Yoğun bağırsaq xərçəngi
Yoğun bağırsaq xərçəngi – onun müxtəlif şöbələrinin (kor, çənbər, S-vari, düz bağırsaq) epitel mənşəli bədxassəli şişidir. Onkoloji prosesin əlamətlərinə abdominal ağrı, meteorizm, bağırsaq keçiriciliyinin pozulması, nəcis kütlələrində selik, irin, qan qarışıqları, halsızlıq, arıqlama aiddir. Yoğun bağırsaq xərçəngi qarnın palpasiyası zamanı müəyyən oluna bilər. Diaqnozu təsdiqləmək üçün kolonoskopiya və biopsiya, ultrasonoqrafiya, irriqoskopiya, KT, NMR, PET aparılır. Radikal müalicə bir və ya çoxmərhələli rezeksion müdaxilələrlə icra olunur.
- Yaranma səbəbləri
- Təsnifatı
- Yoğun bağırsaq xərçənginin əlamətləri
- Diaqnostika
- Yoğun bağırsaq xərçənginin müalicəsi
- Proqnoz və profilaktika
Yoğun bağırsaq xərçəngi barədə ümumi məlumat
Yoğun bağırsaq xərçəngi (kolorektal xərçəng) – bu nahiyənin epitel qişasından inkişaf edir. Xəstəlik olduqca geniş yayılmışdır. Hər il dünya üzrə 500 000-dən çox insanda kolorektal xərçəng aşkarlanır. Onların əksəriyyəti inkişaf etmiş ölkələrin – ABŞ, Kanada, Qətbi Avropanın payına düşür. Kolorektal xərçəng qadın onkopatologiyalarının strukturunda süd vəzi xərçəngindən sonra ikinci, kişilərdə isə prostat vəzi və ağciyər xərçəngindən sonra üçüncü yeri tutur. Xəstələr arasında 50 yaşından yuxarı şəxslər üstünlük təşkil edir. Yoğun bağırsaq xərçənginə qadınlarla müqayisədə kişilərdə 1,5 dəfə çox rast gəlinir. 60-70% xəstələrdə kolorektal xərçəngin III-IV mərhələdə aşkarlanması bu problemin aktuallığını artırır.
Yoğun bağırsaq xərçənginin yaranma səbəbləri
Yoğun bağırsaq xərçənginin yaranma ehtimalını yüksəldən amillərə alimentar və ailəvi-irsi faktorlar, eləcə də xərçəngönü xəstəliklər aiddir. Genetik determinasiya olunmuş səbəblər arasında ailəvi polipoz daha təhlükəli sayılır. Patologiya demək olar ki, bütün hallarda yoğun bağırsaq xərçəngi ilə nəticələnir. Linç sindromlu pasiyentlərdə kolorektal xərçəngin yaranma riski yüksək olur. Belə hallarda onkoloji patologiya adətən 45 yaşdan kiçik şəxslərdə inkişaf edir və çənbər bağırsağın sağ şöbələrində lokalizasiya olunur.
Yoğun bağırsaq xərçənginin tezliyi həyat tərzi və qidalanma xüsusiyyətlərindən asılıdır. Qida rasionunun heyvan mənşəli yağlar, zülallar və rafinəolunmuş karbohidratlarla zənginliyi, piylənmə, metabolik dəyişikliklər, hipokineziya kolorektal xərçəngin inkişafına təkan verir. Müxtəlif kimyəvi birləşmələr (aromatik karbohidrogenlər və aminlər, nitrobirləşmələr, triptofan və tirozin törəmələri, steroid hormonlar və onların metabolitləri) bağırsağın epitel hüceyrələrinə mutagen və kanserogen təsir göstərir.
Xroniki qəbizlik, siqaretdən uzunmüddətli istifadə, bağırsağın xroniki xəstəlikləri kolorektal xərçəngin yaranma ehtimalını yüksəldir. Koloproktologiyada rast gəlinən xərçəngönü xəstələrə xroniki kolit (qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi), yoğun bağırsağın divertikulyar xəstəliyi və solitar polipi aiddir. Diametri 2 sm-dən böyük olan adenomatoz və xovlu poliplər 45-50% hallarda maliqnizasiyaya uğrayır.
Yoğun bağırsaq xərçənginin təsnifatı
Kolorektal xərçəng yoğun bağırsağın müxtəlif şöbələrində yarana bilir. Lakin onların tezliyi fərqli olur. Abdominal onkocərrahların müşahidələrinə əsasən patologiya 36% hallarda enən çənbər və S-vari bağırsaqda lokalizasiya olunur. Patologiyanın kor və qalxan çənbər bağırsaqda rastgəlmə tezliyi 27%, düz bağırsaq və anal kanalda – 19 %, köndələn çənbər bağırsaqda isə 10%-ə bərabərdir.
Böyümə xüsusiyyətlərindən asılı olaraq, kolorektal xərçəngin 3 növü ayırd edilir: ekzofit (bağırsaq mənfəzinə doğru böyüyən), endofit (bağırsaq divarının dərin qatlarına yayılan) və qarışıq (ekzo və endofit böyümə formasını özündə birləşdirən şişlər-xoralar).
Histoloji quruluşuna görə çənbər bağırsağın xərçəngi – müxtəlif differensiasiya səviyyəsinə malik adenokarsinoma (>80%), selikli adenokarsinoma (mukoid xərçəng), mukosellyulyar (üzüyəbənzər hüceyrəli) xərçəng, differensiasiya və təsnif olunmayan xərçəngə; düz bağırsaq və anal kanalın xərçəngi isə əlavə olaraq yastıhüceyrəli, bazalhüceyrəli və vəzili-yastıhüceyrəli xərçəngə bölünür.
Birincili şişin invaziya dərinliyi, regionar və uzaq metastazlar əsasında tərtib olunan beynəlxalq TNM təsnifatına görə kolorektal xərçəngin aşağıdakı mərhələləri ayırd edilir:
- Тх – birincili şişin qiymətləndirilməsi üçün kifayət qədər məlumat yoxdur
- Тis – intraepitelial böyüyən və ya selikli qişaya invaziya edən şiş aşkarlanır
- Т1 – şiş yoğun bağırsağın selikli və selikaltı qatlarına infiltrasiya edir
- Т2 – şiş yoğun bağırsağın əzələ qatına infiltrasiya edir; bağırsaq divarının hərəkəti məhdudlaşmır.
- Т3 – şiş bağırsaq divarının bütün qatlarına infiltrasiya edir
- Т4 – şiş seroz qişaya və ya qonşuluqda yerləşən anatomik strukturlara yayılır.
Regionar limfa düyünlərinin metastatik zədələnməsinə əsasən yoğun bağırsaq xərçənginin aşağıdakı dərəcələri qeyd olunur: N0 (limfa düyünləri zədələnmir), N1 (1-3 ədəd limfa düyünlərində metastazlar müşahidə edilir), N2 (4 və daha artıq limfa düyünlərində metastazlara rast gəlinir). Uzaq metastazların olmaması М0, onların aşkarlanması isə M1 simvolu ilə ifadə olunur. Yoğun bağırsaq xərçəngi limfogen (regionar limfa düyünlərinə), hematogen (qaraciyərə, ağciyərə, sümüklərə və s.) və implantasion/təmas yolu ilə metastazlaşır.
Yoğun bağırsaq xərçənginin əlamətləri
Kolorektal xərçəng 5 aparıcı sindromla: ağrı, bağırsaq pozğunluqları, patoloji ifrazatlar, bağırsaq keçiriciliyinin pozulması, xəstənin ümumi vəziyyətinin pisləşməsi ilə təzahür edir. Abdominal ağrılar yoğun bağırsaq xərçənginin erkən və daimi əlamətidir. Şişin lokalizasiyası və bədxassəli prosesin mərhələsindən asılı olaraq, ağrı sindromunun xarakter və intensivliyi dəyişir. Ağrılar sızıltılı, sancışəkilli, sıxıcı xarakter daşıyır. İfadəli ağrılar sağ qabırğaaltında lokalizasiya olunduqda xolesistit və onikibarmaq bağırsağın xora xəstəliyi ilə, sağ qalça nahiyəsində yarandıqda isə kəskin appendisitlə differensial diaqnostika aparılmalıdır.
Bağırsaq diskomfortunun əlamətləri: gəyirmə, ürəkbulanma, qusma, iştahsızlıq, ağırlıq və mədənin dolması hissi onkoloji patologiyanın erkən mərhələlərindən müşahidə olunur. Eyni zamanda bağırsaq motorikasının və möhtəviyyatın hərəkətinin pozulmasından xəbər verən pozğunluqlar: qəbizlik, ishal (və ya onların növbələnməsi), qarında qurultu, meteorizm yaranır. Yoğun bağırsağın ekzofit böyüyən xərçəngi (əsasən sol tərəfli) hissəvi və ya tam obturasion bağırsaq keçməməzliyi ilə ağırlaşa bilir.
Nəcis kütlələrində patoloji qarışıqların (qan, irin, selik) olması düz və S-vari bağırsağın xərçəngindən şübhələnməyə əsas verir. Bağırsaq qanaxmaları güclü olmur. Lakin uzunmüddətli qanaxmalar xroniki posthemorragik anemiyanın inkişafına gətirib çıxarır. Şişin parçalanması və bağırsaq möhtəviyyatının ləngiməsi səbəbindən baş verən intoksikasiya ümumi vəziyyətin pozulmasına səbəb olur. Xəstələr adətən yorğunluq, halsızlıq, subfebrilitet, çəki itkisindən şikayət edir.
Klinik gedişdən asılı olaraq, yoğun bağırsaq xərçəngi aşağıdakı formalara ayrılır:
- toksiko-anemik – xəstəliyin klinikasında ümumi əlamətlər – qızdırma, proqressivləşən hipoxrom anemiya) üstünlük təşkil edir.
- enterokolitik – əsas təzahürlər bağırsaq pozğunluqlarından ibarət olduğundan kolorektal xərçəng enterit, kolit, enterokolit, dizenteriya ilə differensiya edilməlidir.
- dispepsik – qastrit, mədə xorası, xolesistitin klinikasını xatırladan mədə-bağırsaq diskomfortu ilə səciyyələnir.
- obturasion – proqressivləşən bağırsaq keçməməzliyi ilə müşayiət olunur.
- psevdoiltihabi – qarın boşluğunda gedən iltihabi prosesin əlamətləri: qızdırma, abdominal ağrılar, leykositoz və s. ilə xarakterizə olunur. Yoğun bağırsaq xərçənginin bu forması adneksit, appendikulyar infiltrat, pielonefrit altında gizlənə bilir.
- atipik – ümumi əlamətlərin və bağırsaq keçməməzliyinin müşahidə edilmədiyi halda qarın boşluğunun palpasiyası zamanı törəmə aşkarlanır.
Yoğun bağırsaq xərçənginin diaqnostikası
Yoğun bağırsaq xərçənginin diaqnostikasından klinik, rentgenoloji, endoskopik və laborator müayinələrdən istifadə olunur. Obyektiv baxış, qarnın palpasiyası, qarın boşluğunun perkusiyası, barmaqla rektal və ginekoloji müayinələr zamanı yararlı məlumatlar əldə oluna bilər.
Rentgenoloji diaqnostika kontrast maddənin yeridilməsi ilə irriqoskopiyadan, qarın boşluğunun icmal rentgenoqrafiyasından ibarətdir. Şişin vizualizasiyası, sitoloji və histoloji müayinələr üçün bioptatın və yaxmanın götürülməsi məqsədilə rektosiqmoskopiya və kolonoskopiya aparılır. Topik diaqnostikanın informativ üsulları sırasına yoğun bağırsağın ultrasonoqrafiyası, pozitron-emission tomoqrafiya daxildir.
Yoğun bağırsaq xərçənginin diaqnostika prosesində laborator üsullar mühüm rol oynayır. Onlara qanın ümumi müayinəsi, nəcisin gizli qana görə müayinəsi, xərçəng-embrional antigenin təyini aiddir. Bədxassəli prosesin yayılmasını qiymətləndirmək üçün qaraciyər və kiçik çanaq orqanlarının USM, qarın boşluğunun MSKT, döş qəfəsinin rentgenoqrafiyası icra olunur. Göstərişlərə əsasən diaqnostik laparoskopiya və ya eksplorativ laparotomiya tətbiq edilir.
Kolorektal xərçəng bağırsağın və qonşu orqanların bir sıra patologiyaları, ilk növbədə xroniki kolit, qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi, yoğun bağırsağın vərəmi və aktinomikozu, xoşxassəli şişləri, divertikulit, yumurtalığın kista və şişləri ilə differensiasiya edilir.
Yoğun bağırsaq xərçənginin müalicəsi
Patologiyanın radikal müalicəsi çənbər, S-vari və ya düz bağırsağın rezeksiyasından ibarətdir. Əməliyyatın xarakteri və rezeksiyanın həcmi onkoloji prosesin lokalizasiyasından, şiş invaziyasının yayılmasından asılıdır. Cərrahi müdaxilə bir və ya çoxmərhələli olur. Axırıncı halda bağırsağın rezeksiyası və kolostomanın yaradılmasından bir müddət keçdikdən sonra rekonstruktiv əməliyyat aparılır, stoma bağlanılır. Kor və qalxan çənbər bağırsaq zədələndikdə sağtərəfli hemikolektomiya; köndələn-çənbər bağırsağın xərçəngində – onun rezeksiyası, enən şöbənin bədxassəli şişində soltərəfli hemikolektomiya, S-vari bağırsağın xərçəngində siqmoidektomiya icra olunur.
Yoğun bağırsaq xərçənginin cərrahi müalicəsi postoperasion kimyaterapiya ilə tamamlanır. Gecikmiş mərhələlərdə palliativ əməliyyat (bağırsaq stoması və ya dolayı anastomozun qoyulması), kimyaterapiya və simptomatik müalicə təyin olunur.
Yoğun bağırsaq xərçənginin proqnoz və profilaktikası
Yoğun bağırsaq xərçənginin proqnozu şiş prosesinin mərhələsindən asılıdır. Onkopatologiya T1 mərhələsində aşkarlandıqda müalicənin uzaq nəticələri qənaətbəxş olur, 5 illik sağqalma ehtimalı isə 90-100% təşkil edir. Şiş T2 mərhələsində müəyyən edildikdə bu göstərici 70%, Т3N1-2 mərhələsində isə orta hesabla 30% olur.
Yoğun bağırsaq xərçənginin profilaktikası risk qrupuna daxil olan şəxslərin dispanser müşahidəsindən, xərçəngönü və fon xəstəliklərinin müalicəsindən, həyat tərzinin və qidalanmanın normaya salınmasından, 50 yaşdan yuxarı şəxslərdə skrininq müayinələrin (nəcisin gizli qana görə analizi və kolonoskopiya) aparılmasından ibarətdir. Kolorektal xərçəngin cərrahi müalicəsindən sonra residivlərin erkən diaqnostikası məqsədilə pasiyentlər birinci il hər 3 aydan bir müayinələrdən (barmaqla rektal müayinə, rektoromanoskopiya, kolonoskopiya və ya irriqoskopiya) keçməlidir.