Xroniki proktit

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 1578

xroniki proktit nədir?Xroniki proktit – düz bağırsağın selikli qişasının xroniki iltihabıdır. Patologiya əksər hallarda siqmoiditlə müştərək şəkildə inkişaf edir. Proktitin xroniki forması tenezm, düz bağırsaq nahiyəsində diskomfort, qaşınma, göynəmə və ağrılarla müşayiət olunur. Nəcisdə selik, irin və qan izləri aşkarlanır. Kəskinləşmə dövründə əlamətlərin ifadəliliyi artır, bir sıra hallarda bədən hərarəti subfebril rəqəmlərə qədər yüksəlir. Diaqnoz şikayətlər, anamnestik məlumatlar, anal nahiyəyə baxış, rektal müayinə, rektoskopiya, biopsiya, nəcis analizi və digər üsulların nəticələri əsasında qoyulur. Müalicə pəhriz, medikamentoz terapiya və qeyri-medikamentoz metodlarla aparılır.

  • Yaranma səbəbləri
  • Təsnifat
  • Xroniki proktitin əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Xroniki proktitin müalicəsi
  • Proqnoz və profilaktika

Xroniki proktit barədə ümumi məlumat

Xroniki proktit spesifik və qeyri-spesifik infeksiyalar, MBT-nin yuxarıda yerləşən şöbələrinin xroniki xəstəlikləri, helmintozlar, qidalanma rejiminin pozulması, nəcis ifrazının ləngiməsi, mexaniki və şüa təsirləri ilə əlaqədar yaranır. Adətən iltihab rektal şöbənin hüdudlarından kənara çıxaraq, bağırsağın yuxarı hissəsinə yayılır. Nəticədə proktosiqmoidit inkişaf edir. Prosesə pararektal toxuma cəlb olunduqda paraproktit formalaşır. Düz bağırsağın kəskin iltihabı ilə müqayisədə xroniki proktitə daha çox rast gəlinir. Hər iki cinsin nümayəndələri arasında patologiyanın yayılma tezliyi eynidir.

Xroniki proktitin yaranma səbəbləri

Xroniki proktitin yaranma səbəbləriXroniki proktit polietioloji xəstəlikdir. Onun yaranmasına müxtəlif ekzogen və endogen amillər, o cümlədən infeksiya, parazitar invaziya, bağırsaq möhtəviyyatının hərəkətinin pozulması və s. faktorlar səbəb olur. Patologiyanın risk amillərinə soyuqlama, immunitetin zəifləməsi və kiçik çanaqda yerləşən digər orqanların iltihabı aiddir.

Xroniki proktitin təsnifatı

Yaranma səbəblərindən asılı olaraq, klinik proktologiyada xroniki proktitin aşağıdakı növləri ayırd edilir:

  • İnfeksion xroniki proktit. Patogen və şərti-patogen mikroorqanizmlər: kokklar, bağırsaq çöpləri və s. tərəfindən törədilir. Patologiya anal cinsi akt zamanı və ya uşaqlıq yolundan qonokokklar, solğun spiroxetlər, herpes virusu, xlamidiyalar və digər mikroorqanizmlərin düz bağırsağın selikli qişasına nüfuz etməsi nəticəsində də inkişaf edə bilər. Bəzən xroniki proktit vərəm mənşəli olur.
  • Parazitar xroniki proktit. Helmintozlar, protozoy infeksiyaları və s. fonunda formalaşır.
  • Durğun və alimentar xroniki proktit. Qidalanma rejiminin pozulması, spirtli içkilər, kəskin, ədəvalı, yağlı və qızardılmış qidaların həddindən artıq qəbulu, düz bağırsaq divarının bərk nəcis kütlələri tərəfindən zədələnməsi ilə müşayiət olunan xroniki qəbizlik zamanı yaranır.
  • Kimyəvi və mexaniki zədələnmələrlə assosiasiyalı xroniki proktit. Özünü müalicə (imalənin düzgün yeridilməməsi, qıcıqlandırıcı maddələrin tətbiqi), anal əlaqə, nəcisin tərkibində kobud elementlərin (meyvə çəyirdəkləri, bərk qida qalıqları, təsadüfən udulmuş əşyalar) olması, cinsi həzz məqsədilə düz bağırsağın müxtəlif əşyalarla stimulyasiyası nəticəsində inkişaf edir. Proktitin bu formasına rektal şöbədə, qonşu orqan və toxumalarda aparılan əməliyyatlardan sonra rast gəlinə bilər.
  • Radiasion xroniki proktit. Kiçik çanaq orqanlarının onkoloji xəstəliklərində tətbiq olunan şüa terapiyası fonunda və ya müalicədən sonra müşahidə edilir.
  • Autoimmun xroniki proktit.Xoralı kolit, Kron, Uippl xəstəliyi və amiloidoz zamanı aşkarlanır.

Bundan əlavə xroniki proktit qan dövranının və innervasiyanın lokal pozulması, düz bağırsaq və qonşu orqanların bədxassəli şişlərinin parçalanması ilə əlaqədar formalaşır. Selikli qişanın xarakterik dəyişikliklərinə əsasən xroniki proktit atrofik və hipertrofik formalara təsnif edilir. Atrofik proktit selikli qişa büküşlərinin hamarlaşması və nazilməsi ilə xarakterizə olunur. Hipertrofik formada selikli qişa kövşək, büküşlər isə qalın olur.

Xroniki proktitin əlamətləri

Xroniki proktitin əlamətləriXroniki proktit kəskin formanın nəticəsi kimi və ya ifadəli təzahürlərə rast gəlinmədən inkişaf edə bilər. Patologiyanın xarakterik əlamətlərinə diskomfort, göynəmə, qaşınma, cüzi ağrı, tenezm, bağırsağın tam boşalmaması hissi və nəcisdə patoloji qarışıqların olması aiddir. Remissiya dövründə xroniki proktit simptomsuz gedir və ya zəif nəzərəçarpan 1-2 simptomla özünü büruzə verir. Əksər hallarda xəstəliyin yeganə əlaməti selikli nəcis ifrazından ibarət olur. Kəskinləşmə mərhələsində xroniki proktitin simptomatikası ifadəli şəkil alır. Hərarət subfebril rəqəmlərə qədər yüksəlir, ağrı, güclü göynəmə hissi və aldadıcı çağırışlar müşahidə edilir.

Xroniki proktitin ağırlaşmaları

Xroniki proktit uzun müddət davam etdikdə anal çat, babasil və ya xroniki paraproktitlə ağırlaşır.  Pararektal nahiyənin dərisində ekzematoz dəyişikliklər əmələ gəlir. Anal qaşınma ifadəli olduğundan pasiyentin həyat keyfiyyətinə mənfi təsir göstərir. Xəstələrin əmək qabiliyyəti azalır, onlarda əsəbilik və yuxu pozğunluğu yaranır.

Xroniki proktitin diaqnostikası

Diaqnoz şikayətlər, xəstəlik tarixi, rektal müayinə, perianal nahiyəyə baxış, rektoskopiya, biopsiya, nəcis analizi, digər laborator və instumental üsulların nəticələri əsasında qoyulur. Perianal nahiyəyə baxış keçirərkən anus və ətraf toxumalara diqqət yetirilir. Xəstələrdə dəri büküşlərinin hipertrofiyasına rast gəlinir. Bir sıra hallarda dəridə maserasiya əlamətləri, nəcis, selik və qan izləri müşahidə olunur. Rektal müayinə zamanı sfinkterin vəziyyəti qiymətləndirilir, kriptlərdə ağrı, məməciklərin hipertrofiyası və düz bağırsaq divarının ödemi aşkarlanır.

Rektoskopiya prosesində damar şəklinin güclənməsi və ya hamarlaşması, bağırsaq divarında petexial qansızmalar və selik izlənilir. İltihabın yaranma səbəbini və xarakterini dəqiqləşdirmək üçün endoskopik müayinə zamanı biopsiya aparılır, götürülmüş material histoloji müayinəyə göndərilir. Xroniki proktitin səbəbini müəyyən etmək məqsədilə nəcisin qurd yumurtalarına görə analizi, bakterioloji müayinəsi icra olunur.

Xroniki proktitin müalicəsi

Müalicə ambulator şəraitdə konservativ üsullarla aparılır. Xəstələrə xüsusi pəhriz təyin olunur.  Gündəlik rasiondan yağlı, kəskin, ədəvalı və qızardılmış qidalar, alkoqol, qazlı içkilər çıxarılır, bağırsaq divarının qıcıqlandıran, köp əmələ gətirən məhsulların (dənli bitkilər, kobud qida liflərilə zəngin meyvə və tərəvəzlər) qəbulu məhdudlaşdırılır. Menyunun əsasını buxarda bişirilmiş yağsız ət və suplar təşkil edir.

Psixoemosional vəziyyəti yaxşılaşdırmaq və yuxunu normaya salmaq məqsədilə sedativ vasitələrdən istifadə olunur. Kəskinləşmə dövründə antibakterial terapiya və çobanyastığı dəmləməsi, kollarqolla mikroimalələr tətbiq edilir. Spazmı aradan qaldırmaq, ağrını azaltmaq və defekasiya aktını yüngülləşdirmək üçün spazmolitiklər təyin edilir. İltihabəleyhinə təsir göstərən və regenerasiya proseslərini aktivləşdirən yerli vasitələr (məlhəmlər, şamlar) effektiv hesab olunur. Bir sıra hallarda qlükokortikosteroid tərkibli məlhəmlərə üstünlük verilir.

Kəskin təzahürlər aradan qalxdıqdan sonra pasiyentə kalium-permanqanatla oturaq vannalar, və yağlı mikroimalələr məsləhət görülür. Remissiya dövründə xroniki proktitli xəstələr sanator-kurort müalicəsinə göndərilir. Düz bağırsaq stenozunda konservativ terapiya aparılır (Geqar bujları ilə genişləndirilmə, fizioprosedurlar), bu üsul effekt vermədikdə cərrahi əməliyyat icra olunur.

Xroniki proktitin proqnoz və profilaktikası

Xroniki proktitin proqnozu qənaətbəxş sayılır. Müalicə düzgün şəkildə aparıldıqda və həkim təyinatlarına riayət olunduqda uzunmüddətli remissiya əldə etmək mümkündür.

Profilaktik tədbirlər zərərli amillərin uzaqlaşdırılmasından, düz bağırsağın kəskin xəstəliklərinin erkən diaqnostika və müalicəsindən ibarətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: