Ciftin aşağıda yerləşməsi

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 7220

ciftin aşağıda yerləşməsi necə olur?Ciftin aşağıda yerləşməsi – hamiləlik ağırlaşması olub, ciftin uşaqlığın aşağı seqmentində daxili əsnəydən 6 sm-dən az məsafədə lokalizasiyası ilə xarakterizə edilir. Anomaliyanın təhlükəliyi onun heç bir klinik əlamətlə müşahidə olunmaması ilə bağlıdır. Ciftin aşağıda yerləşməsi yalnız ultrasəs skanlama və ya patoloji əlamətlərlə müşayiət olunan ağırlaşmaların inkişafı: zədələnmə, orqanın qopması zamanı aşkarlanır. Müalicə ambulator şəraitdə həyata keçirilir, müalicəvi-qoruyucu rejim və medikamentoz terapiya təyin olunur. Cift aşağıda yerləşdikdə Qeysəriyyə əməliyyatına üstünlük verilir.

  • Səbəbləri
  • Təsnifat
  • Ciftin aşağıda yerləşməsinin əlamətləri
  • Diaqnostika və müalicə
  • Proqnoz və profilaktika

Ciftin aşağıda yerləşməsi barədə ümumi məlumat

Ciftin aşağıda yerləşməsi – ciftin anomal birləşməsi ilə müşayiət olunan mamalıq anomaliyasıdır.  Patologiya zamanı göbək ciyəsinin sıxılması nəticəsində dölün hipoksiyası riski yaranır. Eləcə də, hamiləliyin axırlarına yaxın dölün təzyiqindən aşağıda yerləşmiş ciftin vaxtından əvvəl qopma təhlükəsi əmələ gəlir.  Aşağı plasentasiya əksər hallarda 30 yaşından yuxarı qadınlarda rast gəlinir. Ciftin aşağıda yerləşməsi aşkar olunduqda proqnoz hər zaman qeyri-qənaətbəxş olmur. Uşaqlığın böyüməsi ilə ciftin miqrasiyası və onun ön və ya arxa divarda lokalizasiyası ehtimalı artır. Belə hallarda hamiləlik normal keçərək, fizioloji doğuşla başa çatdırıla bilər.

Bir qayda olaraq, ciftin aşağıda yerləşməsi I trimestrdə US-skrininq zamanı təyin olunur, lakin hestasiyanın 20-ci həftəsinə yaxın təxminən 70% hallarda ciftin miqrasiyası izlənilir. Hamiləliyin sonlarında yalnız 5% xəstədə bu patologiya qeyd olunur. Ciftin aşağıda yerləşməsi III trimestrdə aşkarlandıqda onun yerdəyişmə ehtimalı az olur.

Ciftin aşağıda yerləşməsinin səbəbləri

Ciftin aşağıda yerləşməsinin səbəbləriCiftin aşağıda yerləşməsinin səbəbləri tam öyrənilməmişdir. Lakin çoxsaylı tədqiqatlar əsasında ehtimal olunur ki, ciftin anomal birləşməsi xorionun xovlarının diffuz hiperplaziyası və desidual qişanın kənarlarında ayrı-ayrı elementlərin nekrozu fonunda baş verir. Çoxsaylı abortlar, qaşınmalar və digər ginekoloji müdaxilələr nəticəsində miometriumun nazilməsi yuxarıda qeyd olunan dəyişikliklərin yaranmasına səbəb olaraq, ciftin aşağı yerləşməsinə gətirib çıxarır. Anamnezində düşüklər, reproduktiv orqanların iltihabi və infeksion xəstəlikləri olan qadınlarda mamalıq anomaliyasının yaranma riski yüksək olur.

Ciftin aşağıda yerləşməsi çox zaman Qeysəriyyə əməliyyatından sonra izlənilir, bu da uşaqlıqda çapıq toxumasının formalaşması ilə izah olunur. Patologiya böyük ehtimalla çoxdöllü hamiləlik, 3 və ya daha artıq doğuş keçirən qadınlarda, xoşxassəli xəstəlıiklər, məsələn, mioma fonunda inkişaf edir. Həmçinin uşaqlığın anadangəlmə anomaliyaları, xüsusən ikibuynuzlu və ya yəhərəbənzər uşaqlıq, orqanın boşluğunda arakəsmələrin olması ciftin aşağıda yerləşməsi riskini artırır. Patologiyanın inkişafı üzrə risk qrupuna zərərli vərdişləri olan, stresslərə məruz qalan, ağır fiziki işlə məşğul olan qadınlar aiddir.

Ciftin aşağıda yerləşməsinin təsnifatı

Ciftin aşağıda yerləşməsi embrional orqanın lokalizasiyasına əsasən 2 formaya ayrılır. Bu kriteriyadan asılı olaraq, hamiləliyin proqnozu müxtəlif ola bilər.

  1. Ciftin uşaqlığın arxa divarında normadan aşağıda yerləşməsi. Patologiyanın bu forması daha qənaətbəxş sayılır. Əksər hallarda uşaqlığın ölçüləri böyüdükcə ciftin miqrasiyası baş verir. Buna müvafiq olaraq, uşağın inkişafı üçün sahə azad olunur. Hamiləliyin təbii doğuşla başa çatdırılması mümkündür.
  2. Ciftin uşaqlığın ön divarında normadan aşağıda yerləşməsi. Çox nadir hallarda rast gəlinir və qeyri-qənaətbəxş proqnoza malik olur. Arxa divarda lokalizasiyalaşan cift yuxarıya doğru yerdəyişməyə meylli olduqda uşaqlığın böyüməsindən asılı olaraq, aşağıya «hərəkət edir». Bu zaman uşaqlıq əsnəyinin hissəvi və ya tam örtülmə təhlükəsi yaranır. Anomaliyanın bu forması çox zaman göbək ciyəsinin dolanmasına, dölün hipoksiyasına, ciftin vaxtından qabaq ayrılmasına səbəb olur.

Ciftin aşağıda yerləşməsinin əlamətləri

Ciftin aşağıda yerləşməsinin əlamətləriMamalıq anomaliyası çox zaman klinik olaraq təzahür etmir. Adətən qadınlar özünü yaxşı hiss edir, ciftin anomal birləşməsi planlı ginekoloji USM zamanı təsadüfən aşkarlanır. Ciftin aşağıda yerləşməsi fonunda ağırlaşmalar inkişaf etdikdə patoloji simptomatika müşahidə olunur. Ciftin vaxtından qabaq qopması zamanı qarın, oma nahiyəsində dartıcı ağrılar, qanaxma mümkündür. Çox nadir hallarda bu diaqnoz gecikmiş toksikozun inkişafına səbəb olur. Bundan əlavə hestasiyanın gec dövrlərində ciftin aşağıda yerləşməsi dölün hipoksiyasına gətirib çıxara bilər. Oksigen çatışmazlığı uşağın hərəki aktivliyinin azalması, ürək döyüntülərinin tezləşməsi və ya zəifləməsi ilə özünü büruzə verir.

Ciftin aşağıda yerləşməsinin diaqnostika və müalicəsi

Ciftin aşağıda yerləşməsi hamiləliyin I, II, III trimestrində (hestasiyanın 12, 20 və 30-cu həftələrində) planlı US-skrininq zamanı aşkarlanır. İlkin dövrlərdə ciftin anomal birləşməsinin müəyyən edilməsi kritik hal hesab olunmur, çunki hestasiyanın ortalarına doğru embrional orqan miqrasiya edərək, düzgün pozisiya alır. Ciftin aşağıda yerləşməsi zamanı  aparılan USM prosesində onun dəqiq lokalizasiyası ilə yanaşı, qalınlığı, damarlarda qan cərəyanının səviyyəsi, dölün vəziyyəti təyin edilir. Bu parametrlərin qiymətləndirilməsi daha ciddi ağırlaşmaları, xüsusən hipoksiya, göbək ciyəsinin dolanması, ciftin yenicə başlanan ayrılmasını aşkar etməyə imkan verir.

Ciftin aşağıda yerləşməsinin müalicəsi hestasiyanın müddətindən, eləcə də ana və dölün ümumi vəziyyətindən asılıdır. Anomaliyanın I trimestrdə müəyyən edilməsi zamanı əlavə terapiyaya ehtiyac olmur, sadəcə fiziki yüklənmələrin məhdudlaşdırılması məsləhət görülür. Uşaqlığın ölçüləri artdıqca ciftin miqrasiya etmək ehtimalı yüksəkdir. Ciftin aşağıda yerləşməsi fonunda onun vaxtından qabaq ayrılma təhlükəsi, dölün ifadəli hipoksiyası zamanı və ya doğuşa yaxın hestasiyanın 35-36-cı həftəsində xəstənin müayinəsi və doğuş taktikasının seçilməsi məqsədilə xəstə hospitalizasiya olunur.

Ciftin aşağıda yerləşməsi gündəlik rejimin korreksiyasını tələb edir. Xəstə istirahətə çox vaxt ayırmalıdır. Psixoemosional və fiziki yüklənmələr, cinsi əlaqə tamamilə istisna olunmalıdır, çünki bütün bu amillər ciftin vaxtından qabaq ayrılmasına səbəb ola bilər. Ciftin aşağıda yerləşməsi zamanı piyada gəzintilər azaldılmalı, ictimai nəqliyyatdan imtina edilməlidir. İstirahət vaxtlarında xəstə uzanmalı və kiçik çanaq orqanlarına, xüsusən uşaqlığa, ciftə qan axımını gücləndirmək məqsədilə ayaqlarını bədən səviyyəsindən hündürə qaldırılmalıdır.

Ciftin aşağıda yerləşməsi zamanı medikamentoz müalicə təyin olunmur. Anomaliya zamanı hamiləliyin aparılması xüsusi diqqət tələb edir, belə hallarda mama-ginekoloqun konsultasiyaları adi hallarla müqayisədə daha sıx təyin olunur. Pasiyent və dölün vəziyyətinin korreksiyası yalnız anomal birləşmə fonunda ağırlaşmaların yaranma təhlükəsi və ya inkişafı zamanı həyata keçirilir. Ciftin yenicə başlanan qopması göbək ciyəsinin damarlarında qan cərəyanını yaxşılaşdıran preparatların, vitamin komplekslərinin təyininə göstəriş hesab olunur. Ciftin aşağı yerləşməsi uşaqlığın hipertonusu ilə müşayiət olunduqda tokolitiklərdən istifadə edilir.

Ciftin aşağıda yerləşməsi zamanı hamiləlik həm təbii doğuş, həm də Qeysəriyyə əməliyyatı ilə başa çatdırıla bilər. I variant ciftin uşaqlığın daxili əsnəyindən 5-6sm-dən aşağı olmamaq şərtilə yerləşməsi, eləcə də ana və dölün qənaətbəxş vəziyyəti, uşaqlıq boynunun yetişməsi və aktiv doğuş fəaliyyəti zamanı mümkündür.  Ciftin aşağıda yerləşməsi onun vaxtından qabaq ayrılma təhlükəsinin yaranmasına, həmçinin dölün ifadəli hipoksiyasına səbəb olduqda olanlı Qeysəriyyə əməliyyatı aparılır.

Ciftin aşağıda yerləşməsinin proqnoz və profilaktikası

Ciftin aşağıda yerləşməsi ilə gedən hamiləliklərin böyük əksəriyyəti qənaətbəxş sonluqla nəticələnir. 70% hamilələrdə cift doğuşa yaxın uşaqlığın ön və ya arxa divarında düzgün vəziyyət alır. Qalan hallarda vaxtında aparılan diaqnostika və qoruyucu rejimin təyini ağırlaşmaların qarşısını almağa, hamiləliyin 38-ci həftəyə qədər uzadılmasına və tam sağlam uşağın doğulmasına imkan verir. Ciftin aşağıda yerləşdiyi 40% qadınlarda Qeysəriyyə əməliyyatı icra olunur, qalan hallarda təbii doğuşlar aparılır. Bəzən döldə bətndaxili hipoksiya əlamətləri müşahidə edilir.

Ciftin aşağıda yerləşməsinin profilaktikası uşaqlığın selikli qişasının nazilməsinə səbəb olan ginekoloji anomaliyaların erkən diaqnostikası və müalicəsindən ibarətdir. Eləcə də abortlar, mayalanmadan sonra stresslər və fiziki yüklənmələr istisna olunmalıdır. Hamiləliyin erkən dövrlərində qadın məsləhətxanalarında qeydiyyata düşmək, zərərli peşə, siqaret, spirtli ickilərdən imtina, qidalanma və istirahət rejiminə riayət etmək məsləhət görülür. Təmiz havada çox vaxt keçirmək ana və dölün vəziyyətinə müsbət təsir göstərir. Hər bir hamilə qadın mama-ginekoloqun bütün təyinatlarına əməl etməli, ciftin aşağıda yerləşməsinin vaxtında aşkarlanması və müalicəyə erkən başlanılması məqsədilə skrininq müayinələrdən keçməlidir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: