Disfunksional uşaqlıq qanaxmaları
Disfunksional uşaqlıq qanaxmaları – daxili sekresiya vəziləri tərəfindən cinsi hormonların sintezinin pozulması nəticəsində baş verən patoloji qanaxmadır. Yuvenil (cinsi yetişkənlik dövründə), klimakterik (yumurtalıqıların funksiyasının sönməsi mərhələsində), reproduktiv dövrün qanaxmaları ayırd edilir. Aybaşı zamanı itirilən qanın miqdarının artması və ya menstruasiyanın davametmə müddətinin uzanması ilə özünü büruzə verir. Metrorragiyalar – asiklik qanaxmalarla təzahür edə bilər. Amenoreya dövrlərinin (6 həftə-2 ay və daha çox) müxtəlif intensivlikli və müddətli qanaxmalarla əvəz olunması xarakterikdir. Anemiyanın yaranmasına səbəb olur.
- Disfunksional uşaqlıq qanaxmalarının inkişaf mexanizmi
- Yuvenil disfunksional uşaqlıq qanaxmaları
- Reproduktiv dövrün disfunksional uşaqlıq qanaxmaları
- Klimakterik dövrün disfunksional uşaqlıq qanaxmaları
- Disfunksional uşaqlıq qanaxmalarının profilaktikası
Disfunksional uşaqlıq qanaxmaları barədə ümumi məlumat
Disfunksional uşaqlıq qanaxmaları (qəbul edilmiş abbreviatura – DUQ) – yumurtalıqların disfunksiyasının əsas təzahürlərindən sayılır. Disfunksional uşaqlıq qanaxmaları asiklik olub, aybaşının davamlı gecikmələri (1,5-6ay) və uzunmüddətli qan itirmə (7 gündən çox) ilə fərqlənir. Yuvenil (12-18 yaş), reproduktiv (18-45 yaş) və klimakterik (45-55 yaş) dövrün disfunksional uşaqlıq qanaxmaları ayırd edilir. Uşaqlıq qanaxmaları qadın cinsiyyət sisteminin ən çox yayılmış hormonal patologiyalarından sayılır. Yuvenil disfunksional uşaqlıq qanaxmaları adətən hipotalamus-hipofiz-yumurtalıq-uşaqlıq şöbələrinin siklik funksiyasının formalaşmaması ilə əlaqədardır.
Reproduktiv dövrdə yumurtalıqların disfunksiyası və uşaqlıq qanaxmalarının tez-tez rast gəlinən səbəblərinə cinsiyyət sisteminin iltihabi prosesləri, endokrin vəzilərin xəstəlikləri, hamiləliyin cərrahi yolla pozulması, stresslər və s., klimakterik dövrdə isə hormonal funksiyanın sönməsi ilə bağlı aybaşı siklinin tənziminin pozulması aiddir.
Ovulyasiyanın baş verməsindən asılı olaraq uşaqlıq qanaxmalarının ovulyator və anovulyator formaları qeyd olunur. Ovulyator uşaqlıq qanaxmaları orta hesabla 80% təşkil edir. İstənilən yaş dövründə uşaqlıq qanaxmalarının klinik şəkli üçün aybaşının xeyli ləngiməsindən sonra yaranan və anemiya əlamətləri: solğunluq, baş gicəllənmələr, zəiflik, baş ağrıları, yorğunluq, arterial təzyiqin azalması ilə müşayiət olunan uzunmüddətli qanlı ifrazat xarakterikdir.
Disfunksional uşaqlıq qanaxmalarının inkişaf mexanizmi
Disfuksional uşaqlıq qanaxmaları hipotalamo-hipofizar sistem tərəfindən yumurtalıqların funksiyasının hormonal tənziminin pozulması nəticəsində inkişaf edir. Follikulların yetişməsini və ovulyasiyanı stimulə edən hipofizin qonadotrop hormonlarının (FSH və LH) sekresiyasının pozulması follikulogenez və aybaşı funksiyasında dəyişikliklərə səbəb olur. Bu zaman yumurtalıqda follukullar yetişmir (follikulun atreziyası) və ya yetişir, lakin ovulyasiya müşahidə olunmur (follikulun persistensiyası), sarı cisim yaranmır. Bu və ya digər halda orqanizm hiperestrogeniya vəziyyətində olur, yəni sarı cismin yaranmaması səbəbindən progesteron hasil edilmədiyindən uşaqlıq estrogenlərin təsirinə məruz qalır. Uşaqlıq sikli pozulur: endometriumun hədsiz dərəcədə çoxalması (hiperplaziya), sonra onun qopub ayrılması baş verir, bu da gur və davamlı uşaqlıq qanaxmaları ilə müşayiət olunur.
Uşaqlıq qanaxmalarının müddət və intensivliyinə DUQ zamanı dəyişikliyə uğrayan hemostaz amilləri (trombositlərin aqreqasiyası, damarların fibrinolitik aktivliyi və daralma qabiliyyəti) təsir göstərir. Uşaqlıq qanaxmaları uzun müddətdən sonra öz-özünə kəsilə bilir, lakin əksər hallarda yenidən müşahidə olunur, bu səbəbdən müalicənin əsas məqsədi DUQ-nın residivləşməsinin profilaktikasıdır. Bundan əlavə disfunksional uşaqlıq qanaxmaları zamanı hiperestrogeniya adenokarsinoma, uşaqlığın mioması, fibroz-kistoz mastopatiya, endometrioz, süd vəzilərinin xərçənginin risk amili ayılır.
Yuvenil disfunksional uşaqlıq qanaxmaları
Səbəbləri
Yuvenil (puberat) dövrdə uşaqlıq qanaxmaları digər ginekoloji patologiyalarla müqayisədə daha çox (təxminən 20%) rast gəlinir. Bu yaşda hormonal tənzimin pozulmasına fiziki və psixi travmalar, əlverişsiz məişət şəraiti, yorğunluq, hipovitaminoz, böyrəküstü vəzin qabıq maddəsinin və ya qalxanabənzər vəzin disfunksiyaları səbəb olur. Həmçinin uşaq infeksiyaları (suçiçəyi, qızılca, epidemik parotit, göy öskürək, məxmərək), KRX, xroniki tonzillit, ananın hamiləlik və doğuş fəsadları və s. yuvenil uşaqlıq qanaxmalarına gətirib çıxara bilər.
Diaqnostika
Yuvenil uşaqlıq qanaxmalarının diaqnostikası zamanı aşağıdakı kriteriyalar nəzərə alınır:
- Anamnestik məlumatlar (menarxenin, axırıncı aybaşının və qanaxmanın başlanma vaxtı)
- İkincili cinsi əlamətlərin inkişafı, fiziki inkişaf, sümük yaşı
- Hemoqlobin və qanın laxtalanma faktorlarının səviyyəsi (qanın ümumi analizi, trombositlər, protrombin indeksi, laxtalanma və qanaxma müddəti)
- Qan zərdabında hormonların (prolaktin, LH, FSH, estrogen, progesteron, kortizol, testosteron, T3, TTH, T4) səviyyəsinin göstəriciləri
- Mütəxəssislərin rəyi: ginekoloq, endokrinoloq, nevroloq, oftalmoloqun konsultasiyası
- Aybaşı arası dövrlərdə bazal hərarətin göstəriciləri (bir fazalı aybaşı sikli monoton bazal hərarətlə xarakterizə olunur)
- Kiçik çanaq orqanlarının USM nəticələrinə əsasən endometrium və yumurtalıqların vəziyyəti (qız uşaqlarından rektal, intim yaxınlığı olan qızlarda isə vaginal ötürücülərdən istfadə olunur). Yuvenil uşaqlıq qanaxmalarında yumurtalıqların exoqramı aybaşı arası dövrdə yumurtalıqların həcmini göstərir.
- Türk yəhərinin rentgenoqrafiyası, exoensefaloqrafiya, baş beynin KT və ya MRT-nin (hipofizin şişlərini istisna etmək məqsədilə) nəticlələrinə əsasən hipotalamo-hipofizar sistemin vəziyyəti
- Qalxanabənzər və böyrəküstü vəzilərin USM və dopplerometriyası
- Ovulyasiyanın USM nəzarəti (follikulların atreziya və ya persistensiyasını, yetişmiş follikulları, ovulyasiyanı, sarı cismin yaranmasını təyin etmək üçün)
Müalicə
Uşaqlıq qanaxmalarının müalicəsi zamanı başlıca məqsəd hemostatik tədbirlərin aparılmasından ibarətdir. Müalicənin sonrakı taktikası təkrar uşaqlıq qanaxmalarının profilaktikası və aybaşı siklinin normallaşmasına yönəldilmişdir. Müasir ginekologiyada disfunksional uşaqlıq qanaxmalarının dayandırılmasının bir neçə üsulları (konservativ və cərrahi) mövcuddur. Qansaxlayıcı terapiyanın seçilməsi xəstənin ümumi vəziyyəti və qanitirmənin həcminə əsasən müəyyən edilir. Orta dərəcəli anemiyalarda (hemoqlobin 100 q/l-dən yüksək olduqda) simptomatik hemostatiklərdən (menadion, etamzilat, askorutin, aminokapron turşusundan) və uşaqlığı yığan preparatlardan (oksitosindən) istifadə olunur.
Qeyri-hormonal hemostazın effekt vermədiyi hallarda progesteron preparatları (etinilestradiol, levonorgestrel, noretisteron) təyin olunur. Qanlı ifrazatlar adətən dərmanların qəbulu bitdikdən 5-6 gün sonra kəsilir. Ümumi halın proqressivləşən pisləşməsinə (ifadəli anemiya Hb<70 q/l, halsızlıq, başgicəllənmə, bayılma halına) səbəb olan gur və uzunmüddəli uşaqlıq qanaxmaları histeroskopiya, diaqnostik qaşıma və sıyrıntının patomorfoloji müayinəsinin aparılmasına göstəriş hesab olunur. Qanın laxtalanma qabiliyyətinin pozulması uşaqlıq boşluğunun qaşınmasına əks-göstəriş sayılır. Hemostazla yanaşı anemiyaəleyhinə terapiya: dəmir preparatları, fol turşusu, B12, C, B6, P vitaminləri, eritrositar kütlə və yeni dondurulmuş plazmanın köcürülməsi həyata keçirilir. Uşaqlıq qanaxmalarının sonrakı profilaktikası kiçik dozalarda hestagen preparatların ( etinilestradiolla kombinasiyada norgeksimat, gestoden, dezogestrel; didrogesteron, noretisteron) qəbulundan ibarətdir. Eləcə də uşaqlıq qanaxmalarının profilaktikasında bədənin ümumi möhkəmləndirilməsi, xroniki infeksiya ocaqlarının sanasiyası və düzgün qidalanma vacibdir. Yuvenil uşaqlıq qanaxmalarının profilaktika və müalicəsinin adekvat tədbirləri cinsiyyət sisteminin bütün şöbələrinin siklik fəaliyyətini bərpa edir.
Reproduktiv dövrün disfunksional uşaqlıq qanaxmaları
Səbəbləri
Reproduktiv dövrdə disfunksional uşaqlıq qanaxmaları bütün ginekoloji xəstəliklərin 4-5%-ni təşkil edir. Yumurtalıqların disfunksiyası və uşaqlıq qanaxmalarına səbəb olan amillərə sinir-psixi reaksiyalr (stress, yorğunluq), iqlim dəyişikliyi, peşə zərərləri, infeksiya və intoksikasiyalar, abortlar, hipotalamus-hipofiz sistemi səviyyəsində ilkin dəyişiklikləri ilə nəticələnən bəzi dərman maddələrinin qəbulu aiddir. Bununla yanaşı yumurtalıq kapsulunun qalınlaşmasına və yumurtalıq toxumasının qonadotropinlərə həssaslığının azalmasına gətirib çıxaran infeksion-iltihabi proseslər də yumurtalıqlarda gedən dəyişikliklərə səbəb olur.
Diaqnostika
Uşaqlıq qanaxmalarının diaqnostikası zamanı cinsiyyət orqanalrının üzvi patologiyalarını (şişlər, endometrioz, travmatik zədələnmələr, özbaşına (spontan) düşüklər, uşaqlıqdan kənar hamiləlik və s.), qanyaradıcı orqanların, qaraciyər, endokrin vəziləri, ürək və damar xəstəlikləri istisna edilməlidir. Uşaqlıq qanaxmalarının ümumi klinik diaqnostik üsullarından (anamnezin toplanması, ginekoloji baxış) əlavə histeroskopiya, diaqnostik qaşınma, materialın histoloji müayinəsi aparılır. Sonrakı diaqnostik tədbirlər yuvenil uşaqlıq qanaxmaları zamanı aparılan metodlarla eynidir.
Müalicə
Reproduktiv dövrün uşaqlıq qanaxmalarının müalicə taktikası sıyrıntının histoloji müayinəsinin nəticələrinə əsasən təyin edilir. Residivləşən uşaqlıq qanaxmaları zamanı hormonal və qeyri-hormonal hemostaz aparılır. Sonralar aşkar olunmuş disfunksiyanın korreksiyası məqsədilə aybaşı funksiyasını tənzimləyən, uşaqlıq qanaxmalarının residivlərinin qarşısını alan hormonal müalicə təyin olunur.
Uşaqlıq qanaxmalarının qeyri-spesifik müalicəsi sinir-psixi vəziyyətin normallaşması, bütün fon xəstəliklərinin müalicəsi, intoksikasiyanın aradan qaldırılmasından ibarətdir. Bu məqsədlə psixoterapevtik üsullar, vitaminlər, sedativ preparatlar məsləhət görülür. Anemiya zamanı dəmir preparatları qəbul edilir. Düzgün seçilməmiş hormonoterapiya və ya müəyyən səbəblə əlaqədar reprodultiv dövrün uşaqlıq qanaxmaları təkrarlana bilər.
Klimakterik dövrün disfunksional uşaqlıq qanaxmaları
Səbəbləri
Premenopauzal uşaqlıq qanaxmaları klimakterik dövrdə qadınlarda rast gəlinən ginekoloji patologiyaların 15%-ni təşkil edir. Yaşla əlaqədar hipofiz tərəfindən sintez olunan qonadotropinlərin miqdarı azalır, onların ifrazı qeyri-müntəzəm olur, bu da yumurtalıq siklinin (follikulogenez, ovulyasiya, sarı cismin inkişafının) pozulmasına səbəb olur. Progesteron çatışmazlığı hiperestrogeniyanın inkişafına və endometriumun hiperplastik çoxalmasına gətirib çıxarır. 30% hallarda klimakterik uşaqlıq qanaxmaları klimakterik sindrom fonunda baş verir.
Diaqnostika
Klimakterik uşaqlıq qanaxmalarının diaqnostikası başlıca məqsədi onların bu yaş dövrünə xas olan metrorragiya tipi üzrə gedən qeyri-müntəzəm aybaşıdan differensiasiya edilməsindən ibarətdir. Uşaqlıq qanaxmasına səbəb olan patologiyanın istisna edilməsi üçün histeroskopiyanın 2 dəfə: diaqnostik qaşınmadan əvvəl və sonra aparılması məsləhətdir.
Qaşınmadan sonra uşaqlıq boşluğunun müayinəsi zamanı endometrioz sahələri, kiçik ölçülü submukoz miomalar, uşaqlığın polipləri izlənilə bilər. Nadir hallarda uşaqlıq qanaxmalarına yumurtalığın hormonal-aktiv şişləri səbəb olur. Bu patologiya USM, nüvə-maqnit və ya kompüter tomoqrafiya vasitəsilə aşkar edilir. Uşaqlıq qanaxmalarının diaqnostik metodları onun müxtəlif formaları ücün ümumi sayılır və həkim tərəfindən fərdi qaydada təyin olunur.
Müalicə
Klimakterik dövrdə disfunksional uşaqlıq qanaxmalarının müalicəsi hormonal və aybaşı funksiyalarının sönməsinə (menopauzaya) yönəldilmişdir. Klimakterik dövrün uşaqlıq qanaxmaları zamanı qanaxmanın dayandırılması yalnız cərrahi yolla- müalicəvi-diaqnostik qaşınma və histeroskopiya ilə aparılır. Gözləmə taktikası və konservativ hemostaz (xüsusən hormonal) yanlış hesab olunur. Bəzi hallarda endometriumun kriodestruksiyası və ya uşaqlığın cərrahi yolla çıxarılması- uşaqlığın uşaqlıq yoluüstü amputasiyası, histeresktomiya icra edilir.
Disfunksional uşaqlıq qanaxmalarının profilaktikası
Disfunksional uşaqlıq qanaxmalarının profilaktikasına hələ dölün bətndaxili inkişaf dövründən, yani hamiləliyin apapılmasından başlamaq lazımdır. Uşaqlıq və yeniyetmə dövrlərində ümumi möhkəmləndirmə və ümumi sağlamlaşdırma tədbirlərinə, xəstəliklərin (xüsusən cinsiyyət sisteminin) vaxtında qarşısının alınması və ya müalicəsinə, abortların profilaktikasına diqqət yetirmək lazımdır. Disfunksiya və uşaqlıq qanaxmaları aşkar olunduqda tədbirlər aybaşı siklinin müntəzəmliyinin bərpası və qanaxmanın residivlərinin profilaktikasına yönəldilir. Bu məqsədlə oral estrogen-gestagen kontraseptivləra xüsusi sxem üzrə: ilk 3 sikldə – aybaşıyabənzər qanaxmanın 5-25-ci günlərində, sonrakı 3 sikl müddətinddə isə 16-25-ci günlərdə qəbul edilir. Təmiz gestogen preparatlardan (norkolut, düfaston) aybaşı siklinin 16-25-ci günlərində 4-6 ay ərzində istifadə olunur.
Hormonal kontraseptivlərin istifadəsi nəinki abortların tezliyinin və hormonal disbalans hallarının azalmasına gətirib çıxarır, həm də gələcəkdə anovulyator formalı sonsuzluğun, endometriumun adenokarsinoması, süd vəzilərinin xərçənginin yaranmasının qarşısını alır. Disfunksional uşaqlıq qanaxması olan qadınlar ginekoloqun müşahidəsi altında olmalıdır.