaxma zamanı mütəxəssis tərəfindən yalnız xarici baxış və barmaqla rektal müayinə həyata keçirilir. Bu sadə üsullar böyümüş hemorroidal düyünləri aşkar etməyə imkan verir.

Endoskopik müayinə kəskin simptomatikanın sönməsindən sonra aparılır. İnstrumental üsullardan düz və  S-vari bağırsağın endoskopiyası (rektoromanoskopiya) yerinə yetirilir. Bu metodun köməyilə qanaxmanın lokalizsiyası dəqiqləşdirilir. Yoğun bağırsağın bütün hissələrini müayinə etmək üçün kolonoskopiyadan istifadə olunur. Laborator üsullardan qanın ümumi və biokimyəvi analizi icra edilir. Qanın ümumi analizində eritrosit və hemoqlobinin səviyyəsinə diqqət yetirilir. Xroniki qanaxmalar zamanı bu göstəricilər azala bilər.

Endoskopik üsullarla düz bağırsaqdan ifraz olunan qanlı axıntıların onkoloji səbəbi inkar edilir. Hemorroidal qanaxmaların differensial diaqnostikasında yoğun bağırsağın kontrastlaşdırılmış rentgenoqrafiyası – irriqoskopiya aparıla bilər. Qaraciyərin quruluşunu qiymətləndirmək və hemorroidal qanaxmaların portal mənşəli olmadığını dəqiqləşdirmək məqsədilə qarın boşluğu orqanlarının USM  aparılır.

Babasilin irinli fəsadlarını inkar etmək üçün leykositozun səviyyəsi və formulanın sola meylliyi yoxlanılır. Bu dəyişikliklər iltihabi ağırlaşmalar zamanı aşkar edilir. Tez-tez residivləşən hemorroidal qanaxma hallarında qaraciyərin funksional imkanları qiymətləndirilməli, hemostaz göstəriciləri təyin edilməlidir. Qaraciyərin funksional pozğunluqları və hemostaz sisteminin patologiyalarında hemorroidal qanaxmalar gur xarakterli olub, tez-tez təkrarlanır.

Hemorroidal qanaxmaların müalicəsi

Fəsadlaşmamış babasil xəstəliyində rast gəlinən nadir qanaxmalar konservativ yolla müalicə olunur. Bu zaman terapiya iltihab hallarının aradan qaldırılmasına və nəcisin normaya salınmasına yönəldilir. Xəstələrə ağır fiziki yüklənmələrdən imtina və düzgün pəhrizə riayət etmək məsləhət görülür. Tez-tez residivləşən, eləcə də tromboz və hemorroidal düyünlərin sallanması ilə müşayiət olunan hemorroidal qanaxmalar cərrahi müalicəyə göstəriş sayılır. Əməliyyatdan əvvəl 5-7 gün ərzində iltihabəleyhinə preparatlar təyin edilir.

Hemorroidal qanaxmaların kəskinləşmə dövründə fiziki yüklənmələr uzaqlaşdırılmalıdır. Babasildən əziyyət çəkən xəstənin qida rasionu işlədici təsirə malik məhsullarla, o cümlədən meyvə və tərəvəzlərlə zənginləşdirilməlidir. Konservativ müalicə qismində müxtəlif fizioterapevtik tədbirlərdən istifadə olunur. Onların sırasında antiseptiklərlə müalicəvi yerli vannalar daha effektiv sayılır. Medikamentoz terapiya trokserutin, detralekslə aparılır. Hemorroidal qanaxmaların müalicəsində iltihabəleyhinə şamlar tətbiq edilir.

Hemorroidal düyünlərin aşkarlandığı xəstələrə heparin təyin edilir. Qanaxma qaşınma, ağrı və göynəmə hissi ilə müşayiət olunduqda kseroform, xanımotu ekstraktı, trokserutin, fluokortolon tərkibli kompleks preparatlar qəbul edilməlidir. Düz bağırsaqda yaranan güclü ağrılar analgetiklərin tətbiqinə göstəriş hesab olunur.

Az invaziv cərrahi üsullar arasında infraqırmızı koaqulyasiya, bipolyar elektrokoaqulyasiya, düyünlərin lateks həlqələrlə liqaturaya alınması tətbiq edilir. Hemorroidal qanaxmanın müasir cərrahi müalicə üsullarına hemorroidal arteriyalara liqaturanın qoyulması, sklerozlaşdırıcı və krioterapiya aiddir. Az invaziv əməliyyatlar qeyri-effektiv olduqda açıq cərrahi müdaxilələr icra olunur.

Hemorroidal qanaxmaların proqnoz və profilaktikası

Hemorroidal qanaxmalar zamanı proktoloqa vaxtında müraciət etdikdə proqnoz qənaətbəxş olur. Müasir üsullar əsas xəstəliyin əlamətlərini aradan qaldırmağa və ya əhəmiyyətli dərəcədə azaltmağa, o cümlədən qanaxmanın təkrarlanmasının qarşısını almağa imkan verir.

Profilaktik tədbirlər qismində ağır əmək və spirtli içikilərdən imtina, anal nahiyəyə gigiyenik qulluq, oturaq həyat tərzinin korreksiyası, hamilələr üçün nəzərdə tutulan idman hərəkətləri məsləhət görülür.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: