Proktit

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 1873

proktit nədir?Proktit – düz bağırsağın iltihabi xəstəliyidir. Patologiya nəcis ifrazının tezləşməsi, defekasiya zamanı diskomfortun yaranması, göynəmə, qaşınma, anus nahiyəsində yad cismin olması hissi ilə müşayiət edilir. Kəskin formalarda hipertermiya və intoksikasiya əlamətləri müşahidə olunur. Xroniki proseslərdə xəstənin ümumi vəziyyəti pozulmur. Diaqnoz şikayətlər, fizikal baxış, rektal və endoskopik müayinələrin nəticələri əsasında qoyulur. Müalicə məqsədilə provokasiyaedici amillər aradan qaldırılır, pəhriz, mikrobəleyhinə preparatlar, ağrıkəsici və dezinfeksiyaedici vasitələr təyin edilir.

  • Proktitin yaranma səbəbləri
  • Təsnifat
  • Proktitin əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Proktitin müalicəsi

Proktit barədə ümumi məlumat

Proktit – düz bağırsağın selikli qişasının iltihabı olub, qidalanma pozğunluqları, parazitlər, mədə-bağırsaq traktının, aralıq və kiçik çanaq orqanlarının infeksion xəstəlikləri, həzm sisteminin xroniki patologiyaları, cərrahi müdaxilələr, anal kanalda yad cisim, radiasiya və digər amilərin təsirindən yaranır. Proktit polietioloji xəstəlikdir. Onun klinikası kəskin, yarımkəskin və ya xroniki  gedişli olur. Patologiya əksər hallarda xroniki formada inkişaf edərək, S-vari bağırsağın və ya pararektal toxumanın iltihabı (proktosiqmoidit, paraproktit) ilə birgə müşahidə olunur. Proktitin yayılması barədə dəqiq məlumat yoxdur. Hər iki cinsin nümayənədələri arasında patologiyanın rastgəlmə tezliyi eynidir.

Proktitin yaranma səbəbləri

Proktitin yaranma səbəbləriQıcıqlandırıcı kimyəvi vasitələr, isti və soyuq məhlulların tətbiqi ilə assosiasiyalı proktit adətən xalq təbabəti ilə müalicə cəhdləri, imalələrin, rektal şamların qeyri-düzgün və ya həddindən artıq istifadəsi zamanı yaranır. Xalq təbabəti vasitələri qismində spirt, skipidar, efir yağları (evkalipt, nanə, mixək yağı), yod, kalsium-xloridin konsentratlaşdırılmış məhlulu, bibər çövhərindən istifadə olunur. Pasiyentlər adətən onların köməyilə babasil, anal çat və digər xəstəliklərin müalicəsinə cəhd göstərirlər. Lakin sadalanan vasitələr düz bağırsağın selikli qişasına qıcıqlandırıcı təsir göstərərək, iltihab törədir, mövcud patologiyanı daha da ağırlaşdırırlar.

Proktit həmçinin iltihablaşmış uşaqlıq yolu, sidik kanalı, sidik kisəsi və ya pararektal toxumadan infeksiyanın təmas yolu ilə yayılması zamanı yaranır. Qeyri-spesifik infeksion agentlərlə yanaşı xəstəliyin törədicisi qismində qonokokk, xlamidiya, trixomonada və s. iştirak edə bilər. Onkoloji xəstəliklərdən əziyyət çəkən xəstələrdə proktit düz bağırsağın və aralığın digər orqanlarının bədxassəli şişlərinin parçalanması nəticəsində inkişaf edə bilər.

Proktitin ümumi səbəblərinə qidalanma pozğunluqları, mədə-bağırsaq traktının infeksiyaları, autoimmun xəstəliklər, motorikanın, bağırsağın aşağı şöbələrinin innervasiya və ya qan təhcizatının zəifləməsi, şüa təsirləri aiddir. Xəstəlik əksər hallarda kəskin və ədəvalı qidalardan, spirtli içkilərdən həddindən artıq istifadə edən şəxslərdə müşahidə edilir. Proktit salmonellyoz, dizenteriya, eşerixioz kimi infeksion xəstəliklər, eləcə də enterovirus infeksiyaları fonunda aşkarlana bilər. Sadalanan xəstəliklərin xroniki gedişi zamanı proktit nəinki patogen mikroorqanizmlərin düz bağırsağın selikli qişası ilə təması, həmçinin davamlı diareya, toksinlərin ifrazı və s. səbəblərdən yaranır.

Yoğun bağırsağı zədələyən və proktitin inkişafına gətirib çıxaran autoimmun patologiyalar sırasına Kron xəstəliyi, qeyri-spesifik xoralı kolit, amiloidoz və Uippl xəstəliyi daxildir. Parazitar xəstəliklərə isə alimlər lyamblioz, amöbiaz, enterobioz və askaridozu aid edirlər.

Bir sıra hallarda proktit yoğun bağırsağın diskineziyası və qıcıqlanmış bağırsaq sindromu fonunda, eləcə də kiçik çanaq orqanlarında əməliyyat keçirilən və ya bu nahiyənin xroniki qan dövranı pozğunluqlarından əziyyət çəkən pasiyentlərdə qeydə alınır. Mədəaltı vəzi, qaraciyər və öd kisəsinin xəstəlikləri proktitin inkişaf riskini daha da artırır. Proktitin digər etioloji amili kiçik çanaq orqanlarının bədxassəli neoplaziyalarının, əsasən uşaqlıq boynucisminin xərçənginin müalicə prosesində şüalanmadır. Xəstəliyin yaranma ehtimalı şüalanmanın dozasından asılıdır.

Proktitin təsnifatı

Etioloji amildən asılı olaraq, alimentar, infeksion, parazitar, durğun (müxtəlif mənşəli qəbizlikdə yaranan), radiasion, qonoreya, xlamidiya mənşəli proktitlər ayırd edilir. Gediş xüsusiyyətlərinə əsasən xəstəlik 3 formaya bölünür: kəskin, yarımkəskin və xroniki. İltihabi prosesin xarakterinə görə kəskin proktit aşağıdakı növlərə təsnif edilir:

  • kataral-selikli – baxış zamanı selikli qişanın ödemi və hiperemiyası, seliyin intensiv şəkildə ifrazı müşahidə edilir.
  • kataral-hemorragik – selikli qişa ödemli, hiperemiyalı və çoxsaylı kiçik qansızmalarla örtülü olur.
  • kataral-irinli – selikli qişanın ödem və hiperemiyası ilə yanaşı irinli ifrazatlara rast gəlinir.
  • irinli-fibrinoz – iltihablaşmış selikli qişa çətin təmizlənilən irinli-fibrinoz təbəqə ilə örtülür.
  • eroziv – selikli qişanın üzərində səthi defektlər əmələ gəlir.
  • xoralı – selikli qişanın üzərində dərin defektlər yaranır.
  • xoralı-nekrotik – dərin defektlərlə bərabər nekroz sahələri formalaşır.
  • polipoz – düz bağırsağın poliplərini xatırladan kiçik düyünlərlə xarakterizə olunur.

Xroniki proktit aşağıdakı formalara bölünür:

  • hipertrofik – selikli qişa qalınlaşır, büküşlər şişir, onların dərinliyi artır; selikli qişanın ocaqlı böyüməsi – psevdopoliplər müşahidə edilir.
  • atrofik – selikli qişa solğunlaşır, nazilir, büküşlərin dərinliyi azalır. Selikaltı qatda yerləşən damarlar  selikli qişadan görünür.
  • normotrofik – xroniki iltihabla əlaqədar selikli qişanın rəngi dəyişir, qalınlıq və relyefi pozulmur.

Selikli qişanın atrofik və hipertrofik dəyişiklikləri onun həssaslığını artırır. Xəstələrdə eroziya və qanayan qranulyasiyalarla örtülü xroniki xoraların yaranması mümkündür. Xoralar və sonrakı kobud çapıq dəyişiklikləri bağırsaq divarının perforasiyasına, düz bağırsağın deformasiyasına və çapıq stenozuna gətirib çıxara bilər. Radiasion proktitli xəstələrdə xoralar parçalanan bədxassəli şişləri xatırladır.

Proktitin əlamətləri

Proktitin əlamətləriKəskin və yarımkəskin proses, eləcə də kəskinləşmə mərhələsində olan xroniki forma üçün ağrı və defekasiya pozğunluqları xarakterikdir. Kəskin proktitdə ağrı intensiv olur. Yarımkəskin və xroniki formalarda ağrı sindromunun intensivliyi azalır. Pasiyentlər çox zaman ağrının lokalizasiya olunduğu nahiyəni göstərməkdə çətinlik çəkirlər. Bir sıra xəstələr qarnın aşağı hissəsi, bel və aralıq nahiyəsində ağrılardan şikayət edirlər. Lakin hərtərəfli sorğu zamanı aydın olur ki, ən ağrılı nöqtə oma və ya anusda yerləşir. Ağrı defekasiya zamanı güclənir, nəcis ifrazından sonra isə azalır. Ağrı sindromu proktitin daimi əlaməti hesab olunan anal kanalda göynəmə ilə birgə rast gəlinir.

Defekasiyanın pozulması aldadıcı çağırışlarla özünü büruzə verir. Xəstəliyin kəskin formasında çağırışkar daim, yarımkəskin formada isə bir qədər az müşahidə edilir. Xroniki proktitin kəskinləşmə dövrü kəskin fazaya nisbətən yüngül keçir. Başlanğıc mərhələdə çağırışlar qəbizlik müşayiət olunur. Qəbizlik sfinkterin spazmı və pasiyentlərin defekasiyanın ağrılı olmasına görə qorxu keçirmələri səbəbindən baş verir. Bir müddətdən sonra sfinkterin spazmı onun boşalması ilə əvəzlənir. Belə hallarda ishal və aldadıcı çağırışların selik ifrazı ilə nəticələnməsi mümkündür. Eroziv, xoralı və xoralı-nekrotik formalarda çox zaman nəcisdə qan aşkarlanır.

Proktitin ağırlaşmaları

Proktit qanaxmalar, bağırsaq divarının deşilməsi, fistulaların formalaşması və düz bağırsaq strikturalarının yaranması ilə ağırlaşa bilər. Rektal qanaxmalar güclü olmasa da, tez-tez təkrarlandıqda anemiyaların inkişafına gətirib çıxarır. Düz bağırsaq fistulaları nəcis və qazın sidik kanalı və ya uşaqlıq yolundan ifrazı ilə müşayiət olunur. Strukturalar defekasiyanın çətinləşməsinə, bağırsaq möhtəviyyatının qeyri-iradi ifrazına, perianal nahiyənin dərisinin qıcıqlanmasına və qaşınmasına səbəb olur.

Proktitin diaqnostikası

Diaqnoz şikayətlər, fizikal baxış, rektal müayinə, rentgenoloji və endoskopik üsullar, laborator analizlərin nəticələri əsasında qoyulur. İlkin mərhələdə həkim-proktoloq xəstənin aralıq və anus nasiyəsinə baxış keçirir, iltihab əlamətlərini, maserasiya sahələrini aşkar edir. Sonra barmaqlq rektal müayinə aparılır. Onun köməyilə sfinkterin spazmı və ya boşalması, selikli qişanın ödemi, bağırsağın daralması və digər patoloji dəyişikliklər üzə çıxarılır. Bu dəyişikliklərin vizual qiymətləndirilməsi, proktitin növünün və iltihabi proseslərin ifadəliliyinin təyini rektoromanoskopiya prosesində həyata keçirilir. Ehtiyac yarandıqda endoskopik müayinə zamanı biopsiya aparılır.

Düz bağırsaqda strikturaların olmasında şübhələndikdə irriqoskopiya və ya irriqoqrafiya təyin olunur. Radioloji müayinələrin nəticələri düz bağırsağın xarakterik daralmasını sübut edir. Patoloji qarışıqları, leykosit, parazit və bakteriyaları aşkar etmək üçün nəcis analizindən istifadə edilir.

Proktit babasil, paraproktit, polipoz, düz bağırsaq xərçəngi və yoğun bağırsağın aşağı şöbələrinin selikli qişasının, eləcə də perianal nahiyənin iltihabı ilə müşayiət olunan digər xəstəliklərlə differensiasiya edilir.

Proktitin müalicəsi

Müalicə konservativ yolla aparılır, etiopatogenetik və simptomatik terapiyadan ibarət olur. Pasiyentlərə pəhriz və yataq rejimi təyin edilir. Uzun müddət oturaq vəziyyətdə qalmaq məsləhət görülmür. Xəstənin vəziyyəti yaxşılaşdıqdan sonra mülayim fiziki aktivlik tövsiyə edilir. Kəskin proktitin ağır formalarında (xoralı, xoralı-nekrotik) başlanğıc mərhələdə xəstə stasionara hospitalizasiya olunur.

Parazitar proktitlərdə antihelmint vasitələrdən istifadə olunur. Spesifik və qeyri-spesifik infeksiyalarda törədicinin növü nəzərə alınmaqla, antibakterial və ya virusəleyhinə terapiya aparılır. Mədə-bağırsaq sisteminin xroniki xəstəliklərində əsas patologiyanın müalicəsinə üstünlük verilir. Spazmı azaltmaq, aldadıcı çağırışları aradan qaldırmaq və ağrının intensivliyini zəiflətmək məqsədilə spazmolitiklər, ehtiyac yarandıqda yanaşı olaraq analgetiklər təyin edilir. Hər gün təmizləyici, sonra isə çobanyastığı, gülümbahar çiçəyi, kollarqol, çaytikanı yağı və digər vasitələrlə müalicəvi imalələr tətbiq edilir. Preparat iltihabi prosesin növü və iltihabın dərəcəsinə müvafiq seçilir. Oturaq vannalar, regenerasiyaedici xüsusiyyətlərə malik şam və aerozollar effektiv hesab olunur. Kəskin iltihabı aradan qaldırdıqdan sonra xəstələrə sanator-kurort müalicəsi məsləhət görülür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: