Ciftin infarktı

Oxuma vaxtı: 14 dəq Oxunma sayı: 2582

ciftin infarktı nədir?Ciftin infarktı — cift toxumasının qan təhcizatının pozulması ilə əlaqədar onun nekrozudur. Zədələnmə sahələri iri olduqda patologiya dölün tərpənişlərinin tezliyi və intensivliyinin dəyişməsi, uşaqlıq yolundan qanlı ifrazatla təzahür edir. Diaqnozun qoyulması zamanı uşaqlığın USM, plasentar qan dövranının doppleroqrafiyası, dölün fonokardioqrafiyası və KTQ, laborator analizlərdən istifadə olunur. Ciftin infarktının müalicə sxemi etiotrop vasitələrlə əsas patologiyanın korreksiyası, damar genişləndiricilər, tokolitik, hipoksiya əleyhinə, antioksidant preparatlardan ibarətdir. İstisna hallarında-döl və ananın həyatı üçün təhlükə yarandıqda hamiləlik dayandırılır.

  • Ciftin infarktının yaranma səbəbləri
  • Patogenez
  • Təsnifatı
  • Ciftin infarktının əlamətləri
  • Ağırlaşmaları
  • Diaqnostikası
  • Ciftin infarktının müalicəsi
  • Proqnoz və profilaktika

Ciftin infarktı barədə ümumi məlumat

Mütəxəssislərin müşahididələrinə əsasən hamilə qadınların 25-30%-də ciftin intervelez tromboz və infarktına rast gəlinir, lakin onların yalnız bir hissəsində fetoplasentar çatışmazlıq inkişaf edir. Ciftin fizioloji fəaliyyəti dölün oksigen və qidalı maddələrlə tam təmini, onun mübadilə məhsullarının xaric edilməsindən ibarətdir. Nəzəri cəhətdən ciftin infarktı (nekrozu) onun digər zədələnmələri kimi dölün inkişafına təhlükə törədə bilər. Ancaq cift toxumasının kompensator imkanları hətta orqanın 10%-ə qədər hissəsinin ölümü zamanı «ana-döl» sisteminin adekvat fəaliyyətini təmin edir. Ciftin zədələnməsi zamanı (xüsusən I hamiləlikdə) patoloji dəyişikliklərin yaranma ehtimalı qadının yaşı ilə mütənasib şəkildə artır.

Ciftin infarktının yaranma səbəbləri

Ciftin infarktının yaranma səbəbləriCift toxumasında gedən nekrotik dəyişikliklər adətən hemodinamikanın lokal pozğunluqlarının nəticəsində yaranır. İnfarktın yaranmasına endotel qatın vəziyyətinə, damar divarının tonus və kövrəkliyinə, qanın laxtalanma sisteminə təsir edən xəstəlik və pozğunluqlar səbəb olur. Mamalıq və ginekologiya sahəsinin mütəxəssislərinin müşahidələrinə əsasən ciftin nekrozunun ən geniş yayılmış səbəbləri aşağıdakılardır:

  • Spiral arteriyaların uzunmüddətli spazmı. Plasentar qan cərəyanı sistemində damar tonusunun yüksəlməsi hipertoniya xəstəliyi, hestoz, böyrək xəstəlikləri (diffuz qlomerulonefrit, xroniki pielonefrit, amiloidoz, hipoplaziya, polikistoz), ürək və aortanın anadangəlmə və qazanılmış qüsurları, beyin şişləri, feoxromositoma, aldosteroma, digər endokrinopatiyalarla əlaqədar simptomatik arterial təzyiqdən əziyyət çəkən hamilələrdə müşahidə olunur. Zamanla damarların tonik daralması onların elastikliyinin azalması və divarlarında həll olmayan birləşmələrin toplanması ilə ağırlaşır.
  • Endotel qişanın zədələnməsi. Damar divarının daxili qatının tamlığının pozulması onun adgeziv xüsusiyyətlərini artırır, mikrotromblaşma və sklerozlaşmanın yaranmasına səbəb olur. Bu pozğunluqlar insulindən asılı, insulindən asılı olmayan və hestasion diabet, generalizəolunmuş vaskulit, autoimmun proseslər, xroniki endometriti olan xəstələr üçün xarakterikdir. İfadəli kapilyarotoksikoz bir sıra infeksion xəstəliklər: kəskin angina, qızılca, skarlatina, su çiçəyi, herpes, xlamidioz, toksoplazmoz, sitomeqalovirus infeksiyası zamanı inkişaf edir.
  • Qanın hiperkoaqulyasiyası. Hamiləliyin II trimestrində yaranan xronometrik hiperkoaqulyasiya norma sayılaraq, doğuş zamanı çoxlu miqdarda qan itirmənin qarşısını alır. Qanın patoloji yüksək laxtalanması trombositozlu, hiperprotrombinemiyalı xəstələrdə prokoaqulyantların miqdarı və aktivliyinin artması hallarında qeyd olunur. Şok, sepsis, iri sahəli yanıqlar, DDL-sindromu zamanı antikoaqulyant amillərin təsiri pozulur. Trombofiliya antifosfolipid sindromun (AFS), hiperhomosisteinemiyanın və bir sıra irsi fermentopatiyaların klinik əlaməti sayılır.
  • Cift damarlarının emboliyası. İnfarkt damarların normada qan məcrasında müşahidə olunmayan müxtəlif yad substansiyalarla qəflətən tutulması nəticəsində inkişaf edir. Emboliyanın səbəblərinə aşağı ətrafların varikoz xəstəliyitromboflebiti zamanı qopmuş tromblar, bud və digər iri, borulu sümüklərin geniş sahəli sınıqlarında piy toxuması,  şişin parçalanması və ya ağır travmalar nəticəsində  zədələnmiş orqanların toxumaları aiddir. Qan cərəyanına hava qabarcıqlarının daxil olması bəzi invaziv tibbi müdaxilələrin (venadaxili inyeksiya, infuzion terapiyanın) düzgün yerinə yetirilməməsi ilə bağlıdır.

Ciftdə nekrotik proseslərin başlanmasına səbəb olan əlavə provokasiyaedici amillərə siqaretdən istifadə,  fiziki və psixoemosional yüklənmələr, artıq çəki aiddir. Nikotin damarların endotel qişasına zədələyici təsir göstərir, periferik damarların spazmını gücləndirir. Stress və piylənmənin neqativ təsiri arterial təzyiqin və qanda qlükozanın səviyyəsinin yüksəlmə ehtimalı ilə əlaqədardır.

Ciftin infarktının patogenezi

Ciftin infarktının təkan anı cift toxumasının normal qan təhcizatının pozulması ilə başlayır. Qan cərəyanının pozulması kəskin (trombemboliya hallarında damar mənfəzinin tutulması, DDL-sindromu zamanı damar məcrasının tromblaşması, damarların partlaması) və ya tədricən artan (diabet, hipertoniya, hestoz və s. zamanı damar divarının sklerozlaşması və mənfəzinin tədricən obturasiyası) olur. Yerli qan təhcizatının pozulması qlikolizin anaerob mexanizmlərini aktivləşdirir. Hüceyrələrin daxili ehtiyyatlarının tükənməsi toksiki metabolitlərin toplanmasına və onların ölümünə (nekrozuna) gətirib çıxardır. Bir müddətdən sonra ölmüş sahələr lizisə uğrayaraq, tədricən birləşdirici toxuma ilə əvəz olunur. Ağır infarkt zamanı cift toxumasının parçalanma məhsullarının qana sorulması orqanizmin ümumi intoksikasiyasına və əsas xəstəliyin gedişinin ağırlaşmasına səbəb olur.

Ciftin infarktının təsnifatı

Ciftin infarktının müxtəlif formalarının sistemləşdirilməsi zamanı nekroz sahəsində gedən patofizioloji dəyişikliklər, zədələnmiş sahənin ölçüləri və lokalizasiyası, nekroz ocaqlarının sayı nəzərə alınır. Ciftin kənarlarında müşahidə olunan kiçik ölçülü infarkt zonası orqanın fizioloji qocalmasına dəlalət edir, ciftin qalınlığında yerləşən tək saylı, iri sahəli ocaqlar isə adətən müxtəlif pozğunluqlar nəticəsində əmələ gəlir.  Formalaşma mexanizminə görə infarktın aşağıdakı növləri ayırd edilir:

  • Qırmızı. Cift toxumaları desidual qişanın bir və ya bir neçə ana damarlarından daxil olan qanla hopmuş olur. Əksər hallarda kəskin infarktların erkən mərhələsi sayılır, hamiləlik vaxtından qabaq pozulmadıqda ağ formaya keçir.
  • . Zədələnmə sahəsi işemiyalaşmış toxumalara xas açıq bozumtul və ya sarımtıl rəngdə olur. Belə nekrozlar damarların tədricən tutulması və ya fibrin tellərinin çokməsi fonunda inkişaf edir və ya qırmızı infaktların son mərhələsini təşkil edir.
  • Əhəngləşmiş. Nekroz sahələri əhəngləşir, ağ bərk konsistensiyalı əlavələrdən ibarət olur. Bu növ infarktlar adətən kalsiumun çökdüyü zədələnmiş endotel qatında tədricən ciftin qocalması və ya spazma uğramış damarların sklerozlaşması fonunda formalaşır.

Ciftin infarktının əlamətləri

Ciftin infarktının əlamətləriCiftin nekrozunun kliniki şəkli işemiya zonasının ölçülərindən və zədələnmiş sahələrin sayından asılıdır. Cift toxumasının kənarlarında inkişaf edən tək saylı infarkt ocaqları simptomsuz keçir, əksər hallarda norma olaraq qiymətləndirilir. İnfarkt ciftin mərkəzi hissəsində iri damarın partlaması nəticəsində yarandıqda adətən məhdud hematoma formalaşır. Belə hallarda uşaqlıq nahiyəsində ağrı hissiyyatı meydana çıxır, hamiləliyin son mərhələrində ciftin uşaqlığın ön divarında yerləşməsi zamanı bəzən sıx konsistensiyalı törəmə əllənir. Periferik damarların partlaması uşaqlıq qanaxmalarına səbəb olur. Lakin əksər hallarda ciftin nekrozu zamanı ifadəli klinik əlamətlər müşahidə olunmur, yalnız dölün aktivliyinin oksigen aclığı nəticəsində dəyişilməsinə əsasən patologiyadan şübhələnmək olur. Dölün tərpənişlərinin kəskin artmasından sonra onun 6 saat və daha çox zaman ərzində hərəkətsiz qalması qeyri-qənaətbəxş proqnostik əlamət hesab edilir.

Ciftin infarktının ağırlaşmaları

Ciftin infarktı daha çox döl üçün təhlükə törədir. Onun ən geniş yayılmış ağırlaşmalarına hipoksiya, dölün inkişafının ləngiməsi və hətta uşağın bətndaxili ölümü ilə müşayiət olunan fetoplasentar çatışmazlıq aiddir. Döldə oksigen və qidalı maddələrin çatışmazlığının ilkin əlaməti 3 sm-dən kiçik diametrli çoxsaylı mikroinfarktlar və cift toxumasının 15%-dən çox hissəsinin zədələnməsi zamanı yaranır. Nekroz sahəsi 30%-dən çox olduqda, bu hal döl üçün təhlükəli hesab edilir və təcili tibb kömək tələb olunur.

Ciftin nekrozu fonunda yaranan fetoplasentar çatışmazlığın uzaq ağırlaşmalarına doğuşda dölyanı maye ilə asfiksiya, əqli və nitq inkişafının ləngiməsi, uşağın hiperoyanıqlığı, digər nevroloji pozğunluqlar daxildir. Fetoplasentar çatışmazlıqdan əlavə infarkt ciftin vaxtından əvvəl ayrılması və güclü qanaxmalara səbəb ola bilər. Nadir hallarda iri sahələrin nekrozu orqanın endokrin funksiyasını pozur, estrogenlərin, plasentar laktogen hormonun, xorionik qonadotropinin sekresiyasının azalması isə doğuş fəaliyyətinin zəifliyinə, doğuş prosesində hipotonik qanaxmalara, doğuşdan sonrakı dövrdə hipoqalaktiyaya gətirib çıxardır.

Ciftin infarktının diaqnostikası

Damar və trombotik pozğunluqlara meylli qadınlarda fetoplasentar çatışmazlıq əlamətləri və ya uşaqlıq yolundan axan yaxılan ifrazat zamanı aparılan diaqnostik müayinələr cift toxumasında morfoloji proseslərin və dölün funksional vəziyyətinin qiymətləndirilməsinə yönəldilmişdir. Müayinə planı aşağıdakı üsullardan ibarətdir:

  • Uşaqlıq və dölün USM. Sonoqrafiya çoxsaylı kiçik ölçülü və ya tək sayda iri sahəli, dəqiq sərhədli hiperexogen əlavələr şəklində vizualizasiya olunan infarkt sahələrini aşkar etməyə imkan verir. Müayinə zamanı həmçinin fetometrik göstəricilərin hamiləlik müddətinə uyğun gəlməsi müəyyən edilir.
  • Dölün kardiotokoqrafiya və fonokardioqrafiyası. Bu üsullar dölün ürək fəaliyyəti haqqında məlumat əldə etməyə kömək edir. Ürək ritmlərinin və yığılmalarının tezliyinin dəyişməsi – taxikardiya, bradikardiya, aritmiya infarktın ağırlaşması olan plasentar çatışmazlığa dəlalət edir.
  • Uşaqlıqplasentar qan dövranının doppleroqarfiyası.Doppleroqrafiya ciftdə qanın sirkulyasiyasının xüsusiyyətlərinin obyektiv qiymətləndirilməsini təmin edir, toxuma nekrozu zamanı damarlarda pulsasiyanın olmamasını aşkar edir. Bu üsul hamiləliyin II yarısında diaqnostik əhəmiyyət daşıyır.
  • Qanın labarotor müayinəsi. Əsas patologiyanı nəzərə alaraq ümumi analizdə trombositlərin miqdarının artması və ya azalması, eritropeniya, hemoqlobinin konsentrasiyasının aşağı düşməsi qeyd oluna bilər. Hemostaz sisteminin müayinəsi zamanı trombin müddətinin, aktivləşmiş hissəvi tromboplastin vaxtının və digər göstəricilərin dəyişilməsi müşahidə olunur.

Ciftdə nekrotik pozğunluqları yaradan səbəblərin dəqiqləşdirilməsi üçün əlavə olaraq qanın biokimyəvi analizi, immun statusun diaqnostikası, infeksion xəstəliklərin törədicilərinin təyini (İFA, İFR, PZR) aparılır. Patologiya ağır formalı hestozlar, ciftin vaxtından qabaq qopması, ana və dölün qanının izoseroloji uyğunsuzluğu, xorioamnionit və fetoplasentar çatışmazlığın digər səbəbləri ilə differensiasiya edilir. Göstərişlərə əsasən xəstə endokrinoloq, infeksionist, immunoloq, karidoloq, uroloq müayinəsinə göndərilir.

Ciftin infarktının müalicəsi

Dölün hipoksiyası və inkişafının ləngiməsi zamanı aparılan müalicəvi tədbirlər ciftin nekrozuna səbəb olan amillərin aradan qaldırlmasına və fetoplasentar sistemdə gedən pozğunluqların kompensasiyasına yönəldilmişdir. Ana və dölün həyatı üçün heç bir təhlükə olmadıqda kompleksşəkilli konservativ terapiya məsləhət görülür. Stimulyasiya yolu ilə vaxtından əvvəl doğuş və ya Qeysəriyyə əməliyyatı yalnız həyati göstərişlərə əsasən icra edilir. Hamiləliyin standart aparılma sxemi aşağıdakı məsələlərin həllinə istiqamətləndirilir:

  • Etioloji amilə təsir. Ciftin nekrozuna səbəb olan əsas patologiya nəzərə alınmaqla, hipotenziv, şəkər salıcılar, antibakterial, hormonal vasitələr, immunokorrektorlardan istifadə olunur. Hemostaz sistemində pozğunluqlar zamanı antikoaqulyantlar və qanın laxtalanmasına təsir edən digər preparatlar təyin olunur. Əsas xəstəliyin müalicəsi üçün uyğun profilli mütəxəssislər cəlb olunur.
  • Uşaqlıq-plasentar sistemin stabilizasiyası. Ciftin intakt hissəsində oksigen və qidalı maddələrin perfuziyasını yaxşılaşdırmaq məqsədilə damargenişləndirici təsirli vasitələr, aşağı dozalı tokolitiklər qəbul edilir. Qanın reoloji xüsusiyyətlərini və mikrosirkulyasiyanı yaxşılaşdıran preparatlar yaxşı nəticələr verir. Dölün hipoksiyaya qarşı dözümlüyünü artırmaq məqsədilə aktovegin, antioksidantlardan instifadə olunur, onalrın təyini beynin zədələnmə ehtimalını azaldır.

Ciftin infarktının proqnoz və profilaktikası

Ciftin infarktı zamanı  proqnoz əksər hallarda qənaətbəxş sayılır. Kiçik sahəli nekrozlar uşağın inkişafına təsir göstərmir, iri zədələnmələr zamanı vaxtında aparılan diaqnostika və adekvat müalicə  patologiyanın ağırlaşmalarının qarşısını almağa və ya minimuma endirməyə kömək edir.

Risk qrupuna daxil olan hamilələrə profilkatik məqsədlə qadın məsləhətxanasında erkən qeydiyyata düşmək, müntəzəm olaraq mama-ginekoloq müayinəsindən keçmək, USM-skrininq, yanaşı patologiyaların müalicəsinə dair təyinatlara əməl etmək məsləhət görülür. Ciftin infarktının profilkatikasında siqaretdən imtina, pəhrizə riayət, yuxu və istirahət rejiminin normallaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: