Abort
Abort – hamiləliyin süni yolla dayandırılmasıdır. Bu, qeyri-cərrahi və cərrahi yolla aparılır. Hamiləliyin dayandırılması kompleks tədbirlərdən ibarətdir: müayinə, həkim müdaxiləsi və pasiyentin abortdan sonrakı vəziyyətinə nəzarət.
Abort hansı hallarda aparılır?
- hamiləliyin 12-ci həftəsinə qədər — şəxsi istəyə əsasən;
- gecikmiş mərhələlərdə (22-ci həftəyə qədər) — yalnız sosial göstərişlər və qadının razılığı əsasında;
- hamiləliyin müddətindən asılı olmadan — tibbi göstərişlərə görə.
Hansı hallarda abort qadağandır?
- cinsiyyət sistemində kəskin və yarımkəskin formalı iltihabi proseslər;
- istənilən lokalizasiyalı irinli ocaqlar;
- kəskin infeksion proseslər;
- əvvəlki abortdan ən azı 6 ay keçmədikdə;
- gecikmiş dövrdə: hamiləliyin dayandırılması qadının həyat və sağlamlığını təhlükə törətdikdə.
Abort öncəsi aparılan müayinələr
- ginekoloji baxış və USM;
- qanın ümumi analizi, qan qrupu və rezus-faktorun təyini;
- qanda sifilis, HİV, hepatit B və C-yə görə analizi;
- qanın laxtalanmasının təyini;
- uşaqlıq yolundan götürülmüş yaxmanın floraya görə analizi.
Abort və onun növləri
- Medikamentoz abort. Aybaşı gecikməsindən 42 gündən çox keçmədikdə, yəni hamiləliyin 5-6-cı həftəsində aparılır. Medikamentoz abortun baş verməsi üçün xüsusi tabletlərdən (Mifeproston, Mifegin) istifadə edilir. Bu dərmanlar uşaqlığın yığılma qabiliyyətini artıraraq, endometriumun aralanmasına və döl yumurtasının xaric olmasına gətirib çıxarır. Hamiləlik aybaşı qanaxması ilə nəticələnir.
- Vakuum-aspirasiya (miniabort). Hamiləliyin erkən dövrlərində (5 həftəyə qədər) yerinə yetirilir. Prosedur uşaqlıq boşluğuna vakuum sorucu ilə birləşən kanyulanın yeridilməsindən və döl yumurtasının çıxarılmasından ibarətdir. Uşaqlıq daxilində yaranan mənfi təzyiq hesabına döl yumurtası birləşdiyi hissədən ayrılır və ana bətnindən xaric olur. Hamiləliyin 5-8-ci həftəsində vakuum aspirasiyadan sonra uşaqlıq boşluğu küretaj olunur (qaşınılır).
- Uşaqlıq boşluğunun instrumental yolla qaşınılması. 12 həftəyə qədər hamiləliklərdə aparılır. Əvvəlcə servikal kanal genişləndirilir, sonra uşaqlıq küretaj aləti ilə təmizlənilir. Nəticədə dölün qalıqları və uşaqlığın daxili qişası xaric edilir.
Müasir klinikalarda abort USM nəzarətlə icra olunur. Abortdan sonra fəsadla qarşılaşmamaq üçün sağlamlığınızı peşəkar ginekoloqa həvalə edin.
Bu yazını paylaşın:
Yazını qiymətləndirin: