Nəcis daşı

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 1743

nəcis daşı nədir?Nəcis daşı – xroniki qəbizlik, peristaltikanın pozulması və həzm traktının bəzi xroniki xəstəlikləri zamanı yoğun bağırsaqda formalaşan sərt konsistensiyalı törəmədir. Patologiya simptomsuz gedişə malik ola və ya bağırsaq keçməməzliyinin əlamətləri: qarında ağrı, ürəkbulanma, qusma, az miqdarda sulu nəcis ifrazı, qanaxmalarla təzahür edə bilir. Diaqnoz rektoromanoskopiya, yoğun bağırsağın rentgenoloji müayinəsi (irriqoskopiya) və kolonoskopiyanın nəticələrinə əsasən qoyulur. Müalicə konservativ yolla: endoskopik manipulyasiyalar və sifonlu imalənin tətbiqi ilə aparılır. Konservativ müalicənin qeyri-effektivliyi və ağırlaşmaların olması cərrahi müdaxiləyə göstəriş sayılır.

  • Yaranma səbəbləri
  • Patogenez
  • Nəcis daşının əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Nəcis daşının müalicəsi
  • Proqnoz və profilaktika

Nəcis daşı barədə ümumi məlumat

Nəcis daşları (koprolitlər, nəcis konkrementləri) – yoğun bağırsağın xroniki xəstəlikləri zamanı tədricən formalaşaraq, orqanın mənfəzini tam və ya hissəvi şəkildə tutur. Nəcis daşlarına əsasən yaşlı şəxslərdə rast gəlinir. İri koprolitlərə nadir hallarda təsadüf olunur. Təqribən 2 kq. çəkisi olan ən iri daş 1830-cu ildə aşkarlanmışdır. Patologiya daha çox Şimal yarımkürəsinin inkişaf etmiş ölkələri üçün xarakterikdir. Onların əhalisi sellülozadan az istifadə etməklə, yağlı qidalara üstünlük verir, qəbizliyə meylli olur. Hər iki cinsin nümayəndələri arasında xəstəliyin rastgəlmə tezliyi eynidir. Nəcis daşlarının diaqnostika və müalicəsi həkim-proktoloq tərəfindən həyata keçirilir.

Nəcis daşının yaranma səbəbləri

Nəcis daşının yaranma səbəbləriNəcis daşlarının yaranma səbəbləri şərti olaraq 2 qrupa bölünür: mexaniki və kimyəvi. Mexaniki amillərə yoğun bağırsağın hipotoniya və atoniyası aiddir. Bu pozğunluqlar əsasən yaşlı şəxslərdə müşahidə edilir. Bağırsaq motorikasının pozulması həmçinin Parkinson xəstəliyi və parkinsonizm sindromu, bağırsağın divertikulları ilə bağlı ola bilər.

Bəzi anadangəlmə patologiyalar, məsələn, meqakolon, Hirşprunq xəstəliyi, bağırsağın əlavə ilgəkləri nəcis daşlarının formalaşmasına şərait yaradır. Bu xəstəliklərdə yoğun bağırsağın uzunluğu artdığından nəcis kütlələrinin tranziti ləngiyir. Mexaniki səbəblər sırasına həm də bağırsağa daxil olan yad cisimlər – meyvə çəyirdəkləri, çətin həzm olunan, bərk qida qalıqları, sümüklər və s. daxil edilir.

Nəcis daşlarının kimyəvi səbəblərinə bağırsağın həddindən artıq qələvi mühiti, qidanın tərkibində çətin əriyən yağların və kalsiumun izafi miqdarda olması, iltihabi proseslərlə əlaqədar nəcisin tərkibinin dəyişməsi, yoğun bağırsaqda suyun sorulmasının sürətlənməsi aiddir.

Daşın formalaşması üçün nüvənın olması mütləqdir. Bağırsağın yad cisimləri, həzm olunmamış qida qalıqları, qəbizlik nəticəsində yaranan bərk nəcis hissəcikləri nüvə qismində iştirak edir. Nüvənin ətrafında nəcis kütlələri toplanmağa başlayır. Onların tərkibindəki suyun sürətlə itirilməsi duzların çökməsinə səbəb olur. Bunun nəticəsində nəcis kütləsi bərkiyərək, daşa çevrilir. Xəstə yağlı qidalardan çox istifadə etdikdə və ya onun orqanizmində yağların mənimsənilməsi pozulduqda proses daha da sürətlənir.

Həmçinin həddindən artıq selik ifrazı və qanaxmalarla gedən iltihabi proseslər nəcis daşlarının yaranmasına təkan verir.

Nəcis daşının patogenezi

Nəcis daşı müxtəlif üzvi maddələr, mineral duzlar (kalsium-karbonat, maqnezium-fosfat, maqnezium-oksalat), öd turşuları və bakteriyalardan ibarətdir. Bu komponentlərin nisbəti fərqli olur. Tibb ədəbiyyatında yalnız kalsium-karbonatdan və maqnezium-fosfatdan təşkil olunmuş nəcis daşları barədə məlumatlar mövcuddur. Mənşəyinə görə nəcis daşları həqiqi və yalançı formalara bölünür. Həqiqi daşlar birbaşa yoğun bağırsaqda formalaşır. Yalançı nəcis daşı isə bağırsağın mənfəzinə öd kisəsindən, böyrək ləyənciyindən və ya sidik kisəsindən axarlar və yaxud fistula vasitəsilə daxil olur. Yalançı formalar həqiqi daşların yaranmasında nüvə rolunu oynaya bilir.

Əksər hallarda nəcis daşı bağırsaq divarında fiksə olunaraq, tədricən böyüyür. Fiksasiya yerində yaranan xora və yaralar qanaya və yaxud iltihablaşa bilir. İri ölçülü daşlar bağırsaq mənfəzini hissəvi və ya tam tutaraq, obturasion bağırsaq keçməməzliyinə səbəb olur. İri daşların formalaşması üçün uzun zaman (bəzən 10 ilə yaxın) tələb olunur.

Nəcis daşının əlamətləri

Nəcis daşının əlamətləriKiçik ölçülü nəcis daşları adətən heç bir əlamətlə müşayiət olunmadığından rentgenoloji və ya kolonoskopik müayinə zamanı təsadüfən aşkarlanır. Nəcis daşı yoğun bağırsağın mənfəzini hissəvi tutduqda xəstələr qəbizlik, qarında köp və spastik ağrılardan şikayət edirlər. Sulu nəcis kütlələri daşın kənarlarından keçə bildiyindən pasiyentlərdə vaxtaşırı xroniki qəbizlik fonunda duru ifrazatlar xaric olur. Nəcis daşının bağırsaq divarını zədələməsi ağrının güclənməsi ilə müşayiət edilir. Nəcisdə çoxlu miqdarda selik, bəzən isə al və ya tund-qırmızı qan izlərinə rast gəlinir. Xroniki qəbizliklə əlaqədar pasiyentlərdə əsəbilik, bədən çəkisinin bir qədər itirilməsi, iştahsızlıq, ürəkbulanma, ümumi halsızlıq müşahidə edilir.

Nəcis daşının ağırlaşmaları

İri nəcis daşları qarında kəskin ağrılar, köp, intoksikasiya əlamətləri, bəzən isə qızdırma ilə təzahür edən bağırsaq keçməməzliyinə səbəb olur. Palpasiya zamanı qarnın ön divarında ağrı və gərginlik aşkarlanır. Nəcis daşının bağırsaq divarının uzunmüddətli zədələməsi bədxassəli proliferasiyaya – xərçəngə gətirib çıxara bilər. Bir sıra hallarda divarın zədələnməsi çapıq və strikturalarla nəticələnir. Nəcis daşı soxulcanabənzər çıxıntıya daxil olduqda konkrement qısa müddət ərzində obstruksiya və iltihablaşma törədir. Bununla əlaqədar fleqmanoz appendisit, appendiksin qanqrenası və ya empieması inkişaf edə bilər.

Nəcis daşının diaqnostikası

Nəcis daşı S-varı bağırsağın distal şöbələri və yaxud düz bağırsaqda yerləşdikdə konkrementləri barmaqla rektal müayinənin köməyilə təyin etmək mümkündür. Müayinə zamanı bərk konsistensiyalı, hərəkətli, bəzən isə kövşək səthli törəmə əllənir. İri ölçülü nəcis daşları qarnın dərin palpasiyası ilə aşkar oluna bilər. Lakin onlar çox zaman səhvən şiş kimi qiymətləndirilir. Palpasiya zamanı  nəcis daşının lokalizasiya olunduğu nahiyədə və ya qonşu sahələrdə ağrı müəyyən edilir.

Bağırsağın aşağı hissələrində yerləşən nəcis daşının diaqnostikasında rektoromanoskopiyadan istifadə oluna bilər. Bu üsul düz və S-vari bağırsaqda formalaşan daşları üzə çıxarmağa imkan verir. İrriqoskopiya zamanı yoğun bağırsaqda həcmli törəmə vizualizasiya oluna bilər. Lakin onu bədxassəli şişlərdən və ya polipdən fərqləndirmək nadir hallarda mümkün olur. Rentgen şəkildə bağırsağın kontrast maddə ilə dolma defekti izlənilir. Kontrast maddənin nəcis daşı ilə bağırsaq divarı arasına nüfuz etməsi konkrementdən şübhələnməyə əsas verir.

Diaqnozu dəqiqləşdirmək üçün kolonoskopiya aparılır. Bu üsul törəmənin daha aydın şəkildə müşahidə olunmasına, ehtiyac yarandıqda daşın təmas etdiyi divardan biopsiya götürülməsinə imkan verir.  Bu üsulla lazımı məlumat əldə edilmədikdə diaqnostika laparoskopiya icra olunur.

Qanın ümumi və biokimyəvi analizi köməkçi məna daşıyır. Onların nəticələrinə əsasən nəcis daşı digər xəstəliklərdən, xüsusilə də bədxassəli şişlərdən differensiasiya edilir. Belə ki, yoğun bağırsağın xərçəngi zamanı ifadəli anemiya, EÇS-nin yüksəlməsi aşkarlanır. Nəcis daşının rast gəlindiyi xəstələrdə isə bu əlamətlər müşahidə olunmur.

Nəcis konkrementlərinin ilk növbədə yoğun bağırsağın şişləri ilə differensial diaqnostikası aparılır. Palpasiya zamanı və ya rentgenoqrammada onları fərqləndirmək çətin olduğundan digər müayinə üsullarından istifadə olunur. Onu da qeyd etmək lazımdır ki, xərçəng xəstəliyi adətən anemiya, bədən çəkisinin itirilməsi ilə müşayiət olunur.

Koprolitlərin xarakterik simptomları divertikulyozun əlamətlərini xatırladır. Qanaxma hallarında nəcis daşları babasil, qeyri-spesifik xoralı kolitlə səhv salına bilər.

Nəcis daşının müalicəsi

Nəcis daşlarından əksər hallarda konservativ yolla azad olmaq mümkündür. Bağırsağın distal hissələrində yerləşən daşları hətta barmaqla rektal müayinə zamanı xaric etmək olur. Bu üsul qeyri-effektiv olduqda rektoromanoskopiya və ya kolonoskopiyaya üstünlük verilir. Bu üsullar heç bir nəticə vermədikdə sifonlu imalə tətbiq edilir. İşlədici vasitələrin köməyilə nəcis kütlələrinin bağırsaqdan çıxarılma cəhdləri yolverilməzdir.

Nəcis daşı soxulcanabənzər çıxıntıya miqrasiya edərək, onun iltihablaşmasına səbəb olduqda mütləq cərrahi müalicə aparılmalıdır. Belə hallarda appendiks xaric edilir. Eləcə də bağırsaq divarının zədələnməsi zamanı onun hissəvi nekrozu cərrahi əməliyyatın icrasına göstəriş sayılır. Bəzən bağırsaq keçməməzliyi səbəbindən cərrahi müdaxilərə zərurət yaranır. Nəcis daşından konservativ yolla azad olunduqda da bağırsaq divarı dəqiq müayinə edilməli, maliqnizasiyadan şübhələndikdə biopsiya götürülməlidir.  Xəstə gələcəkdə müntəzəm şəkildə həkim-proktoloqun müayinəsindən keçməlidir.

Nəcis daşının proqnoz və profilaktikası

Diaqnoz düzgün qoyulduqda nəcis daşının müalicəsi heç bir çətinlik törətmir. Belə vəziyyətlərdə proqnoz qənaətbəxş olur. Bağırsaq keçməməzliyi, striktura və ya xərçəng hallarında proqnoz ağırlaşır. Nəcis daşının appendiksə keçməsi soxulcanabənzər çıxıntının obstruksiyasına və iltihablaşmasına (irinli appendisit) səbəb ola bilir.

Nəcis daşlarının formalaşmasının profilaktikası qida liflərinin qəbulunu çoxaltmaqla qəbizliyin aradan qaldırılmasından ibarətdir. Yoğun bağırsağın peristaltikasının pozulmasına və ya uzanmasına gətirib çıxaran patologiyalar zamanı pasiyentlər nəcis ifrazına diqqət yetirməli, ehtiyac yarandıqda işlədici vasitələrdən və ya imalələrdən istifadə etməli, proktologiya şöbəsində müntəzəm şəkildə həkim baxışından keçməlidirlər.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: