Tiflit

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 1331

Tiflit nədir?Tiflit — kor bağırsağın iltihabi xəstəliyidir. Patologiya sağ qalça çuxuru nahiyəsində ağrı, kor bağırsağın qalınlaşması və yüksək mobilliyi, abdominal sancılar, dispeptik pozğunluqlar və ağır hallarda intoksikasiya əlamətləri ilə təzahür edir. Diaqnoz koproqramma, qarın boşluğunun USM və icmal rentgenoqrafiyası, laparoskopiyanın nəticələri əsasında qoyulur. Müalicə məqsədilə antibiotiklər, ferment preparatları, pre- və probiotiklər, infuziya üçün məhlullardan istifadə edilir. Bağırsaq divarının destruksiyası zamanı seqmentar rezeksiya, kor bağırsaq gümbəzinin ekstraperitonizasiyası göstəriş sayılır.

  • Tiflitin yaranma səbəbləri
  • Patogenez
  • Tiflitin əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Tiflitin müalicəsi
  • Proqnoz və profilaktika

Tiflit barədə ümumi məlumat

Tiflit — seqmentar kolitin bir formasıdır. Əsasən 25-60 yaşlı pasiyentlərdə atonik və ya spastik qəbizlik fonunda yaranır. Patologiyaya hər iki cinsin nümayəndələri arasında eyni tezlikdə rast gəlinir. Tiflit kimyaterapevtik preparatlar qəbul edən uşaqların 10%-də aşkarlanır, kəskin leykozların gedişini ağırlaşdırır. İnfeksion xəstəliklər, appendisit, ağır formalı immundefisit vəziyyətlərdə kor bağırsağın iltihabı kəskin, qalan hallarda isə xroniki gedişli olur. Tiflitin erkən diaqnostikasının aktuallığı xəstəliyin destruktiv formasında ciddi fəsadların yaranması ilə bağlıdır.

Tiflitin yaranma səbəbləri

Tiflitin yaranma səbəbləriTiflit obliqat bağırsaq mikroflorasının (əsasən psevdomonas və digər anaerob qram-mənfi çöplər) aktivləşməsi və ya patogen mikroorqanizmlərin selikli qişada koloniyalaşması nəticəsində inkişaf edir. Klinik proktologiya sahəsinin mütəxəssislərinin fikrincə kor bağırsaqda iltihabın yaranmasına səbəb olan amillər aşağıdakılardır:

  • Xroniki qəbizlik. Nəcis kütlələrinin kor bağırsaq boşluğunda ləngiməsi turşu-qələvi balansının pozulması ilə müşayiət edilir, mikroorqanizmlərin aktiv şəkildə çoxalmasına səbəb olur. Risk qrupuna yoğun bağırsağın motor funksiyasının pozulması, dolixokolon, Hirşprunq xəstəliyi, obstipasion sindromlu digər patologiyaların rast gəlindiyi şəxslər daxildir.
  • İnfeksion-iltihabi patologiyalar. Kor bağırsağın hematogen yolla infeksiyalaşması sepsis, qrip və qarın yatalağında müşahidə edilir. Xroniki gedişli bağırsaq vərəmi və abdominal aktinomikoz zamanı tiflit adətən ileitlə müştərək şəkildə inkişaf edir. Appendisit, sağtərəfli adneksit və ooforitdə infeksiyanın limfogen yolla yayılması mümkündür.
  • İmmunçatışmazlıq. Kor bağırsağın iltihabi-nekrotik zədələnməsinin ağır formaları immunosupressiya fonunda yarana, o cümlədən yatrogen mənşəli ola bilir. İİV infeksiyası, kəskin leykoz və hiposplenizmdən əziyyət çəkən, sitostatik preparatlar qəbul edən şəxslərdə tiflitin yaranma ehtimalı yüksək olur.
  • Bəzi qida məhsullarına qarşı yüksək həssaslıq. Laktoza, qlüten, heyvan və bitki mənşəli zülalların parçalanma və sorulma proseslərinin pozulması nəticəsində ximusun tərkibinin pozulması tiflitin inkişafına təkan verir. Bir sıra hallarda tiflit uzun müddət gizli gedən qida allergiyasının yeganə klinik təzahürü kimi inkişaf edir.

Pasiyentlərin bir qismində patologiyanın yaranması Kron xəstəliyi və bağırsağın digər autoimmun patologiyaları ilə bağlı olur. Qeyri-düzgün qidalanma – yağlı, duzlu, qızardılmış, hisə verilmiş qidaların qəbulu, qarın əzələlərinin gərginliyi ilə müşayiət olunan ağır fiziki yüklənmələr tiflitin inkişafına şərait yaradır.

Tiflitin patogenezi

Tiflitin inkişaf mexanizmi iltihabi prosesə səbəb olan əsas amilin xüsusiyyətlərindən asılıdır. Kəskin infeksiyalarda adətən ifadəli lokal reaksiyalar – bağırsaq divarının ödemi, damarların paretik genişlənməsi, qan dövranı pozğunluqlarının və işemik halların proqressivləşməsi baş verir. Əksər hallarda kəskin iltihab eksudativ-kataral xarakterli olur. İfadəli neytropeniya zamanı immunosupressiya fonunda kor bağırsağın xoralı-nekrotik zədələnməsi müşahidə edilir.

Uzunmüddətli infeksiyalar, autoimmun proseslər, bağırsaq möhtəviyyatının durğunluğu və qida məhsullarına qarşı yüksək həssaslıqla assosiasiyalı xroniki tiflit üçün eksudativ komponentin zəif ifadə olunması, ilfiltrativ və proliferativ fibroz-sklerotik proseslərin üstünlük təşkil etməsi xarakterikdir. Kor bağırsaq divarının qalınlaşması motorikanın və nəcis kütlələrindən suyun reabsorbsiya proseslərinin pozulmasına, koprostazın ağırlaşması, autointoksikasiyanın baş verməsinə gətirib çıxarır.

Tiflitin əlamətləri

Tiflitin əlamətləriXəstəliyin klinik şəkli sürətlə (kəskin infeksion xəstəliklərdə) və ya tədricən inkişaf edir. Tiflitin əsas əlaməti sağ qalça nahiyəsində lokalizasiya olunan ağrılardır. Fiziki yüklənmə, bədən vəziyyətinin dəyişməsi zamanı ağrı sindromu güclənir. Bəzən qida qəbulundan 4-5 saat sonra qarında sancılar yaranır. Palpasiyada kor bağırsağın proyeksiyasında lokal ağrı, orqanın bərkiməsi və hərəkətliliyi müəyyən edilir.

Patologiya üçün dispeptik pozğunluqlar: ürəkbulanma, qusma, iştahın azalması, ishalla qəbizliyin növbələşməsi səciyyəvidir. Tiflitin patoqnomik əlaməti — yuxudan oyanan kimi defekasiyaya imperativ çağırışların yaranmasıdır. Xəstəliyin xroniki gedişində qarnın assimmetriyası və daimi köp qeydə alınır. Ağırlaşmış hallarda pasiyentlərin ümumi vəziyyəti pozulur: qızdırma, yayılmış abdominal ağrılar, çoxsaylı qusma müşahidə edilir.

Tiflitin ağırlaşmaları

İnfeksion proses peritona və ətraf toxumalara yayıldıqda peritiflit və paratiflit formalaşır. Onlar oxşar klinik şəklə malik olduğundan diaqnoz yalnız instrumental müayinələrin nəticələri əsasında qoyulur. Tiflitin bu tip ağırlamalarında kor bağırsaq ballonabənzər formada genişlənir, qalınlaşır, palpasiyada demək olar ki, yerini dəyişmir. Qalça limfa düyünlərinin kontakt yolla infeksiyalaşması kəskin ağrılar və qızdırma ilə gedən mezadenitin inkişafına gətirib çıxarır.

Bağırsağın iltihabi dəyişiklikləri bauhinitəbauhin qapağının çatışmazlığına səbəb ola bilər. Belə hallarda patogen flora yoğun bağırsaqda koloniyalar əmələ gətirir, nəticədə izafi bakterial artım sindromu yaranır. Tiflitin ən ağır fəsadı prosesin periton səhifələrinə yayılması nəticəsində peritonitin inkişaf etməsidir. Təcili yardım göstərilmədikdə belə vəziyyətlər şok, sepsis və poliorqan çatışmazlığı  törədir.

Tiflitin diaqnostikası

Xəstəliyin klinik şəklinin polimorfluğu və qeyri-sepsifikliyi ilə əlaqədar diaqnozun qoyulmasında bir sıra çətinliklər yaranır. Diaqnostika prosesində əsasən aşağıdakı laborator-instrumental üsullardan istifadə olunur:

  • Nəcisin mikroskopik müayinəsi. Koproqrammada külli miqdarda zolaqlı əzələ lifləri, nişasta dənələri və qida liflərinə rast gəlinir. Nəcisin turş reaksiyası və yodifil mikrofloranın çoxluğu iltihabi prosesin inkişafına dəlalət edir. Bağırsaq qanaxmalarını inkar etmək üçün nəcisin gizli qana görə analizi yerinə yetirilir.
  • Qarın boşluğu orqanlarının USM. Sonoqrafiyada kor bağırsağın qalınlşaması və şişkinliyi, selikli qişanın büküşlərinin hamarlaşması aşkarlanır. Ultrasəs müayinəsində həmçinin soxulcanabənzər çıxıntının və bağırsağın qonşu şöbələrinin vəziyyətinə diqqət yetirilir. Xəstəliyin başlanğıc mərhələsində bu üsul bir o qədər də informativ sayılmır.
  • Rentgenoloji müayinə. Ekspress-diaqnostika və MBT-nin ümumi vəziyyətinin qiymətləndirilməsi məqsədilə qarın boşluğu orqanlarının icmal rentgenoqrafiyası icra olunur. Kor bağırsaq strukturlarının vizualizasiyası üçün ikiqat kontrastlaşdırma ilə irriqoskopiya aparılır. Tiflit zamanı kor bağırsağın deformasiyası və qısalması, mənfəzinin daralması, qaustraların hamarlaşması müşahidə edilir.

Qanın ümumi analizində iltihabi prosesin tipik əlamətləri: leykositoz, EÇS-nin yüksəlməsi izlənilir. Qanın biokimyəvi müayinəsində bütün göstəricilər adətən norma həddində olur. Xəstəliyin etiologiyasını müəyyən etmək üçün nəcisin bakterioloji analizindən istifadə olunur. Mürəkkəb hallarda diaqnostik laparpskopiya təyin edilir.

Tiflit ilk növbədə kəskin appendisitdən fərqləndirilməlidir. Dəqiq diaqnozun qoyulmasında ultrasəs müayinəsinin məlumatları (kor bağırsaq divarının qalınlaşması, soxulcanabənzər çıxıntıda dəyişikliklərin aşkarlanmaması) həlledici rol oynayır. Bundan əlavə xəstəliyin inkişaf sürəti (kəskin başlanğıc appendisit üçün xarakterikdir) və peritonun qıcıqlanma əlamətlərinin olmasına diqqət yetirmək lazımdır. Yaşlı xəstələrdə şişlərlə differensial diaqnostika aparılmalıdır.

Tiflitin müalicəsi

Terapevtik taktika xəstəliyin etiologiyası, iltihabın inkişaf dinamikası və desktruktiv proseslərin ifadəliliyindən asılıdır. Tiflitin ağırlaşmamış formalarında konservativ terapiya və pəhriz təyin olunur.  Müalicə prosesində adətən aşağıdakı dərman preparatlarından istifadə edilir:

  • Antibiotiklər. Antibakterial vasitələr törədicinin həssaslığı nəzərə alınmaqla seçilir. Bakterioloji əkilmənin nəticələri məlum olana qədər sınaq terapiyası qismində geniş təsir spektrinə malik antibiotiklər – sefalosporinlər, yarımsintetik penisillinlər, aminoqlikozidlər və s. tətbiq edilir.
  • Enzim preparatları. Tiflitin inkişafı malabsorbsiya və maldigestiya ilə assosiasiyalı olduqda əvəzedici ferment terapiyası göstəriş sayılır. Mədəaltı vəzinin enzimləri qida maddələrinin parçalanmasını yaxşılaşdıraraq, ximusun kimyəvi tərkibini normaya salır.
  • Prebiotiklər və probiotiklər. Bu preparatlardan disbiozun korreksiyasında istifadə olunur. Yoğun bağırsağın təbii biosenozunun bərpası patogen bakteriyaların çoxalmasını inhibə edir. Klinik vəziyyətdən asılı olaraq, bağırsaq florasının kulturalarından (probiotiklər) və ya yoğun bağırsaqda fermentləşən qida maddələrindən istifadə olunur.
  • İnfuzion terapiya. Tiflitin klinik şəklində ishalın üstünlük təşkil etdiyi hallarda kolloid və kristalloid preparatların venadaxili yeridilməsi orqanizmdə maye itkisini bərpa edir, turşu-qələvi və elektrolit baalnsını normaya salır. İnfuzion terapiya fonunda intoksikasiya əlamətləri azalır.

Tiflitin yaranması yoğun bağırsağın xroniki infeksiyaları, autoimmun və digər xəstəlikləri ilə bağlı olduqda əsas patologiyanın müalicəsi xüsusi protokol üzrə aparılır. Medikamentoz terapiya  çox zaman fizioterapevtik üsullarla – nəcis kütlələrinin hərəkətini yaxşılaşdıran lokal termoprosedurlar və bağırsağın masajı ilə tamamlanılır. Yoğun bağırsağın mexaniki obstruksiyası, nekrozlaşmış divarın perforasiyası cərrahi müdaxiləyə (seqmentar rezeksiya, kor bağırsaq gümbəzinin ekstraperitonizasiyası) göstəriş sayılır.

Tiflitin proqnoz və profilaktikası

Xəstəliyin sonluğu diaqnostika və müalicənin vaxtında aparılmasından asılıdır. Tiflitin ağırlaşmamış formalarında proqnoz qənaətbəxş, iltihabi prosesin yayıldığı hallarda isə şübhəli olur.

Tiflitin profilaktikası məqsədilə həzm sistemi xəstəlikləri və kəskin infeksiyalar müalicə olunmalı, defekasiya aktının müntəzəmliyinə diqqət yetirilməli, rasional qidalanma prinsiplərinə riayət edilməlidir. Xəstəliyin ilkin əlamətləri müşahidə olunduqda ağırlaşmalara yol verməmək üçün vaxt itirmədən proktoloqa müraciət etmək lazımdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: