Ginekologiya qadın orqanizmində baş verən fizioloji prosesləri, cinsiyyət orqanlarının anatomik xüsusiyyətləri və patologiyalarını öyrənən tibb sahəsidir. Qadın xəstəlikləri və onların müalicəsi ilə məşğul olmaq zərif cinsin nümayəndələrinin, eləcə də gələcək nəslin sağlamlığının qayğısına qalmaq deməkdir. Bu səbəbdən ginekologiya bir elm kimi mühüm sosial əhəmiyyət daşıyır.
Ginekologiyanın məqsədi qadının bütün həyatı boyu sağlamlığının qorunmasından ibarətdir. Son illərdə bəzi qadın xəstəlikləri xeyli «cavanlaşmışdır». Bununla əlaqədar uşaqlar və yeniyetmələrdə cinsi sferada baş verən dəyişiklikləri araşdıran uşaq ginekologiyası daha da inkişaf etməyə başlamışdır.
Hamiləlik, doğuş və doğuşdan sonrakı dövrdə qadın orqanizminin fiziologiya və patologiyalarını isə mama-ginekologiya sahəsi öyrənir. Qadınlarda hormonal dəyişikliklər, aybaşı pozğunluğu və klimaks dövrünün problemləri ginekoloji endokrinologiya tərəfindən izah olunur.
Bəzən normadan cüzi kənaraçıxmalar da qadın orqanizminə öz mənfi təsirini göstərir. Məsələn, infeksion, endokrin, sinir mənşəli patologiyalar qadın cinsiyyət orqanı xəstəlikləri ilə nəticələnə bilər. Belə hallarda ginekoloq ilə birgə digər mütəxəssislərin: mammoloq, uroloq, veneroloq, onkoloq və s. iştirakına ehtiyac yaranır.
Sirr deyil ki, qadın sağlamlığı həm ailə və analıq səadəti, həm də mütəşəkkil cinsi həyata zəmanətdir. Ona görə də müasir ginekologiyada qadın cinsiyyət sisteminin xəstəliklərinin profilaktikası, hamiləlik planlama və qorunma üsullarına xüsusi diqqət yetirilir. Belə ki, hər 1 qadın ildə 1-2 dəfə profilaktik məqsədlə ginekoloji müayinələrdən keçməyi vərdiş halına gətirməlidir.
Etibarlı kontrasepsiya vasitələrinin düzgün seçilməsi arzuolunmaz hamiləlik, o cümlədən abort hallarının yaranma ehtimalını minimuma endirir. Qadınlar öz sağlamlığına fikir verməklə, bir çox ginekoloji xəstəliklərdən uzaqlaşa və gələcəkdə sağlam uşaqlar dünyaya gətirə bilər.
Qadın xəstəlikləri və onların növləri
iltihabi xarakterli (vaginit, vulvit, endometrit, adneksit və s.);
Qadın xəstəlikləri necə müayinə və müalicə olunur?
Hazırda ginekoloji xəstəliklərin diaqnostikasında müxtəlif müasir üsullar (laborator, ultrasəs, endoskopik, laparoskopik) tətbiq edilir. Onlar xəstəliyin erkən mərhələlərdə aşkarlanmasına və zəruri müalicənin aparılmasına imkan verir.
Ginekologiyanın qızıl standartına əsasən hətta özünü tam sağlam hiss edən qadınlar belə ildə ən azı 1 dəfə kiçik çanaq orqanları, süd vəzilərinin Ultrasəs müayinəsindən keçməli, sitoloji yaxma verməlidir.
Med-portal.az saytında «Qadın xəstəlikləri» bölməsini tərtib etməklə, mövcud olan ginekoloji xəstəliklərin əlamətləri, müalicə və profilaktika üsulları barədə dolğun informasiya verməyə çalışmışıq.
Sonda onu da qeyd edək ki, təbabət elmi hər zaman öz inkişafını davam etdirir. Əvvəllər sağalmaz sayılan bir çox xəstəliklər indiki zamanda müasir üsullarla uğurla müalicə olunur. Bu səbəbdən ilkin əlamətlərlə qarşılaşdıqda vaxt itirmədən həkimə müraciət etməyiniz gərəkdir.