Meqakolon

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 1531

meqakolon nədir?Meqakolon – yoğun bağırsağın bütövlükdə və ya ayrı-ayrı hissələrinin anatomik ölçülərinin böyüməsidir. Patologiya anadangəlmə və yaxud qazanılmış xarakterli olub, xroniki qəbizlik, meteorizm, qarnın böyüməsi, nəcis intoksikasiyası, tranzitor bağırsaq keçməməzliyinin tutmaları ilə təzahür edir. Diaqnoz rentgenoloji müayinə (icmal rentgenoqrafiya, irriqoskopiya), endoskopik üsullar (rektoromanoskopiya, kolonoskopiya, biopsiya) və manometriyanın nəticələrinə əsasən qoyulur. Müalicə cərrahi yolla aparılır: yoğun bağırsağın genişlənmiş hissəsi rezeksiya olunur.

  • Meqakolonun yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Meqakolonun əlamətləri
  • Diaqnostika
  • Meqakolonun müalicəsi

Meqakolon barədə ümumi məlumat

Proktologiyada meqakolona Şaqas sindromu, Hirşprunq xəstəliyi, idiopatik meqadolixokolon zamanı rast gəlinir. Patologiya yoğun bağırsağın ayrı-ayrı seqmentlərinin və ya orqanın bütövlükdə uzanması, mənfəzinin genişlənməsi, divarlarının qalınlaşması ilə xarakterizə olunur. Patoloji hipertrofiya nəticəsində ocaqlı iltihab yaranır, selikli qişa atrofiyalaşır, yoğun bağırsaq möhtəviyyatının evakuasiyası pozulur. Meqakolon zamanı dəyişikliklər əsasən S-vari bağırsaqda baş verir: orqan eyni zamanda həm genişlənir (meqasiqma), həm də uzanır (meqadolixosiqma).

Meqakolonun yaranma səbəbləri

Meqakolonun yaranma səbəbləriAnadangəlmə patologiya periferik reseptorların yoxluğu və ya çatışmazlığı, sinir ötürücülüyünün pozulması ilə bağlıdır. Bu da embriogenez prosesində neyronların miqrasiyasının pozulması nəticəsində inkişaf edir. Qazanılmış meqakolona yoğun bağırsaq divarında yerləşən sinir kələflərinin toksiki zədələnməsi, Parkinson xəstəliyində MSS-nin disfunksiyası, travmalar, şişlər, fistula, çapıqlı stenoz, medikamentoz qəbizlik, kollagenozlar (sklerodermiya və s.), hipotireoz, bağırsağın amiloidozu və s. səbəb olur. Bu amillər yoğun bağırsağın hərəki funksiyasının pozulmasına və onun mənfəzinin üzvi daralmasına gətirib çıxarır.

Meqakolonun patogenezi

İnnervasiyanın pozulması və ya mexaniki maneələr bağırsağın daralmış hissəsində nəcis kütlələrinin hərəkətini çətinləşdirərək, yuxarıda yerləşən şöbələrin kəskin genişlənməsinə və uzanmasına səbəb olur. Yuxarı seqmentlərin hipertrofiyası, peristaltikasının artması kompensator xarakter daşıyaraq, bağırsaq möhtəviyyatının aqanqlionar və ya stenozlaşmış hissədən keçməsini təmin etmək üçün formalaşır. Bir müddətdən sonra genişlənmiş şöbədə hipertrofiyaya uğrayan əzələ lifləri məhv olur və birləşdirici toxuma ilə əvəzlənir. Bu da bağırsağın dəyişilmiş hissəsinin atoniyasına gətirib çıxarır. Nəticədə bağırsaq möhtəviyyatının nəqli ləngiyir, uzunmüddətli qəbizlik yaranır (nəcis  5-7 gün, bəzən isə 1 ay müddətində ifraz olunmur), şlaklar sorulmağa başlayır, disbakterioz və nəcis intoksikasiyası baş verir. Bu proseslər uşaqlarda inkişafın ləngiməsi, böyüklərdə isə əmək qabiliyyətinin kəskin azalması ilə  müşayiət olunur.

Meqakolonun təsnifatı

Meqakolon anadangəlmə və ya qazanılma mənşəli olur. Anadangəlmə meqakolon (Hirşprunq xəstəliyi) aqanqliozla – yoğun bağırsağın rektosiqmoidal şöbəsinin divarlarında sinir kələflərinin olmaması ilə səciyyələnir. Bağırsağın deinnervasiyalı sahəsi nəcis kütlələrinin hərəkətinə mane olur, bu da həmin zonanın darlığı və peristaltikanın baş verməməsi ilə bağlıdır. Hirşprunq xəstəliyindən savayı anadangəlmə meqakolon idiopatik səbəblər (xroniki qəbizlik) və ya yoğun bağırsağın distal şöbələrində mexaniki maneələrlə (düz bağırsağın stenozu, anusun fistula formalı atreziyası) əlaqədar  yaranır. Anadangəlmə meqakolonun klinikası erkən uşaqlıq dövründə inkişaf edir.

Qazanılmış meqakolon şiş, travma, fistula, kolit, iltihabi proseslər və s. səbəbindən yoğun bağırsağın ikincili dəyişiklikləri ilə assosiasiyalı olur. Bundan əlavə B1 hipovitaminozu nəticəsində parasimpatik qanqliyaların zədələnməsi qazanılmış meqakolona gətirib çıxara bilər. Etioloji amildən asılı olaraq, meqakolon müxtəlif formalara bölünür: aqanqlionar (Hirşprunq xəstəliyi), idiopatik (35%), obstruktiv (8-10%), psixogen (3-5%), endokrin (1%), toksiki (1-2%), neyrogen (1%).

Hipertrofiyaya uğrayan hissənin lokalizasiya və ölçüsünə əsasən meqakolon rektal, rektosiqmoidal, seqmentar, subtotal və total formalara ayrılır. Xəstəliyin rektal formasında düz bağırsağın aralıq şöbəsi, ampulyar və supraampulyar hissəsi zədələnir. Rektosiqmoidal forma S-vari bağırsağın qismən və ya tam zədələnməsi ilə xarakterizə olunur. Meqakolonun seqmentar formasında dəyişikliklər rektoseqmoid zonanın və ya S-vari bağırsağın bir seqmentində və yaxud bağırsağın dəyişikliyə uğramayan hissəsi ilə ayrılan 2 seqmentdə lokalizasiya olunur. Subtotal forma zədələnmənin çənbər bağırsağın sağ əyriliyinə (qalxan hissənin köndələn-çənbər hissəyə keçidi) qədər yayılması ilə səciyyələnir. Total formada bütün yoğun bağırsaq zədələnir.

Klinik gedişinə görə meqakolonun 3 mərhələsi ayırd edilir: kompensasiya olunmuş (xroniki), subkompensasiya olunmuş (yarımkəskin) və dekompensasiya olunmuş (ağır).

Meqakolonun əlamətləri

Meqakolonun əlamətləriXəstəliyin klinik xüsusiyyətləri və ağırlığı zədələnmiş nahiyənin ölçüsündən və orqanizmin kompensator imkanlarından asılıdır. Anadangəlmə formada həyatın ilk günlərindən, bəzən isə bir neçə ay sonra nəcisin sərbəst şəkildə ifrazı dayanır, meteorizm inkişaf edir, qarın dairəsi böyüyür, xroniki nəcis intoksikasiyası yaranır. Vaxtaşırı öd qarışıqlı qusma baş verir. Bağırsaq yalnız qazçıxarıcı borucuğun yeridilməsindən, təmizləyici və ya sifonlu imalələrin istifadəsindən sonra təmizlənir. İfrazatların tərkibində selik, qan və həzm olunmamış qida qalıqlarına rast gəlinir. Meqakolonlu uşaqlarda kəskin arıqlama, fiziki inkişafın ləngiməsi, anemiya müşahidə edilir.

Proqressivləşən xroniki qəbizlik və köp qarın divarının nazilməsinə və boşalmasına, «qurbağa qarnının» formalaşmasına səbəb olur. Qarnın ön divarından genişlənmiş bağırsaq ilgəklərində peristaltikanı izləmək mümkündür. Yoğun bağırsağın genişlənməsi və şişməsi diafraqma gümbəzinin yuxarıda yerləşməsi, divararalığı orqanlarının yerdəyişməsi, ağciyərlərin tənəffüs ekskursiyasının azalması, döş qəfəsinin forma və ölçülərinin dəyişilməsi (çəlləyəbənzər döş qəfəsi) ilə müşayiət olunur. Bu fonda sianoz, təngnəfəslik, taxikardiya inkişaf edir. Elektrokardioqrammada dəyişikliklər qeydə alınır, residivləşən pnevmoniya və bronxitlər üçün əlverişli şərait yaranır.

Meqakolon əksər hallarda disbakterioz və kəskin bağırsaq keçməməzliyi ilə ağırlaşır. Disbakterioz zamanı bağırsaqda ikincili iltihab yaranır, selikli qişa xoralaşır, bu da «paradoksal» ishalla özünü büruzə verir. Obturasion bağırsaq keçməməzliyi davamlı qusma və qarında ağrılarla müşahidə olunur. Ağır hallarda yoğun bağırsağın perforasiyası və nəcis peritoniti baş verir. Stranqulyasion bağırsaq keçməməzliyi bağırsağın burulması və ya düyün əmələ gəlməsi ilə təzahür edir.

Meqakolonun diaqnostikası

Meqakolonun diaqnostikasında klinik əlamətlər, obyektiv baxışın, rentgenoloji və endoskopik müayinələrin, laborator analizlərin (nəcisin disbakterioza görə müayinəsi, koproqramma, histologiya) nəticələri nəzərə alınır. Baxış prosesində qarın nahiyəsinin böyüməsi və asimmetrikliyi aşkarlanır. Nəcis kütlələri ilə dolan bağırsaq ilgəkləri xəmirəbənzər, nəcis daşlarının rast gəlindiyi hallarda isə bərk konsistensiyaya malik olur. Xəstələrdə «gil» əlaməti (qarnın ön divarının palpasiyası zamanı yoğun bağırsağın nəcislə dolu hissəsinin proyeksiyasında aydın nəzərəçarpan çuxurların yaranması) müşahidə edilir.

Qarın boşluğunun icmal rentgenoqrafiyasında yoğun bağırsağın ilgəklərinin genişlənməsi, diafraqma gümbəzinin hündürdə yerləşməsi izlənilir. Rentgenokontrast irriqoskopiyada aqanqlionar zona – yoğun bağırsağın daralmış hissəsi, onun konturlarının hamarlaşması, büküşlər və qaustraların olmaması aşkar edilir. Yoğun bağırsağın ayrı-ayrı hissələri (meqarektum, meqasiqma) və ya çənbər bağırsaq bütövlükdə genişlənə bilər (meqakolon).

Rektoromanoskopiya və kolonoskopiyanın köməyilə yoğun bağırsaq müayinə olunur, transanal endoskopik biopsiya icra edilir. Düz bağırsağın əzələ qişasının bioptatında auerbax kələfinin sinir hüceyrələrinin olmaması Hirşprunq xəstəliyinin diaqnozunu təsdiqləyir.

Rektal refleksin qiymətləndirilməsi, anadangəlmə və qazanılmış meqakolonun differensiasiyası məqsədilə anorektal manometriya yerinə yetirilir. Refleksin saxlanılması qanqliyaların zədələnməməsindən və Hirşprunq xəstəliyinin olmamasından xəbər verir. Meqakolon zamanı yoğun bağırsağın şişləri, xroniki kolit, qıcıqlanmış bağırsaq sindromu, divertikulyar xəstəlik, anal çatlarla assosiasiyalı adəti qəbizliklə differensial diaqnostika aparılır.

Meqakolonun müalicəsi

Müalicə taktikası xəstəliyin klinik gedişi və formasından asılıdır. Kompensasiya və subkompensasiya olunmuş mərhələdə, eləcə də meqakolonun qeyri-üzvi formalarında konservativ yanaşma tətbiq edilir. Meqakolonun terapiyasına qida liflərinin qəbulunun artırılması ilə pəhriz, imalələr (təmizləyici, vazelinli, hipertonik, sifonlu), qarın nahiyəsinin masajı, bağırsaq mikroflorasını normaya salan bakterial preparatlar, yoğun bağırsağın motorikasının modulyatorlarının təyini, MBT və düz bağırsağın elektrostimulyasiyası daxildir.

Hirşprunq xəstəliyində cərrahi müalicə – yoğun bağırsağın aqanqlionar zonasının və genişlənmiş hissəsinin rezeksiyası göstəriş sayılır. Əməliyyat 2-3 yaşlarda aparılır. Obstruktiv meqakolon hallarında təcili surətdə kolostoma qoyulmalı və radikal müdaxilərə hazırlıq görülməlidir.

Meqakolon zamanı yoğun bağırsağın rezeksiyasının həcmi zədələnmiş sahənin ölçüsündən asılı olur. Xəstələrdə düz bağırsağın ön rezeksiyası, qarın-anal rezeksiya və çənbər bağırsağın aşağıya doğru dartılması, kolorektal anastomozun qoyulması ilə rektosiqmoidektomiya, ileorektal anastomozun yaradılması ilə yoğun bağırsağın subtotal rezeksiyası və s. aparılır. Radikal müdaxilə zamanı və ya növbəti mərhələdə kolostoma bağlanılır.

Meqakolonun digər formalarının müalicəsi səbəblərin – mexaniki maneə (anusun fistulalı atreziyası, çapıq stenozu, bitişmələr), xroniki qəbizlik, hipovitaminoz, bağırsağın iltihabının (kolit, rektosiqmoidit) aradan qaldırılmasından ibarətdir. Sonrakı proqnoz meqakolonun forma və səbəblərindən, əməliyyatın həcm və üsulunun düzgün seçilməsindən asılıdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: