Kəskin siqmoidit

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 2270

kəskin siqmoidit nədir?Kəskin siqmoidit – S-vari bağırsağın selikli qişasında baş verən kəskin iltihabi prosesdir. Patologiya qarnın sol hissəsində spastik xarakterli ağrılar, ağrının bel və aralıq nahiyəsinə irradiasiyası, meteorizm, nəcisdə selik, qan və ya irin qarışığı, ürəkbulanma, qusma, titrətmə, bədən hərarətinin febril rəqəmlərə qədər yüksəlməsi ilə təzahür edir. Xəstəlik tam sağala və yaxud xroniki formaya keçə bilər. Diaqnoz irriqoskopiya, rektoromanoskopiya, nəcisdə gizli qanın təyini və digər diaqnostik prosedurların nəticələrinə əsasən qoyulur. Müalicə konservativ yolla aparılır. Bu məqsədlə xəstələrə antibakterial preparatlar, infuzion terapiya, simptomatik vasitələr, pəhriz təyin olunur.

  • Yaranma səbəbləri
  • Təsnifat
  • Kəskin siqmoiditin əlamətləri
  • Diaqnostikası
  • Kəskin siqmoiditin müalicəsi

Kəskin siqmoidit barədə ümumi məlumat

Kəskin siqmoidit – seqmentar kəskin kolitin bir forması olub, S-vari bağırsaqda iltihabın inkişafı ilə səciyyələnir. Patologiyaya izoləolunmuş şəkildə nadir hallarda təsadüf edilir. Kəskin siqmoidit adətən yoğun bağırsağın digər hissələrinin, xüsusən düz bağırsağın iltihabı ilə müşayiət olunur (rektosiqmoidit). Digər seqmentar kolitlərlə müqayisədə kəskin siqmoiditə daha çox rast gəlinir, bu da S-vari bağırsağın anatomik xüsusiyyətlərə ilə bağlıdır. Xəstəlik istənilən yaş dövründə yarana bilir. Hər iki cinsin nümayəndələri arasında patologiyanın yayılma tezliyi eynidir. Kəskin siqmoidit polietioloji xəstəlik olub, kəskin bağırsaq infeksiyaları, disbakterioz, bağırsağın xroniki xəstəliyi, şüalanma fonunda yaranır.  Müalicə proktologiya sahəsinin mütəxəssisləri tərəfindən aparılır.

Kəskin siqmoiditin yaranma səbəbləri

Kəskin siqmoiditin yaranma səbəbləriKəskin siqmoiditin olduqca geniş yayılması bağırsağın bu şöbəsinin quruluş xüsusiyyətləri və anatomik vəziyyətindən asılıdır. S-vari bağırsaq çənbər bağırsağın distal hissəsidir. Yoğun bağırsağın yuxarıda yerləşən şöbələrinə nisbətən S-bağırsaqda nəcisin konsistensiyası bir qədər bərk olur. Bu səbəbdən orqanın selikli qişası fekal kütlələrlə tez-tez zədələnir və kəskin siqmoiditin inkişaf riski yüksəlir. Bağırsaq “S”-ə bənzər formaya malikdir. Peristaltika pozulduqda çoxsaylı əyriliklərlə əlaqədar nəcis kütlələrinin hərəkəti çətinləşir, selikli qişanın zədələnmə ehtimalı artır, nəticədə kəskin siqmoidit yaranır.

Bağırsaq divertikulları əksər hallarda bu nahiyədə əmələ gəlir. Onlar iltihablaşdıqda divertikulit inkişaf edir. Yoğun bağırsağın digər şöbələrinə nisbətən S-vari bağırsaqda qan dövranı pozğunluğuna daha sıx rast gəlinir, bu da orqanı qidalandıran damarların quruluşu ilə bağlıdır. Trofikanın pozulması selikli qişanın zədələnməsinə və saya əzələlərin aktivliyinin azalmasına səbəb olmaqla peristaltikanın pozulmasını və bağırsaq divarının zədələnməsini daha da artırır.

Kəskin siqmoidit əsasən kəskin bağırsaq infeksiyaları (xüsusən dizenteriya), helmintoz, anorektal nahiyənin iltihabi prosesləri (anal çatlar, paraproktit, kəskin və xroniki proktit) fonunda inkişaf edir. Müsariqə venalarının trombozu və tromboflebiti, babasil və kiçik çanaqda qan dövranının pozulması ilə müşayiət olunan digər xəstəliklər zamanı kəskin siqmoiditin yaranma riski yüksəlir.

Kəskin siqmoidit adətən bitki tərkibli kobud qida liflərindən az istifadə edən, yağlı, kəskin və ədəvalı qidalara üstünlük verən, eləcə də həzm sisteminin xroniki xəstəliklərinin kəskinləşmələrindən əziyyət çəkən şəxslərdə müşahidə olunur. Bir sıra hallarda qarın boşluğu orqanlarında aparılan cərrahi müdaxilələr, kiçik çanaq orqanlarının onkoloji xəstəliklərinin şüa terapiyası, kişilərdə prostat vəzinin, qadınlarda isə daxili cinsiyyət orqanlarının xəstəlikləri kəskin siqmoiditin inkişafına təkan verir.

Kəskin siqmoiditin təsnifatı

Bağırsaq motorikasının pozulmasının xarakterindən asılı olaraq, spastik və paralitik, selikli qişanın zədələnmə xüsusiyyətlərinə əsasən kataral, eroziv, xoralı və hemorragik formalar ayırd edilir. Kəskin siqmoidit zamanı əksər hallarda kataral iltihab aşkar edilir. Müalicənin vaxtında aparılmaması, infeksion agentlərin yüksək aqressivliyi, travmatizasiya, qan dövranı pozğunluqları və digər səbəblərdən bağırsaq divarının ağır zədələnmələri səthi iltihabın eroziv və xoralı formaya keçməsinə səbəb olur.

Kəskin siqmoiditin əlamətləri

Kəskin siqmoiditin əlamətləriKəskin siqmoidit qəflətən inkişaf edir. Xəstələrdə ümumi vəziyyət pozulur, halsızlıq, baş ağrıları, hipertermiya və intoksikasiyanın digər əlamətləri meydana çıxır. İfadəli ağrı sindromu çox zaman kəskin qarın simptomatikasını xatırladır. Pasiyentlər adətən qarnın sol yarısında və sol qalça çuxurunda spastik xarakterli intensiv ağrılardan şikayətlənirlər. S-vari bağırsağın yüksək mobilliyi ilə əlaqədar bəzən qeyri-adi lokalizasiyalı ağrılar qeydə alınır. Ağrı bel, aralıq, sol aşağı ətraf nahiyəsinə irradiasiyası mümkündür.

Kəskin siqmoiditli xəstələrdə qarında qurultu, meteorizm, tenezmlər, qəbizliyin ishalla növbələşməsi, nəcisin miqdarının artması aşkar edilir. Nəcis kütlələri üfunətli iyə malik olur. Onların tərkibində patoloji qarışıqlar: selik, qan və ya irin əmələ gəlir. Kəskin proktitin və siqmoiditin müştərək inkişafı zamanı anal dəlikdən qanlı selik ifraz oluna bilər. Bəzi pasiyentlərdə ürəkbulanma və qusma müşahidə edilir.

Kəskin siqmoiditin diaqnostikası

Diaqnoz klinik təzahürlər, rektal müayinə, rektoromanoskopiya, rentgenoqrafiya və laborator analizlərin nəticələrinə əsasən qoyulur. Barmaqla rektal müayinə zamanı kəskin siqmoiditli xəstələrdə bağırsaq divarının şişkinliyi aşkarlanır. Rektoromanoskopiya zamanı ödem, hiperemiya, çoxsaylı qansızmalar, eroziya və ya xora (kəskin siqmoiditin formasından asılı olaraq) müəyyən edilir. İrriqoskopiya zamanı S-vari bağırsağın keçiriciliyinin pozulması və bağırsaq divarının ödemi ilə əlaqədar büküşlərin azalması üzə çıxarılır.

Helmintəleyhinə və antibakterial preparatların düzgün seçilməsi üçün sadalanan üsullarla yanaşı xəstələrə nəcisin qurd yumurtalarına görə analizi və bakterioloji müayinəsi təyin olunur. Ağrı sindromunun yüksək intensivliyi ilə əlaqədar təxirəsalınmaz xəstəliklər və vəziyyətlər, o cümlədən soxulcanabənzər çıxıntının atipik vəziyyəti zamanı kəskin appendisit və böyrək sancısı ilə differensial diaqnostika aparılır. Qadınlarda bu patologiya kəskin adneksitlə differensiasiya edilir.

Kəskin siqmoiditin müalicəsi

Başlanğıc mərhələdə pasiyentlərə yataq rejimi və qarın nahiyəsinə buzlu kompress təyin olunur. Qida rasionundan kəskin, yağlı, duzlu, soyuq və qaynar yeməklər, eləcə də bağırsaq peristaltikasını stimulə edən və köpün yaranmasına səbəb olan məhsullar çıxarılır. Şit yağla zəngin qidaların maye və ya yarımmaye halında kiçik porsiyalarla tez-tez qəbul olunması məsləhət görülür. Kəskin siqmoiditin ağır formalarında dezintoksikasion məhlullar, amin turşuları və qlükoza məhlulu ilə infuzion terapiya aparılır.

Nəcisin helmintlərə görə analizinin nəticələrinə və patogen mikrofloranın həssaslığına əsasən antibakterial preparatlar və ya helmintəleyhinə vasitələr təyin edilir. Kəskin siqmoiditin müalicəsinin digər hissəsini nəcis ifrazının pozulmasının, spazm və köpün aradan qaldırılmasına yönəldilən simptomatik terapiya təşkil edir. Bu məqsədlə enterosorbentlər, ümumi təsirli büzücü və bürüyücü preparatlar tətbiq olunur.

Yerli təsirli vasitələr qismində iltihabəleyhinə və regenerasiyaedici xüsusiyyətlərə malik rektal şamlar, çobanyastığı, çaytikanı və itburnu yağı ilə imalələrdən istifadə olunur. Müalicəyə vaxtında başlanıldıqda proqnoz adətən qənaətbəxş olur, əksər hallarda tam sağalma müşahidə edilir. Kəskin siqmoiditin ağır formalarında, müalicə vaxtında aparılmadıqda və həkim təyinatlarına düzgün riayət edilmədikdə xəstəlik xroniki formaya keçə bilər.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: