S-vari bağırsağın xərçəngi

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 1314

S-vari bağırsağın xərçənginin müalicəsiS-vari bağırsağın xərçəngi – yoğun bağırsağın S-vari şöbəsində lokalizasiya olunan epitel mənşəli bədxassəli törəmədir. Onkoloji patologiya erkən mərhələlərdə simptomsuz gedir. Xəstəlik proqressivləşdikdə qarında ağrı və diskomfort, meteorizm, bağırsağın tam boşalmaması hissi yaranır. Qəbizliklə ishalın növbələşməsi müşahidə olunur. Bir sıra xəstələrdə qarnın sol hissəsində şişəbənzər törəməni əlləmək mümkün olur. Diaqnoz şikayətlər, anamnestik məlumatlar, xarici baxış, USM, rektosiqmoskopiya, irriqoskopiya, MRT, biopsiya və digər müayinələrin nəticələri əsasında qoyulur. Müalicə məqsədilə cərrahi əməliyyat, kimya və radioterapiya aparılır.

  • Yaranma səbəbləri
  • Təsnifat
  • S-vari bağırsağın xərçənginin əlamətləri
  • Diaqnostika
  • S-vari bağırsağın xərçənginin müalicəsi
  • Proqnoz və profilaktika

S-vari bağırsağın xərçəngi barədə ümumi məlumat

S-vari bağırsağın xərçəngi  vəzili epitel hüceyrələrindən inkişaf edir. Kolorektal xərçəngin 34%-i bu patoologiyanın payına düşür. Pasiyentlərin 60%-ni 40-60 yaşlı şəxslər təşkil edir. Qadınlarla müqayisədə kişilərdə bu xəstəliyə 1,5 dəfə çox rast gəlinir. S-vari bağırsağın xərçənginin çox zaman simptomsuz və ya az sayda əlamətlərlə getməsi erkən diaqnostikanı çətinləşdirir. Şiş proqressivləşdikdə qonşu orqanlara yayılır, regionar və hematogen metastazlar (əsasən qaraciyərə, ağciyərə, onurğaya) müşahidə olunur.

S-vari bağırsağın xərçənginin yaranma səbəbləri

S-vari bağırsağın xərçənginin yaranma səbəbləriS-vari bağırsağın xərçənginin geniş yayılması bu orqanın anatomik xüsusiyyətləri ilə bağlıdır. S-vari bağırsaq qarnın sol hissəsində, rektal şöbədən yuxarıda yerləşir. Formaca «S» hərfini xatırladır.  Bağırsaq möhtəviyyatının hərəkəti ləngidikdə ximusun uzun müddət S-vari bağırsaqda qalması toksiki maddələrin orqanın selikli qişası ilə təmas müddətini uzadır. Patologiyanın risk faktorlarına az hərəkətli həyat tərzi və qeyri-rasional qidalanma: rasionda yağlı, qızardılmış və kəskin yeməklərin, heyvan mənşəli yağların, asan həzm olunan karbohidratların üstünlük, qida liflərinin isə azlıq təşkil etməsi aiddir. Hər iki amil bağırsaq peristaltikasını zəiflədir. Qeyri-rasional qidalanma bağırsaq möhtəviyyatında kanserogen maddələrin miqdarını artırır.

S-vari bağırsağın yaranma ehtimalı artıran digər faktor qəbizlikdir. Bu zaman selikli qişanın kanserogenlərlə uzunmüddətli təması ilə yanaşı, onun bərk nəcis kütlələri tərəfindən zədələnməsi baş verir. Spritli içkilərin həddindən artıq istifadə edən şəxslərdə xəstəliyin inkişaf ehtimalı yüksək olur. S-vari bağırsağın xərçənginə həmçinin bağırsağın iltihabi xəstəlikləri və xərçəngönü xəstəlikləri şərait yaradır. Törəmələrin 50%-dən çox hissəsi bağırsağın polipləri, divertikulit və selikli qişanın zədələnməsi ilə müşayiət olunan digər vəziyyətlər fonunda formalaşır. Xəstəliyin inkişafında irsi amilin rolunu da vurğulamaq lazımdır.

S-vari bağırsağın xərçənginin təsnifatı

Böyümə xüsusiyyətlərindən asılı olaraq, S-vari bağırsağın xərçənginin 2 növü ayırd edilir: ekzofit və endofit. Ekzofit xərçəng enli ayaqcıqlı düyün formasında olub, adətən bağırsaq mənfəzinə doğru böyüyür. Proses proqressivləşdikdə törəmə əksər hallarda qanayır və infeksiyalaşır. Endofit şişlər əsasən bağırsağın dərin qatlarına nüfuz edir. Onlar bağırsaq divarına yayılaraq, orqanı dairəvi əhatə edə bilir. Törəmənin mərkəzində xoralaşma sahələri əmələ gəlir. Xərçəngin sirkulyar böyüməsi bağırsaq mənfəzinin daralmasına səbəb olmaqla, nəcis kütlələrinin hərəkətini çətinləşdirir. S-vari bağırsaq üçün daha çox endofit şişlər xarakterikdir.

Histoloji quruluğuna əsasən S-vari bağırsağın xərçənginin 3 növü qeyd olunur:

  • Vəzili epitel hüceyrələrindən başlanğıc götürür. S-vari bağırsağın xərçənginin 75-80%-ni təşkil edir. Yüksək, orta və aşağı differensiasiyalı olur. Xərçəngin differensiasiya dərəcəsi nə qədər aşağıdırsa, proqnoz bir o qədər ağır olur.
  • Selikli (mukoz) adenokarsinoma. Aşağı differensiasiyalı adenokarsinomanın bir növüdür. Çoxlu miqdarda selik ifraz edən musinoz hüceyrələrdən ibarətdir. Mukoz adenokarsinoma sürətli böyümə və erkən metastazlaşma ilə səciyyələnir.
  • S-vari bağırsağın üzüyəbənzər hüceyrəli xərçəngi. Hüceyrə daxilində toplanan musinin nüvəni periferiyaya sıxışdırması nəticəsində üzüyəbənzər forma alan atipik hüceyrələrdən təşkil olunmuşdur. S-vari bağırsağın onkoloji patologiyalarının müşahidə olunduğu xəstələrin 3-4%-də qeydə alınır. Xəstəliyin proqnozu qeyri-qənaətbəxşdir.

Prosesin yayılmasından asılı olaraq, S-vari bağırsağın xərçənginin aşağıdakı mərhələləri ayırd edilir:

  • 1 mərhələ – şişin ölçüsü 2 sm-dən kiçik olur. Düyün selikli və ya selikaltı qatın hüdudları daxilində yerləşir. Regionar və hematogen metastazlar aşkarlanmır.
  • mərhələsi – şişin ölçüsü bağırsaq dairəsinin uzunluğunun 1/2 hissəsindən kiçik olur. S-vari bağırsağın xərçəngi orqanın divarına yayılmır. Regionar və hematogen metastazlara rast gəlinmir.
  • mərhələsi – şiş bağırsaq divarını zədələyir, lakin onun hüdudlarından kənara çıxmır. Regionar limfa düyünlərində metastazlar aşkar edilir. Uzaq metastazlar müşahidə olunmur.
  • 3А mərhələsi – şişin diametri bağırsaq dairəsinin uzunluğunun 1/2-dən böyük olur. Metastazlara rast gəlinmir.
  • 3В mərhələsi – limfogen metastazlar müəyyən edilir.
  • 4А mərhələsi – S-vari bağırsağın xərçəngi orqanın mənfəzini tutur. Hematogen metastazlar aşkarlanır.
  • 4В mərhələsi – törəmə qonşu orqanları zədələyərək, koqlomeratlar, bağırsaq-sidik kisəsi fistulaları və s. əmələ gətirir.

S-vari bağırsağın xərçənginin əlamətləri

S-vari bağırsağın xərçənginin əlamətləriS-vari bağırsağın xərçəngi erkən mərhələlərdə simptomusuz və ya az sayda əlamətlərlə gedir. Pasiyentlər qarında qurultu və köpdən, qəbizliklə ishalın növbələşməsindən şikayət edir. Proses proqressivləşdikdə qəbizlik halları üstünlük təşkil edir. Nəcis kütlələri qan, selik və irinlə qarışır. Şiş bağırsaq divarına yayıldıqda və ximusun hərəkətinə mexaniki maneə yarandıqda qarnın sol hissəsində sancışəkili və ya küt ağrılar meydana çıxır. Bəzən xəstəliyin ilkin təzahürü bağırsaq keçməməzliyi olur. Pasiyentlərdə xərçəng intoksikasiyasının əlamətləri: halsızlıq, yorğunluq, dəri örtüklərinin avazıması və ya bozarması, hipertermiya, arıqlama, iştahsızlıq qeydə alınır. Bağırsaq keçməməzliyində 10-15 dəqiqə intervalla təkrarlanan sancılar, qarında köp, nəcis və qaz ifrazının ləngiməsi müşahidə edilir. Bəzi hallarda əlamətlərə qusma əlavə olunur. Bağırsaq divarı dağıldıqda peritonit inkişaf edir. Gecikmiş mərhələrdə kaxeksiya, anemiya, sarılıq və qaraciyərin böyüməsinə rast gəlinir. Hematogen metastazlar müvafiq orqanın funksional pozğunluqları ilə müşayiət olunur.

S-vari bağırsağın xərçənginin diaqnostikası

Diaqnoz anamnestik məlumatlar, şikayətlər, obyektiv baxış və əlavə müayinələrin nəticələri əsasında qoyulur. Endoskopik müayinə (rektoromanoskopiya və kolonoskopiya) informativliyi ilə seçilir. Bu üsul şişin lokalizasiya və həcminin vizual olaraq qiymətləndirilməsinə, eləcə də histoloji müayinə üçün toxuma nümunəsinin götürülməsinə imkan verir. Müayinə prosesində həmçinin irriqoskopiya və nəcisin gizli qana görə analizi aparılır.

Metastazları aşkar etmək məqsədilə qarın boşluğu orqanlarının USM, döş qəfəsi, onurğanın rentgenoqrafiyası və digər diaqnostik üsullar tətbiq edilir. Yekun diaqnoz histoloji müayinənin nəticələri hazır olduqdan sonra qoyulur.

S-vari bağırsağın xərçəngi bu nahiyənin iltihabi və xərçəngönü xəstəlikləri, müsariqənin hərəkətli törəmələri və retroperitoneal sahənin hərəkətsiz neoplaziyaları ilə differensiasiya edilir.

S-vari bağırsağın xərçənginin müalicəsi

Patologiyanın müalicəsi adətən kombinəolunmuş şəkildə: cərrahi əməliyyat, radio və kimyaterapiyanın köməyilə aparılır. Şişin radikal çıxarılmasına yönəldilən cərrahi müalicə başlıca rol oynayır.  Əməliyyatın həcmi S-vari bağırsağın xərçənginin yayılmasına müvafiq seçilir. Erkən mərhələlərdə bəzən bədxassəli törəmə endoskopik yolla xaric edilir.

Yayılmış proseslərdə S-vari bağırsağın, müsariqənin bir hissəsinin və regionar limfa düyünlərinin rezeksiyası həyata keçirilir. Zədələnmiş sahə ilə birgə bağırsağın distal və proksimal şöbələrində sağlam toxumalar 5 sm-lik məsafədə kəsilir. Cərrahi müdaxilə bir və ya ikimərhələli olur.  Birmərhələli əməliyyat zamanı şiş toxumasının rezeksiyasından sonra anastomoz yaratmaqla, bağırsağın tamlığı bərpa edilir. Gecikmiş mərhələlərdə bağırsaq kəsilir, kolostoma formalaşdırılır. Rekonstruktiv əməliyyat bir neçə aydan sonra aparılır.

Pred  və postoperasion dövrdə xəstələrə kimya və radioterapiya təyin olunur. Gecikmiş hallarda bağırsağın keçiriciliyini təmin etmək və ağrı sindromunu azaltmaq məqsədilə palliativ əməliyyat icra olunur. Bəzən bağırsaq keçməməzliyinin aradan qaldırılmasına, peritonit zamanı qarın boşluğunun sanasiyasına istiqamətləndirilən təcili cərrahi müdaxilələrin aparılması tələb olunur.

S-vari bağırsağın xərçənginin proqnoz və profilaktikası

S-vari bağırsağın xərçənginin proqnozu şişin tipindən, bədxassəli prosesin yayılmasından, hüceyrələrin differensiasiya dərəcəsindən, pasiyentin yaşından və yanaşı gedən xəstəliklərdən asılıdır. 5 illik sağqalma ehtimalı orta hesabla 65,2% təşkil edir. Onkoloji patologiyanın I mərhələsində xəstələrin 93,2%-i 5 illik müddəti adlayır. II mərhələdə bu göstərici 82,5%, III-də – 59,5%, IV-də isə 8,1%-ə qədər azalır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: