Kriptit
Kriptit – düz bağırsaqda yerləşən morqan kriptlərinin (kor ciblər) infeksiyalaşması nəticəsində yaranan iltihabi xəstəlikdir. Patologiya düz bağırsaqda ağrı, göynəmə, ağırlıq hissi, anal dəlik nahiyəsində dərinin nəmlənməsi ilə xarakterizə olunur. Kriptit əksər hallarda proktit və paraproktitlə ağırlaşır, qəbizlik, anal çat, fistula, düz bağırsaq xərçənginin yaranmasına gətirib çıxarır. Diaqnoz barmaqla rektal müayinə, ultrasonoqrafiya, anoskopiya və rektoromanoskopiyanın nəticələrinə əsasən qoyulur. Müalicə konservativ yolla aparılır: pəhriz, nəcis ifrazının normaya salınması, gigiyena qaydalarına riayət, oturaq vannalar. Konservativ müalicə qeyri-effektiv olduqda cərrahi əməliyyat icra edilir.
- Kriptitin yaranma səbəbləri
- Patoloji anatomiya
- Kriptitin əlamətləri
- Ağırlaşmaları
- Diaqnostika
- Kriptitin müalicəsi
Kriptit barədə ümumi məlumat
Kriptit — morqan kriptlərinin (düz bağırsağın terminal hissəsində yerləşən anatomik çuxurlar) kəskin və ya xroniki iltihabıdır. Xroniki qəbizlik və ishal zamanı nəcis kütlələrinin təsirindən kriptlər zədələnir, patogen mikroflora durğunlaşır. Kriptlərin normal şəkildə drenajlanmaması, təkrar infeksiyalaşma və müntəzəm travmalarla əlaqədar kəskin kriptit xronikləşməyə meylli olur. Ağır gedişli və uzunmüddətli kriptit proktit, paraproktit, anal çat, düz bağırsaq xərçəngi ilə fəsadlaşır.
Kriptitin yaranma səbəbləri
Kriptlər düz bağırsağın mənfəzi ilə əlaqəli olduğundan nəcis kütlələrinin ciblərə daxil olması çətinlik törətmir. Lakin normada kriptlər tam təmizlənir, anal vəzilərin ifraz etdiyi sekret infeksiyanın dərin qatlara keçməsinin qarşısını alır. Nəcis kütlələrinin sərt konsistensiyalı kompenentlərinin (sümük hissəcikləri, meyvə çəyirdəkləri və qabıqları və s.) kriptləri zədələməsi, davamlı ishal zamanı ciblərin divarının ödemi, anal vəzilərin axacaqlarının tutulması iltihabi prosesin formalaşmasına gətirib çıxarır. Nəcis kütlələrinin kor ciblərdə ləngiməsi və anal vəzilərin sekretinin qoruyucu xüsusiyyətlərinin azalması patogen mikroorqanizmlərin çoxalmasına səbəb olur.
Beləliklə, kriptitin inkişafı nəcis ifrazının pozulması və düz bağırsağın selikli qişasının travmatik zədələnmələri ilə bağlıdır. Anal vəzilərin obstruksiyası isə bakteriyaların dərin qatlara nüfuz etməsinə və paraproktitin yaranmasına səbəb olur.
Patoloji anatomiya
Morqan kriptləri yuxarı hissədə düz bağırsaqla əlaqəli olur, aşağıda isə aypara qapaqları ilə örtülür. Anal vəzilərin axacaqları morqan krpitlərinin dib hissəsinə açılır. Ciblərin tam təmizlənməməsi, vəzi axacaqlarının dəliyinin tutulması və mexaniki travmalar nəticəsində kriptlər iltihablaşa bilir. Ciblərin dərinliyi fərdi xarakter daşıyır. Dərin ciblər iltihablaşmağa daha çox meylli olur.
Kriptitin əlamətləri
Patologiya düz bağırsaqda ağrı (proktalgiya) ilə təzahür edir. Ağrı əsasən defekasiya zamanı meydana çıxır. Onun intensivliyi və xarakteri fərqli olur. Bəzən düz bağırsaqda göynəmə, ağırlıq, yad cisim hissiyyatı əmələ gəlir. Bir sıra hallarda nəcisdə qan izləri müşahidə olunur. Anusdan irin ifrazı adətən intensiv perianal qaşınma ilə müşayiət olunur. Hipertermiya kriptitin xarakterik əlaməti sayılmır.
İrinliyin formalaşması zamanı ağrı pulsasiyaedici xarakter alır. Ağrı sindromu çox vaxt defekasiya ilə assosiasiyalı olduğundan xəstələr nəcis ifrazını ləngitməyə çalışır, bu da əksinə, vəziyyəti daha da ağırlaşdırır. Xəstələrin əksəriyyətində anal sfinkterin spazmı inkişaf edir.
Etioloji amil aradan qaldırıldıqda və kriptlərin drenajı bərpa olunduqda klinik əlamətlər zəifləyir, kəskin iltihab zamanı hətta sağalma baş verir. Uzunmüddətli iltihab digər kriptlərə, rektal nahiyənin selikli qişasına, yoğun bağırsağın yuxarı hissələrinə, eləcə də dərin qatlara yayıla bilər.
Xroniki kriptit dalğavari gedişə malik olur. Nəcis ifrazının pozulması, bağırsaq divarının zədələnməsi, immunitetin zəifləməsi remissiya dövrlərinin kəskinləşmələrlə növbələnməsinə səbəb olur.
Kriptitin ağırlaşmaları
İrinləmiş kriptit bağırsaq mənfəzinə açılmadıqda iltihab ətraf toxumalara (yanaşı kriptlər, düz bağırsağın selikli qişası, yaxınlıqda yerləşən piy toxuması) yayıla bilər. Bunun nəticəsində proktit, paraproktit, düz bağırsaq fistulası formalaşır.
Abses öz-özünə partladıqda, lakin tam boşalmadıqda və ya kriptitin inkişafına səbəb olan amillər aradan qaldırılmadıqda (defekasiya pozğunluğu, selikli qişanın zədələnməsi davam etdikdə) xəstəlik xroniki fazaya keçir.
Xroniki kriptit düz bağırsaq divarının çapıq deformasiyaları, natamam fistula, cibin dib hissəsində kobid çapıq toxumasının formalaşması (pektenoz) ilə nəticələnə bilər. Pektenoz anal kanalı əhatə edən toxumaların 25%-ni zədələdikdə onun divarlarının elastikliyi azalır, düz bağırsağın dartılması zəifləyir. Bu da bağırsağın boşalmasını daha da çətinləşdirir.
Kriptitin diaqnostikası
Sorğu, şikayətlərin dinlənilməsi, anamnezin toplanılması, fizikal müayinə (baxış, aralıq və perianal nahiyənin palpasiyası) ilə yanaşı kriptitin diaqnostik tədbirlərinə həm də barmaqla rektal müayinə aiddir. Bu üsulla kriptlərin yerləşdiyi sahə yoxlanılır, lokal ağrı, ödem, irin aşkar edilir. Anoskopiya və rektoromanoskopiya anal kanalın və düz bağırsağın terminal hissəsinin, selikli qişanın vəziyyətinin daha geniş müayinəsinə, iltihablaşmış kriptlərin vizualizasiyasına (selikli qişanın ödemi, hiperemiyası, fibrin ərp, irin) imkan verir.
Nadir hallarda anoskopiya zamanı hiperemiyalaşmış selikli qişanın üzərində al-qırmızı nöqtə şəklində anal vəzinin axacağının dəliyini izləmək mümkün olur. Rektoskopiyanın köməyilə düz və S-vari bağırsağın selikli qişasının vəziyyəti qiymətləndirilir, digər patologiyalar inkar edilir. Bədxassəli törəmələrdən şübhələndikdə bağırsaq divarından biopsiya götürülür. Diaqnozu dəqiqləşdirmək üçün ultrasonoqrafiya (rektal ötürücü ilə) və proktoqrafiyadan istifadə olunur. Fistulalar fistuloqrafiya ilə müayinə edilir.
Kəskin kriptit, eləcə də xroniki formanın kəskinləşməsi paraproktitlə (xüsusən, əzələarası) differensiasiya edilir. Bu məqsədlə barmaqla rektal müayinə aparılır. Kritplərin lokalizasiya olunduğu sahədə ciblərdən dərində yerləşən toxumaların infiltrasiyası aşkarlanır. Düz bağırsağın natamam fistulası adətən anal kanalın divarlarının aralanması zamanı irin damcılarının ifraz olunması ilə özünü büruzə verir.
Kriptitin müalicəsi
Xəstəliyin ağırlaşmamış forması həkim-proktoloq tərəfindən konservativ yolla müalicə edilir. Nəcis kütlələrinin düz bağırsağın selikli qişasına qıcıqlandırıcı təsirini azaltmaq üçün xəstələrin rasionundan kəskin, duzlu, turş qidalar, spirtli içkilər çıxarılır. Defekasiyanın normal ritm və xarakterini təmin etmək məqsədilə pasiyentlərə yağsız, qaynadılmış və ya buxarda hazırlanmış qidalar, bişmiş tərəvəzlər (qəbizliyin profilaktikası), sıyıqlar məsləhət görülür. Gün ərzində qəbul edilən mayenin miqdarı 2 litrdən az olmamalıdır. Qəbizlik zamanı işlədici vasitələrdən istifadə etmək tövsiyə olunmur. Çünki onlar nəcisin həddindən artıq yumşalmasına, defekasiyanın tezləşməsinə, düz bağırsağın selikli qişasının qıcıqlanma və şişkinliyinin artmasına səbəb ola bilər. Qəbizlik hallarında bağırsağın imalələrlə boşaldılmasına üstünlük verilir.
Xəstələr anal nahiyənin gigiyenasına ciddi nəzarət etməlidir: defekasiya aktından sonra ilıq su ilə yuyunmalı, hər gün zəif kalium-permanqanat məhlulu ilə oturaq vannalar (37-38˚C) qəbul etməlidirlər. Pasiyentlərə 7-10 gün müddətində gecə yatmazdan əvvəl kollarqolla (30-40 ml 3%-li məhlul) mikroimalələr təyin edilir. Terapevtik üsulların qeyri-effektivliyi və ya ağırlaşmaların inkişafı cərrahi müalicəyə göstəriş sayılır.
Kəskin kriptit adətən tam sağalma ilə nəticələnir. Kriptlərin xroniki iltihabı prosesin ətraf toxumalara yayılmasına səbəb olduğundan iltihabi prosesin residivləşməsi zamanı müalicə gecikdirilməməli və düzgün şəkildə aparılmaldır.