Ciftin vaxtından əvvəl ayrılması

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 14830

ciftin vaxtından əvvəl ayrılmasının səbəbləriCiftin vaxtından əvvəl ayrılması – onun döl doğulmazdan əvvəl uşaqlıq divarından qopmasıdır. Ciftin vaxtından əvvəl ayrılması ağrı, qanaxma, uşaqlıq əzələlərinin gərginliyi, döldə baş verən pozğunluqlarla təzahür edir. Diaqnoz hamilə qadının şikayətləri, vaginal müayinə, USM nəticələrinə əsasən qoyulur. Ciftin vaxtından əvvəl ayrılmasının müalicəsi tokolitik, spazmolitik, qandayandırıcı anemiya əleyhinə terapiyanın aparılmasından ibarətdir; bir sıra hallarda  hamiləliyin başa çatdırılması barədə qərar qəbul edilir.

  • Ciftin vaxtından əvvəl ayrılmasının səbəbləri
  • Ciftin vaxtından əvvəl ayrılmasının variantları
  • Ciftin vaxtından əvvəl ayrılmasının əlamətləri
  • Ciftin vaxtından əvvəl ayrılmasının diaqnostikası
  • Ciftin vaxtından əvvəl ayrılmasının müalicəsi
  • Ciftin vaxtından əvvəl ayrılmasının proqnoz və profilaktikası

Ciftin vaxtından əvvəl ayrılması barədə ümumi məlumat

Ciftin vaxtından əvvəl ayrılması ana və dölün həyatını təhlükə altına qoyan ciddi ağırlaşmadır, bu zaman təxirəsalınmaz tibbi yardım tələb olunur. Mamalıq və ginekologiyada uşaqlığın yuxarı hissələrində, uşaqlıq cisminin divarları və dibində lokalizasiya olunan normal yerləşmiş ciftin vaxtından qabaq ayrılması və cift gəlişi zamanı uşaqlıq əsnəyi nahiyəsində yerləşən ciftin qopması ayırd edilir. Ciftin vaxtından əvvəl ayrılması hestasiya dövründə, eləcə də doğuş prosesində inkişaf edə bilər. Bu patologiyanın tezliyi  0,4-1,4% təşkil edir.

Hamiləlik zamanı ciftə həm uşaqlıq əzələləri, həm də döl yumurtası və dölyanı maye təzyiq göstərir. Normada bu qüvvələr plasentar toxumanın süngərəbənzər quruluş sayəsində elastikliyi və embrional orqanın birləşdiyi uşaqlıq sahəsinin zəif yığılma qabiliyyəti hesabına tarazlaşır. Nəticədə ciftin vaxtından qabaq ayrılmasının qarşısı alınır.

Ciftin vaxtından əvvəl ayrılmasının səbəbləri

Ciftin vaxtından əvvəl ayrılmasının müalicəsiCiftin vaxtından əvvəl ayrılmasının etiologiyasında aparıcı amil vaskulopatiyalar – uşaqlıq-plasentar qan dövranını pozan damar dəyişiklikləri hesab olunur. Damar pozğunluqları hamilələrdə somatik xəstəliklər (pielonefrit, hipertoniya xəstəliyi, piylənmə, şəkərli diabet), toksikozlar (hestoz) və s. fonunda yarana bilər. Vaskulopatiyalar kapilyarların yüksək keçiriciliyi və kövrəkliyi, cift toxumasında çoxsaylı infarkt və trombozlarla xarakterizə olunur. Ciftin uşaqlıq divarı ilə təmasının pozulması onlar arasında qanın toplanması nəticəsində ciftin ayrılmasını daha da sürətləndirən retroplasentar hematomanın formalaşması ilə  müşayiət olunur.

Uşaqlıq və ciftin iltihabi, degenerativ və digər patoloji prosesləri ilə əlaqədar yaranan xroniki gedişli uşaqlıq-plasentar çatışmazlığın ciftin vaxtından əvvəl ayrılmasına səbəb olması barədə nəzəriyyə mövcuddur. Bu dəyişikliklərə xroniki endometrit, endoservisit, uşaqlığın mioması, uşaqlığın anatomik anomaliyaları, vaxtından keçmiş hamiləlik zamanı rast gəlinir.

Ciftin vaxtından əvvəl ayrılmasının risk amillərinə həmçinin qarnın travmaları, polihidramnion, qisa göbək ciyəsi, çoxsaylı doğuşlar və ya hamiləliyin pozulması, döl kisəsinin gec deşilməsi, anemiya, zərərli vərdişlər, autoimmun xəstəliklər (qırmızı qurd eşənəyi) aiddir. Nadir hallarda ciftin vaxtından əvvəl ayrılması hər hansı bir preparatların (zülal məhlulları, donor qanı) yeridilməsinə cavab reaksiyası olaraq  inkişaf edir.

Ciftin vaxtından əvvəl ayrılmasının variantları

Ayrılmış hissənin sahəsindən asılı olaraq, ciftin uşaqlıq divarından qopmasının hissəvi və tam variantları ayırd edilir. Total (tam) ayrılma ana və döl arasında qaz müdadiləsinin dayanması nəticəsində dölün ölümü ilə müşayiət edilir.

Ciftin hissəvi ayrılması məhdud sahədə baş verərək, proqressivləşən və ya proqressivləşməyən gedişə malik olur. Ciftin proqressivləşməyən ayrılmalarında uşaqlıq damarları tromblaşır, ciftin qopması dayanır. Bu dəyişikliklər hamiləlik və doğuşa neqativ təsir etmir. Proqressivləşən xarakterli ayrılmalar zamanı hematoma böyüyür, ciftin qopması davam edir, bu da hamiləlik və doğuşun patoloji gedişinə səbəb olur.

Cift toxumasının ayrılma sahəsinin lokalizasiyasına görə ciftin mərkəzi və kənar (periferik) hissədən qopması qeyd olunur. Mərkəzi hissənin vaxtından əvvəl ayrıldığı hallarda xarici qanaxma baş verməyə bilər; kənar hissənin qopması adətən cinsi yollardan qanın axması ilə müşayiət edilir. Xarici qanaxma olmadıqda qan miometriuma hopması uşaqlığın sinir-əzələ aparatının zədələnməsinə, onun qıcıqlanmasının və yığılma qabiliyyətinin itməsinə gətirib çıxarır. Ağır hallarda qan dölyanı maye və qarın boşluğuna keçə bilər.

Ciftin vaxtından əvvəl ayrılmasının əlamətləri

Ciftin vaxtından əvvəl ayrılmasının əlamətləriCiftin vaxtından əvvəl ayrılmasının əlamətlərinə qanaxma, uşaqlıqda ağrı və gərginlik, dölün hipoksiyası və ürək fəaliyyətinin pozulması aiddir. Qanaxma xarici, daxili və ya qarışıq (daxili-xarici) olub, patologiyanın müddətindən asılı olaraq, al qırmızı və ya tünd rəngli qanın ifrazı ilə müşahidə edilir. Daxili və ya qarışıq qanaxma zamanı itirilən qanın həcmini təyin etmək çətin olduğundan əsas kriteriya kimi xarici qanaxmanın həcmi və hamilənin vəziyyəti (nəbz, təzyiq, Hb və s.) götürülür.

Ciftin vaxtından əvvəl ayrılması zamanı uşaqlığın gərginliyi və qarında ağrılara demək olar ki, bütün hallarda rast gəlinir. Ağrı küt, tutmaşəkilli olur, qasıq, bud və ya bel nahiyəsinə irradiasiya edir, lokal və ya yayılmış xarakter daşıyır. Palpasiyada uşaqlığın gərginliyi və sərt konsistensiyalı olması müəyyən edilir. Patologiya ilə əlaqədar dölün zədələnmə dərəcəsi cift toxumasının ayrılan hissəsinin sahəsindən asılıdır. Ciftin 1/4-dən çox hissəsi qopduqda döldə hipoksiya; 1/3 hissəsi ayrıldıqda –hipoksiyanın ağır dərəcəsi; 1/3-1/2-dən artıq sahənin qopması zamanı isə dölün bətndaxili ölümü baş verir.

Klinik əlamətlərin ağırlığına görə ciftin vaxtından əvvəl ayrılmasının yüngül, orta ağır və ağır formaları ayırd edilir. Yüngül forma nəzərəçarpan əlamətlərlə təzahür etməyə bilər, əksər hallarda planlı USM və ya doğuşdan sonra ciftə baxış zamanı aşkarlanır. Patologiyanın orta ağır forması qarında ağrı və cinsi yollardan az miqdarda qan və laxtaların ifrazı ilə xarakterizə olunur. Palpasiyada bir qədər gərginləşmiş uşaqlıq və lokal mülayim ağrı müəyyən edilir. Dölün auskultasiyası zamanı ürək fəaliyyətinin müxtəlif dərəcəli hipoksiyaya dəlalət edən pozğunluqları eşidilir.

Ağır forma qarında intensiv ağrılar, halsızlıq, başgicəllənmə, bəzən bayılma, dəri solğunluğu, taxikardiya, hipotoniya ilə səciyyələnir. Cinsi yollardan mülayim miqdarda tünd qan ifraz olunur. Uşaqlığın kəskin gərginliyi və asimmetriyası qeyd edilir: onun bir tərəfində ağrılı qabarma palpasiya edilir. Auskultasiyada dölün ürək döyüntüsü müəyyən edilmir.

Ciftin vaxtından əvvəl ayrılmasının diaqnostikası

İfadəli klinik təzahürlər zamanı diaqnostika heç bir çətinlik törətmir. Belə hallarda ağrı sindromu, qanaxma, hemodinamik dəyişikliklər, dölün hipoksiyası əlamətləri nəzərə alınır. Ginekoloji müayinədə uşaqlığın hipertonusu, onun ağrılı (lokal və ya yayılmış xarakterli) olması, asimmetriyası aşkarlanır.

USM prosesində ciftin lokalizasiyası, ayrılmış hissənin ölçüləri təyin edilir. Uşaqlıq-plasentar qan dövranının doppleroqrafiyası zamanı transplasentar henodinamikanın pozğunluqları izlənilir. Dölün hipoksiya dərəcəsi dölün kardiotokoqrafiyası və ya fonokardioqrafiya vasitəsilə müəyyənləşdirilir. Yüngül dərəcəli ayrılma doğulan ciftə baxış zamanı onun səthində tünd rəngli qan laxtaları ilə dolu kiçik ölçülü xarakterik çuxurlara əsasən təyin edilə bilər.

Ciftin vaxtından əvvəl ayrılmasının müalicəsi

Ciftin vaxtından əvvəl ayrılması zamanı müalicə taktikası patologiyanın yaranma vaxtından (hamiləlik, doğuş), qanaxmanın ifadəliliyindən, ana və dölün vəziyyətindən asılıdır. Ciftin vaxtından əvvəl ayrılmasının əlamətləri aşkar olunduqda hamilələr mamalıq şöbəsinə hospitalizasiya edilir.

Hestasiyanın 36-cı həftəsinə qədər hissəvi proqressivləşməyən ayrılma zamanı yataq rejimi, spazmolitik, tokolitik, qandayandırıcı, antianemik  terapiya təyin olunur. Müalicə koaquloqramma, dinamik USM və doppleroqrafiyanın nəzarəti altında tətbiq edilir. Ciftin vaxtından əvvəl ayrılmasının proqressivləşməsi hamiləliyin başa çatdırılmasına göstəriş sayılır. Doğuş yollarının doğuşa hazır olduqda (uşaqlıq boynunun qisalması, yumşalması, servikal kanalın keçiriciliyi) amniotomiya icra edilir; kardiomonitorniqlə təbii doğuş aparıla bilər.

Orta ağır və ağır formalarda doğuş üsulu olaraq Qeysəriyyə əməliyyatı seçilir. Ağır dərəcəli ayrılmalarda Qeysəriyyə əməliyyatı hestasiyanın vaxtı və dölün həyat qabiliyyətindən asılı olmadan həyata keçirilir. Döl və cift xaric edildikdən sonra qan laxtaları təmizlənilir, uşaqlığın divarları nəzərdən keçirilir, miometriumun vəziyyəti dəqiqləşdirilir. İfadəli dəyişikliklər zamanı histerektomiya göstəriş hesab edilir.

Doğuşdan sonra itirilən qanın miqdarı bərpa olunur, şokəleyhinə terapiya aparılır, infuzion və transfuzion terapiyanın köməyilə anemiya və laxtalanmanın pozulmaları korreksiya edilir. Doğuşdan sonrakı ağırlaşmaların profilaktikası məqsədilə uterotonik preparatlardan (oksitosin, prostaqlandin, metilerqometrin) istifadə edilir.

Ciftin vaxtından əvvəl ayrılmasının proqnoz və profilaktikası

Proqressivləşməyən yüngül formalar proqnostik baxımdan qənaətbəxş olur. Ağır gedişli patologiya ana və döl üçün təhlükə daşıyır. Ağır hallarda dölün bətndaxili ölümü baş verə, qadınlarda hemorragik şok, DDL-sindromu inkişaf edə bilər.

Ciftin vaxtından qabaq ayrımasının profilkatikası hamiləlik planlaşdıran qadınlarda ümumisomatik və ginekoloji patologiyaların vaxtında terapiyası; gecikmiş toksikozun müalicəsi, hamiləliyin aparılmasının bütün mərhələlərində uşaqlıq-plasentar qan dövranının dinamik izlənilməsindən ibarətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: