Xroniki babasil
Xroniki babasil – düz bağırsağın aşağı hissəsinin selikaltı qatında və anal kanalın çıxışında dərialtı toxumada yerləşən venoz kələflərin uzunmüddətli genişlənməsidir. Patologiya qanaxma, anus nahiyəsində qaşınma, göynəmə hissi, hemorroidal düyünlərin böyüməsi və sallanması ilə təzahür edir. Bir sıra hallarda sadalanan əlamətlərə ağrı əlavə olunur. Diaqnoz anamnestik məlumatlar, klinik simptomatika, anus nahiyəsinə baxış, barmaqla rektal müayinə, anoskopiya, rektoromanoskopiya və digər müayinələrin nəticələri əsasında qoyulur. Müalicə məqsədilə medikamentoz terapiya, düyünlərin liqaturaya alınması, krioterapiya, koaqulyasiya, hemorroidopeksiya, hemorroidektomiya icra olunur.
- Yaranma səbəbləri
- Patogenez
- Təsnifat
- Xroniki babasilin əlamətləri
- Ağırlaşmalar
- Diaqnostika
- Xroniki babasilin müalicəsi
Xroniki babasil barədə ümumi məlumat
Xroniki babasil – anus nahiyəsinin arteriovenoz kavernoz kələflərinin xroniki patoloji böyüməsi olub, qanaxma, hemorroidal düyünlərin sallanması, trombozu və boğulması ilə müşayiət edilir. Xroniki babasil ən geniş yayılmış proktoloji patologiya hesab olunur. Xəstəliyin tezliyinə dair məlumatlar birmənalı deyil. Tədqiqatçıların fikrincə statistik rəqəmlərin fərqliliyi xroniki babasilin əksər hallarda simptomsuz gedişə malik olması ilə bağlıdır. Amerikalı proktoloqların məlumatlarına əsasən planlı tibbi baxış zamanı hemorroidal düyünlərin aşkarlandığı xəstələrin 80%-i heç bir əlamətlə qarşılaşmadığından əvvəllər həkimə müraciət etməmişlər.
Xroniki babasilin yaranma səbəbləri
Xroniki babasilin inkişafına səbəb olan amillərə oturaq iş fəaliyyəti, az hərəkətli həyat tərzi, qeyri-rasional qidalanma, qəbizlik və ağır fiziki yüklənmələr aiddir. Bəzi mütəxəssislər hesab edir ki, xroniki babasilin yaranması çoxmomentli defekasiya ilə bağlıdır. Bu cür nəcis ifrazı fizioloji norma sayılır. Belə şəxslərdə fekal kütlələr birdəfəyə deyil, qısa intervallarla – mərhələli şəkildə xaric olunur. Onlar dərindən gücənməklə defekasiya prosesini tezləşdirməyə adət etdikdə xroniki babasilin inkişafına şərait yaranır. Qadınlarda patologiya çox vaxt hamiləlik dövründə formalaşır. Bu da qarın boşluğunda təzyiqin yüksəlməsi ilə izah olunur. Bundan əlavə xəstəliyin etiologiyasında irsi faktorun da rolunu qeyd etmək lazımdır.
Xroniki babasilin patogenezi
Xroniki babasil bətndaxili inkişaf dövründə yaranan, quruluşuna görə xarici cinsiyyət orqanlarının mağaralı cisimlərini xatırladan arteriovenoz kavernoz kələflərin patoloji böyüməsi nəticəsində inkişaf edir. Kələflərin bir qrupu daraqlı xətdən yuxarıda, düz bağırsağın aşağı şöbələrinin selikaltı qatında yerləşir. İkinci qrup isə daraqlı xətdən aşağıda anal kanalın çıxışında dərialtı toxumada lokalizasiya olunur. Hər iki qrup bir-birilə anastomozlar vasitəsilə əlaqələnir.
Qanla dolma xüsusiyyətinə görə kavernoz cisimlər sfinkterin bağlı olduğu hallarda anal dəliyin hermetikliyini təmin edir. Əvvəllər hesab olunurdu ki, xroniki babasil bu anatomik nahiyənin venalarının varikoz genişlənməsi ilə əlaqədar yaranır. Lakin müasir tədqiqatçıların fikrincə xəstəlik bir sıra faktorların təsiri altında inkişaf edir. Xroniki babasilə səbəb olan amillər sırasına arterial axının sürətlənməsi və/və ya venoz qayıdışın ləngiməsi nəticəsində mağaralı cisimlərdə qanın miqdarının artması, tromboz, damar divarının iltihabi dəyişiklikləri, bu anatomik zonanın əzələ və bağlarında gedən distrofik proseslər daxildir.
Xroniki babasildən əziyyət çəkən pasiyentlərdə yuxarı rektal arteriya sağlam insanlarla müqayisədə daha geniş olur. Bundan əlavə xəstələrdə anus nahiyəsində kiçik damarların miqdarının və sıxlığının artması aşkar edilir. Əzələ və bağlar zəiflədiyindən hemorroidal düyünlər hərəkətli olur. Nəcis kütlələrinin təzyiqi və gücənmə düyünlərin distal istiqamətdə yerdəyişməsinə gətirib çıxarır. Xroniki babasil uzun müddət davam etdikdə degenerasiyaya uğrayan bağlar qırılır və daraqlı xətdən yuxarıda yerləşən düyünlər anal dəlikdən xaricə çıxır.
Xroniki babasilin təsnifatı
Hemorroidal düyünlərin lokalizasiyasına (daraqlı xətdən yuxarıda və ya aşağıda yerləşməsi) görə müasir proktologiyada xroniki babasilin xarici, daxili və kombinəolunmuş formaları qeyd olunur. Xəstəliyin gedişi 4 mərhələyə ayrılır:
- I mərhələ – anusdan qanaxma müşahidə edilir. Bu nahiyədə diskomfort hissinin yaranması mümkündür. Hemorroidal düyünlərin sallanmasına rast gəlinmir. Selikli qişada damar şəklinin güclənməsi və əzələ-bağ karkasının distrofik dəyişikliklərinin başlanması qeydə alınır.
- II mərhələ – pasiyentlərdə qanaxma, anal qaşınma, selik ifrazı, düyünlərin sallanması və sonradan sərbəst şəkildə əvvəlki vəziyyətinə qayıtması aşkar edilir. Əzələ və bağların distrofik dəyişiklikləri cüzi olur.
- III mərhələ – klinik simptomatika xroniki babasilin II mərhələsi ilə eynidir. Hemorroidal düyünlər öz-özünə geri qayıtmadığından defekasiya aktından sonra xəstə onları əllə içəri salmağa məcbur qalır. Əzələ-bağ karkasının distrofiyası proqressivləşir, əzələlərin elastikliyi itirilir.
- IV mərhələ – sadalanan kliniki təzahürlərə intensiv ağrılar və nəcis saxlamazlıq əlavə olunur. Düyünlərın anal dəlikdən sallanması tezləşir, onların əllə yerinə qaytarılması çətinləşir. Əzələ və bağların ifadəli distrofiyası əzələ-bağ karkasının yararsızlığı ilə müşayiət olunur.
Xroniki babasilin əlamətləri
Xroniki babasil tədricən inkişaf edir. İlkin mərhələlərdə xəstələrdə anus nahiyəsində diskomfort və ağırlıq hissi yaranır. Bir müddətdən sonra diskomfort ifadəli şəkil alır, hemorroidal düyünlərin defekasiya zamanı zədələnməsi nəticəsində qanaxma baş verir. Qan al-qırmızı rəngdə olur. O nəcis kütlələrinin ifrazından sonra kavernoz kələfləri qanla təhciz edən arteriyalardan axmağa başlayır. Əvvəlki defekasiya zamanı qanın bir hissəsi düz bağırsaqda qalarsa, fekal kütlələrdən qabaq tünd laxtalar xaric olunur.
Xroniki babasilin başlanğıc mərhələsində qan itkisi adətən cüzi olur. Qanaxma yalnız qəbizlik və pəhrizin pozulması zamanı yaranır və öz-özünə dayanır. Belə hallarda ixtisaslaşdırılmış tibbi yardım tələb olunmur. Qan alt parında və tualet kağızında damcı şəklində aşkarlanır və yaxud defekasiya aktından sonra nazik şırnaqla ifraz olunur. Xroniki babasil proqressivləşdikdə qanaxma müntəzəm halda və daha güclü formada müşahidə edilir. Qan itkisi hər defekasiya prosesində və ağır fiziki yüklənmələr zamanı baş verir.
Xroniki babasilin gecikmiş mərhələlərində qan nəcis ifrazı və ya fiziki gərginlikdən asılı olmadan öz-özünə xaric olunur. Əksər hallarda orqanizm kiçik həcmli qanitirmələrə uyğunlaşdığından anemiyaya rast gəlinmir. Kişi cinsinə məxsus olan cavan pasiyentlərdə, eləcə də xəstəliyin gecikmiş mərhələlərində izlənilən gur qanaxmalar dəmirdefisitli anemiyanın inkişafına gətirib çıxarır.
Xarici babasil xəstəliyində kiçik ölçülü, girdə formalı, elastik düyünlər pasiyent tərəfindən aşkarlana bilər. Daxili babasildə düyünlər sfinkterdən içəriyə doğru yerləşdiyindən rektal müayinə vasitəsilə üzə çıxarılır. Ağırlaşmalar baş vermədikdə düyünlərin diametri 2 sm-dən kiçik olur, palpasiya ağrı ilə müşayiət edilmir. Düyünlərin trombozu və ya iltihablaşması zamanı düyünlər böyüyür və kəskin ağrılı olur.
Xroniki babasildə ağrı sindromunun xarakteri xəstəliyin mərhələsindən, fəsadların yaranmasından asılıdır. Ağrı adətən qeyri-intensiv olur. Xəstələrdə defekasiya prosesində göynəmə hissi meydana çıxır. Defekasiya aktı başa çatdıqdan sonra diskomfort tədricən aradan qalxır. Bəzən göynəmə bir neçə saat davam edərək, xəstəyə narahatlıq törədir. İltihab və tromboz hallarında ağrı sindromu güclənir. Ağrı kəsici və ya pulsasiyaedici xarakter alır, öskürək və ya ağırlıq qaldırma zamanı artır. Ağır formalarda yuxu pozulur, pasiyent oturaq vəziyyətdə qala bilmir.
Xroniki babasilin tipik əlaməti selik ifrazı, hemorroidal düyünlərin sallanması və maserasiya sahələrinin yaranması ilə əlaqədar perianal nahiyənin qaşınmasıdır. Bir sıra xəstələrdə yerli tətbiq olunan dərman vasitələrinin qıcıqlandırıcı təsiri nəticəsində formalaşan dermatit qaşınmaya səbəb olur. Xroniki babasil üçün perianal ödem xarakterik deyil. Bu simptom adətən düyünlərin tez-tez sallanması zamanı təzahür edir.
Xroniki babasilin ağırlaşmaları
Xroniki babasilin ən geniş yayılmış fəsadı hemorroidal düyünlərin trombozudur. Az hallarda anal kanal nahiyəsində hematomalara rast gəlinir. Daxili düyünlərin boğulması və nekrozu gur qanaxmalarla müşayiət edilir. Bəzən düyünlərin boğulması paraproktitlə ağırlaşır.
Xroniki babasilin diaqnostikası
Diaqnoz şikayətlər, anamnestik məlumatlar, anus nahiyəsinə baxış, barmaqla rektal müayinə, anoskopiya və rektoromanoskopiyanın nəticələri əsasında qoyulur. Baxış ginekoloji kresloda və ya diz-dirsək vəziyyətində aparılır. Həkim-proktoloq sfinkterin vəziyyətinə, böyüyən xarici hemorroidal düyünlərin, maserasiya sahələrinin, selik, nəcis və qan izlərinin olmasına diqqət yetirir. Rektal müayinə və anoskopiya zamanı daxili hemorroidal düyünlərin lokalizasiya və ölçüləri təyin edilir. Daha dəqiq məlumat əldə etmək üçün xəstədən gücənməsi xahiş olunur.
Yoğun bağırsağın yuxarıda yerləşən şöbələrinin zədələnməsindən şübhələndikdə kolonoskopiya və irriqoskopiya aparılır. Sadalanan üsulların köməyilə həzm traktının rektal qanaxmalarla müşayiət olunan patologiyaları aşkar və ya inkar edilir.
Xroniki babasil düz bağırsaq və anal kanalın digər xəstəlikləri, ilk növbədə bədxassəli şişlərlə differensiasiya edilir.
Xroniki babasilin müalicəsi
Müalicə prosesində konservativ terapiyadan, az invaziv üsullardan və klassik cərrahi müdaxilələrdən istifadə olunur. Müalicə taktikası xəstəliyin mərhələsinə, ağırlaşmaların olmasına, ağrı sindromunun ifadəliliyinə müvafiq şəkildə tərtib edilir. Konservativ müalicə xroniki babasilin ilkin, hamiləlik dövründə isə gecikmiş mərhələlərində, eləcə də cərrahi müdaxilənin aparılmasına əks-göstərişlər olduqda aparılır.
Xroniki babasildən əziyyət çəkən pasiyentlərə gündəlik rasionda qida liflərinin miqdarının artırılması ilə pəhriz təyin olunur. Həzm traktının fəaliyyətini normaya salmaq və qəbizliyi aradan qaldırmaq məqsədilə yumşaq işlədici vasitələr tətbiq edilir. Bundan əlavə trombolitiklər, ağrıkəsici və iltihabəleyhinə vasitələr, fizioterapevtik prosedurlardan istifadə olunur. Müalicə heç bir nəticə vermədikdə sklerozlaşdırma, bipolyar və ya infraqırmızı koaqulyasiya, hemorroidal düyünlərin liqaturaya alınması və digər az invaziv prosedurlar icra edilir. Xəstəliyin gecikmiş mərhələlərində hemorroidpeksiya və ya hemorroidektomiya aparılır.