Adəti düşük

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 1345

Adəti düşük əlamətləriAdəti düşük – polietioloji reproduktiv patologiya olub, hamiləliyin öz-özünə, təkrar pozulması ilə xarakterizə edilir. Onun əsas əlamətlərinə çanaq ağrıları və cinsi yollardan qanlı axıntı aiddir. Diaqnostika prosesində anamnez toplanılır, fiziki baxış, ultrasonoqrafiya, koaquloqramma, infeksiyalara görə bakterioloji və PZR-analiz, cütlüklərin kariotiplənməsi, HLA II tiplənmə aparılır. Müalicə adətən konservativ yolladır, anatomik dəyişikliklərdə cərrahi müdaxilə tələb oluna bilər.  

  • Adəti düşüyün səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Adəti düşüyün əlamətləri
  • Ağırlaşmaları
  • Adəti düşüyün müalicəsi
  • Proqnoz və profilaktika

Adəti düşük haqqında ümumi məlumat

Adəti düşük müalicəsiÜST göstəricilərinə əsasən adəti düşük – hamiləliyin öz-özünə, dalbadal, 3 dəfə pozulması (həmçinin inkişafdan qalması) deməkdir. Bir sıra klinisistlər hətta 2 dəfə hamiləliyin yarımçıq dayanmasını da adəti düşük hesab edirlər. Bu patologiyanın yayılma tezliyi 2-5% təşkil edir. Adəti düşüklərin əksəriyyəti 22-ci həftəyə qədər baş verir. Hər dəfəki uğursuzluqla növbəti hamiləliyin düşüklə sonlanma ehtimalı yüksəlir. Belə ki, 1-ci itkidən sonra risk 15%-dirsə, 2 dəfə təkrarlanan düşükdən sonra bu rəqəm ikiqat artır (36-38%).  

Adəti düşüyün səbəbləri 

Adəti düşük nədir?Adəti düşük əsasən uzunmüddət mövcud olun, qeyri-qənaətbəxş endogen təsirlə əlaqəli olur. Bu patologiyanın əksər etioloji faktorları sonsuzluqdakı kimidir, sadəcə daha zəif ifadə olunması ilə seçilir. Adəti düşüklərin başlıca səbəbləri aşağıdakılardır:

  • Autoimmun xəstəliklər. Pozulmuş hamiləliyin etiologiyasında immunoloji amillərin rolu təxminən 80%-dir. Mühüm əhəmiyyət kəsb edən autoimmun pozğunluqlara antifosfolipid sindromu (AFS), xorionik qonadotropinə, tireoid hormonlara və nüvə antigenlərinə qarşı sensibilizasiya misaldır. Autoimmun xəstəliklərdən, virus infeksiyalarından (hepatit C, İİV) əziyyət çəkən qadınlar risk qrupuna daxildir.  
  • Alloimmun pozğunluqlar. Adəti düşüklərin alloimmun səbəbləri sırasında cütlüklərin yüksək histouyğunluğu, ananın qanında və endometriumda iltihabönü sitokinlərin üstünlük təşkil etməsi, progesteron-induksiyaolunmuş blokadaedici faktorun defisiti qeyd olunur. Qohumla nigah bağlayan, progesteron çatışmazlığı ilə gedən endokrin patologiyaları olan qadınlar risk qrupundan hesab olunur.
  • Anadangəlmə trombofiliya. Hamilələrin ⅓-də adəti düşük V Leyden faktoru və protrombin geninin  mutasiyasi, antitrombin III, C və S proteinlərinin defisiti, hiperhomosisteinemiya zamanı baş verir. Risk amillərinə erkən tromboemboliya (40 yaşa qədər), qadında və onun yaxın qohumlarında residivləşən trombozlar, hamiləlik, doğuş və hormonal kontraseptivlərin qəbulu ilə bağlı trombotik ağırlaşmalar aiddir.  
  • Endokrin pozğunluqlar. 8-20% pasiyentlərdə hamiləliyin pozulmasına lütein fazanın çatışmazlığı, lüteinləşdirici hormonun hipersekresiyası, hiperandrogeniya, hipotireoz, dekompensasiyaolunmuş şəkərli diabet səbəb olur. Risk amillərinə piylənmə, virilizasiya, gec menarxe, bədən kütləsinin kəskin dəyişməsi, oliqo və amenoreya, aybaşı siklinin pozğunluqları aiddir.  
  • Endometriumun infeksiyaları. Düşük baş verən xəstələrin 87%-də endometriumda bir neçə növ obliqat-anaerob floranın və virusların (sadə herpes, sitomeqalovirus, Koksaki, enterovirus) persistensiyası qeydə alınır. Cinsi traktın aşağı şöbələrinin xroniki infeksiyaları, bakterial vaginoz, abort, uşaqlıqda aparılan cərrahi müdaxilələr endometritin yaranma ehtimalını yüksəldir.  
  • Uşaqlığın anatomik qüsurları. Anadangəlmə (ikiləşmiş, yəhərəbənzər, təkbuynuzlu uşaqlıq, uşaqlıqdaxili arakəsmə) və qazanılmış (submukoz miomatoz düyünlər, uşaqlıqdaxili bitişmələr) anatomik pozğunluqlar 10-16% qadınlarda hamiləliyi pozur. Qazanılmış patologiyalar: endometrit, abort, uşaqlıqda aparılan əməliyyatlar risk amillərindəndir.  
  • Uşaqlıq boynunun patologiyaları. İstmiko-servikal çatışmazlıq (İSÇ) anatomik və yaxud funksional mənşəli olub, 13-20% hallarda adəti düşüklə nəticələnir. Əksər hallarda İSÇ istənilən genezli hiperandrogeniya, servisit, uşaqlıq boynunun konizasiyası, hiperovulyasiyanın induksiyası ilə əlaqədar inkişaf edir.  
  • Dölün genetik anomaliyaları. Bura adətən xromosom aberrasiyaları aiddir. Onlar 3-6; hallarda adəti düşük törədir. Xromosom aberrasiyalarına X0 monosomiya (Şereşevski-Terner sindromu), müxtəlif trisomiyalar, poliploidiya misaldır. Rism amilləri: yaxın qohum nigahı, cütlüklərin ailə üzvlərində irsi xəstəliklər, cütlüklərin əvvəlki uşaqlarının əqli inkişafdan qalmış, anadangəlmə qüsurlu olması.   

Adəti düşüyün patogenezi

Xromosom faktoru ilə əlaqəli adəti düşüklərin əsasında embrionun anomal mayası və əvvəldən həyat qabiliyyətinin olmaması dayanır. Digər amillər implantasiya, ciftin formalaşması və normal fəaliyyəti, embrionun sonrakı inkişafı üçün əlverişsiz fon yaradır. Alloimmun pozğunluqlar nəticəsində ananın immun sistemi embrionun atadan alınan «yad» antigenlərinə qarşı çıxır. Ana orqanizmi döl yumurtasını özündən ayırır. Autoimmun reaksiyalar ananın toxumalarının zədələnməsinə gətirib çıxarır. Bu isə embriona mənfi təsir göstərir.  

Cinsi hormonların defisiti və yaxud disbalansı endometriumun natamam qravidar transformasıyasına səbəb olur. Progesteron çatışmazlığı immun sistemin yenidən qurulmasına mane olur. Latent infeksiyalar lokal immunitetin aktivliyini artırır. 

Trombofiliya (AFS daxil olmaqla) nəticəsində implantasiya zamanı fibrin və fibrinolizinin əmələ gəlmə prosesləri arasındakı balans pozulur. Damar daxilində tromb yaranır, uşaqlıq-plasentar qan dövranı pozulur. Bütün bu dəyişikliklər trofoblastın natamam invaziyası, plasentogenezin pozulması, fetoplasentar çatışmazlıq ilə sonlanır.  

Hamiləliyin pozulmasının təsnifatı

Hamiləliyin pozulması dölün qovulması (həyat qabiliyyəti olan və yaxud olmayan) ilə bitir. Az hallarda isə ölü döl uşaqlıqda qalır. Belə hallarda inkişafdan qalan hamiləlik «baş tutmayan düşük» kimi qiymətləndirilir. 

ÜST təsnifatına görə baş vermə vaxtından asılı olaraq, hamiləliyin pozulma halları 2 qrupda cəmləşir:

  • Spontan (öz-özünə) düşük. Hamiləliyin 21-ci həftəsinə qədər müşahidə olunur. Onun erkən (12-ci həftəyə qədər) və gec (13-cü həftədən etibarən) formaları mövcuddur.
  • Vaxtından əvvəl doğuş. 22-37-ci həftələrdə baş verir. Çox erkən (22-27-ci həftə) və erkən (28-33-ci həftə) növləri vardır.  

Adəti düşüyün əlamətləri

Adəti düşüyün əlamətləri adi düşükdə olduğu kimidir. Təhdidedici düşük və yaxud vaxtından əvvəl doğuşlar yüngül çanaq ağrıları ilə təzahür edir. Proses proqressivləşdikcə ağrının intensivliyi artır, uşaqlıq yolundan qanaxma baş verir. İnkişafdan qalmış hamiləlikdə bədən kütləsinin artımı dayanır, toksikoz əlamətəri itir, süd vəziləri yümşalır, dölün hərəki aktivliyi itir.  

Fərqli etioloji amillərin törətdiyi uğursuz hamiləliklərin klinik şəklində ciddi fərq olmasa da, bəzi özəlliklər vardır. Belə ki, ovarial çatışmazlıq zamanı hamiləlik adətən I trimestrdə (6-8-ci həftədə) pozulur. Bu hadisədən əvvəl uşaqlıq yolundan selik axır, sidik ifrazı tezləşir. 

Böyrəküstü vəzi ilə əlaqəli hiperandrogeniya fonunda II-III trimestrdə hamiləlik dayanır. Müxtəlif intensivlikli qanlı, vaginal axıntı izlənilir. Digər əlamətlərə rast gəlinmir.  

İstmiko-servikal çatışmazlıq zamanı II trimestrdən etibarən uşaqlıq yolundan az miqdarda, qan qarışıqlı, selikli ifrazat axır. Vaginada təzyiq hissi, deşici ağrı meydana çıxır. AFS və hiperhomosisteinemiya ilə əlaqəli hamiləlik pozulmaları üçün erkən hestoz (2-ci həftədən başlayan) xarakterikdir. Hestozun bu forması dayanıqlı ödem, baş ağrıları, susuzluq, ürəkbulanma, qusma və ümumi vəziyyətin pozulması ilə müşayiət olunur.

Adəti düşüyün ağırlaşmaları

Vaxtından əvvəl doğuş gələcək uşağın həyat və sağlamlığı üçün təhlükə daşıyır. Erkən neonatal (70%) və uşaq ölümlərinin (65-75%) əksəriyyəti vaxtından əvvəl doğulan uşaqların payına düşür. Erkən doğuşlarda ölü doğum təcili doğuşla müqayisədə 9-13 dəfə çox qeydə alınır. 

Sağ qalan uşaqlarda korluq, karlıq, uşaq serebral iflici, psixi pozğunluqlar, xroniki ağciyər patologiyaları yarımçıq doğulmuşlara nisbətən 10 dəfə çox müşahidə olunur. Ana üçün natamam abort, inkişafdan qalmış hamiləlik çox təhlükəlidir. Belə vəziyyətlər qanaxma, uşaqlıq və döl qişalarının infeksiyası, DDL-sindromu ilə nəticələnir.  

Adəti düşüyün diaqnostikası

Adəti düşüyün multifaktorlu təbiəti və etiopatogenezin tam öyrənilməməsi ilə əlaqədar bu patologiyanın ilkin səbəbini yalnız 50-60% hallarda təyin etmək mümkündür. Qadın qanlı axıntı və ağrı ilə ginekoloqa müraciət etdikdə əvvəlcə hamiləliyin pozulma faktı dəqiqləşdirilir. Sonra isə onun səbəbi araşdırılır. Diaqnostika prosesində aşağıdakı üsullardan istifadə edilir:  

  • Fiziki baxış. Ginekoloji müayinə zamanı servikal selik və uşaqlıq boynunun vəziyyəti, uşaqlığın tonusu qiymətləndirilir. Bu məlumatlar əsasında təhdidedici, baş verən düşük və yaxud erkən doğuş barədə fikir bildirilir. Anamnestik məlumatlar və ümumi baxış patoloji halın səbəbini təxmin etməyə imkan verir.  
  • Ultrasonoqrafiya. Uşaqlığın USM-də donmuş hamiləlik təsdiqlənir, anadangəlmə və qazanılmış qüsurlar aşkarlanır.  
  • Qanın laborator analizləri. Endokrin patologiyanı üzə çıxarmaq üçün ümumi hormonal status, cinsi və plasentar hormonların səviyyəsi təyin edilir. AFS və irsi trombofiliyaların diaqnostikasında koaquloqramma, immunoferment və PZR-analiz aparılır. Cütlüklərin kariotiplənməsi, HLA II tiplənmə üsulları ilə valideynlərdə genetik anomaliyalar müəyyən edilir, onları histouyğunluğu qiymətləndirilir.  
  • İnfeksiyalara görə müayinə. Hamilələrdə vaginal yaxma yoxlanılır. Kultural analiz hesabına qeyri-spesifik bakterial infeksiya aşkar edilir, törədicinin antibiotiklərə qarşı həssaslığı dəqiqləşdirilir. PZR-müayinə virus mənşəli və spesifik bakterial infeksiyaların diaqnostikasında mühüm rol oynayır.   

Ehtiyac olduqda kiçik çanaq orqanlarının MRT, histeroskopiyası təyin edilir. İlkin mərhələdə hamiləliyin pozulması uşaqlığın şişləri, uşaqlıqdan kənar hamiləlik, trofoblastik xəstəlikcift gəlişi ilə differensiasiya edilir.  

Adəti düşüyün müalicəsi

Müalicə hamiləlik dövründə və ya ondan sonra aparılır. Hamiləlikdə müalicəvi tədbirlər dölün vaxtından əvvəl qovulmasının qarşısının alınmasına yönəldilir. Hamiləlikdən kənar dövrdə isə düşüyə səbəb olan patoloji dəyişikliklər korreksiya edilir.  

Təhdidedici və başlanan düşüklərdə yataq rejimi, sedativ, spazmolitik və hemostatik preparatlar təyin edilir. Vaxtından əvvəl doğuş zamanı əlavə olaraq, tokolitik vasitələr tətbiq edilir. İstmiko-servikal çatışmazlıq hallarında uşaqlıq boynunun xarici əsnəyi tikilir və yaxud həlqə-pessarium qoyulur. Donmuş hamiləlik və natamam abort aşkarlandıqda küretaj aparılır, gec dövrlərdə dölün qovulması üçün stimulyasiya edilir. Etiotrop müalicə üsulları patologiyanın səbəbindən asılıdır:  

  • Hormonal terapiya. Müvafiq hormonların defisitinə gətirib çıxaran yumurtalıq çatışmazlığı əleyhinə estrogen, progesteron, xorionik qonadotropin preparatlarından istifadə edilir. Böyrəküstü vəzinin fəaliyyət pozğunluqları, AFS, digər autoimmun proseslərdə qlükokortikoidlər, hipotireozda tiroksin preparatları qəbul edilir.  
  • Antitrombotik müalicə. Genetik determinəedici trombofiliyalar, AFS zamanı aparılır. Bu məqsədlə kiçik molekullu heparin, antiaqreqantlar təyin edilir. Hiperhomosisteinemiya hallarında B6, B12, folatlar effektivdir. Hamiləlikdən xaric dövrdə dolayı antikoaqulyantların uzunmüddətli istifadəsi göstərişdir.  
  • Antibakterial terapiya. Hamiləlikdə sidik-cinsiyyət traktında ocaqlar aşkarlandıqda, eləcə də tonzillit, xorioamnionit zamanı bətndaxili infeksiya ilə mübarizə aparmaq üçün tətbiq edilir.  
  • Cərrahi müalicə. Anatomik qüsurlarda məsləhət görülür, hamiləlikdən xaric dövrdə yerinə yetirilir. Xəstələrdə metroplastika, uşaqlığın əlavə buynuzunun xaric edilməsi, konservativ miomektomiya, vaginoplastika aparılır.  

Adəti düşüyün proqnoz və profilaktikası

Proqnoz patologiyanı törədən səbəbdən asılıdır. Belə ki, trombofiliya, endokrin pozğunluqlar və anatomik qüsurlarla əlaqəli adəti düşüklər əksər hallarda müalicəyə tabe olur. Alloimmun faktorlarla bağlı vəziyyətlərin korreksiya üsulları hələlik öyrənilmə mərhələsindədir. Ümumilikdə səbəb vaxtında üzə çıxarıldıqda, hamiləlikdə və ondan xaric dövrdə adekvat müalicə aparıldıqda 70-95% hallarda həyat qabiliyyətinə malik uşağın doğulmasına nail olunur.  

Arzuolunmaz hallara yol verməmək üçün adəti düşüklərin profilaktikası mütləqdir. Qoruyucu tədbirlərə anamnezində düşük olan, risk qrupuna aid qadınların, həmçinin onların həyat yoldaşlarının ətraflı müayinəsi daxildir. Eləcə də hamiləlik planlama dövründə pozğunluqlar korreksiya edilir.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: