Ciftin hiperplaziyası

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 6850

ciftin hiperplaziyasi nədir?Ciftin hiperplaziyası – kompensator və patoloji amillərin təsirindən cift toxumasının qalınlıq və həcminin artmasıdır. Spesifik kliniki əlamətlər müşahidə olunmur. Plasentar çatışmazlıqla müşayiət olunan son mərhələdə patologiya dölün aktivliyinin dəyişməsi (onun hərəkətliyinin artması və ya azalması) ilə təzahür edir. Diaqnoz uşaqlığın USM, KTQ, cift qan dövranının doppleroqrafiyası, invaziv prenatal müayinə metodları, laborator analizlərin nəticələrinə əsasən qoyulur. Müalicə uşaqlıq-plasentar sistemdə qan dövranının yaxşılaşmasına, patologiyanın səbəblərinin aradan qaldırılması və yanaşı gedən pozğunluqların korreksiyasına yönəldilir.

  • Ciftin hiperplaziyasının yaranma səbəbləri
  • Patogenez
  • Ciftin hiperplaziyasının əlamətləri
  • Ağırlaşmaları
  • Diaqnostika
  • Ciftin hiperplaziyasının müalicəsi
  • Proqnoz və profilaktika

Ciftin hiperplaziyası barədə ümumi məlumat

Müasir mama-ginekologiyada ciftin qalınlaşması nozoloji vahid olmayıb, digər patologiyanın inkişafından xəbər verən mühüm diaqnostik əlamət kimi qəbul edilir. Normada hamiləlik inkişaf etdikcə cift toxuması da tədricən qalınlaşır və  hestasiyanın 34-36-cı həftəsində maksimal ölçülərə çatir.  Bundan sonra onun böyüməsi dayanır, həcmi isə dəyişilməz qalır və ya bir qədər kiçilir. Ciftin hiperplaziyası zamanı onun çəkisi orta hesabla 400-600 qr. əvəzinə 750 qr-dan çox olur, dölün çəkisinin  cift toxumasına nisbətini əks etdirən döl-cift əmsalı isə hamiləliyin sonunda normal göstərici hesab olunan 6-7 əvəzinə, 2-3-dən çox olmur.

Ciftin hiperplaziyasının yaranma səbəbləri

Ciftin hiperplaziyasının səbəbləriCift toxumasının qalınlaşması adətən dölün təhlükəsizliyi və onun inkişafı üçün əlverişli şəraiti təmin edən kompensator reaksiyalar və müdafiə mexanizmlərinin təsirindən baş verir. Bir sıra hallarda cift toxumasında gedən patoloji dəyişikliklər onun çəkisinin artmasına səbəb olur. Mamalıq və ginekologiya sahəsinin mütəxəssislərinin fikrincə ciftin hiperplaziyasının başlıca səbəbləri aşağıdakılardır:

  • Dölün hemolitik xəstəliyi. Böyümüş cift —ana və uşağın qanının izoseroloji uyğunsuzluğundan şübhələnməyə əsas verən əlamətlərdən biridir. Rh-amili və qan qrupu üzrə immun münaqişə zamanı cift toxumasının xovların angiomatozu ilə müşayət olunan həqiqi hiperplaziyası dölün oksigenlə kifayət qədər təmin olunmasına kömək edir.
  • Ananın ifadəli anemiyası. Hemoqlobinin səviyyəsi 70-80 q/l və daha aşağı olduqda döl toxumalarının qanla təhcizatının yaxşılaşdırılmasına yönəlmiş kompensator mexanizmlər inkişaf edir. Cift toxumasının həcmi xorion xovlarında damarların çoxalması hesabına artır, bu da qan cərəyanı və uşağa oksigenin daşınmasının güclənməsinə səbəb olur.
  • Ananın ağır diabet xəstəliyi. 1-ci tip şəkərli diabet və hestasion diabetin əsas xarakterik əlaməti müxtəlif orqan və toxumalarda, o cümlədən cift toxumasında mikrosirkulyasiyanın pozulmasıdır. Xorion xovlarının ciftin hiperplaziyasına səbəb olan kompensator angiomatozu fetoplasentar sistemdə qan dövranını yaxşılaşdırır, oksigen və qidalı maddələrin dölə daşınmasını təmin edir.
  • Hestozlar. Hamiləliyin bu ağırlaşmasının əsasınında duran damarların patoloji spazmı mikrosirkulyasıyanın pozulması, damar keçiriciliyinin artması və interstisial toxumada mayenin toplanmasına gətirib çıxarır. Analoji proseslər ciftdə də izlənilir-xorion xovları ödemləşir, bu da orqanın yalançı hiperplaziyası ilə nəticələnir.
  • Anadangəlmə inkişaf qüsurları. Hiperplaziyalaşmış cift durğun ürək qüsurları, ağciyərlərin kistoz-adenomatoz qüsurları, anadangəlmə teratoma, neyroblastoma, leykemiyalı uşaqların oksigenlə normal təhcizatını təmin edir. Bu qüsurlar genetik anomaliyalar, bətndaxili dövrdə məxmərək, sitomeqalovirus, parvovirus B19, toksoplazməzla yoluxma zamanı inkişaf edir.
  • Xroniki endometrit. Qonoreya, sifilis, xlamidioz, mikoplazmoz və digər cinsi yolla ötürülən xəstəliklər nəticəsində endometriumda inkişaf edən iltihabi proseslər ciftin normal formalaşmasını poza bilər. Cift toxumasının həqiqi hiperplaziyası və xovlarda damarların sayının artması birincili plasentar çatışmazlığın kompensasiyası sayılır.
  • Ananın kəskin infeksion xəstəlikləri. Qrip, KRVİ, digər infeksion xəstəliklər keçirmiş qadınlarda ciftin hiperplaziyası müdafiə xarakteri daşıyır. Bu hallarda ciftin böyüməsi immun cavabın güclənməsinə yönəlmiş olur. Bundan əlavə komensator angiomatoz mikrosirkulyasiyanın müxtəlif pozğunluqlarının qarşısını alır.
  • Çoxdöllü hamiləlik. Uşaqlıqda 2 və ya daha çox dölün normal inkişafı üçün böyük ölçülü cift toxuması tələb olunur. Əkizlərin daşınması hallarında ciftin həqiqi kompensator hiperplaziyası inkişafda olan döllərə zəruri miqdarda oksigen və qida maddələrinin daşınmasını təmin edir. Ciftin natamam inkişafı uşaqlardan birinin ölümü ilə nəticələnir.
  • Ciftin xəstəlikləri. Ciftin tərkibində həcmli törəmələrin olması – birincili şişlər (xorioangioma, xorionteratoma) və irinli abseslərin olması ciftin çəkisinin artmasına səbəb olur. Ciftin neoplaziyaları adətən kiçikölçülü olur, bəzi hallarda onların diametri 5 sm-dən çox olur. Həmçinin ciftin qalınlaşması dölyanı qişaların iltihabı (xorioamnionit) fonunda da baş verə bilər.

Ciftin hiperplaziyasının patogenezi

Ciftin hiperplaziyasının mexanizmi birbaşa olaraq onun qalınlaşmasına səbəb olan amillərdən asılıdır. Cift toxumasının həqiqi hiperplaziyası zamanı patogenezin əsasını dölün oksigen aclığına cavab olaraq yaranan kompensator angiomatoz təşkil edir.  Fetoplasentar qan dövranının yaxşılaşması üçün xorionun xovlarında olan damarların sayı 4-6-dan 25-50-yə və daha çox artır, nəticədə cift qalınlaşır. Yalançı hiperplaziya zamanı ciftin ölçü və qalınlığı əsas xəstəliyə xas olan patofizioloji proseslər nəticəsində artır. Adətən belə hallarda orqanın həcmi interstisial toxumanın ödemi, bəzən isə fibroz və destruktiv dəyişikliklər hesabına artır. Bəzi hallarda hər 2 mexanizm  (kompensator və patoloji) müşahidə olunur.

Ciftin hiperplaziyasının əlamətləri

Ciftin hiperplaziyasının əlamətləriXəstəliyin erkən mərhələlərində kliniki təzahürlər qeyd olunmur, orqanın qalınlaşması hamiləliyin 20-ci həftəsindən sonra planlı USM zamanı təsadüfən aşkar olunur. Hiperplaziyanın proqressivləşməsindən asılı olaraq plasentar çatışmazlığın xarakterik əlamətləri izlənilir: döl aktivləşir, bu da onun hərəkətliyinin güclənməsi və tezləşməsi ilə özünü büruzə verir. Dölün hərəkətlərinin izlənilməməsi qeyri-qənaətbəxş proqnostik əlamət sayılır. Bu zaman təcili surətdə mama-ginekoloqun konsultasiyası tələb olunur. Qarnın çox böyüməsi ancaq hiperplaziyanın dölyanı mayenin çoxluğu ilə müştərək şəkildə inkişafı zamanı müşahidə edilir.

Ciftin hiperplaziyasının ağırlaşmaları

Ciftin hiperplaziyasının ağırlaşmaları onun əsas funksiyalarının (qidalandırıcı, hormonal və müdafiə) pozğunluqları ilə bağlıdır. Patoloji proseslər və ciftin destruksiyası zamanı fetoplasentar çatışmazlıq inkişaf edir, bu da bətndaxili inkişafın ləngiməsi, dölün hipotrofiya və hipoksiyası, nadir hallarda isə ölümü ilə nəticələnir.  Cift böyüdükdə hamilələrdə vaxtından əvvəl doğuş riski yüksəlir, Qeysəriyyə əməliyyatına ehtiyac artır. Hormonların sekresiyasının pozulması (estrogen, progesteron, xorionitik qonadotropin, plasentar laktogen hormon, relaksin) zəif doğuş fəaliyyəti, yüksək doğuş travmatizmi, doğuşdan sonrakı dövrdə hipotonik qanaxmalar, hipoqalaktiyaya gətirib çıxara bilər.

Ciftin hiperplaziyasının diaqnostikası

Diaqnostik mərhələnin əsas məqsədi ciftin hiperplaziyasının dərəcəsinin qiymətləndirilməsi, struktur dəyişiklikləri və funksional çatışmazlığın aşkar olunması, orqanın böyüməsinə səbəb olan amillərin dəqiqləşdirilməsindən ibarətdir. Kompleks müayinəyə cift toxuması, döl və hamilə qadının vəziyyəti haaqında dəqiq məlumat almağa kömək edən instrumental və laborator metodlar daxildir. Diaqnostik cəhətdən ən vacib üsullar aşağıdakılardır:

  • Uşaqlığın transabdominal USM. Böyümüş uşaqlığın sonoqrafiyası zamanı onun norma həddi ilə müqayisədə qalınlaşması və xovlararası sahənin genişlənməsi qeyd olunur. Bu üsul hestasiyanın 18-20- ci həftəsindən sonta informativ sayılır. Həmçinin USM cift toxumasının struktur dəyişiklikləri, kobud inkişaf qüsurları, uşaqda hipotrofiya əlamətlərini və dölyanı mayenin çoxluğunu aşkar etməyə imkan verir.
  • KardiotokoqrafiyaHipoksik vəziyyətlərin erkən əlamətlərini müşahidə etməkdə böyük rol oynayır. Uşağın oksigen aclığı zamanı tezləşmiş və kütləşmiş ürək döyüntüləri qeyd olunur. Fetoplasentar çatışmazlığın sonrakı inkişaf mərhələləri dölün ürək yığılmalarının kəskin azalması (1 dəqiqədə 120 döyüntüdən az) müşayiət olunur.
  • Uşaqlıq-plasentar qan dövranının doppleroqrafiyası. Cift damarlarında qanın sürətinin müayinəsinin köməyilə hiperplastik proseslər nəticəsində yaranan transplasentar dinamikanın pozğunluqlarını aşkar etmək olar. Bu üsul patologiyanın yaranma səbəbini təyin etmir, lakin fetoplasentra sistemin fəaliyyətini obyektiv qiymətləndirməyə kömək edir.
  • TORCH-kompleks. Qanın kompleks seroloji analizi dölün bətndaxili zədələnməsinə səbəb olan infeksion amillərin aşkar edilməsinə yönəlmişdir. Analizin köməyilə toksoplazmoz, sadə herpes, məxmərək, qızılca, sitomeqalovirus infeksiyası ilə yoluxma təqdiqlənir. Geniş variantda bu üsul nəinki sadalanan, hətta digər infeksiyaların da daşıyıcılarını effektiv təyininə imkan verir.
  • İnvaziv prenatal diaqnostika. Hiperplaziyanın yaranmasına şübhə olduqda inkişaf qüsurlarının ehtimalını nəzərə alaraq amnioskopiya, amniosentez, kordosentez aparılır. Bu usulların bir hissəsi paralel olaraq hipoksiya və iltihab əlamətlərini aşkar etməyə, izoseroloji münaqişələrdə uşağın funksional vəziyyəti və hemolitik statusunu qiymətləndirməyə kömək edir.
  • Genital infeksiyaların aşkarlanması. Kiçik çanaq orqanlarının xroniki iltihabi xəstəlikləri ciftdə patoloji proseslərə səbəb olduğundan hamilə qadınlara PZR-diaqnostika, İFR, İFA (RPR və digər testlər) təyin edilir. Vaginal ifrazat müşahidə olunduqda mikroskopiya və bakterial əkilmə antibiotikoqramla icra olunur.

Qadının funksional vəziyyətinin qiymətləndirilməsi və ekstragenital patologiyanın aşkar olunması məqsədilə qan və sidiyin ümumi analizləri, qanın biokimyəvi analizi aparılır, qlükozanın səviyyəsi təyin olunur. Dölün müayinəsinin köməkçi metodları- fetometriya və exokardioqrafiya məsləhət görülür. Ciftin qalınlaşmasına səbəb olan xəstəliklər və patoloji vəziyyətlərlə differensial diaqnostika aparılır.  Ehtiyac oduqda xəstə endokrinoloq, dermatovenereloq, infeksionist, uroloq, həkim-genetik müayinəsinə yönəldilir.

Ciftin hiperplaziyasının müalicəsi

Terapiyanın əsas məqsədi ciftdə hiperplastik dəyişikliklər yaradan xəstəliklərin aradan qaldırılması və uşaqlıq-plassentar qan dövranının normallaşmasından ibarətdir. Dərman preparatlarının qəbulundan əlavə xəstəyə həyat tərzini dəyişmək: istirahət və gecə yuxusunun müddətini uzatmaq, keyfiyyətli qidalanma, soyuqlama, fiziki və emosional gərginliklərın məhdudlaşdırılması, hamilələr üçün nəzərdə tutulan xüsusi idman hərəkətlərinin yerinə yetirilməsi məsləhət görülür. Qalınlaşmış cift zamanı xəstəyə aşağıdakı qrup preparatlar təyin olunur:

  • Etioloji müayinə. Konkret üsul və ya sxemin seçilməsi əsas patologiyadan asılıdır. İfadəli rezus-uyğunsuzluq zamanı intraperitoneal hemotrasfuziya, anemiyalarda –dəmir preparatları C vitamini ilə birgə kombinasiyada, infeksion proseslərdə-antibiotiklər, şəkərli diabet zamanı- şəkəri azaldan vasitələrdən istifadə olunur.
  • Cift qan dövranını normallaşdıran preparatlar. Perfuziyanı yaxşılaşdırmaq məqsədilə aktovegin, periferik vazodilatatorlar, antikoaqulant və antitrombotik preparatlar təyin olunur. Bu dərman vasitələri ciftdə qanın mikrosirkulyasiyasını normallaşdırır, qlükoza və oksigenin utilizasiya proseslərini sürətləndirir, hipoksiyaya dözümlülüyü artırır.

Bundan əlavə ciftin hiperplaziyası zamanı vitamin-mineral kompleksləri, immunokorrektor və essensial fosfolipidlərin qəbulu məsləhət görülür. Rezus- və ya AB0-faktor üzrə münaqişə və ya ana və dölün sağlamlığı və həyatına birbaşa təhlükə törədən digər patologiyalar zamanı hamiləlik süni yolla dayandırılır.

Ciftin hiperplaziyasının proqnoz və profilaktikası

Xəstəliyin proqnozu onu törədən səbəbdən asılıdır və əksər hallarda adekvat kompleks müalicə zamanı qənaətbəxş sayılır. Profilaktika genital və ekstragenital patologiyaların erkən diaqnostikasına yönəldilir. Hamiləliyin planlaşdırılması, qadın məsləhətxanalarında vaxtında qeydiyyata düşmək, müntəzəm USM–skrininq, xroniki ocaqların sanasiyası, epidemiya hallarında insanların kütləvi toplandıqları məkanlardan uzaqlaşmaq, anemiyanın qarşısını almaq üçün dəmir preparatlarının qəbulu məsləhət görülür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: