Qeyri-spesifik xoralı kolit

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 7996

Qeyri-spesifik xoralı kolit nədir?Qeyri-spesifik xoralı kolit – yoğun bağırsağın selikli qişasının diffuz xarakterli xoralı-iltihabi zədələnməsi olub, ağır formalı yerli və sistemli ağırlaşmalarla müşayiət edilir. Xəstəliyin klinikası qarında tutmaşəkilli ağrılar, qan qarışıqlı ishal, bağırsaq qanaxmaları, bağırsaqdan kənar təzahürlərlə xarakterizə olunur. Xoralı kolitin diaqnostikası kolonoskopiya, irriqoskopiya, KT, endoskopik biopsiyaya əsaslanır. Müalicə konservativ (pəhriz, fizioterapiya, medikamentlər) və cərrahi yolla (yoğun bağırsağın zədələnmiş hissəsinin rezeksiyası) aparılır.

  • Yaranma səbəbləri
  • Təsnifat
  • Qeyri-spesifik xoralı kolitin əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Qeyri-spesifik xoralı kolitin müalicəsi
  • Proqnoz və profilaktika

Qeyri-spesifik xoralı kolit barədə ümumi məlumat

Qeyri-spesifik xoralı kolit (QSXK) – yoğun bağırsağın qeyri-müəyyən etiologiyalı xroniki iltihabi xəstəliyidir. Patologiya selikli qişanın xoralaşmaya meylliliyi ilə səciyyələnir. Qeyri-spesifik xoralı kolit dalğavari gedişə malikdir. Kəskinləşmə dövrləri remissiya ilə növbələnir. Patologiyanın başlıca klinik əlamətləri qan qarışıqlı diareya və spastik xarakterli abdominal ağrılardır. Uzunmüddətli qeyri-spesifik xoralı kolit yoğun bağırsaqda bədxassəli törəmələrin yaranma riskini yüksəldir.

Statistik məlumatla əsasən 100 000 şəxsdə 50-80 xəstələnmə halı qeydə alınır. Hər il 100 000 nəfər arasında 3-15 yeni pasiyent müəyyən edilir. Kişilərə nisbətən qadınlar bu patologiyaya daha çox (30%) meylli olur. Qeyri-spesifik xoralı kolit üçün xəstəliyin 2 yaş qrupunda: cavan (15-25 yaş) və yaşlı şəxslərdə (55-65 yaş) aşkarlanması səciyyəvidir. Lakin xəstəlik digər yaşlarda da baş verə bilər. Kron xəstəliyindən fərqli olaraq, xoralı kolit zamanı yalnız çənbər və düz bağırsağın selikli qişası zədələnir.

Qeyri-spesifik xoralı kolitin yaranma səbəbləri

Qeyri-spesifik xoralı kolitin səbəbləriQeyri-spesifik xoralı kolitin etiologiyası tibb elminə məlum deyil. Müasir proktologiya sahəsinin tədqiqatçılarının mülahizələrinə əsasən bu xəstəliyin patogenezində immun və genetik amillər rol oynaya bilər. Qeyri-spesifik xoralı kolitin yaranma nəzəriyyələrindən birinə əsasən xəstəliyə immun sistemini və ya autoimmun pozğunluqları (orqanizmin öz hüceyrələrinə qarşı immunitetin sensibilizasiyası) aktivləşdirən virus və ya bakteriyalar səbəb ola bilər.

QSXK yaxın qohumları bu patologiyadan əziyyət çəkən insanlarda daha çox müşahidə edilir. Hazırda xoralı kolitə irsi meylliliyə cavabdehlik daşıması ehtimal olunan genlər aşkarlanmışdır.

Qeyri-spesifik xoralı kolitin təsnifatı

Qeyri-spesifik xoralı kolit prosesin lokalizasiya və yayılmasına görə təsnif edilir. Soltərəfli kolit enən çənbər və S-vari bağırsağın zədələnməsi ilə xarakterizə olunur. Proktit düz bağırsağın iltihabı ilə təzahür edir. Total kolit zamanı yoğun bağırsağı bütün hissələri zədələnir.

Qeyri-spesifik xoralı kolitin əlamətləri

Qeyri-spesifik xoralı kolitin əlamətləriQeyri-spesifik kolit siklik gedişə malikdir. Remissiya dövrləri kəskinləşmələrlə növbələnir. Kəskinləşmə mərhələsində iltihabi prosesin intensivliyindən və bağırsaqda lokalizasiyasından asılı olaraq fərqli simptomatika müşahidə edilir. Düz bağırsağın zədələnməsi (xoralı proktit) anal dəlikdən qanaxmalar, ağrılı tenezmlər, qarnın aşağı hissəsində ağrılarla səciyyələnir. Bəzən qanaxma proktitin yeganə klinik təzahürü olur.

İltihabi proses enən çənbər bağırsaqda lokalizasiya olunduqda (sol tərəfli xoralı kolit) adətən qan qarışıqlı ishal baş verir. İfadəli, tutmaşəkili ağrılar əsasən qarnın sol tərəfində və sol qalça çuxurunda (siqmoidit) yaranır. İştahın azalması, davamlı ishal və həzm pozğunluqları bədən çəkisinin azalmasına gətirib çıxarır.

Total kolit qarında intensiv ağrı, davamlı diareya, ifadəli qanaxma ilə özünü büruzə verir. Total xoralı kolit arterial təzyiqin kəskin azalması nəticəsində kollaps, orqanizmin susuzlaşması, hemorragik və ortostatik şokla nəticələnə bildiyindən həyati təhlükəli vəziyyət sayılır.

QSXK-nin ildırım sürətli (fulminant) forması daha təhlükəli hesab olunur. Belə hallarda ağır fəsadlar, hətta bağırsaq divarının perforasiyası baş verə bilər. Xəstəliyin ən geniş yayılmış ağırlaşması yoğun bağırsağın toksiki böyüməsidir (meqakolon). Ehtimal olunur ki, bu vəziyyət bağırsağın saya əzələsinin reseptorlarının azot oksidi ilə blokadası səbəbindən yoğun bağırsağın əzələ qatının total boşalması zamanı yaranır.

10-20% hallarda qeyri-spesifik xoralı kolitli pasiyentlərdə bağırsaqdan kənar təzahürlər: dermatoloji patologiyalar (qanqrenoz piodermiya, düyünlü eritema), stomatit, gözün iltihabi xəstəlikləri (irit, iridosiklit, uveit, sklerit, episklerit), oynaq xəstəlikləri (artrit, sakroileit, spondilit), öd yollarının zədələnməsi (sklerozlaşdırıcı xolangit), osteomalyasiya (sümüklərin yumşalması), osteoporoz, vaskulit (damarların iltihabı), miozit, qlomerulonefrit qeydə alınır.

Qeyri-spesifik xoralı kolitin ağırlaşmaları

Qeyr-spesifik xoralı kolitin geniş yayılmış və ağır fəsadı toksiki meqakolon hesab olunur. Patologiya zədələnmiş sahədə bağırsağın saya əzələsinin iflici nəticəsində yoğun bağırsağın genişlənməsi ilə xarakterizə edilir. Toksiki meqakolon zamanı qarında intensiv ağrılar, meteorizm, bədən hərarətinin yüksəlməsi, halsızlıq müşahidə olunur.

QSXK massiv bağırsaq qanaxmaları, yoğun bağırsağın mənfəzinin daralması, perforasiya, ishalla küllü miqdarda maye itkisi nəticəsində orqanizmin susuzlaşması, yoğun bağırsağın xərçəngi ilə ağırlaşa bilər.

Qeyri-spesifik xoralı kolitin diaqnostikası

QSXK-ni aşkar edən əsas diaqnostik üsul kolonoskopiyadır. Onun köməyilə yoğun bağırsağın mənfəzini və daxili divarlarını dəqiq müayinə etmək mümkündür. İrriqoskopiya və bariumla rentgenoloji müayinə divarların xoralı defektini, bağırsağın ölçülərinin dəyişməsini (meqakolon), peristaltikanın pozulmasını, mənfəzin daralmasını üzə çıxarır. Bağırsağın effektiv vizualizasiya üsulu kompüter tomoqrafiyadır.

Bundan əlavə xəstələrə koproqramma, nəcisdə gizli qanın təyini, bakterioloji əkilmə təyin olunur. Xoralı kolit zamanı qan analizində qeyri-spesifik iltihab əlamətləri izlənilir. Biokimyəvi göstəricilər yanaşı gedən patologiyalar, həzm pozğunluqları, orqan və sistemlərin funksional dəyişikliklərindən xəbər verə bilər. Adətən kolonoskopiya zamanı yoğun bağırsağın zədələnmiş hissəsindən bioptat götürülür və histoloji müayinəyə göndərilir.

Qeyri-spesifik xoralı kolitin müalicəsi

Qeyri-spesifik xoralı kolitin etiologiyası sona qədər öyrənilmədiyindən bu xəstəliyin müalicəsində əsas məqsəd iltihabi prosesin intensivliyinin azaldılmasından, klinik əlamətlərin zəiflədilməsindən, kəskinləşmə və ağırlaşmaların qarşısının alınmasından ibarətdir. Müalicə düzgün aparıldıqda davamlı remissiya əldə oluna və xəstənin həyat keyfiyyəti yaxşılaşa bilər.

Xəstəliyin gedişi və xəstənin vəziyyətindən asılı olaraq, xoralı kolitin müalicəsi terapevtik və cərrahi aparılır. Qeyri-spesifik xoralı kolitin simptomatik terapiyasının əsas elementlərindən biri pəhrizdir.

Xəstəliyin ağır formasında proktoloq su qəbulu ilə kifayətlənməklə qidadan tam imtina edilməsini məsləhət görür. Kəskinləşmə dövründə xəstələrdə iştah zəiflədiyindən onlar bu qadağaya asanlıqla əməl edirlər. Zərurət yarandıqda parenteral qidalanma təyin edilir.

Dietoterapiya ishalın kəsilməsinə və bağırsağın selikli qişasının qida komponentləri ilə zədələnməsinin azaldılmasına yönəldilir. Gündəlik rasiondan qida lifləri, sellüloza ilə zəngin, kəskin, turş, kobud məhsullar, spirtli içkilər xaric edilir. Bağırsağın xroniki iltihabından əziyyət çəkən xəstələrə qida rasionunda qida rasionunda zülalın miqdarını artırmaq (gün ərzində bədən çəkisinin hər kiloqramına görə 1,5-2 qr.) tövsiyə olunur.

Qeyri-spesifik xoralı kolitin medikamentoz terapiyası iltihabəleyhinə vasitələr, immunodepressantlar (azatioprin, metotreksat, siklosporin, merkaptopurin), antisitokinlərlə (infliksimab) aparılır. Pasiyentlər yanaşı olaraq, simtomatik vasitələr: ishaləleyhinə, ağrıkəsici, anemiya hallarında dəmir preparatları təyin edilir.

İltihabəleyhinə preparatlar qismində qeyri-steroid iltihabəleyhinə vasitələr – 5-aminosalisil turşusunun törəmələri (sulfasalazin, mesalazin) və kortikosteroid hormonal preparatlardan istifadə edilir. Kortikosteroid preparatlar ağır və orta-ağır gedişlərdə ifadəli kəskinləşmə dövründə (və ya 5-aminosalisatların effekt vermədiyi hallarda) 1 neçə aydan çox olmamaqla tətbiq edilir.

Uşaqlara kortikosteroid hormonlar böyük ehtiyatla təyin olunur. İltihabəleyhinə hormonoterapiya  bir sıra fəsadlar: arterial hipertenziya, qlükozemiya, osteoporoz və s. törədə bilər. Xoralı kolit zamanı fizioterapevtik üsullar: diadinamoterapiya, interferensterapiya, amplipulsterapiya aparıla bilər.

Pəhriz və konservativ terapiyanın qeyri-effektivliyi, ağırlaşmaların inkişafı (massiv qanaxma, yoğun bağırsağın perforasiyası, bədxassəli törəmənin olma ehtimalı və s.) cərrahi müalicəyə göstəriş sayılır. Yoğun bağırsağın rezeksiyası və ileorektal anastomozun qoyulması (qalça bağırsağının sərbəst ucunun anal kanalla birləşdirilməsi) qeyri-spesifik xoralı kolitin ən geniş yayılmış cərrahi müalicə üsuludur.  Bəzi hallarda seqmentar rezeksiya aparılır – bağırsağın zədələnmiş hissəsi sağlam toxumalar sərhəddində kəsilir.

Qeyri-spesifik xoralı kolitin proqnoz və profilaktikası

Xəstəliyin yaranma səbəbləri sona qədər öyrənilmədiyindən profilaktik tədbirlər hazırlanmamışdır. Kəskinləşmələrin residivlərinin qarşısını almaq üçün həkim təyinatlarına (pəhriz, emosional və fiziki gərginliyin məhdudlaşdırılması, psixoterapiya) ciddi riayət edilməli, müntəzəm şəkildə müayinələrdən keçilməlidir. Sanator-kurort müalicəsi vəziyyətin stabil qalmasına kömək edir.

Ağırlaşmaların müşahidə olunmadığı yüngül formalarda proqnoz qənaətbəxş olur. Dəstəkləyici terapiya qismində 5-asetilsalisilat qəbul edən pasiyentlərin təxminən 80%-də il ərzində fəsadlar və residivlər baş vermir. Xəstələrdə residivlər adətən 5 ildə 1 dəfə yaranır. 4% hallar 15 il müddətində kəskinləşməsiz gedir. Cərrahi müalicə pasiyentlərin 20%-də aparılır. QSXK-li xəstələrdə bədxassəli şişlərin yaranma ehtimalı 3-10% təşkil edir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: