Paraproktit

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 9192

paraproktit nədir?Paraproktit – düz bağırsağı əhatə edən toxumanın iltihabıdır. Xəstəlik anal kanal və aralıq nahiyəsində kəskin ağrı, yüksək hərarət, titrətmə, defekasiya və sidik ifrazının pozulması ilə təzahür edir. Paraproktitin lokal əlamətlərinə anal nahiyənin ödemi, hiperemiyası, infiltrat və irinliyin formalaşması aiddir. Müalicə aparılmadıqda patologiya xroniki xarakter alır. Xəstəlik fistulalar, sidik-cinsiyyət sisteminin iltihabi prosesə qoşulması, sepsislə ağırlaşa bilir. Müalicə cərrahi yolla aparılır: kəskin proseslərdə irinli ocaq yarılır və drenajlanır, xroniki formada isə fistula kəsilib götürülür.

  • Paraproktitin yaranma səbəbləri
  • Təsnifat
  • Paraproktitin əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Paraproktitin müalicəsi
  • Proqnoz və profilaktika

Paraproktit barədə ümumi məlumat

Paraproktit – bakterial infeksiyanın düz bağırsaq mənfəzindən morqan kriptlərinin dib hissəsində yerləşən anal vəzilərdən pararektal nahiyənin dərin qatlarına yayılması nəticəsində bu hissədə yerləşən toxumaların iltihabı və irinləməsi ilə xarakterizə olunur. Müasir proktologiyada paraproktitin 2 forması ayırd edilir: kəskin (ilk dəfə aşkarlanan) və xroniki (uzun müddət davam edən, residivləşən). Kəskin paraproktit düzgün müalicə olunmadıqda xroniki formaya keçir.

Xroniki paraproktit adətən morqan kritplərini, daxili və xarici sfinkterlər arasındakı nahiyəni, pararektal toxumanı zədələyir. Uzunmüddətli xroniki proses pararektal fistulaların (düz bağırsaqla dəri və ya yaxınlıqda yerləşən boşluqlu orqanlar arasında əlaqə yaradan patoloji kanallar) formalaşmasına gətirib çıxara bilər.

Paraproktitin yaranma səbəbləri

Paraproktitin səbəbləriXəstəlik əksər hallarda qarışıq flora: stafilokokk, streptokokk, bağırsaq çöpləri tərəfindən törədilir. Bəzən pasiyentlərdə spesifik infeksiya: klostridium, aktinomikoz, vərəm aşkarlanır. Spesifik paraproktit xəstələrin 1-2%-də müşahidə edilir. Orqanizmin immun xüsusiyyətlərinin zəifləməsi, həddindən artıq arıqlama, orqan və sistemlərin kəskin və ya xroniki xəstəlikləri, həzm traktının kəskin və yaxud xroniki infeksiyaları, spesifik infeksion xəstəliklər, nəcis ifrazının pozulması (qəbizlik və ya ishal), proktoloji patologiyalar (proktit, babasil, anal çat, kriptit, papillit) paraproktitin inkişafına şərait yaradır.

Paraproktitin təsnifatı

Prosesin lokalizasiyası və yayılmasından asılı olaraq, paraproktit aşağıdakı formalara bölünür: dərialtı (pararektal abses), intrasfinkter, işiorektal və pelviorektal. Dərialtı proktit perianal nahiyədə dərialtı toxumanın irinli əriməsi ilə səciyyələnir. Paraproktitin bu növü daha tez sağalır və digər formalarla müqayisədə ən qənaətbəxş proqnoza malik olur.

İnfrasfinkter paraproktit zamanı iltihab anal sfinkter nahiyəsində, işiorektal paraproktitdə isə qalça-düz bağırsaq çuxurunda lokalizasiyalaşır. Pelviorektal paraproktit üçün irinli prosesin kiçik çanaqda inkişaf etməsi xarakterikdir.

Paraproktitin əlamətləri

Paraproktitin əlamətləriKəskin paraproktit yerli irinli iltihaba xas olan əlamətlərlə: ağrı, hiperemiya, hipertermiya, ödem, irinli ifrazatla təzahür edir. Qeyri-spesifik aerob floradan fərqli olaraq, anaerob mikroorqanizmlər toxumaların irinli əriməsinə deyil, nekrotik destruksiyaya gətirib çıxarırlar. Çürümə törədən anaerob floranın dominantlığı toxumaların iri miqyasda zədələnməsi, onların sürətli destruksiyası, ifadəli intoksikasiya ilə xarakterizə edilir. Klostridium mənşəli olmayan anaerob paraproktit zamanı irinli prosesə əzələlər və fassiyalar qoşulur.

Xroniki paraproktit müalicə olunmayan kəskin paraproktitin ağırlaşması kimi inkişaf etdiyindən onun simptomatikası kəskin paraproktitlə eynidir, sadəcə əlamətlərin ifadə dərəcəsi aşağı olur. Xroniki proktit əksər hallarda pararektal fistula ilə müşayiət edilir. Bu zaman aralıq nahiyəsində limfa və ya irinli ifrazatlar müşahidə olunur. Davamlı axıntılar aralığın dərisinin qıcıqlanmasına və qaşınmaya gətirib çıxarır.

İrinin sərbəst axınına maneə olmadıqda pararektal fistula ağrı və diskomfort törətmir. Ağrı simptomu natamam daxili fistula üçün xarakterikdir. Belə hallarda ağrı defekasiya zamanı güclənir, nəcis ifrazından sonra isə tamamən itir. Bu da anal qapaq gərildikdə fistulanın drenajının asanlaşması ilə bağlıdır.

Pararektal fistulanın klinikası dalğavari formada gedir, əlamətlər zəifləyərək, bir müddətdən sonra yenidən kəskinləşir. Patologiyanın bu tip gedişi fistula yolunun periodik tutulması, irinli absesin formalaşması, irinliyin yarılmasından sonra yüngülləşmə halları ilə bağlıdır. Fistula sərbəst şəkildə sağalmadığından irinli proseslər davam edir. İrinli ifrazatda qan qarışığının izlənilməsi bədxassəli törəmədən şübhələnməyə əsas verir.

Paraproktitin ağırlaşmaları

Kəskin paraproktitin ən təhlükəli ağırlaşması irinli prosesin kiçik çanağa yayılması, eləcə də bağırsaq divarının bütün qatlarının anorektal nahiyədən yuxarıda irinli əriməsidir. Bu zaman nəcis kütlələri pararektal toxumaya ifraz olunaraq, qonşu toxumaları zədələyir, sepsis təhlükəsi (infeksiyanın qana keçməsi) törədir.

Çanaq peritonunun bu nahiyəyə yaxın yerləşməsi peritonitin yaranma ehtimalını artırır. Çanaq toxumalarının retroperitoneal sahə ilə qonşuluğu irinin periton arxasına yayılmasını asanlaşdırır. Belə hallar yaşlı və zəifləmiş insanların həkimə gec müraciət etməsi ilə əlaqədar baş verir.

Həmçinin paraproktit düz bağırsaq, uşaqlıq yolu və aralıq dərisinə açıla bilər. İrinliyin spontan deşilməsindən sonra adətən fistula yolu formalaşır. Əks halda müəyyən müddətdən sonra residivlər baş verir – yeni irinliklər əmələ gəlir.

Düz bağırsaq fistulasının uzun müddət davam etməsi və kanalın mürəkkəb quruluşa malik olması (infiltrasiya ocaqları, irinli boşluqlar) xəstənin ümumi vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirir. İrinli prosesin xroniki gedişi çapıq dəyişikliklərinə, düz bağırsaq və anal kanal nahiyəsinin deformasiyalarına səbəb olur.

Deformasiyalar anal sfinkterin tonik çatışmazlığına, anusun tam qapanmamasına, bağırsaq möhtəviyyatının axmasına gətirib çıxarır. Xroniki paraproktitin tez-tez müşahidə olunan digər fəsadı anal kanalın divarlarının patoloji çapıqlaşması (pektenoz) və onların elastikliyinin itirilməsidir. Bu pozğunluqlar öz növbəsində bağırsağın boşalmasını çətinləşdirir. 5 ildən artıq davam edən fistula maliqnizasiyalaşa bilir.

Paraproktitin diaqnostikası

Paraproktitin diaqnostikasına sorğu, baxış və fizikal müayinə ilə başlanılır. Xəstəliyin xarakterik klinik təzahürlərinə qızdırma, lokal ağrı, irinli iltihabın əlamətləri aiddir. Barmaqla rektal müayinə və proktoloji xəstəliklərin instrumental müayinə üsulları (anoskopiya, rektoromanoskopiya) ağrılı olduğundan bu prosedurlardan istifadə edilmir. Qan analizində neytrofilyoz, EÇS-nin yüksəlməsi aşkar edilir, bu da irinli iltihabdan xəbər verir.

Kəskin paraproktit əsasən pararektal toxumanın irinləmiş teratoması, düz bağırsaq və onu əhatə edən toxumanın şişləri, duqlas boşluğunun absesi ilə differensiasiya edilir. İrinlik hündürdə yerləşdikdə (kiçik çanaqda və ya qalça-düz bağırsaq çuxurunda) differensial diaqnostika məqsədilə əlavə müayinələrə ehtiyac yaranır.

Xroniki paraproktitin diaqnozu anal kanal, aralıq nahiyəsinın yoxlanılması, barmaqla rektal müayinənin aparılması nəticəsində qoyulur. Fistula aşkarlandıqda zondlanma yerinə yetirilir. İnstrumental diaqnostika qismində rektoromanoskopiya, anoskopiya, fistuloqrafiya, ultrasonoqrafiya tətbiq edilir.

Formalaşmış pararektal fistulanı düz bağırsaq ətrafı nahiyənin kistalarından, onurğanın terminal şöbələrinin osteomielitindən, vərəm mənşəli fistuladan, epitelial büzdüm yolundan və Kron xəstəliyindən əziyyət çəkən pasiyentlərdə formalaşan fistulalardan fərqləndirmək lazımdır. Differensial diaqnostikada anamnestik məlumatlar, laborator müayinələr, kiçik çanağın rentgenoqrafiyası mühüm əhəmiyyət kəsb edir.

Paraproktitin müalicəsi

Xəstəlik cərrahi yolla müalicə olunur. Kəskin paraproktitin diaqnozu təsdiqləndikdən dərhal sonra irinli ocaq yarılır və drenə edilir. Əzələlərin boşalması və keyfiyyətli anesteziya əsas faktor hesab edildiyindən əməliyyat sahəsinin tam anesteziyası mütləqdir. Əməliyyat peridural və ya sakral anesteziya, bəzən isə (qarın boşluğunun zədələnməsi zamanı) ümumi narkoz altında aparılır. Pararektal abseslərin yarılmasında yerli anesteziya tətbiq edilmir.

Əməliyyat zamanı irinli mövtəviyyat təmizlənilir. Bundan sonra infeksiya mənbəyi sayılan kript tapılır, irin yolu ilə birgə kəsilir. İnfeksiya ocağının ləvğ olunması və absesin boşluğunun keyfiyyətli drenajlanması sağalma ilə nəticələnir. Kiçik çanaq boşluğunda yerləşən irinliklərin yarılması müəyyən çətinliklər törədir.

Xroniki paraproktit zamanı formalaşmış fistula kəsilib götürülməlidir. Lakin aktiv irinli proseslərdə fistulanı xaric etmək mümkün olmur. Əvvəlcə abseslər yarılır, drenajlanır. Yalnız bundan sonra fistula kəsilir. Kanalda infiltratlaşmış sahələr olduqda əməliyyatdan əvvəl iltihabəleyhinə və antibakterial terapiya, fizioterapevtik üsullar təyin olunur. Residivlər və irinləmə qısa zaman ərzində baş verdiyindən cərrahi müdaxiləni gecikdirmək məsləhət görülmür.

Ahıl yaş dövrü, orqanizmin zəifləməsi, orqan və sistemlərin dekompensasiya olunmuş ağır formalı xəstəliklər zamanı əməliyyat yalnız konservativ üsullarla patologiyaların müalicəsi və pasiyentin vəziyyətinin yaxşılaşdırılmasından sonra aparıla bilər. Uzunmüddətli remissiya fistula yollarının bitişməsi ilə müşayiət edildikdə kəsiləcək kanalı dəqiq təyin etmək mümkün olmadığından əməliyyat təxirə salınır. Cərrahi müdaxilənin aydın vizualizasiya olunan oriyentir – açıq fistula yolu müşahidə edildikdə aparılması məqsədəuyğundur.

Paraproktitin proqnoz və profilaktikası

Kəskin paraproktitin cərrahi müalicəsinin vaxtında və tam şəkildə (zədələnmiş kriptin və irin yolunun kəsilməsi) aparılması sağalma ilə nəticələnir. Müalicənin gecikdirilməsi, qeyri-kafi drenajlanma, infeksiya mənbəyinin ləğv edilməməsi paraproktitin xroniki formaya keçməsinə və fistula yolunun formalaşmasına səbəb olur.

Pararektal nahiyənin aşağı hissələrində yerləşən fistulalar kəsildikdə xəstələr tamamən sağalır. Hündürdə lokalizasiyalaşan fistulalar adətən ağırlaşmalarsız xaric edilir. Lakin bəzi hallarda uzunmüddətli fistula yolları irinli iltihabın kiçik çanağın əməliyyat zamanı çətin keçilə bilən hissələrinə yayılmasına şərait yaradır. Belə nahiyələr cərrahi müdaxilə zamanı infeksiyadan tam təmizlənilmədiyindən  gələcəkdə residivlər baş verir. Geniş sahəni əhatə edən xroniki irinli proses anal kanalın divarları və sfinkterlərdə çapıq dəyişikliklərinə, kiçik çanaqda bitişmə proseslərinə səbəb olur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: