Papillit

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 3864

papillit nədir?Papillit — hipertrofiyalaşmış anal məməciklərin kəskin və ya xroniki iltihabıdır. Xəstəlik düz bağırsaq nahiyəsində periodik və ya daimi xarakterli ağrılar, yad cismin olması hissi, anal sfinkterin spazmı, defekasiyanın çətinləşməsi ilə təzahür edir. Diaqnoz proktoloji baxış, barmaqla rektal müayinə, anoskopiya və bioptatın histoloji analizinin nəticələrinə əsasən qoyulur. Müalicə məqsədilə antibiotiklər, antiseptiklər və iltihabəleyhinə preparatlardan istifadə olunur. Ağır hallarda iltihablaşmış anal məməciklər kəsilir və ya kriodestruksiyaya uğradılır.

  • Yaranma səbəbləri
  • Patogenez
  • Papillitin əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Papillitin müalicəsi
  • Proqnoz və profilaktika

Papillit barədə ümumi məlumat

Papillitin morfoloji əsasını anal məməciklərin (papilla) hipertrofiyası təşkil edir. Papillalar konus və ya kürəformalı təbii törəmələrdir. Onlar bətndaxili dövrün 7-9-cu həftəsində perforasiya olunan kloakal membranın qalığı hesab olunur. Məməciklər birləşdirici toxumadan ibarət olub, çoxqatlı yastı epitellə örtülür. Papillalar düz bağırsağın kor ciblərini (kripta) və boylama qırışlarını (sütünlar) əhatə edən aypara qapaqların sərbəst hissəsində yerləşir. Normada anal məməciklərin ölçüsü 0,2-1,0 sm olur, lakin zədələyici amillərin təsirindən onlar 2,5-3,0 sm-ə qədər böyüyə və iltihablaşa bilir.

Papillitin yaranma səbəbləri

Papillit anal məməciklərin hipertrofiyalaşmasından sonra inkişaf edir. Patologiyanın yaranma ehtimalını artıran patoloji vəziyyətlər və ya xarici müdaxilələr aşağıdakılardır:

  • Anorektal nahiyənin xəstəlikləri. Anal məməciklər çox zaman babasil fonunda iltihablaşır. Rektovaginal fistulalar, anus və düz bağırsaq nahiyəsinin infeksion zədələnmələri (proktit, kriptit, paraproktit) zamanı patoloji proses təmas yolu ilə yayıla bilir. Anal çatlar papillitin inkişafına şərait yaradır.
  • Düz bağırsağın selikli qişasının zədələnməsi. Anal məməciklərin epitel qatı həzm olunmamış bərk qida (sümük qırıntıları, günəbaxan tumlarının qabıqları), imalənin ucluğu və ya sərt konsistensiyalı nəcis kütlələri ilə zədələnə bilər. Kimyəvi qıcıqlanma xroniki ishal, rektal şamların uzunmüddətli istifadəsi zamanı müşahidə olunur.

Xəstəliyin başlıca risk amili piylənmə, hipodinamiya və hamiləliklə əlaqədar kiçik çanaq nahiyəsində yaranan durğunluq hallarıdır. Papillitin birbaşa səbəblərinə orqanizmin müdafiə gücünün lokal və ya ümumi zəifləməsi fonunda massiv bakterial disseminasiya, düz bağırsağın selikli qişasının mexaniki və ya kimyəvi zədələnməsi aiddir.

Papillitin patogenezi

Papillitin yaranma səbəbləriPapillit zamanı infeksiya ocağını iltihablaşmış morqan kriptləri və ya düz bağırsağın selikli qişası təşkil edir. Bakterial invaziya, anal məməcikləri bürüyən çoxqatlı epitelin kimyəvi və ya mexaniki zədələnməsi zamanı yerli iltihabi reaksiya baş verir. Zədələnmə zonasına ifraz olunan iltihab mediatorlarının təsirindən qan damarları genişlənir, mikrosirkulyasiya pozulur. Papillit üçün iltihablaşmış məməciyin ödemi, selikli qişanın hiperemiyası və ağrı hissi xarakterikdir.

Papillitin əlamətləri

Erkən mərhələlərdə xəstəlik simptomsuz gedir və ya az sayda əlamətlərlə özünü büruzə verir. Pasiyentləri anal kanalda diskomfort və düz bağırsaqda yad cismin olması hissi narahat edə bilər. Başlanğıcda ağrı sindromu arabir defekasiya zamanı yaranır. Patologiyanın proqressivləşməsi və anal məməciklərin böyüməsi ağrı hissinin artmasına səbəb olur. Bir sıra hallarda ağrı aralıq, cinsiyyət orqanları, oma və büzdüm nahiyəsinə irradiasiya edir.

Xəstəliyin uzunmüddətli gedişində anal sfinkterin spazmı daimi xarakter alır, pasiyentlər defekasiya aktının çətinləşməsindən, xroniki qəbizlikdən şikayət edir. Selikli-irinli və ya qanlı ifrazatlar papillitin ağırlaşmasından xəbər verir. Bəzən anal dəlik ətrafında dərinin maserasiyası müşahidə edilir. Bu da intensiv qaşınma və ağrı hissi müşayiət olunur. Ağırlaşmamış formalarda xəstənin ümumi vəziyyəti qənaətbəxş olur.

Papillitin ağırlaşmaları

Papillitin əlamətləri3-4 sm-ə qədər böyüyən papillalar sallanaraq, anal kanalda boğula bilər. Belə hallar oma nahiyəsinə irradiasiya edən kəskin ağrılarla xarakterizə olunur. İkincili infeksiyanın qoşulması zamanı papillit irinli iltihabla fəsadlaşır, ağrı sindromu daha da güclənir. İnfeksion proses selikli qişanın səthinə yayılaraq, proktitə səbəb olur. Ümumi reaktivlik azaldıqda iltihab qonşu toxumalara keçməklə paraproktitlə nəticələnir.

Nəcis kütlələrinin daimi travmatik təsirlərindən papillaların üzərində səthi eroziya və ya xoralar əmələ gəlir. Pasiyentlərdə anusdan müxtəlif intensivlikli periodik qanaxmalar anemiya törədir. Xəstəliyin xroniki gedişi anal məməciklərin qranulyasiyası ilə səciyyələnir. Xəstəliyin ən təhlükəli ağırlaşması epitelin bədxassələşməsi nəticəsində düz bağırsaq xərçənginin formalaşmasıdır.

Papillitin diaqnostikası

Əksər hallarda diaqnoz standart proktoloji baxış zamanı qoyulur. Anal məməciklərin iltihabına gətirib çıxaran proktoloji xəstəlikləri aşkar etmək üçün əlavə müayinə üsullarından istifadə olunur. Xəstəliyin ən infomativ diaqnostik metodları aşağıdakılardır:

  • Barmaqla rektal müayinə. Bu üsulla anal sfinkterin tonusu qiymətləndirilir, düz bağırsağın divarları yoxlanılır, patoloji törəmələr üzə çıxarılır. Papillit zamanı böyümüş və ödemləşmiş məməciklər əllənir. Onları palpasiyası kəskin ağrı ilə müşayiət olunur. Barmağı anal kanaldan çıxartdıqda əlcəyin üzərində irin və ya qan izləri qala bilər.
  • İnstrumental müayinə.Anoskopiya – düz bağırsağın aşağı hissəsinin xüsusi optik ləvazimat (anoskop) vasitəsilə müayinəsi selikli qişanın vizualizasiyasına, iltihablaşmış sahələrin aşkarlanmasına imkan verir. Ehtiyac yarandıqda proktoloq şübhəli sahələrdən toxuma nümunəsi götürür. Bioptat sitomorfoloji müayinəyə göndərilir.
  • Mikromorfoloji analizAnorektal neoplaziyalardan şübhələndikdə toxuma fraqmentinin mikroskop altında histoloji müayinəsinə ehtiyac yaranır. Papillit zamanı hüceyrələr normal quruluşa malik olur, selikli qişanın bütün qatları saxlanılır. Bioptatların massiv leykositar və makrofaqal infiltrasiyası müşahidə edilir. Nekroz sahələri izlənilə bilər.

Papillitin ağırlaşmamış formalarında standart laborator analizlərdə bütün göstəricilər norma səviyyəsində olur. Xoralaşmış papillalardan qanaxmalar zamanı qanın ümumi analizində hemoqlobin səviyyəsinin və eritrositlərin miqdarının azalması aşkarlana bilər. İrinli iltihabi proseslərdə törədicinin növünü təyin etmək üçün nəcisin bakterioloji əkilməsi icra olunur.

Papillit ilk növbədə düz bağırsağın selikli qişasının xoşxassəli törəmələri – poliplərlə differensiasiya edilir. Əsas diaqnostik meyar – bioptatların histoloji müayinəsinin nəticələridir. Həmçinin xəstəliyin anamnezinə, məməciklərin hipertrofiyasının digər proktoloji patologiyalarla əlaqəsinə diqqət yetirilir. Papillitli pasiyentin müayinəsi proktoloq tərəfindən aparılır. Diaqnostika prosesinə onkoloq cəlb oluna bilər.

Papillitin müalicəsi

Xəstələrin aparılma sxeminə papillitin əlamətlərini aradan qaldıran iltihabəleyhinə müalicə və hipertrofiyalaşmış papillaların iltihablaşması ilə ağırlaşan əsas xəstəliyin etiopatogenetik terapiyasının təyini daxildir. Erkən mərhələlərdə pasiyentin rasionundan bağırsağın selikli qişasını qıcıqlandıran məhsullar çıxarılır. Xəstələrə şəxsi gigiyena qaydalarına riayət, defekasiyanın müntəzəmliyinin təmini, çanaq orqanlarında qan dövranını yaxşılaşdıran MBT məsləhət görülür. Yerli müalicə qismində aşağıdakı vasitələr təyin edilir:

  • Antibakterial preparatlar. Mikrofloranın patoloji aktivliyini azaltmaq üçün adətən xloramfenikol və ya yerli təsirli digər antibiotiklərdən istifadə edilir. Dərman vasitələri şam formasında düz bağırsağa yeridilir.
  • Antiseptik məhlullar. İlıq oturaq vanna, şam və mikroimalə şəklində tətbiq edilir. Bu vasitələr büzücü, bakteriostatik və ya bakterisid təsirlərə malik olub, iltihabın ifadəliliyini azaldır.
  • İltihabəleyhinə şamlar. İfadəli ağrı sindromunda göstəriş hesab edilir. Xəstələrə adətən mesalazin preparatları təyin olunur. Onlar prostaqlandin sintezini inhibə edir, sərbəst radikalları birləşdirir.

Medikamentoz terapiyanın qeyri-effektivliyi, iltihablaşmış anal məməciklərin həddindən artıq böyüməsi, mütəmadi olaraq anusdan xaricə sallanması, xoralaşması ilə müşayiət olunan ağırlaşmış və ya tez-tez residivləşən formalar cərrahi müalicəyə göstəriş sayılır. Qabriel üsulu ilə klassik əməliyyat zamanı zədələnmiş məməcik və yaxınlıqda yerləşən kript kəsilir. Bəzi hallarda az invaziv müdaxilə (kriodestruksiya) aparılır.

Papillitin proqnoz və profilaktikası

Xəstəliyin proqnozu qənaətbəxşdir. Pasiyentlərin əksəriyyətində kompleks şəkilli medikamentoz terapiyadan sonra əlamətlər tamamən itir. Ağırlaşmalar baş verdikdə proqnoz pisləşir.

Papillitin profilaktikası proktoloji xəstəliklərin erkən diaqnostika və adekvat terapiyasından, bağırsağın fəaliyyətini normada saxlamaqla xroniki qəbizliyin qarşısının alınmasından ibarətdir. Bundan əlavə patologiyanın provokasiyaedici amillərini uzaqlaşdırmaq – spirtli içkilər, kəskin və ədəvalı xörəklərin qəbulunu məhdudlaşdırmaq, hərəki aktivliyi artırmaq tövsiyə olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: