Xroniki anal çat

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 7372

xroniki anal çat nədir?Xroniki anal çat – anal kanalın selikli qişasının uzun müddət sağalmayan defektidir. Patologiya defekasiya prosesində yaranan, bir neçə dəqiqə və ya saat ərzində davam edən yandırıcı ağrılarla təzahür edir. Pasiyentlərdə qaşınma, anal sfinkterin tonusunun yüksəlməsi, defekasiya zamanı qanın damcı şəklində ifrazı müşahidə edilir. Diaqnoz şikayətlər, perianal nahiyəyə baxış, anoskopiya, rektoromanoskopiya, irriqoskopiya və digər müayinələrin nəticələri əsasında qoyulur. Müalicə məqsədilə pəhriz, yerli və ümumi təsirli dərman preparatları təyin olunur, fizioterapevtik prosedurlar, yan sfinkterotomiya, bəzi hallarda izoləolunmuş fissurektomiya aparılır.

  • Yaranma səbəbləri
  • Patogenez
  • Xroniki anal çatın əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Xroniki anal çatın müalicəsi

Xroniki anal çat barədə ümumi məlumat

Xroniki anal çat – geniş yayılmış patologiya olub, anodermanın anal dəliyin selikli qişasına keçdiyi nahiyədə uzun müddət sağalmayan defekt, yara və xoraların formalaşması ilə müşayiət edilir. Patologiya 18 yaşdan yuxarı şəxslərin 2-2,5%-də aşkarlanır. Xroniki anal çat yayılma tezliyinə görə babasilparaproktitdən sonra üçünçü proktoloji xəstəlik hesab olunur. Proktoloji patologiyaların ümumi strukturunda onun payı 12-15% təşkil edir. Anal çatın 6-8 həftədən artıq davam etməsi patologiyanın xroniki formaya keçməsindən xəbər verir.

Xroniki anal çatın yaranma səbəbləri

Xroniki anal çatın səbəbləriMüasir proktologiya sahəsinin mütəxəssislərinin müşahidələrinə əsasən xroniki anal çat aşağıdakı səbəblərdən yaranır: bərk konsistensiyalı nəcis kütlələri tərəfindən selikli qişanın zədələnməsi; qəbizlik zamanı dərindən gücənmə; ağırlıq qaldırarkən anal sfinkter nahiyəsində təzyiqin yüksəlməsi; anal yolla cinsi əlaqə; imalə edərkən düz bağırsağın yuyulma texnikasının pozulması; tibbi alətlərin kobud şəkildə yeridilməsi.

Qadınlarda sadalanan faktorlarla yanaşı, həmçinin doğuş fəaliyyəti, doğuşdan sonrakı dövrün düzgün aparılmaması, işlədici vasitələr və yaxud imalədən imtina olunduğu təqdirdə doğuşdan sonra ilk defekasiya aktında selikli qişanın zədələnməsi xroniki anal çatın formalaşmasına təkan verir.

Xroniki anal çatın patogenezi

Anal sfinkterin funksiyası qaz və nəcis kütlələrinin qeyri-iradi ifrazının qarşısını almaqdan ibarətdir. Onun bu fəaliyyəti 2 əzələ komponentləri: köndələn əzələ toxumasından ibarət xarici və saya əzələ liflərindən təşkil olunmuş daxili sfinkter hesabına reallaşır. Xarici sfinkterin fəaliyyəti iradi şəkildə, daxili sfinkterin funksiyası isə saya əzələlərin tonusu sayəsində tənzimlənir. Müxtəlif patoloji və fizioloji təsirlərdən əzələlərin tonusunun yüksəlməsi damarların sıxılmasına, anus nahiyəsindəki toxumaların qan təhcizatının pozulmasına səbəb olur. Bu proses anal kanalın arxa divarında daha ifadəli olur, çünki həmin nahiyədə damarlar anusun digər hissələrinə nisbətən azlıq təşkil edir.

Vaskulyarizasiyanın pisləşməsi və nəcis kütlələrinin daralmış anal kanaldan keçərkən selikli qişanı zədələməsi uzun müddət sağalmayan defektin (xroniki anal çat) formalaşmasına səbəb olur. Sfinkterin tonusu yüksək olduğundan defekt toxuma büküşlərində gizlənir, təbii yolla pis təmizlənir. Prosesə daxili sfinkterin tonusunu daha da artıraraq, vəziyyəti ağırlaşdıran iltihab əlavə olunur. Qüsurlu dövran yaranır. Defektin formalaşmasından 1,5-2 ay sonra çatın kənarları bərkiyir, distal hissəsində qranulyasion toxuma çoxalmağa başlayır, dibində isə saya əzələ lifləri əmələ gəlir.

Xroniki anal çatın əlamətləri

Xroniki anal çatın əlamətləriXroniki anal çat klassik triada: sfinkterin spazmı, ağrı sindromu və defekasiya zamanı qanaxma ilə özünü büruzə verir. Bəzən bu əlamətlərin bir və ya bir neçəsi zəif ifadə olunur və yaxud vaxtaşırı təzahür edir. Defekasiya prosesində yaranan yandırıcı ağrılar bir neçə dəqiqə və ya saat müddətində davam edir. Ağrının baş verməməsi üçün xəstələr çox vaxt nəcis ifrazını ləngidirlər, bu da fekal kütlələrin bərkiməsinə və anal kanalın təkrar zədələnməsinə səbəb olur.

Xroniki anal çat güclü qanaxma ilə müşayiət edilmir. Qanlı-selikli ifrazatlar adətən tualet kağızında, alt paltarında və yaxud nəcis unitaza düşərkən suyun rənginin dəyişməsinə əsasən aşkarlanır. Sfinkterin spazmı barmaqla rektal müayinə zamanı təyin edilir. Ağrı sindromu ifadəli olduqda prosedur anesteziya altında aparılır. Barmağı anal kanala yeridərkən güclü müqavimət hiss edilir. Anesteziya aparılmadıqda xəstə ağrının gücləndiyini xəbər verir.

Xroniki anal çatın ağırlaşmaları

Patologiya uzun müddət davam etdikdə anal kanalın irinləməsi və ya rigid daralması mümkündür. Birinci halda abses və ya düz bağırsaq fistulaları yarana bilər. Rigid daralma zamanı defekasiya aktı pozulur. Bağırsağın boşalması üçün xəstə dərindən gücənməyə məcbur qalır, nəcis nazik lent şəklində ifraz olunur. Qəbizlik formalaşır, imalə və ya işlədici vasitələrin daimi istifadəsinə ehtiyac yaranır.

Xroniki anal çatın diaqnostikası

Diaqnoz şikayətlər, anal nahiyəyə baxiş, rektal müayinə və anoskopiyanın nəticələri əsasında qoyulur. Düz bağırsağın ikincili dəyişikliklərini aşkar etmək və differensial diaqnostika aparmaq məqsədilə rektoromanoskopiya, irriqoskopiya, proktoskopiya, nəcisin bakterioloji əkilməsi və digər müayinələr icra olunur. Xroniki anal çat anal kanalın arxa divarında bağırsaq oxu boyunca yerləşir. Çox az hallarda ön çatlar, eləcə də ön və arxa divarda bir-birinə paralel defektlər aşkarlanır.

Anal çatın xarici hissəsi əksərən sağrını araladıqda nəzərə çarpır. Kök insanlarda və ya intensiv ağrının müşahidə olunduğu təqdirdə anal nahiyəyə baxış keçirərkən heç bir məlumat əldə edilmir. Palpasiya zamanı zədələnmə nahiyəsində bərkimiş, ağrılı sahə müəyyən olunur. Anoskopiya prosesində xroniki anal çat yarığabənzər, ellipsşəkilli və ya xətvari defekt şəklində görünür. Onun kənarları bərk və nahamar, dib hissəsi isə qranulyasiya, boz ərplə örtülü olur.

Xroniki anal çat hemorroidal düyünlərin trombozu, qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi, proktit, rektosiqmoidit, düz bağırsağın sifilitik və vərəm mənşəli zədələnməsi, İİV infeksiyası ilə differensiasiya edilir. Sifilis və QİÇS-dən şübhələndikdə sorğu zamanı pasiyentin cinsi oriyentasiyasına və seksual vərdişlərinə diqqət yetirilir. Ehtiyac olduqda xəstə veneroloqun konsultasiyasına yönəldilir.

Xroniki anal çatın müalicəsi

Müalicə konservativ və cərrahi yolla aparılır. Anal kanal nahiyəsinin zədələnməsi adətən bərk nəcis kütlələrinin hərəkəti ilə bağlı olduğundan pəhriz və düzgün seçilmiş işlədici vasitələrin köməyilə nəcisin konsistensiyası normaya salınır.

Daxili anal sfinkterin tonusunu azaltmaq üçün botulotoksin (inyeksiya), azot oksidinin donatorları (məlhəm) və kalsium kanallarının blokatorlarından (tablet) istifadə olunur. Axırıncı 2 dərman preparatının köməyilə aparılan müalicənin xroniki anal çatdan əziyyət çəkən pasiyentlərin 40-70%-də sağalma ilə nəticələnməsinə baxmayaraq, onların 50%-də il ərzində residivlərə rast gəlinir. Qalan hallarda medikamentoz terapiya arzuolunan nəticəni vermir və ya əlavə təsirlərlə əlaqədar müalicəni dayandırmaq məcburiyyətində qalınır.

Botulotoksin inyeksiyaları ilə 3 aylıq müalicə kursundan sonra sağalma xəstələrin 80-90%-də qeydə alınır. Pasiyentlərin 4-10%-də terapiya prosesində qaz və nəcis saxlamazlıq yaranır, lakin bu əlamətlər kurs başa çatdıqdan sonra keçib gedir. Üsulun çatışmazlığı onun bahalı olmasıdır.

Konservativ müalicə effekt vermədikdə yan sfinkterotomiya aparılır. Bir sıra hallarda izoləolunmuş fissurektomiya (çatın fibroz kənarının kəsilməsi, dib hissəsinin küretajı) icra edilir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: