İşemik kolit
İşemik kolit – yoğun bağırsağın kəskin və ya xroniki iltihabi xəstəliyi olub, orqan divarlarının qan təhcizatının pozulması nəticəsində yaranır. Patologiya qarında müxtəlif intensivlikli ağrılar, ishalla növbələşən qəbizlik, qanaxma, meteorizm, ürəkbulanma, qusma və bədən çəkisinin itirilməsi (xroniki formada) ilə təzahür edir. Ağır hallarda bədən hərarəti yüksəlir, ümumi intoksikasiya əlamətləri meydana çıxır. Diaqnoz rektoromanoskopiya, irriqoskopiya, kolonoskopiya və aşağı müsariqə arteriyasının angioqrafiyasının nəticələrinə əsasən qoyulur. Erkən mərhələlərdə müalicə konservativ yolla aparılır. Onun qeyri-effektivliyi cərrahi müalicəyə göstəriş sayılır.
- Yaranma səbəbləri
- Patogenez
- Təsnifat
- İşemik kolitin əlamətləri
- Ağırlaşmalar
- Diaqnostika
- İşemik kolitin müalicəsi
- Proqnoz və profilaktika
İşemik kolit barədə ümumi məlumat
İşemik kolit – qan damarlarının okklüziya və ya daralması ilə əlaqədar yoğun bağırsağın divarlarında qan dövranının seqmentar pozulmasıdır. Belə hallar bağırsağın zədələnmiş sahəsinin iltihabı, striktura və nekrozu ilə nəticələnir. «İşemik kolit» termini ilk dəfə 1966-cı istifadə olunmuşdur. Xəstəlik əsasən yaşlı insanlarda qeydə alınır. Pasiyentlərin 80%-ni yaşı 50-dən yuxarı olan şəxslər təşkil edir. Hər iki cinsin nümayəndələri arasında xəstəliyin rastgəlmə tezliyi eynidir. İşemik kolit bütün ölkələr və qitələr üzrə bərabər yayılmışdır. Müxtəlif məlumatlara əsasən yuxarı yaş qrupundan olan pasiyentlərdə yoğun bağırsaq xəstəliklərinin təqribən 1/3 hissəsi orqanın divarlarında qan dövranının pozulması səbəbindən yaranır. İşemik kolitin diaqnostika və müalicəsi həkim-proktoloq tərəfindən həyata keçirilir.
İşemik kolitin yaranma səbəbləri
Yoğun bağırsağı qanla təhciz edən damarların spazmı, okklüziyası, ümumi arterial təzyiqin azalması işemik kolitin inkişafına gətirib çıxarır. Damarların okklüziyası müsariqə arteriyalarının aterosklerozu, emboliya və ya tromboemboliyası, allergik reaksiyalar, travma, postoperasion ağırlaşmalar, sistemli vaskulit, DDL-sindromu nəticəsində baş verir. Hipotenziya fonunda yaranan işemik kolit şok vəziyətinə, kəskin allergik reaksiyalara, aorta anevrizmasının laylanmasına, ağır formalı anemiyaya və orqanizmin susuzlaşmasına (qanitirmə, profuz ishalla müşahidə olunan bağırsaq infeksiyaları) səbəb olur.
Damarların okklüziyası zamanı adətən bağırsaq divarının nekrozu və ya qanqrenası inkişaf edir. Zədələnmə sahəsi damarın diametrindən, onun mənfəzinin tam və ya hissəvi tutulmasından, okklüziyanın davametmə müddətindən, kollateral qan dövranının yaranma ehtimalından asılıdır. Damarın mənfəzi tədricən tutulduqda (məsələn, ateroskleroz zamanı) işemik kolit strikturaların formalaşması ilə səciyyələnən xroniki xarakter ala bilər.
Yoğun bağırsaq, xüsusən damar anastomozlarının rast gəlindiyi sahələr zəif vaskulyarizasiyaya malikdir. Orqanın funksional aktivliyi qan cərəyanının daha da azalmasına səbəb olur. Bununla əlaqədar şok vəziyyətləri, ürək çatışmazlığı (kəskin və ya xroniki), travma, əməliyyat zamanı qanaxmalar və ya bağırsaq infeksiyalarında maye itkisi qısa müddət ərzində işemiyanın inkişafına gətirib çıxarır. Nəticədə işemik kolit formalaşır.
İşemik kolitin patogenezi
İşemik kolit adətən (xüsusən ateroskleroz zamanı) S-vari və köndələn çənbər bağırsaqda inkişaf edir. Lakin prosesə yoğun bağırsağın digər hissələrinin də cəlb olunması mümkündür. İlk növbədə selikli qişa zədələnir. Bir sıra hallarda iltihab selikaltı qata və əzələlərə yayılır. İri arteriyaların okklüziyası zamanı proses sürətlə inkişaf edir, bağırsaq divarının bütün qatları iltihablaşır. İşemik dəyişikliklər geri dönən və dönməyən olur. Nekroz və qanqrena müşahidə edilmədikdə qan dövranı bərpa olunduqdan sonra selikli qişa tez bir zamanda norma halına qayıdır.
Xroniki işemik kolit pozğunluqların tədricən inkişafı ilə xarakterizə olunur. Bu da iltihab, xora və son nəticədə strikturaların inkişafına gətirib çıxara bilər.
İşemik kolitin təsnifatı
İşemik kolit gedişinə görə kəskin və ya xroniki olur. Kəskin kolitə selikli qişa, selikaltı qat və bağırsağın bütün divarının infarktı səbəb olur. Zaman keçdikcə xroniki kolit yoğun bağırsağın strikturaları ilə ağırlaşa bilir.
Klinik proktologiyada işemik kolitin 3 forması ayırd edilir:
- tranzitor (əlamətlərin və morfoloji dəyişikliklərin geriyə inkişafı);
- stenozlaşdırıcı (strikturaların formalaşması);
- qanqrenoz (bağırsaq divarının bütün qatlarının nekrozu, xora, tez-tez baş verən ağırlaşmalar, morfoloji dəyişikliklərin proqressivləşərək, geriyə dönməməsi).
İşemik kolitin əlamətləri
Patologiya kəskin və ya yarımkəskin formada təzahür edir. Xəstəlik spesifik əlamətlərə malik olmadığından onun diaqnostikası çətinliklər törədir. Pasiyentlər əsasən qarında yaranan ağrılardan, vaxtaşırı təkrarlanan bağırsaq qanaxmalarından, ishalla qəbizliyin növbələşməsindən şikayət edir. Sulu konsistensiyalı, selik və qan qarışıqlı nəcis ifrazı üstünlük təşkil edir. Palpasiya zamanı sol qalça nahiyəsində, göbək ətrafında ağrı müəyyən edilir. Barmaqla rektal müayinə prosesində düz bağırsaqda qanlı, selikli və irinli ifrazat aşkarlana bilər. Bu və ya digər simptomatikanın intensivliyi işemik kolitin formasından və zədələnmiş sahənin ölçülərindən asılıdır.
İşemik kolitin geridönən forması qan dövranı pozğunluğunun qısa müddətli olduğu və ya kollateralların sürətlə inkişaf etdiyi hallarda inkişaf edir. Xəstəliyin bu forması qarın sol hissəsində və ya göbək ətrafında vaxtaşırı yaranan ağrı hissi ilə səciyyələnir. Bəzən ağrının intensivliyi və davametmə müddəti o qədər kiçik olur ki, pasiyentlər onu ciddi qəbul etmir. Ağrı fiziki yüklənmədən və yeməkdən 30 dəqiqə sonra yaranaraq, bir neçə saat ərzində keçib gedə bilər. Bu əlamət xarakterinə görə stenokardiya və ya fasiləli axsama zamanı meydana çıxan ağrını xatırladır. Bir müddətdən sonra xəstələrdə tenezmlər və selik-qan qarışıqlı sulu nəcis ifrazı baş verir. Nəcisdə qan bəzən xəstəliyin başlanmasından 1 neçə gün və ya həftə keçdikdən sonra aşkarlanır.
Patoloji vəziyyətin sonrakı inkişaf mərhələsində əlamətlər öz-özünə itə və yaxud işemik kolitin geridönməyən formaya keçməsi zamanı arta bilir. Axırıncı halda xəstələrdə ağrı hissi güclənir. Nəcisin miqdarı çoxalır. O, qan və selik qarışığına, çürüntülü iyə malik olur. Pasiyentlərin ümumi vəziyyəti pisləşir. Pasiyentlərdə hipertermiya, ürəkbulanma, qusma, ümumi intoksikasiya əlamətləri müşahidə oluna bilər.
İşemik kolitin ağırlaşmaları
İşemik kolitin hətta ən ağır formalarında profuz qanaxmalar nadir halda baş verir. Bağırsaq divarının massiv nekrozu yoğun bağırsağın perforasiyasına və peritonitin inkişafına səbəb ola bilər. Xroniki işemik kolit əksər hallarda strikturaların formalaşmasına, bağırsaq çatışmazlığına, yoğun bağırsağın daralma nahiyəsində xərçəngin yaranmasına gətirib çıxarır.
İşemik kolitin diaqnostikası
İşemik kolitin diaqnostikasında instrumental müayinə üsulları daha informativ sayılır. Rektoromanoskopiya ilə xəstəlik barədə tam məlumat əldə etmək mümkün deyil. İşemik kolitin geridönən formasında düz və S-vari bağırsaqda selikli qişaya qansızmalar müşahidə edilir. Nekrotik forma zamanı solğun selikli qişa fonunda dəqiq kənarlara malik, fibrinoz ərplə örtülü xoralar izlənilə bilər.
İrriqoskopiya – işemik kolitin ən informativ müayinə üsullarından sayılır. Geridönən dəyişikliklər zamanı işemiya nahiyəsində barmaqla basılarkən yaranan izləri xatırladan defektlər aşkarlana bilər. Onların qısamüddətli olması ilə əlaqədar irriqoskopiya işemik kolitə şübhə yarandıqda dərhal yerinə yetirilməlidir. Nekrotik dəyişikliklər davamlı xoralı defekt şəklində vizualizasiya olunur. İrriqoskopiya prosesində strikturalar da təyin oluna bilər. Kolonoskopiya yoğun bağırsağın bütün hissələrində divarlardakı morfoloji dəyişiklikləri üzə çıxarmağa imkan verir. Bədxassəli prosesdən şübhələndikdə müayinə zamanı yoğun bağırsağın işemiyalı və ya strikturalı sahəsindən biopsiya götürülür.
Damarların obstruksiyasının səbəbini və səviyyəsini aydınlaşdıqmaq üçün aşağı müsariqə arteriyasının angioqrafiyası icra olunur. İşemik kolitin ağırlaşmalarında pasiyentin ümumi vəziyyətini qiymətləndirmək məqsədilə qanın ümumi və biokimyəvi analizi aparılır. Antibiotikoterapiyanı korreksiya etmək üçün qan və nəcisin bakterioloji əkilməsi yerinə yetirilir, preperatlara qarşı həssaslıq təyin edilir.
İşemik kolit infeksion xəstəliklər (dizenteriya, amöbiaz, helmintoz), qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi, bədxassəli törəmələrlə differensiasiya edilir. İnfeksion xəstəliklər zamanı ümumi intoksikasiya əlamətləri ön plana keçir, müvafiq epidemioloji anamnez olur. Xoralı kolit və Kron xəstəliyi tədricən inkişaf edir, onlara daha cavan pasiyentlərdə təsadüf olunur. Yoğun bağırsağın bədxassəli şişlərinin formalaşmasına uzun müddət (adətən bir neçə il) tələb olunur.
İşemik kolitin müalicəsi
Xəstəliyin ilkin mərhələsində konservativ terapiya aparılır. Qoruyucu pəhriz, yüngül işlədicilər, qan dövranını və qanın reologiyasını yaxşılaşdıran preparatlar (damargenişləndiricilər, antiaqreqantlar) təyin edilir. Dipiridamol, pentoksifillin, vitamin kompleksləri işemik kolitin kompleks müalicəsinin nəticələrini yaxşılaşdırır. Xəstənin vəziyyəti ağır olduqda dezintoksikasion terapiya, su-elektrolit balansının korreksiyası aparılır. Bəzən qan köcürməyə ehtiyac yaranır. Bağırsağın fəaliyyətinin yüngülləşdirilməsində parenteral qidalanma xüsusi əhəmiyyət kəsb edir. İşemik kolitin bakterial ağırlaşmalarında antibiotiklər və sulfanilamid preparatlar tətbiq olunur.
Yoğun bağırsağın geniş sahəli nekrozu, qanqrena, perforasiya və peritonit işemik kolitin cərrahi müalicəsinə göstəriş sayılır. Əməliyyat prosesində bağırsağın zədələnmiş sahəsi sağlam toxumalar həddində kəsilir, sonra qarın boşluğu reviziya olunur və postoperasion drenaj qoyulur. Pasiyentlərin adətən yaşlı nəslin nümayəndələri olması ilə əlaqədar belə əməliyyatlardan sonra ağırlaşmalara tez-tez rast gəlinir. Bağırsaq mənfəzini daraldan və ya tamamilə tutan strikturalar zamanı planlı əməliyyatlar həyata keçirilir.
İşemik kolitin proqnoz və profilaktikası
İşemik kolitin proqnozu xəstəliyin forma və gedişindən, ağırlaşmaların olmasından asılıdır. Qan cərəyanı bərpa olunduğu və nekrozun baş vermədiyi hallarda proqnoz qənaətbəxş sayılır. Nekroz zamanı xəstəliyin sonluğu prosesin yayılma dərəcəsindən, diaqnostika və cərrahi müdaxilənin vaxtında, düzgün şəkildə aparılmasından asılıdır. Həmçinin patologiyanın gedişi xəstənin yaşı, ümumi vəziyyəti və yanaşı gedən xəstəliklərlə bağlı olur.
İşemik kolit əksər hallarda aterosklerozun, ürək çatışmazlığının, mədə-bağırsaq və kiçik çanaq orqanlarında aparılan əməliyyatların ağırlaşması kimi təzahür etdiyindən onun profilaktikasının əsasını ilkin xəstəliyin adekvat müalicəsi təşkil edir. İşemik kolitin qarşısını almaq üçün düzgün qidalanmaya və profilaktik tibbi baxışların müntəzəmliyinə nəzarət olunmalıdır.