Doğuş fəaliyyətinin zəifliyi

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 1351

doğuş fəaliyyətinin zəifliyi nədir?Doğuş fəaliyyətinin zəifliyi – uşaqlığın hipotonik disfunksiyası ilə əlaqədar onun yığılma aktivliyinin gücü, müddəti və dövriliyinin kifayət qədər olmaması ilə səciyyələnir. Doğuş fəaliyyətinin zəifliyi nadir, davamsız, qeyri-effektiv sancılar, uşaqlıq boynunun açılmasının və dölün irəliləməsinin ləngiməsi ilə təzahür edir. Patologiya müşahidə, kardiotokoqrafiya, vaginal müayinələrin köməyilə aşkarlanır. Müalicə məqsədilə doğuş fəaliyyətinin stimulyasiyası tətbiq edilir; göstərişlərə əsasən Qeysəriyyə əməliyyatı aparılır.

  • Doğuş fəaliyyətinin zəifliyinin yaranma səbəbləri
  • Doğuş fəaliyyətinin zəifliyinin növləri
  • Doğuş fəaliyyətinin zəifliyinin əlamətləri
  • Doğuş fəaliyyətinin zəifliyinin diaqnostikası
  • Doğuş fəaliyyətinin zəifliyinin müalicəsi
  • Doğuş fəaliyyətinin zəifliyinin və onun ağırlaşmalarının profilaktikası

Doğuş fəaliyyətinin zəifliyi barədə ümumi məlumat

Doğuş fəaliyyətinin zəifliyi – uşaqlığın yığılma funksiyasının pozulmasının bir forması olub, miometriumun aşağı tonusu, nadir tezlikli sancılar, zəif amplitudalı yığılmalarla səciyyələnir. Sancıların diastolasının (boşalma dövrü) sistola  (yığılma dövrü) üzərində dominantlığı qeyd olunur, bu da uşaqlıq boynunun açılmasını və dölün doğuş kanalı boyunca irəliləməsini ləngidir.

Mamalıq və ginekologiyada doğuş fəaliyyətinin zəifliyi tez-tez müşahidə olunan doğuş ağırlaşmalarından biri, eləcə də ana və dölün müxtəlif patoloji vəziyyətlərinin ən geniş yayılmış səbəbi hesab edilir. Statistik məlumatlara əsasən doğuş fəaliyyətinin zəifliyi orta hesabla 7% hallarda qeydə alınır, anomaliyaya əsasən ilk dəfə doğan qadınlarda, bəzən ikinci və növbəti doğuşlarda rast gəlinir.

Doğuş fəaliyyətinin zəifliyinin yaranma səbəbləri

Doğuş fəaliyyətinin zəifliyinin səbəbləriDoğuş fəaliyyətinin zəifliyinin inkişafına səbəb olan amillər geniş spektrlidir: uşaqlığın morfoloji natamamlığı, doğuş aktının hormonal tənziminin çatışmazlığı, sinir strukturlarının funksional inertliyi, ekstragenital xəstəliklər, hamiləlik patologiyaları və s. Anomaliya həmçinin uşaqlığın patologiyaları (hipoplaziya, mioma, xroniki endometrit, adenomioz, ikibuynuzlu və ya yəhərəbənzər uşaqlıq), o cümlədən tibbi abortlar, diaqnostik qaşınma, konservativ miomektomiya və digər müdaxilələr nəticəsində miometriumun struktur pozğunluqları zamanı inkişaf edir. Doğmayan qadınlarda uşaqlıq boynunun eroziyasının radikal müalicəsindən sonra yaranan çapıq dəyişikliklər də doğuş fəaliyyətinin zəifliyinə səbəb ola bilər.

Əksər hallarda aktiv doğuş fəaliyyətini təmin edən amillərlə (prostaqlandin, estrogen, oksitosin, kalsium, mediatorlar və s.) doğuş fəaliyyətini tormozlayan faktorlar (progesteron, maqnezium, mediatorları parçalayan fermetlər və s.) arasındakı balansın pozulması doğuş  fəaliyyətinin zəifliyi ilə nəticələnir. Anomaliya çox zaman vegetativ-mübadilə pozğunluqlarının – piylənmə, hipotireoz, böyrəküstü vəzilərin qabıq maddəsinin hipofunksiyası, hipotalamik sindromun müşahidə olunduğu qadınlarda baş verir.

Doğuş fəaliyyətinin zəifliyi ilk dəfə doğan qadının çox gənc və ya yuxarı yaşlarda olması; hestoz; vaxtından əvvəl doğuş və ya vaxtından keçmiş hamiləlik; çoxdöllülük, iri döl, polihidramnion zamanı uşaqlığın gərilməsi; dölün və qadının çanağının (dar çanaq) ölçülərinin uyğunsuzluğu; dölyanı mayenin vaxtından əvvəl axması ilə bağlı ola bilər. Cift gəlişi, hamiləliyin xroniki fetoplasentar çatışmazlıq şəraitində getməsi, dölün patologiyaları (hipoksiya, anensefaliya və s.) doğuş fəaliyyətinin zəifliyinə gətirib çıxara bilər.

Bundan əlavə doğuş fəlaiyyətinin zəifliyi qadının astenizasiyası (həddindən artıq yorğunluq, psixi və fiziki yüklənmələr, qeyri-qənaətbəxş qidalanma və yuxu rejimi); hamilənin qorxusu, diskomfort şərait, kobud tibbi xidmətlə əlaqədar yarana bilər. Doğuş fəaliyyətinin zəifliyi çox vaxt patoloji preliminar dövrün davamı hesab olunur.

Doğuş fəaliyyətinin zəifliyinin növləri

Yaranma müddətinə görə doğuş fəaliyətinin birincili və ikincili zəifliyi ayırd edilir. Birincili zəiflik zəif sancıların (qeyri-ritmik, davamsız) doğuşun əvvəlindən inkişaf etməsi ilə xarakterizə olunur. İkincili zəiflik zamanı sancıların zəifləməsi doğuşun I dövrünün sonuna və ya II dövrünün əvvəlinə təsadüf edir.

Doğuş fəaliyyətinin zəifliyinin növlərinə seqmentar və konvulsion sancılar aid edilir. Konvulsion sancılar uşaqlığın uzunsürən (2 dəqiqədən artıq) yığılmaları ilə səciyyələnir. Seqmentar sancılar zamanı uşaqlığın bütövlükdə deyil, onun ayrı-ayrı seqmentlərinin yığılması qeydə alınır. Bu səbəbdən seqmentar sancıların fasiləsiz baş verməsinə baxmayaraq, onların təsiri çox zəif olur. Doğuş fəaliyyətinin klinik formalarının təyini pozğunluqların taktikasının seçilməsində böyük rol oynayır.

Doğuş fəaliyyətinin zəifliyinin əlamətləri

Doğuş fəaliyyətinin zəifliyinin əlamətləriDoğuş fəaliyyətinin birincili zəifliyinin klinik təzahürlərinə aiddir: uşaqlığın oyanıqlığının və tonusunun azalması; sancıların tezliyi – 10 dəqiqə müddətində 1-2; sancıların davametmə müddəti 15-20 saniyədən çox olmur; miometriumun yığılmalarının amplitudası (gücü) – 20-25 mm cv. süt. Uşaqlığın yığılma dövrü qısa, boşalma dövrü isə 1,5-2 dəfə uzun olur. Sancıların intensivlik, amplituda və tezliyinin artması müşahidə edilmir.

Doğuş fəaliyyətinin birincili zəifliyi zamanı sancılar müntəzəm və ya qeyri-müntəzəm, ağrısız və yaxud az ağrılı ola bilər. Uşaqlıq boynunun struktur dəyişikliklərinin gedişi (uşaqlıq boynu kanalı və uşaqlıq əsnəyinin qısalması, hamarlanması, açılması) ləngiyir. Bir sıra hallarda uşaqlığın yığılma aktivliyinin zəifliyi doğuşun II və III dövrlərini, eləcə də erkən doğuşdan sonrakı dövrü müşayiət edir, bu da hipotonik qanaxmalara gətirib çıxarır. Doğuş fəaliyyətinin birincili zəifliyi doğuşun davametmə müddətinin artmasına, qadının yorulmasına, dölyanı mayenin vaxtından qabaq axmasına, susuz dövrün uzanmasına səbəb olur.

Doğuş fəaliyyətinin ikincili zəifliyi zamanı doğuşun əvvəlində izlənilən effektiv sancılar zəifləyir, tezliyi azalır və tamamilə kəsilir, uşaqlığın tonusu və oyanıqlığı zəifləyir. Uşaqlıq əynəyinin 5-6sm açıqlığında olur; dölün doğuş kanalı üzrə hərəkəti dayanır. Zəif doğuş fəaliyyətinin təhlükəliliyi uşaqlığın qalxan yolla infeksiyalaşması, dölün asfiksiyasıbətndaxili ölüm riskinin yüksək olması  ilə izah edilir. Dölün baş hissəsinin doğuş kanalında uzun müddət qalması ananın doğuş travmaları (hematomalar, uşaqlıq yolu fistulaları) ilə nəticələnir.

Doğuş fəaliyyətinin zəifliyinin diaqnostikası

Doğuş fəaliyyətinin xarakterini müəyyən etmək üçün sancıların effektivliyi, uşaqlığın tonusu, doğuş dinamikası klinik qiymətləndirilir. Doğuş prosesində uşaqlığın yığılmalarının monitor müşahidəsi (tokometriya, kardiotokoqrafiya), sancıların gücü, müddəti, tezliyinin analizi aparılır və onlar norma göstəriciləri ilə müqayisə edilir. I dövrün aktiv fazasında davametmə müddəti 30 saniyədən az, intervalları isə 5 dəqiqədən çox olan sancılar zəif hesab edilir; II dövrdə bu, 40 saniyədən az olan  sancılara şamil edilir.

Doğuş fəaliyyətinin zəifliyi zamanı uşaqlıq boynu 1 saat müddətində 1 sm-dən az açılır. Açılmanın dərəcə və sürəti vaginal müayinə prosesində, eləcə də dolayı yolla kontraksion həlqənin hündürlüyü və uşağın irəliləməsinə əsasən qiymətləndirlir. İlk dəfə doğan qadınlarda doğuşun I dövrünün 12 saatdan, təkrar doğanlarda isə 10 saatdan çox davam etməsi doğuş fəaliyyətinin zəifliyinə dəlalət edir. Doğuş gücünün zəifliyi diskoordinasiyalı doğuş fəaliyyətindən differensiasiya edilməlidir, çünki onların müalicə taktikası müxtəlif olur.

Doğuş fəaliyyətinin zəifliyinin müalicəsi

Müalicə sxemi doğuş fəaliyyətinin səbəbləri və dərəcəsi, doğuşun mərhələsi, ana və dölün vəziyyəti nəzərə alınmaqla seçilir. Bəzən sancıların intensivliyinin stimulyasiyası üçün sidik kisəsinin kateterizasiyası kifayət edir. Doğuş fəaliyyətinin zəifliyi dölyanı mayenin çoxluğu ilə bağlı olduqda amniotomiya icra edilir. Qadının yorulduğu və dölün hipoksiya, eləcə də asfiksiya əlamətlərinin qeydə alınmadığı hallarda medikamentoz yuxu göstəriş sayılır, astenizasiya zamanı estrogen-kalsium fonunun yaradılması məqsədəuyğundur.

Doğuş fəaliyyətinin zəifliyinin müalicəsində doğuşun stimulyasiyası başlıca yer tutur. Bu məqsədlə oksitosinin damar daxilinə infuziyası, prostenon, dinoprostun yeridilməsi həyata keçirilir. Stimulyasiya müsbət nəticələr vernədikdə Qeysəriyyə əməliyyatı aparılır. Dölün başı  kiçik çanaq boşluğunda olduqda aralıq kəsilir (perineotomiya, epiziotomiya) və ya mamalıq maşaları qoyulur.

Doğuş fəaliyyətinin zəifliyinin  və onun ağırlaşmalarının profilaktikası  

Hamiləliyin aparılma prosesində mama-ginekoloq tərəfindən doğuş fəaliyyətinin zəifliyinin risk amilləri qiymətləndirilməli, onlar aşkar edildikdə profilaktik medikamentoz və psixofiziki hazırlıq aparılmalıdır. Doğuş fəaliyyətinin zəifliyi demək olar ki, bütün hallarda dölün vəziyyətinin pisləşməsinə (hipoksiya, asidoz, beyin ödemi) gətirib çıxarır, bu səbəbdən stimulyasiya ilə yanaşı dölün asfiksiyasının profilaktikası icra olunmalıdır.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: