Kəskin proktit

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 1567

kəskin proktit nədir?Kəskin proktit – düz bağırsağın selikli qişasının kəskin iltihabıdır. Xəstəlik üçün qəfil başlanğıc  xarakterikdir. Onun təzahürlərinə kəskin ağrılar, aldadıcı defekasiya çağırışları, qəbizlik, düz bağırsaqda göynəmə və ağırlıq hissi, anal dəlikdən patoloji ifrazatlar, ümumi vəziyyətin   pisləşməsi, titrətmə, hipertermiya aiddir. Kəskin proktit sağalma ilə nəticələnə və ya xroniki formaya keçə bilir. Diaqnoz şikayətlər, anamnestik məlumatlar, rektal baxış və rektoskopiyanın nəticələri əsasında qoyulur. Müalicə məqsədilə pəhriz, antibiotikoterapiya, yerli iltihabəleyhinə vasitələr, imalələr, oturaq vanna, bəzən isə hormonal preparatlar təyin edilir.

  • Yaranma səbəbləri
  • Təsnifat
  • Kəskin proktitin əlamətləri
  • Diaqnostika
  • Kəskin proktitin müalicəsi

Kəskin proktit barədə ümumi məlumat

Kəskin proktit – infeksion agentlər, parazitlər, mexaniki, kimyəvi və şüa amillərinin təsirindən düz bağırsağın selikli qişasında yaranan iltihabi prosesdir. Xəstəlik çox zaman siqmoiditlə müştərək şəkildə inkişaf edir. İltihab bəzən anus nahiyəsinin dərialtı piy qatına yayılaraq, paraproktitə səbəb olur. Kəskin proktitə izoləolunmuş formada da təsadüf edilir.

Patoloji prosesin forma və yayılmasından asılı olaraq, xəstəliyin əlamətləri bir neçə gündən 1 həftəyə qədər davam edə bilər. Kəskin proktit hər iki cinsin nümayəndələri arasında eyni tezlikdə rast gəlinir.

Kəskin proktitin yaranma səbəbləri

Kəskin proktitin yaranma səbəbləriKəskin proktitin etioloji amillərinə qeyri-düzgün qidalanma, helmintlər, qəbizlik, infeksiyalar, kimyəvi və mexaniki faktorlar, eləcə də kiçik çanağın şüalanması aiddir. Kəskin qidalara və spirtli içkilərə meyllik bu patologiyanın inkişafına şərait yaradır. Nəcis kütlələrinin rektal şöbədə ləngiməsi venoz durğunluq və bağırsağın selikli qişasının zədələnməsi ilə müşayiət olunaraq, kəskin proktitin formalaşmasına təkan verir.

Patologiya helmintoz (amöbiaz, askaridoz və s.), qeyri-spesifik və spesifik infeksion proseslər fonunda meydana çıxa bilər. Kəskin proktit törədən spesifik infeksiyalara tədqiqatçılar qonoreyanı aid edirlər. Solğun treponemaya yoluxmuş insanla qorunmamış anal cinsi əlaqədən sonra düz bağırsağın selikli qişasında birincili sifilitik şankr əmələ gələ bilər. Kəskin radiasion proktit kiçik çanaq orqanlarının bədxassəli şişlərinin şüa terapiyasının fəsadı kimi inkişaf edir.

Kəskin proktitə bəzən düz bağırsaqda yad cisim, həddindən artıq isti və ya soyuq təmizləyici və yaxud selikli qişanı qıcıqlandıran vasitələrlə imalə səbəb olur. Patologiya anus nahiyəsinin, yaxınlıqda yerləşən orqan və toxumaların bəzi xəstəlikləri (paraproktit, anal çat, babasil, vulvovaginit, sistit), eləcə də müxtəlif mənşəli immun pozğunluqlar, soyuqlama, fiziki və emosional amillərin təsirindən orqanizmin zəifləməsi nəticəsində yarana bilər.

Kəskin proktitin təsnifatı

Düz bağırsağın selikli qişasının zədələnməsinin xarakterindən asılı olaraq, kəskin proktitin aşağıdakı formaları ayırd edilir:

  • Kataral-selikli – zədələnmə sahəsinin hiperemiyası və selik ifrazı ilə müşayiət olunur.
  • Kataral-hemorragik – zədələnmə nahiyəsində ödem, hiperemiya və çoxsaylı kiçik qansızmalar müşahidə edilir.
  • Kataral-irinli – selikli qişanın ödemi və irin ifrazı ilə özünü büruzə verir.
  • İrinli-fibrinoz – kataral-irinli kəskin proktiti xatırladır, lakin bu formadan irinin konsistensiyasına görə fərqlənir. İrinli ifrazatın tərkibi fibrinlə zəngin olur. Selikli qişanın səthində irinli-fibrinoz qat əmələ gəlir.
  • Eroziv – selikli qişanın səthi defektlərinin formalaşması ilə təzahür edir.
  • Xoralı – selikli qişanın dərin defektləri ilə səciyyələnir.
  • Xoralı-nekrotik– kəskin xoralı proktitin ağır forması olub, düz bağırsağın selikli qişasında xoralarla yanaşı nekroz sahələrinin yaranması ilə xarakterizə edilir.
  • Polipoz – bağırsaq poliplərini xatırladan törəmələrlə müşayiət olunur .

Kəskin proktitin əlamətləri

Kəskin proktitin əlamətləriBu xəstəlik üçün qəfil başlanğıc – ümumi vəziyyətin pisləşməsi, hipertermiya, titrətmə, tenezmlər, qəbizlik xarakterikdir. Xəstələri zədələnmə nahiyəsində lokalizasiyalaşan, defekasiya zamanı güclənən intensiv ağrılar narahat edir. Ağrılar aralıq və cinsiyyət orqanlarına, bəzən isə belə yayılır. Pasiyentlərin əksəriyyəti düz bağırsaq nahiyəsində göynəmə və ağırlıq hissindən şikayət edir.

Əlamətlərin ifadəliliyi və yaranma müddəti xəstəliyin etiologiyasından və formasından asılıdır. Düz bağırsağın mexaniki, kimyəvi və ya termiki zədələnməsi zamanı kəskin proktit əlverişsiz təsirlərdən bir neçə saat və ya gün keçdikdən sonra yaranır. Radiasion proktit üçün simptomların gecikməsi (adətən şüa terapiyasının başa çatmasından bir neçə həftə və ya ay sonra) səciyyəvidir. Alimentar amillər, daimi qəbizlik və ya xroniki iltihabi proseslərin səbəb olduğu kəskin proktit adi vəziyyət fonunda, kəskinləşmə dövründə və yaxud qidalanmanın kobud şəkildə pozulmasından sonra baş verir.

Pasiyentlərin bədən hərarəti adətən subfebril olur. Güclü titrətmə və ifadəli hipertermiya adətən xəstəliyin irinli və xoralı formalarında aşkarlanır. Selikli kəskin proktitdə selik, irinli formada isə irin ifraz olunur. Xoralı və xoralı-nekrotik proktitlər zamanı nəcisdə təzə qan və ya qan laxtaları müşahidə edilir. Radiasion proktitin inkişafı qanlı ifrazatlar, zədələnmiş nahiyədə ağırlıq və göynəmə hissi ilə müşayiət olunur.

Kəskin proktitin ilkin mərhələlərində sfinkterin spastik yığılmasına, əlamətlər gücləndikdə isə boşalmasına meyllik qeydə alınır. Lakin xəstəliyin müxtəlif formalarında bu əlamətin ifadəliliyi və prosesin davametmə müddəti fərqli olur. Yüngül səthi iltihab zamanı bir neçə gün ərzində bütün əlamətlər keçib gedir. Eroziv, xoralı və xoralı-nekrotik formalar uzunmüddətli gedişə malik olur. Kəskin proktit tam sağalma ilə nəticələnə və ya xroniki proktitə keçə bilər.

Kəskin proktitin diaqnostikası

Kəskin proktit klinik əlamətlər, barmaqla rektal müayinə və əlavə diaqnostik prosedurların nəticələri əsasənda qoyulur. Barmaqla müayinə zamanı sfinkterin spastik yığılması və ya boşalması, selikli qişanın şişkinliyi və infiltrasiyası aşkarlanır. Barmağı düz bağırsaqdan çıxardıqda əlcəyin üzərində selik və qan izlərinə rast gəlinir. Rektoskopiyada selikli qişanın hiperemiyası və ödemi, eroziya, xora, qansızmalar və s. vizualizasiya olunur.

Endoskopiya zamanı biopsiya aparılır, toxuma nümunələri histoloji müayinəyə göndərilir. Xəstəliyin səbəbini aydınlaşdırmaq və daha effektiv müalicə üsulunu seçmək üçün sadalanan üsullardan əlavə nəcisin bakterioloji əkilməsindən və ifrazatda qurd yumurtalarının təyinindən istifadə olunur.  Kəskin proktit düz bağırsağın bədxassəli şişləri və aralığın absesləşən furunkulu ilə differensiasiya edilir.

Kəskin proktitin müalicəsi

Müalicə konservativ yolla aparılır. Pasiyentlərə yağlı, duzlu, kəskin, turş qidalardan, sellüloza ilə zəngin məhsullardan imtina etmək məsləhət görülür. Xəstələrə qoruyucu pəhriz təyin olunur. Kəskin proktitin başlanğıc mərhələlərində sakitlik rejimi, sonralar isə düz bağırsaqda nəcis kütlələrinin ləngiməsini qarşısını almaq üçün mülayim fiziki aktivlik tövsiyə edilir.

Kəskin proktit zamanı floranın həssaslığı nəzərə alınmaqla antibiotikoterapiya tətbiq edilir. Spesifik infeksiyalarla assosiasiyalı formalarda müvafiq müalicə aparılır, helmintoz zamanı isə antihelmint vasitələr təyin edilir. Bundan əlavə antihistamin preparatlar və düz bağırsağın spazmını aradan qaldıran spazmolitiklərdən istifadə olunur. İltihabəleyhinə və regenerasiyaedici xüsusiyyətlərə malik şamlar, eləcə də çobanyastığı ilə təmizləyici imalələr və kalium-permanqanat məhlulu ilə oturaq vannalar müsbət nəticələr göstərir. Kəskin proktitin xoralı formalarında yerli təsirli hormonal preparatlara üstünlük verilir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: